1

Qüdrət ümidsiz ağır yataqdan qalxmışdı. Özünü yenidən dünyaya gəlmiş sayırdı. Deyə-gülə danışır, fərəhlənirdi.

– Qüdrət, - dedim, - şükür, daha lap yaxşısan, danış görüm harada, necə yaralanmışdın? Eşidəndə lap nigaran qalmışdıq.

– Bilirsən, qonşu, ata-babadan ki, deyirlər, əcəl ha! Əcəl məsələsinə bu dəfə mən inanıram. Doğrusu, o ağır vuruşmalardan çıxmağı mən öz gücümdən bilmirəm, çünki sənə də məlumdur ki, mən qabaqlarda əsgər olmamışdım, heç tüfəngin üzünü görməmişdim. Qorunmağı, müharibə sənətini də bilmirəm. Təvəkkül deyib, özümü döyüş meydanına atmışdım. Çox çətin yerlərə, ağır şəraitə düşdüm. Sağlığına, hamısından sağ-salamat çıxdım.

Qüdrət bunları deyib dayandı. Mən, sözünü qurtardığını güman edib soruşmaq istəyirdim, lakin o, başını yuxarı qaldırıb davam etdi:

– Kimin gücünə?

Qüdrət bunu, deyəsən, məndən soruşurdu. Bu suala, əlbəttə ki, mən cavab verə bilməzdim. Sualı müsahibimə qaytardım:

– Kimin gücünə?

– Ağlımzca nəyin gücünə mən od-alovdan xilas olurdum?

– Yəqin ki, zirək tərpəşirmişsiniz!

– Xeyr, məndən çox zirəkləri var idi!

– Zabitiniz yaxşı imiş, ya da yaxşı yoldaşlarınız var imiş!

– Daha bir səbəb var!

– Onda siz zirehdən paltar geymisiniz!

– Əynimdə sadəcə əsgər köynəyi olub, bəzən də şinel.

– Bəlkə, siz tank içində olmusunuz?

– Həmişə açıqda piyada vuruşmuşam! Heç bir maşınım olmayıb. Mən ayrı şeydən bilirəm.

Qüdrət sözünü kəsib, üzünü içəri otağa tutdu və səsləndi:

– Nigar! Nigar!

On yaşlı qız, utana-utana içəri girdi və zərif, nazik səslə soruşdu:

– Ata, çağırdın?

Qüdrət mənə sarı döndü:

– Bunu görürsünüzmü? Mənim xilaskarım budur. Ölümdən qurtarıb!

Qüdrət yaxınlaşıb, Nigarın üzündən öpdü:

– Get, qızım, get, bizə çay gətir.

– Nigarın xilaskarlığı nədən ibarət ola bilər?

Qüdrət mənim şübhəmi rədd etdi, diqqətlə mənə baxdı, böyük bir mətləbdən xəbər verənlər kimi danışdı:

– Mən adyutantlığa keçəndən sonra dəstəmizdən ayrılmışdım, işim komandiri qorumaq idi. Payızın axır aylarında biz 20-25 günə qədər səngərdə, müdafiədə dayandıq. Heç bir tərəfdən hərəkət yox idi. Əmr gözləyirdik, günlərimiz, cəbhədə çox xoşagəlməz olan durğunluq, yeknəsəqlik ilə keçirdi. Təzəlik ondan ibarət olurdu ki, üçdə-beşdə bir kəşfiyyata kiçik dəstələr gedir, əsir tutub gətirir, ya yaralı qayıdırdılar. Yenə bir kəşfiyyat dəstəmiz axşamacan qayıtmamışdı, uzaqda atışma səsi eşitdik. Bir neçə nəfər köməyə getdik. Güman edirdik ki, nəsə bizimkiləri əhatə ediblər. Düşmən mövqelərinə çatar-çatmaz atışma daha da şiddətləndi. Qumbara səsi eşidirdik. Biz də silahlarımızı işə saldıq.

