Məzmun
  1. 1
  2. 2
  3. 3

1

Yay tətilinin sonuncu günü idi. Yüz minlərlə məktəbli kimi Aqil də yır-vığış edib şəhərə, dərsə gəlməyə hazırlaşırdı.

Babası onun bir saat dərsdən qalmasına razı olmasa da, bu gün, məhz indi bağın yaxşı vaxtında, ağaclarda meyvənin çıraq kimi yandığı, yoldan keçəni çağırdığı bir zamanda, yollarda maşınların təkər-təkərə verdiyi, adamların axışıb gəldiyi günlərdə əziz nəvəsinin bağdan getməsinə heyfsilənirdi.

Hər səhər Aqil əncir ağaclarına yanaşanda babası budaq başlarından qopardığı yumşaq və dolu əncirləri ona verərdi. Uşaq yedikcə, kişi yaşına yaraşmayan bir zirəkliklə budaqlar arasına girib yeni-yeni meyvələr dərirdi. Aqil özü ağacdan dərmək istəyirdisə də, babasının təklifindən macal tapmırdı:

– Bunu qoy ağzına, sabahi əncirdir! Bu da cavan ağacın ilk nobarıdır, bir bax!

İki gün idi ki, Aqilin şəhərə getməsinə hazırlıq görülürdü.

Yaşı yetmişdən ötmüş Murad kişi ömrünü ancaq burada, geniş üfüqlü, günəşli, küləkli sahil bağlarında, qum üstündə, ağac altında keçirmişdi. Bu bağı oğlu üçün yetirmişdi.

Yeganə oğlu Tapdığın cəbhədən qara xəbəri gələndən sonra kişinin qəddi əyilmiş, beli bükülmüşdü. Sillə dəymiş adam kimi səndələsə də, gözü küçə ağzındakı qoca çinara sataşanda toxtamış, doğrulmuş, dərin bir köks ötürüb demişdi:

– Ya mədəd!

Həmişə bu çinara baxanda Murad kişinin qəlbinə bir təskinlik gəlirdi. Gözünü açıb çinarı həmin bu əzəmətdə görmüşdü. Çinar ona qüvvət, təmkin, əbədiyyət heykəli kimi idi. O, arxasını qocaman ağacın sərt gövdəsinə söykəyib oturanda ürəyi dağa dönərdi.

O, Tapdığa olan məhəbbətini indi şəhər məktəbinin dördüncü sinfində oxuyan nəvəsi, yeganə, əziz, nakam oğul yadigarı Aqilə bağlamışdı. Murad kişi Aqili öz aləmində bəsləyir, böyüdür, oğlunun yerinə qoyur, onun toyunu arzulayır, taleyindən xahiş edirdi: “Mənə möhlət ver!”

Elə bilirəm ki, ailədə Murad kişi kimi tək qalan, gəncliyində dul olan əsgər arvadı Məsmənin Aqilə necə və nə dərəcədə məhəbbət bəslədiyinin təsvirə ehtiyac yoxdur. Bunu əziz oxucular gözəl bilirlər.

Övlad sarıdan Murad kişinin ürəyi əvvəldən dağlı idi. Evlənəndən iki il sonra doğulan bir qız uşağı iyirmi günlüyündə göyərib keçinmişdi. Beş il sonra doğulan Tapdıq sonbeşik oldu. Uşaq evdə tək böyüdü.

Bəlkə buna görə, məhz bir oğlu olduğuna görə, Murad kişidə övlad iştahası günü-gündən artıb alovlanırdı. Qapılarda dəstə ilə uşaqların, qardaş-bacı haray salıb oynaşdığını görəndə, dünya gözünə cənnət gəlir, halı birtəhər olurdu, yeməyib-içməyib uşaq əyləncələrinə tamaşa etmək istəyirdi. Murad üçün ən təəccüblü bu idi ki, bəzi adamlar, əksinə, uşaqdan bezir, tənhalıq arzulayırlar. Bir dəfə qonşusu dəmirçi Hümmətin: "Çığ-vığdan təngə gəldim ", deyə, ağac alıb uşaqları qabağına qatdığını, toyuq-cücə qovan kimi qovduğunu görəndə Murad kişi tanrısını danlamışdı:

– Şükür kərəminə, – demişdi, – özün bilən məsləhətdir! Ancaq gör, uşağı aparıb kimə verirsən. Aparıb düjün ilə verirsən belə dəli-divanələrə, məni də ürəyi əsə-əsə qoyursan təkcə ümidinə! Vermirsən mənə cücə kimi yığam qanadım altına, hərəsini bir dillə oxşayam, hərəsindən bir kam götürəm. Dünyada nə qəribə işlər var!

