Din əleyhinə təbliğat
Dünən qəzetdə bu sərlövhə ilə yoldaş Şirvanskinin bir məqaləsini oxudum.
Yazır ki, əvvəla, bizim bir para xam təbliğatçılarımız din əleyhinə apardıqları mübarizəni taktika üzrə və məharət ilə aparmırlar və avam camaatın hazırlığını mülahizə etməyib sözlərini “damdandüşmə” meydana gətirirlər. Saniyən, haman təbliğatçı yoldaşlar öz biliksizlikləri səbəbindən məruzələrini xeyli tarixi səhvlərlə doldururlar. Bu cür qələt xətti-hərəkətin nəticəsində qulaq asan qara camaat ayılmaq əvəzində, bu növ təbliğatdan ikrah edib, daha belə məclislərə yavuq düşmək istəmirlər.
Yoldaş Şirvanskinin sözünün qüvvətinə mən də bir məruzədə bulunmaq istəyirəm:
Bir gün İsa əleyhüssəlamla Məhəmmədəl-Mustafa səlləllahü əleyh küçədə rast gəlirlər. Görüşüb xoş-beşdən sonra İsa Ruhullah həzrətləri xatəmul-ənbiyaya ərz edirlər ki, xudavəndi-aləm sənin islam ümmətini gör nə qədər mehriban xəlq edib ki, seyyidüş-şühədanın şəhadəti yolunda öz əlləri ilə öz başlarını yarıb bu qədər qanlar hədərə axıdırlar.
Bunun cavabında həzrət rəsulillah İsa peyğəmbərə belə fərmayiş edirlər:
– Ya Ruhullah, ey atasından xəbəri olmayan və üç yüz milyon xristian tayfasının Allahı hesab olunan İsa qardaş! Doğrudur, mənim müsəlmanlarım min üç yüz ilin müddətində imam yolunda özlərini hər il qanla qəltan eləməkdən usanmırlar; amma bu baş yaranlar məhz avam, nadan məşədi və kərbəlayılardır; bunların içində tək bircə oxumuş yoxdur. Amma sənin xristian camaatına gəldikdə, baxıb görürəm ki, iyirminci əsrdə, yəni şura əsrinin Suri-İsrafili çalındığı bir gündə, sənin xristianlarının cəmi maarif müəssisələri, qəzet idarələri və çox-çox qeyri idarələr sənin “Voznesenye” adlanan “merac” bayramında qapılarını bağlayıb tətil saxlayırlar. Xidmətdən azad olan qalstuk və kraxmallı oxumuş kişilər və qadınlar kilsələrə doluşub sənə ibadət edirlər.
Ravi rəvayət edir ki, burada Yusif Nəccarın oğlu İsa peyğəmbər xəcalətindən başını aşağı salıb, bir cavab verməyə aciz qaldı.
Dəli
“Molla Nəsrəddin” 19 iyun 1926, №25
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-din-eleyhine-tebligat
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Müsəlman vəkillərinə nəsihətEy dumada olan müsəlman vəkilləri, and verirəm sizi öz insafınıza, bircə dəqiqəliyə mənim bu sözlərimə qulaq verin və qoca Mollanın nəsihətini qəbul edin.
Mövqufat məsələsiMəlumdur ki, mövqufatımızın ixtiyarı Rusiya hökumətindədir və mövqufat pullarımız rus xəzinəsindədir. Mövqufatın gəlirinə və gedirinə hökumət özü yetişir. Müxtəsər, mövqufat işlərimizi Rusiya hökuməti dolandırır.İndi baxaq bunun nəticəsinə; mövqufatın mülkləri və qeyri tərpənməyən var-yoxu öz yerində qalır və nəqd pulları xəzinədə durur və lazım olan vaxt ruhani rəislərimizin razılığı ilə xərclənir, necə ki, məsələn, vəqf pulları ilə mədrəseyi-ruhaniyyə tikiləcək.