Elə ilk güllələrdən sonra üstümüzə yağış kimi atəş açdılar. Bir də gördüm, qolumdan tutub məni fırlatdılar. Dönəndə heç kəsi görmədim. Amma, deyəsən, isti bir əl mənim qolumu hələ də buraxmamışdı. Deyəsən, dirsəyimdən aşağı sürüşürdü. Mən dərhal anladım ki, bu qandır. Daş dalına yatıb qoluma baxanda yaralandığımı gördüm. Qəribədir ki, ancaq biləndən, görəndən sonra qolumda ağrı hiss etdim və ağrı get-gedə şiddətləndi. Məni sanitar məntəqəsinə, oradan bir xəstəxanaya, oradan başqasına, yavaş-yavaş lap arxaya, bizə yaxın yaylaq yerə, K. şəhərindəki xəstəxanaya gətirdilər. Həkimlərin qayğısı sayəsində yaram gündən-günə yaxşılaşır, ağrı kəsilirdi. Şükür ki, şikəstlik də olmadı. İndi bu qolum bir balaca ağır tərpənir, geriyə qanrılmır. Əhəmiyyətsiz şeydir. Sözüm bunda deyil, xəstəxanada bir hadisə oldu, sizə onu demək istəyirəm. Ağ, üçmərtəbə, yaraşıqlı daş binadır. Dağm döşündə tikilib. Qabağından çay axır, çayın o tayı qalın meşəlikdir. Meşənin içində də məskən salıb yaşayan kəndlilər vardır. Hər səhər durub həyətə çıxanda görürsən, kəndli qadınlar ərzaq gətirib satırlar: yumurta, süd, qatıq, alma, çiyələk... Doğrudur, xəstəxana məmurları buna icazə vermirlər, satıcıları görən kimi, qovurlar, amma kəndlilər baxmır, səhər-axşam özlərinə fürsət tapırlar. Burada mənim köhnə məktəb yoldaşım, indi isə topçu komandir Nüsrət yatırdı. Hər gün biz görüşüb-dərdləşir, məktəb günlərini xatırlayıb, xüsusi bir ləzzət duyurduq. Nüsrət əvvəldən də əsəbi, bir qədər tündməcaz, necə deyərlər, qırmızı adamdır. Sözü dik adamın üzünə deyəndir. Bunun üçün çoxları ondan inciyirdi. Ancaq Nüsrət buna məna vermirdi, Sabirin bir sözünü təkrar edirdi:

Dəhr, bir müddət oldu mənzilimiz,
Yaşadıqca çoxaldı düşmənimiz,
Nə edək, doğru söylədi dilimiz!

Nə isə, belə adamdır. Bir axşam olardı saat 5-6. Xəstələr istirahət saatından sonra yavaş-yavaş həyətə, havaya çıxırdılar. Mən aşağı düşməyə hazırlaşırdım. Nüsrətin səsini eşitdim. O, aşağı mərtəbədə olurdu. Öz palatasından yuxarı qalxır, mənim yanıma gəlirdi. Gəlirdi ki, özü də kimin dalınca, nə üçünsə deyinirdi:

– Vicdan yoxdur ki, ürək əvəzinə sinədən daş asılıb!

Bu sözü deyə-deyə Nüsrət otağa girdi, kürsü çəkib oturdu.

– Ay Nüsrət, - dedim, - qoy ürəkdən, könüldən şairlər, ədiblər danışsın. Sən topçu babasan, vurub-yıxmaqdan, ölüb-öldürməkdən danışasan gərək.

– Hər şeyin, - dedi, - yeri var. Mən gördüyümü daş görsə, yumşalar. Amma elə adamlar var, halına təfavüt etmir.

– Nə görmüsən, qardaş?

Nüsrətin palata yoldaşı Qurban əlində bir dəstə otuzluq, içəri girdi və Nüsrəti inandırmağa çalışdı:

– Vermir, ay rəhmətlik oğlu! Vallah vermir, inandığımız haqqı, satmır. Yoxsa mənə bir elə qutu lazımdır. Sən deməsən də alardım.

Nüsrət daha da hirsləndi, qalxıb otuzluqları Qurbanın əlindən aldı və həyətə yüyürdü:

– Gəl, görüm necə satmır. Yəni istədiyini verəndən sonra niyə satmasın...

Onlar düşüb getdilər. Mən də əl-üzümü yuyub geyinməyə məşğul oldum. On dəqiqə çəkmədi ki, yoldaşlar heyrət içində geri qayıtdılar. Nüsrət yenə Qurbanı danlayırdı:

– Yəqin, qızı qorxutmusan!

– Mən qorxutmuşdum, sənə sataydı da! Bəs niyə vermədi?!

Nüsrət dinmədi, üzünü mənə tutdu.

– Qüdrət, - dedi, - 10-11 yaşlı bir qız uşağı əlində gümüş papiros qutusu satır. Mən çəkən deyiləm, almağa pulum da yoxdur. Elə-belə uşaqdan xoşum gəlir. Qaragöz, məsum bir uşaqdır. Soruşdum, dedi: "Atam cəbhədədir, anam xəstə yatır. Bu qutunu satmağa gətirmişəm". Bunu eşidən kimi ürəyim dözmədi. Pullu uşaqlara dedim alın, o qutu bəlkə üç yox, beş yüzə dəyər. Alm, bu uşağı yola salın. Bəlkə anasının dava-dərmana ehtiyacı var? Ona dedim, buna dedim, alan olmadı. Mən də hirslənmişdim ki, ay filan olmamışlar, zirə-zibilə verirsiniz, xəlvəti şərab alıb içirsiniz. Nə olar, pulunuz bir müstəhəq yerə qismət olanda!

Qurban ilə getdim, üç yüz manat saydıq qızın ovcuna, qutunu bağrına basıb ağladı ki:

– Satmıram!

Deyirəm:

– Qızım, niyə ağlayırsan, neçə istəyirsən verək, yoxsa qorxursan?

– Yox, - deyir, - əmi, satmıram!

Mən bu söhbətin dalısını eşitməkdənsə, bu qəribə uşağı görmək istədim.

– Nüsrət qız həyətdədirmi?

– Oradaca durub.

– Pulu mənə verin, siz uşaq ilə danışmağı bacarmırsınız. Ata olmayan adam uşaq dindirməyi bacarmaz!