At olanda ot olmur, ot olanda at!..

Uşaq səsi çıxmayan ev nəyə lazımdır! Dünyanın neməti yığılsın süfrəyə, ona ki körpə əli uzanmadı, heç! Götür yığışdır! Beşik olmayan evə min bəzək vur, qurudur ki, quru, min ocaq yandır, soyuqdur ki, soyuq! Uşaq olmayan evdə istəyirsən yüz Qaryağdı oxusun, yüz Qurban çalsın, dərd əskik deyil! Bağ-bağatın bəzəyi quşdur, ev-eşiyinki uşaq!

Mən beləyəm, di gəl uşaq qismət olmur. Ay fələk, gərdişindən baş açmaq olmur, qərəz...

Arvadı Murad kişiyə nəsihət elərdi:

– Ay Murad, çoxun xeyrindən artıq ziyam var. Atalar deyib, bir olsun, pir olsun. Tapdığı böyüdüb məqamına çatdır, bəsdir. Sən heç naşükürlük eləmə!

Ata-ana bütün səylərini qoyub Tapdığı böyütdülər. Onun ad günü, qonaqlığı, bayramı, bayramlığı əskik olmazdı. Dəmiryol məktəbində oxuyanda onun hər xərcini hökumət versə də, atası beşdə-üçdə bir dolu dəsmalla oğlunun yanına gedərdi.

Tapdıq da əsil çıxmışdı. Dərsdən başqa bir fikri yox idi. Müəllimlərin, müdirin istəklisi idi.

Texnikumun 3-cü sinfinə keçəndə Murad kişi otağın birini, qüvvəsinə görə, döşəyib adına "kabinet" qoymuş, arvadına tapşırmışdı: "Bura qonaq-monaq buraxma!"

Texnikumu bitirən kimi, Tapdığı işə təyin etdilər. Atası tədarük görüb onu bir qarabağlı qızı ilə – Məsmə ilə evləndirdi.

2

Aylar, illər bir-birini təqib etməkdə idi. Zaman axar su kimi əvvəli-axırı görünmədən gəlib-keçir, həyat yollarında hərdən bir cür iz buraxır, hərdən bir cür səs salırdı. Tapdıq Tbilisidə yollar institutunu əla diplomia bitirmiş, Bakı dəmiryolunda mahir maşinistlərdən olmuşdu.

Yerlilərdən yetişən cavan mütəxəssislərin xatiri hökumət yanında daha əziz idi. Komsomolda tərbiyələnmiş Tapdıq yaşına nisbətən tez və çox tanınmışdı.' Murad oğlu Tapdıq" deyəndə, görürdün, beş adamın dördü dilləndi: Fəal oğlandır, ayıq maşinistdir!" Bakı dəmiryolunda elə bir tədbir yox idi ki, Tapdığın iştirakı olmasın. Çox vaxt istirahət günündə də evə qayıtmaz, atasına sifariş göndərərdi: "Konfransımız var, axşam gəlməyəcəyəm." "Qroznıya çağırıblar, nigaran olmayın", "Nümayəndə gedirəm, gələn cümə axşamı qayıdacağam."

Murad kişi oğlundan hər dəfə xəbər aldıqda, onun adını özgələrin ağzından eşitdikdə, sevinir, bütün zəhmətlərini və uzun zaman onu məşğul edən "övlad dərdini" unudardı.

1941-ci ildə bütün xoşbəxt ailələrin başından əsən bəla yeli Murad kişinin də rövnəqini pozdu. Müharibənin ilk günündən Tapdıq maşını sürüb lap qabaqlara, vuruşma gedən xətlərə apardı. Evə qısa bir məktub gəldi: "Vəzifə başıma getdim. Bir müddət sizə əlim çatmayacaqdır. Can sizin, can Aqil əmanəti!"

Tapdığın bu ilk və son məktubu müharibə dövründə ondan qalan yeganə yadigar oldu.

Oğlunun ölümündən, həyaünda aldığı ən ağır zərbədən sonra Murad kişinin, son və yeganə təsəllisi Aqil idi. Bu qaraşın, irigözlü, sağlam və gülərüzlü bir uşaq idi. Səhərin gözü açılmamışdan axşama qədər bağda cövlan vurar, quş qovar, qum içində doyunca maşın sürərdi. Onun şirin və saf səsini eşitdikcə Murad kişi ürəyində deyərdi: "Bu olmasaydı, mən çoxdan ölmüşdüm."