Xoş təqrirİnsan həmişə danışanda gərək elə danışa ki, içindən bir şey çıxa, nəinki hədərən-pədərən. Bir məsəl var deyərlər: “Hər nə salarsan aşına, o çıxar qaşığına”. Doğrudan da belədir. Birinə bir yaxşılıq eləsən, söz yox ki, zad olar, bu... adı nədi... zad kimin... nəstə kimin... Şair deyib ki, “Hər dəm əz-ömr mirəvəd nəfəsi”. Söz yox ki, anlayan bir tükdən də anlar. Hərçənd bir az başağrısı olur, amma nə eləmək, xudavəndi-aləm insanı və xanları xoş gündə xəlq eləyib. Məsələn, əgər onlar xoş gündə xəlq olmasaydılar, onların barəsində bu qədər danışmazdılar. Sözüm bunda deyil. Sözün canı gərək olsun. Söz nə qədər gödək olsa, o qədər yaxşı olar. Allah ölənlərinizə rəhmət eləsin, bir zad var idi... adı nədi... hə.. Kərbəlayı İmamqulu əmi. Bu Kərbəlayı İmamqulu əmi deyirdi ki, biri var idi, biri yox idi, bir qarı var idi, tumancığı dar idi, bir gün bu qarı getdi Arazdan su gətirməyə, şappadan dəydi buz üstünə, dedi – Ay buz, sən nə yamansan! Dedi ki, mən yaman olsaydım Arazda donmazdım! Dedi – Ay Araz sən nə yamansan? Dedi – Mən yaman olsaydım, İrana sərhəd olmaz idim! Dedi – Ay İran, sən nə yamansan? Dedi – Mən yaman olsydım xanlar əllərinə ülgüc-bülöv alıb məni qırxmazdı! Dedi – Ay xanlar, siz nə yamansız? Dedi – Biz yaman olsaydıq, nəinki ayda, bəlkə gündə bir ləqəb almazdıq! Dedi – Ay ləqəblər, siz nə yamanmışsız! Dedi – Biz yaman olsaydıq, bizi ləbləbi qiymətinə satmazdılar! Dedi – Ay ləbləbi sən nə yamansan? Dedi – mən yaman olsaydım, İranda duma qurulmazdı. Dedi – Duma, sən nə yamansan! Dedi – “Yamanam” hay yamanam, buğlarımı buraram, xanları mən vuraram (Bıy, Molla əmi, şeir çıxdı). Hə, sözümün ucu necə oldu? Hə, məsələn, belə işləri adam görəndə təccüb edir. Söz yox ki, bu nağıldı, amma genə necə olsa yaxşı zaddı. O.. deyir ki... Allah şairin qəbrini nurnan doldursun: “Mayeyi-eyşiadəmi şikəməst”, bu söz yəni belə olmasaydı, bizim bəzi mollalarımız yeməkdən başqa bir özgə iş də görərdilər. Molla əmi, qurban olum sənin gözlərinə, incimə məndən, bir zad yadıma düşdü, qoy onu deyim, yəni hərçənd onun da mətləbə dəxli var, bu hacılar pulu yığıb görəsən nə eləyəcəklər?!Amma bu “şansonetkalar” ay İrəvandan pul çəkdilər ha! Bir az keyfim olaydı, başım yaxşı işləmir, heç bilmirəm ki, nə yazıram. İnsanın həmişə, ələlxüsus ki, zadların danışığı və yazısı gərək püribarə ola, məsələn, demək bu kağız kimi. Mənada yəni bir o qədər iş yoxdur. Mən bu işi yaxşı bilirəm. Cənabınıza məlumdur ki, gərək elə danışasan ki, heç zad qanmayalar. Belə adama “xoştəqrir” deyirlər. Məsələn, zad kimi, adı nədi.. Qoy qalsın sonra yazaram. Hə bir də, Molla əmi, sən Allah bu elanı yaz qəzetində.
Cəmiyyəti-xeyriyyəDəxi işimiz çox çətin yerə dayandı: bir yandan söz vermişik ki, “Təzə həyat”ın nəsihətinə əməl eləyək və heç kəsi özümüzdən incitməyək, bir yandan da lazım gəlib Bakı cəmiyyəti-xeyriyyəsi barəsində möhtərəm oxucularımızla bir az söhbət eləyək.Pənah Allaha, – deyib başlayaq.
Başqa şairlərin şeirləri · Satira
Molla Həsən, niyyətinə mərhəba,İş düzələr, deyirdin bu gün, sabah.
Kişilər deyirlərVallah, gətiriblər bizi lap cana qadınlar,Heç oxşamayırlar belə insana qadınlar.
Ədəbiyyat (“Kəlniyət”! Al bircə qələmdən, kağız)“Kəlniyət!” Al bircə qələmdan, kağız,Tezlik ilə jurnala bu vəzni yaz,
Rüşvətlə mübarizə zamanıAr eyləmərəm, pəndü nəsihətdən utanmam,Hər kəs nə deyir qoy deyə, töhmətdən utanmam.