Pulu aldım, hər üçümüz aşağı düşdük, pilləkən ayağında onları saxladım:

– Siz, - dedim, - gəlməyin, qoy mən tək gedim. Sizdən onsuz da şübhələnib.

Onlar diqqətlə həyətə, o yana-bu yana baxdılar. O ağacın dalma, bu damın küncünə, yolun üstünə...

Qız yoxa çıxmışdı. Qurban dedi:

– Qaçıb!

Nüsrət meşəni göstərdi:

– Odur ey, odur, gedir!

Mən kollar arasında pişik kimi asta yeriyən qaraltmı güclə seçdim.

– Yazıq uşağı qorxudub qaçırtmısınız, - dedim. - İnsafsızlar!

Səhər tezdən Nüsrət qaça-qaça mənim yanıma gəldi:

– Sən öləsən, qız gəlib!

– Necə, indi nə satır?

– Nə satacaq, həmin qutu əlində dayanıb!

Hər ikimiz Qurbanı tapıb, pulları aldıq. Nüsrət kənarda dayanıb uca qarağacı göstərdi:

– Odur ey, ağacın alünda, su krantının yanında dayanıb, yeri! Cəld ol!

Mən əlimdəki pulu saydım, qatlayıb qoltuq cibimə qoydum, qıza tərəf yeridim. Nəzərim uşaqda idi. O da mənə baxırdı. Çox getmişdim, az getmişdim, onu bilmirəm, bir də ürəyimin sinəmdən çıxdığını, qızın isə onun yerinə hoppandığını gördüm:

– Atacan!

Daha mən bilmədim ki, haradayam, nəçiyəm və bu nə işdir! Gözlərimin yaşını silə-silə qızımı, həmin bu Nigarı qucağımda palataya gətirdim, papiros qutusu da əlində. Nə Nüsrət, nə Qurban, deyə billəm, bütün yaralılar, həkimlər, bacılar bizim başımıza yığıldılar. Kimi soruşur, kimi görüşür, kimi qıza sovqat verirdi. Nigar isə boynuma sarılıb bircə bunu deyirdi:

– Atacan! Atacan!

2

Üç ay əvvəl, şəhərdə kənd təsərrüfat işlərinə adam çağıranda mənim arvadım da getmişdi.

– Yaylaqdır, - demişdi, - gedərəm, həm havası xoş, həm ərzaq ucuz, həm də yüngül işlərdə işlərəm, alma-armud yığıb qış üçün ruzi hazırlayaram.

Ay yarım işlədikdən sonra yazıq arvad soyuqlayıb yorğan-döşəyə düşmüş, ancaq Nigarın ümidinə qalmışdı...

Bir neçə gün başım ailəyə qarışdı. Xəstəxanadan tanış həkimlər gətirdim. Dərmanlar tapdım, teleqram vurub qaynımı çağırdım. Arvad balaca dirçələn kimi şəhərə köçürməyi ona tapşırdım. Mənim bir ayağım burada, biri cəbhədə idi. Artıq təmiz sağalmış idim. Bu gün, sabah komissiya gözləyirdim.

Hər şeydən çox məni maraqlandıran papiros qutusu idi. Qutu deyəndə, heç vədə mən ona əziz şey kimi baxmırdım. Cavanlıqdan qalma bir şey idi. On il bundan qabaq papirosu tərgitmişdim. Qutu da evdə atılıb qalmışdı. Nigarın bunu satmağa gətirməyi də aydın idi. Mən evdən çıxanda arvada and verib tapşırmışdım ki, korluq çəksən, nəyim var, sat! Bir uşaqdır, tamarzı qalmasın.

Qutu, bir qutu kimi məni maraqlandırmırdı. Mən bilmək istəyirdim görüm, Nigar onu satmağa gətirmişdisə, bəs niyə satmırdı? Bəs niyə istədiyi qiyməti verənləri rədd edirdi? Anasının deməyinə görə, qutunu bir həftə aparıb-gətirirdi.

– Nigar, - deyirəm, - qutunu istəyirdilərmi?

– İstəyirdilər.

– Neçəyə?

– Uç yüzə!

– Sən neçəyə deyirdin?

– Anam üç yüz demişdi.

– Sən müştərilərə neçəyə deyirdin?

– Üç yüzə!

– Bəs niyə vermirdin?

Nigar uşaq dili ilə böyüklərə yaraşan bir sözü deyirdi:

– Ata, sənin qutunu necə özgələrə verəydim?

Həqiqətən belədir. Nigar atasının malına sahibsiz kimi baxa bilmirdi. Atasının əmanətini saxlamaq istəyirdi. Ona elə gəlirdi ki, bu qutu getsə, atası bir daha qayıtmayacaq, evdə atasını yada salan nə varsa, bir-bir qutu kimi yox olacaqdır. Bu isə uşağı dəhşətə gətirirdi. Nigar bunu duyurdu, ona görə hər gün anasının əmri ilə qutunu satmağa gətirir, qəlbinin hökmü, ata məhəbbəti ilə təkrar evə qaytarırdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri