“Hər dəm əzin bağ bəri mirəsəd”.


“Tərəqqi”nin bir neçə nömrəsində osmanlı ədiblərindən izmirli Xacəzadə Məhəmməd Abdulla bəy əfəndi öz barəsində ərəbcə yazdığı mədhnamələri oxuduq.

Amma bir neçə mətləbi başa düşmədik. Ola bilər ki, bu məqalələri bizə tərcümə eliyən adam bizi yaxşı başa sala bilmiyib.


Abdulla bəyin yazdıqlarından bunu bildik ki, bu cənab Firəngistanı və qeyr məmləkətləri gəzə-gəzə bir də baxıb görüb ki, orucluq yaxınlaşır. Yazıq işlərini yarımçıq qoyub və şey-şüyünü tələsik götürüb vurub qoltuğuna – düz vağzala və bileti Firəngistandan birbaş Bakıya alıb ki, (öz yazdığına görə) “Ramazani – şərifi Qafqasiyada və bilxassə Bakıda ixvani-dini arasında keçirsin”.

Biz təcrübəmizə arxalanıb inana bilmənik ki, illər ilə Avropa şəhərlərində qalan, firəng elmlərini təhsil eləmiş, Fransa hökumətinin ruhaniyyətdən ayrılmağını, yəni keşişlərin Fransadan qovulmağını xoşluyan ziyalı bir müsəlman Parijdə otura-otura birdən baxıb görə ki, ramazan ayı yavuqlaşır və birdən Bakı qoçularını yadına sala və cibindən dəsmalını çıxardıb gözlərinin yaşını silə-silə gələ çıxa Bakıya ki, ramazan ayını burada qalıb ibadətə məşğul olsun.

Bizim Molla Nəsrəddin dilində buna deyəllər “avam camaatı tovlayıb ələ salmaq”. Ondan ötrü ki, dünyada firəng dilini və elmini mükəmməl təhsil eliyən müsəlmanların yüzdə doxsan doqquzu heç bilməz ki, orucu necə tutarlar. Və lakin bunnan işimiz yoxdur, bu işləri tapşırırıq haman üdəbamızın öz insafına, oruc tutanları da və yeyənləri də tapşırırıq Allaha və qara camaatımızın gözünə torpaq səpənləri də tapşırırıq möhtərəm oxucularımıza.

Başa düşmədiyimiz mətləblərin ikincisi budur ki, Abdulla bəy həzrətləri Parijdə tədqiqi-ədyan cəmiyyətində firəngləri istəyib inandırsın ki, dünya xəlq olunandan indiyədək yer üzündə cəmi müsəlman məmləkətləri məhz cümhuriyyət üsulu ilə idarə olunublar və Avropada indi gördüyümüz cümhuriyyətlər və qanuni-əsasilər təmamən müsəlmanlardan götürülüblər.

Bəlkə biz yaxşı başa düşməmişik.

Biz elə bilirik ki, avropalılar və ağıllı insanlar uzun sözlərdən artıq qısa əmələ baxarlar. Müsəlmanları avropalılara tanıtmaq və sevdirmək üçün Parijdə tədqiqi-ədyan cəmiyyətindən artıq Səlanikin gənc türklər komiteti, osmanlı inqilabı və idareyi-məşfurəti, mükəmməl darülfünun və akademiyalar, övrətlər cəmiyyəti, kəşfiyyat və ixtiraat xidmət elər. İndi nə eyib var ki, burada bir məsəl gətirək. Məsələn, bu gün bir buxaralı ilə bir yaponiyalı Parijə getsinlər. Müsəlman öz vəz və gözəl nitqi ilə özünün və öz qardaşlarının eyni insan və mədəni olduğunu firənglərə bildirib islama məhəbbət etmələrini xahiş etsin. Yaponiyalı da öz elm və hünəri ilə, sənaye və ixtirası ilə özünü firənglərə göstərib Yaponiya millətinə hörmət etmələrini tələb etsin. Əcəba, bunların hansı birisi tez istədiyinə çatar və hansı daha çox hörmət görər? Yaponiyalıların Parijdə heç bir dini cəmiyyətləri yoxdur, çünki dini cəmiyyətlər Kiyevə, Kazana, Buxaraya, Kəlküttəyə, Avstraliyaya yaraşar, nəinki Londona və Parijə.


Və salisən, bir də bunu başa düşmədik ki, Abdulla bəy əfəndi Parijdə göstərdiyi hünəri Bakı milyonçularına və üləmalarına qəzetə ilə yeritməkdən qəsdi nədir? Bu barədə heç bəhs eləmək olmaz ki, o, mədhnamələr azsavadlı camaatdan ötrü yazılmayıb. Üç-dörd nəfər Bakı mollası və bir-iki nəfər osmanlı yazısını oxuyanların yanında şöhrət tapmaqdan ötrü o qədər qələm çalmağı həddən artıq zəhmət bilirik. Halbuki Abdulla bəy əfəndi Avropanı gəzib Bakıya mübarək qədəmini basanda biz gözlüyə bilərdik ki, ədib əfəndimiz qələmi alacaq əlinə və üzünü yazıq camaatımıza tutub bizim dilimizdə Avropadan təzə bir xəbər söylüyəcək. Avropa məişətindən, mətbuatından və politikasından təzə bir sözlər danışacaq və bunların hamısını deyəndən sora axırda bunu da deyəcək ki, “ey mənim qardaşlarım! Mən Parijdə utandığımdan bir kəsə bildirmirdim ki, mən müsəlmanam, ondan ötrü ki, qorxurdum elə xəyal eliyələr ki, Bakıdan gəlmişəm”.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 27 oktyabr 1908, №43

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Bizim işlərimiz

Məlumdur ki, bu il çox yerlərdə quraqlıq keçir və əkinlər susuzluqdan yanıb puça çıxırlar. Və bir para yerlərdə camaat müsəllaya çıxıb Allahdan yağış istəyib. Və axırda bu da məlum oldu ki, Allahtaala müsəllaya çıxanların duasını qəbul eləməyib və heç bir yana yağış göndərməyib, necə ki, məsələn, Ağdamda və sair yerlərdə.Ədibi-biəvəz Mirzə Melkum xan “Qanun” ruznaməsində başdan belə yazır ki: “Mən sözümü o kəslərə yazıram ki, adamdırlar”.

4 dəq
Təbriz işləri

İndi şükür olsun Allaha, Təbriz sakitlikdir. Bir müddət bundan irəli, Allah göstərməsin, çox şüluğ idi. Amma indi, Allaha şükür olsun, bir qiylü qal-zad yoxdur. Allah bir də keçən günləri göstərməsin. Yəni məşrutənin xasiyyətindəndir: hər yerə ki, məşrutə gəlir, dünya guya ki, az qalır bir-birinə dəysin. Təbrizdə həmçinin, nə qədər ki, bu zəhrimar məşrutə yox idi, qoyunlar qurdlar ilə otlayırdılar və hərçənd ki, qurdlar acanda qoyunları tutub yeyirdilər, amma genə elə bir qarışıqlıq olmurdu. Amma bu məşrutə çıxan kimi əhali neçə tirə oldu: mollalar ayrılıb bir dəstə bağladılar, Ağa Seyid Haşım bir dəstə bağladı, Ağa Şeyx Səlim bir dəstə bağladı, bir dəstə Ağa Mirzə Əlinin dəstəsi, bir dəstə Xiyaban dəstəsi, bir dəstə Leylaabad dəstəsi, Sürxab dəstəsi, Dəvəçi dəstəsi, Bağmeşə dəstəsi, İsmayıl dəstəsi, Hacı Səməd dəstəsi, Qələbanbaşı dəstəsi, Kərbəlayı Həsən, nə bilim, qurd dəstəsi, meymun dəstəsi və genə bilmirəm nə dəstəsi.Hələ bunlar kifayət edər, sözüm burada deyil. Sözüm burasındadır ki, bu dəstələrin heç biri özgə arzuları və niyyətləri yox idi, məhz istədikləri bir-birini yox eləmək idi. Zalımların gözləri elə qızmışdı ki, ədavətlərinin şiddətindən məşrutə-flan yaddan çıxıb getmişdi Rusiya vilayətinə, yəni getmişdi orada verilən məşrutənin yanına.

2 dəq
Cəfərin anası

Dünən özümü soyuğa vermişdim, heç keyfim yox idi və kürəklərim ağrayırdı. Ayıb olmasın, bizim Cəfərin anasına dedim: “ay arvad, sən Allah gəl çıx mənim dalımı bir yaxşıca ayaqla”.Əvvəl nainsaf arvad acıqlı-acıqlı yavaşca öz-özünə dedi: “başına daş düşsün”. Mən eşitdim və bildim ki, mənə deyir.

2 dəq
Bakı dəryası

Nə gözəlsən, ey Bakı dəryası! Və necə xoşbəxtsən, ey Bakı dəryası! Ey Bakı dəryası, ey dəryaların seçilmişi! Ey göllərin padşahı! Nə göl kimi gölsən, ey Bakı dəryası, çünki yer üzündə sənin kimi böyük göl yoxdu! Nə dərya kimi dəryasan, Bakı dəryası, çünki çəkilib şir kimi durmusan kənarda və heç bir özgə dəryalara qarışmırsan, heç kəs ilə işin yoxdur!Nə gözəlsən, ey Bakı dəryası!

2 dəq

Başqa şairlərin şeirləri · Satira