Kişi gizli-gizli onun yerişinə, oturuşuna, danışığına diqqət yetirir, hər dəqiqə oğlu Tapdığı görürdü.

Murad kişi bir il sərasər hər gün nəvəsini özü məktəbə aparıb-gətirdi. Bu işi nə arvadına, nə gəlininə etibar etdi. Uşağı bir saat gözdən qoymazdı. Əlinə kitab alıb pəncərə qabağında oxuduğunu, hərdən böyüklər kimi cibindən dəftərçə çıxarıb nə isə yazdığını, səliqə ilə şeylərini portfelə yığıb açarla bağladığını, pioner qalstukunu anasına ütülətdiyini, gedəndə ədəblə "sağ olun!", gələndə mərifətlə "salam!" dediyini gördükcə, kişinin gözləri yaşarırdı. Özü də bilmirdi ki, bu nə yaşdır!

Yayın isti günlərindən birində Aqil məktəbdən qayıdıb portfelini pəncərəyə qoydu. Əlində şüşə parçası həyətə qaçdı. Anasından kibrit alıb tut ağacının altında küləş yandırmağa başladı.

Ağacları böcəkdən təmizləyib yorğun halda kölgədə oturan Murad kişi Aqilə baxırdı.

– Nə eləyirsən, bala, yanğın salarsan! – deyə o dilləndi.

– Yox, ata, şüşəyə his verirəm.

– Nəyinə lazımdır?

– Hisli şüşə ilə günə baxacağam. Gün tutulacaq!

Aqilin sözləri Murad kişiyə qəribə gəldi. Ona görə qəribə gəldi ki, Murad kişi belə şeylərə əvvəldən inanmazdı. Hər kəs ona desəydi ki, filan zaman gün, ya ay tutulacaq, ağır cavab verərdi:

– Sən nə bilirsən? Göydən gəlmişsən?

İndi, belə söhbəti öz nəvəsindən, dizi üstündə əzizləyib-böyütdüyü uşaqdan eşitmək Murad üçün gözlənilməz idi.

Aqil şüşəsini hazırlayandan sonra çay içməyə oturmuşdu ki, Murad kişi yaxma gəldi:

– Bala,- dedi, – sənin atan handa bir oxumuşlardan idi. Oxumuşdu, ancaq vacib dərsləri oxumuşdu. Parovozun allahı idi. Buxarın dilini bilirdi. Vaqonlara xod verirdi, camaatı bir saatda quş kimi şəhərdən-şəhərə aparırdı. Sən də, şükür, böyüyürsən, oxuyursan, oxu, amma sənin göydə-zadda nə işin var! Gün tutuldu, ay açıldı, nə bilim ulduz-filan... Bunlar sənin, mənim işimiz deyil. Bunlara əl atmağı sənə kim öyrədir. Əbəs yerə belə işlərə baş qoşursan, bala! Sən uşaqsan, başını sal aşağı, dərsini oxu, bəyəm, yeri qurtardın ki, üzünü göyə çevirirsən? Adama çox söz deyərlər, qulaq asma!

Aqil müəllimdən eşitdiyini demək istədi. "M üəllim " sözünü demişdi ki, kişi qışqırdı:

– Müəllim! Müəlliminə bax bunun!

– Elə demə, baba!

Aqil çox söz demək istəyirdi. Ancaq babasına cavab qaytarmaq çətin və ağır idi. O, əli ilə üzünü örtüb ağlaya-ağlaya getdi. Aqil babasının sözünü böyük dərd eləyib ağlayırdı. Sanki, bu ağlamaqla o deyirdi: "Müəllimə elə demə, baba! Müəllim məni çox istəyir".

3

Onun sabahısı Murad kişi adamların damlara, ağac başına çıxıb göyə baxdığını görəndə, təəccüb elədi, nəvəsini çağırdı:

– Bu nə əhvalatdır. Hardan xəbər çıxıb ki, gün tutulacaq!

– Qəzetdə də var. Müəllim öyrətdi ki, hisli şüşə ilə baxın! Baba, inanmırsan, bir gedək bax! Günün yarısından çoxu tutulacaq. Günorta, saat birin yarısında...

Murad kişi bu işə, gün tutulmağını dünyada bir adamın biləcəyinə inanmasa da, oğlunun və qonşularının belə tamaşaya çıxmasına göz yuma bilmədi. Ürəyində düşündü: "Görüm axı bu nə əhvalatdır!"

Şüşənin birini Aqildən alıb gün altına çıxdı. Üzünü göyə çevirib baxmaq istədi:

– Məndə, bəyəm, göz var, görəm?

Uşaq babasını özü ilə bərabər görüb sevindi. Onlar şüşəni gözlərinə tutub baxırdılar. Murad kişi təndir çörəyi kimi yupyumru gördüyü günəşə baxıb nəvəsini danladı:

– Köz kimi yanır, günə, nə olub tutula.

– Dayan bir, yarım saat sonra! – Aqil qaçıb stol saatını gətirdi, səkinin üstünə qoydu. – Birin yarısında tutulacaq, hələ vaxta var!

Murad kişinin hövsələsi gəlmədi. Şüşəni kənara atıb kölgəyə çəkildi. Lakin o, gözünü saatdan ayıra bilmədi. Əqrəblər günorta yerindən aşağı enib ayrılanda, adamların gözü göyə zillənəndə Murad kişi özünü saxlaya bilməyib öz-özünə dedi: "Görüm bir bu necə işdir!"

Aqil babasını göyə baxan görüb sevindi və ona yanaşdı:

– Bu saat tutulacaq!

Murad kişi qaşlarını çatıb diqqətini yığdı, şüşə dalından günəşə baxıb yenə bir şey görmədi.

– Bəri gəl, bala, – dedi, – belə söhbətlər çox olar. Gün tutulanda sənin müəlliminə məsləhət eləməz. Allah göstərməsin, gün tutulanda dünya bir-birinə dəyər.

– Bir dəqiqə gözlə! – deyə Aqil ona təsəlli verdi.

Murad kişi şüşəni təkrar gözünə apardı. Bir neçə saniyə baxmışdı ki, Aqilin səsini eşitdi:

– Başlandı!

Murad kişi dəmirçi kürəsi kimi yanan dəyirmi od dairəsinə sağdan "xal düşdüyünü", günün qaralıb kiçildiyini aşkar görəndə, gözü böyüdü, nədənsə bir udqundu, bütün vücudu ilə dikəldi, bir addım irəli çıxıb baxdı. Aqil sevincək ona göstərdi.

– Gördün, görürsən qaralan yeri! Deyəsən, parçalanır axı!

Heyrət Murad kişini elə almışdı ki, barmağını kəssəydin, xəbər tutmazdı. Aqil, babasının zəif gördüyünü güman edib sözünü təkrar elədi və onun qolundan çəkdi:

– Budur ey, bu yandan bax, sağ tərəfdən...

Murad kişi hirslə qolunu silkələdi:

– Dayan görüm!

İnanmadığı, ağlına sığışdıra bilmədiyi heyrətli hadisə Murad kişini almışdı, yaman almışdı. Sağdan başlayıb qaralan və zərbə dəymiş uşaq siması kimi saralan, al rəngini itirən Günəş get-gedə kişiyə təəccüblü və dəhşətli görünürdü. Az qala, onun yarısını kəsib atdılar, qalan hissə ay parçasına oxşadı. Murad kişi bir an gözünü ayırıb yerə baxanda, yarpaqları rəngsiz, kölgələri qarışıq, yerləri ala-kölgə, zəfəran rənginə bürünmüş gördü və qorxudanmı, heyrətdənmi, yaxud özünü itirdiyindənmi, nə isə pıçıldadı, ətrafına baxdı. Göylərin nadir hadisəsini cəsarətlə seyr edən, saatın dəqiqələrini sayan və qəzet məlumatilə yoxlayan on iki yaşlı nəvəsi Aqil indi ona baxır və gülürdü:

– Gördün ki... hələ tutulacaq, gəl, gəl, baba! Gör nə tamaşadır!.. Aqilin sözləri onu özünə gətirdi. O, uşağa yanaşdı, təkrar şüşəni gözünə apardı. Bir Günəşə baxdı, bir nəvəsinə, bir nəvəsinə baxdı, bir göyə.

– Ə, bunu siz hardan bilirsiniz, balam.

– Müəllim deyib!

– Müəllim hardan bilir axı.

– Kitablarda, qəzetlərdə yazılıb da!..

Murad kişi heyrətindən səssiz dayanıb nəvəsinin sevincdən işıqlanan üzünə baxırdı. O, indi Günəşi də, göyü də unutmuşdu. Yanında dayanan məktəbli uşaq onun gözündə Günəş qədər böyümüşdü.

Qocanın simasını bulud kimi örtən təəccüb birdən-birə dağıldı, si fəti yaz səması kimi açıldı. Murad nəvəsini uzun qolları arasına alıb gücünü sınadı, uşağı göyə qaldırdı, parıldayan ümidinə bütün diqqət və məhəbbəti ilə baxdı. Onun mehriban səsi eşidildi:

– A qırışmal, belə işlərin də varmış!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri