Gülcamal
Bizim analar uşağa ad qoyanda çox düşünür, məsləhətləşir, götür-qoy edir, axtarırlar. Bu təbiidir. Kim istəməz ki, doğma övladma ləyaqətli, yaraşıqlı ad versin! Ataların bu sözündə də həqiqət var: uşaq böyüyəndən, el içinə çıxandan sonra özünə ad qoyur.
Yaxşı, ya pis ad qazanmaq nə havadan, nə valideyndən, nə də qulluqdan asılıdır. Qalır insanın özünə, fərasətinə... Bəzən olur ki, ata-ananın qoyduğu ad, pasportla yazılan ad məqbul olmur, tamam unudulur. Cavanın həyatda, işdə, fəaliyyətdə qazandığı ad məşhur olur, çox deyilir, tez yayılır.
Hər halda, valideynin ad qoymaq ixtiyarı təbii qanundur, heç yerdə, heç bir zaman buna qarşı etiraz ola bilməz.
Bizim dostumuz Ziyafət xanım əslən nəcib, dünyagörmüş xanım-xatın arvaddır. Ləyaqətli anadır. Böyük qızların hər ikisinə xoşladığı adı vermişdir: birinə Qəşəng, o birinə Göyçək!
Bu adlar qızların hər ikisinə doğrudan da yaraşır, yapışırdı. Deyəsən, qoca təbiət bu cavan ananın xahişini nəzərə almışdı. Qəşəng də, Göyçək də yaraşıqlı, gözəl idilər, qonum-qonşu da, ata-ana da bu gözəl balaların şən-şətarətlə boy atıb böyüməsini görür, izləyir, sevinirdilər.
Di gəl ki, qızların hər ikisini on yeddi yaşına çatmamış, məktəbi qurtarmamış, elçi, adaxlı-filan görməmiş dəliqanlı cavanlar götürüb apardılar. Bu işdə valideynin heç bir günahı, tədbiri olmadı.
Qızların özünün qəbahəti, günahı oldu-olmadı, bunu demək çətindir. Ancaq onu bilirik ki, qızların hər ikisi cavanlar ilə dilləşib, günün, daha doğrusu, axşamın birində evdən getdilər. Ata-ananın çoxdan min-bir həsrətlə gözlədiyi təntənəli toy tədarükünü nə gördülər, nə də tamah saldılar.
Doğrudur, kürəkənlər bir müddət sonra vasitəçi saldılar, qızlar da göz yaşı töküb üzr istədilər. Çox ağır xahiş, get-gəldən sonra Ziyafət xanımın qəlbini ələ aldılar, barışdılar.
Ziyafət xanım, başı daşdan-daşa dəymiş, çox işlər görmüş, təcrübəli xanımlar kimi bu dəfə daha sadəlik eləmədi. Kiçik qızına tamam başqa ad qoydu, nə Qəşəng, nə Göyçək, nə Gözəl, nə Güləndam. Söhbət düşəndə müsahiblərinə açıq deyirdi:
– Bacım, mənim başım baladan çox çəkib. Əvvəllər avam olmuşam, qarğa, məndə qoz var, eləmişəm. İndi daha uşağıma heç yaxşı ad verməyəcəyəm. Elə ad verəcəyəm ki, heç kəs tamah salmasın, heç kəsin istəyi də olmasın. Çünki, yaxşı ad bizə düşmür, nəyə gərək gurultulu ad! Lazım deyil. Heç kəsin əqlinə gəlməyən sadə ad başağrısız olur.
Ziyafət xanım sözünə düz adam idi, dediyinə əməl elədi. Axırıncı qıza nə ad qoysa yaxşıdır? Heç kəslə məsləhətləşmədən yazıq qıza qəribə bir ad verdi: Qurtyeməz!
– Qurtyeməz?
– Bəli, Qurtyeməz!
Uşağın atası Ağasadıq eşidəndə təəccüb elədi:
– Ay Ziyafət, insafın olsun, qoşulub gedən böyük qızlar olub, bu yazığı niyə tənbeh eləyirsən? Camaat içində bizə gülərlər. Qurtyeməz nədir? Ad başına qəhət olub? Qıza ləyaqətli ad qoymaq gərək!
Ağasadıq yaxşı bilirdi ki, övlad böyütməyin çox zəhməti ananın boynuna düşür. Ona görə Ziyafətə qəti tapşırıq verməkdən çəkinirdi. Dediyi sözlərdə bir kəsər olmadığını düşünüb bir də təkrar etdi:
– Ziyafət xanım, qız böyüyəndə səndən də, məndən də inciyər.
– İncisə də, tamah salan, qoltuğuna vurub aparan olmaz. Arzu-kam ilə xeyir işini keçirərik. İşin olmasın!
– Qurtyeməz nədi, ay Ziyafət?
– Qoy olsun, qoy camaat bilsin ki, daha bizim ailədə bənd olmalı qız yoxdur. Qız xeylağı kölgədə, səs-küydən uzaqda böyüməlidir. Qulağımız dinc olar. Bəsdir qalmaqala düşdüyümüz.
– Böyüyəndə qıza nə cavab verəcəksən? Bunun sabah məktəbi var, filanı var...
– Qıza deyərəm indi özünə nə ad istəyirsən qoy! Böyüyəndən sonra qorxulu deyil! Hər kəs özünə bəyəndiyi adı seçər.
Ziyafət xanımın dedikləri bu fərziyyə bir niyyət, bir hal deyil, əsl həqiqət oldu.
Qurtyeməz haqqında uşaq bələkdə ikən, çox dedilər, çox güldülər. Çox adlar, ləqəblər deyildi, unuduldu.
Ananın qoyduğu gülünc ad uşağa olan rəğbət və məhəbbətə mane ola bilmədi. Qurtyeməz heç nəyə... nə istiyə, nə soyuğa, nə tufana baxmadan sürətlə böyüməyə başladı.
Deyəsən, qəsdən Ziyafət xanımın rəyinin xilafına olaraq, uşaq daha gözəl, daha məlahətli, daha cazibəli böyüyürdü.
İki yaşa çatanda evdə, həyətdə cəld, iri addımlarla, qoşa qara hörüklərini oynadaraq atılıb-düşəndə, qara gözlərini anasına zilləyib güləndə Ziyafət xanım özünü saxlaya bilmir, ürəyində deyinirdi: "Allah, sən bunun xətasından saxla! Qurtyeməzin macərası, deyəsən, bacıları kölgədə buraxacaq."
Qız, elə bil, yaz səmasında bədrlənmiş Ay kimi buluddan çıxıb yüksəlir, ətrafa işıq salırdı.
Ziyafət xanım uşağına baxanda bir tərəfdən sevinir, bir tərəfdən də elədiyinin peşmançılığını çəkirdi: "Daha buna Qurtyeməz demək olar? Kişi vaxtında deyirdi, nahaq biz qulaq asmadıq, danlaq sahibi olacağıq!"
Atalar yaxşı deyib ki, sən saydığını say, gör fələk nə sayır!..
Növbəti May nümayişlərindən birində ailənin hamısı - ərdə olan qızlar, nəvələr, yar-yoldaş, qonum-qonşu ilə birlikdə şəhərin geniş küçələrindən camaat al bayraqlar, qırmızı şüarlarla keçəndə Ziyafət xanımı da gözəl körpəsi ilə gördülər. Gördülər və etinasız qalmadılar. Nümayiş təntənələrini diqqətlə təsvirə çalışan cavan və cəld bir fotoqraf dəstələrdən qabağa keçib, aparatı uşağa tərəf yönəltdi və şaqqıldatdı. Uşağın anasını da çəkdi, sonra Ziyafət xanımdan üzr istəyib qızın adını soruşdu:
– Xanım, bu may qızının adını deyərsinizmi? Sabah bunun şəkli qəzetlərdə olacaq.
Ziyafət xanım uşağının adını dedi:
– Qurtyeməz!
Fotoqraf əlində qələm donub qaldı. Təkrar sual verdi:
– Xanım, uşağın adını soruşuram.
– Mən də adını deyirəm: Qurtyeməz!
Fotoqraf təəccüblə qadına baxdı və dedi:
– Xanım, insafınız olsun, belə gözəl uşağa nə deyirsiniz? Yoxsa zarafat eləyirsiniz?
– Uşağın adı elədir!
– Elə deməyin, xanım, bu uşaq May meydanının qızıl gülüdür. Bunun adı Gülcamal olar?
– Adı elə qoyulub.
Fotoqraf ananın sözlərini zarafat sayıb, məna vermək istəmədi. Uşağı qucaqlayıb təkrar etdi:
– Gülcamalın rəngli şəklini qəzet səhifələrində oxuculara yaymaq və bir nüsxəsini də sizə – bəxtiyar anaya göndərmək mənim borcum! Ünvanınız?
Fotoqrafın dediklərini böyük bacılar, qoşulub gedən Göyçək də, Qəşəng də eşidir. Bacılarına, bayram nümayişində verilən adı təkrar edib fəxr ilə deyirdilər.
– Gülcamal, ay Gülcamal! Adın dillərə düşsün, ay bacı!
Qurtyeməzin adı qəzetlərə, dillərə düşəndən sonra onu çoxları görmək, tanımaq istəyir.
Gülcamal böyüdü, qol-qanad açdı, çiçək kimi açıldı, yeniyetmə toxucuların peşə məktəbində fərasətli, cəld, çevik əməyi ilə hörmət qazandı.
Hər kəs onu pasportdakı adı ilə yox, May nümayişində deyilən Gülcamal adı ilə çağırır və hörmət edirdi.
Bu sevincdə hamıdan çox payı olan Ziyafət xanım əlini əlinə vurub qızını təbrik edirdi:
– Sağ ol, Gülcamal, qəzet verən təzə ad sənə ananın südü kimi halal olsun!
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-gulcamal
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu gecə səhər bir saat az yatdı. Tramvaylar əsrin aktiv oğullarını götürmək üçün bir saat tez tərpəndi.Müxtəlif yerlərdə eyni hədəfə, eyni cəbhəyə hücum başlandı. Qoca Volqa diksindi, qorxdu, sahil ləpələrlə doldu.
Zavodun tərcümeyi-halıUzun illər bundan qabaq qırmızı və xam misin qazandı qoxusu Berlin kapitalistlərinin burnuna getmiş, mühəndislər çağırılmış, aparatlar qurulmuş, planlar düzəlmiş, yerlər zəbt olunub, kəndlilər döyülmüş, bazar açılmış, işçilər toplanılmış, qamçılar şartıldamış, yer altlarına lağımlar salınmış, kişilər qazımış, qadınlar daşımış, uşaqlar təmizləmiş. Bu ehtiras və ölüm çəkişmələri - Yasamal dağlarının başındakı meşəlikdə, dayaz bir dərədə - Gədəbəydə - misəridən zavodu doldurmuşdur...Üç tərəfini bürüyən dərin və uzun sulu mağaralar zavodun qan damarlarıdır. Zavoddan çıxaraq ətrafı dolaşan dəmiryol xətti bir sual kimi bükülmüş və mədənləri zavoda bitişdirmişdir. Bu xəttin ən zərif və səliqəli tərəfi mis "kraliçasının" malikanəsindən çıxandır.
Marksın dostuMən oxumaqdan qayıdıram... Anam səfərdən gələnin çantasına göz dikmək xasiyyətini unutmuşdur. O bilir ki, oxumaqdan qayıdarkən kitabdan başqa nə sovqatım ola bilər? Revolyusiya rəhbərlərinin yeni rəsmlərindən gətirmişəm, anam ehtimal ki, onların nə üçün şəkilə salındığını bilmir. Lakin o, evin lüt divarlarını onlarla sevinə-sevinə örtəcəkdir. Evdə az oluram, o, ana qəlbilə məndən inciyir. "Bəsdir. Bir saat da çəkil, oturub bir az dincəl! Dünyanın ağzını sən düzəldəsi deyilsən ki!.."– deyə məni danlayır.
Almas gəldi– Pambıqda tərləyirsən, ya yox? Tərləyirsən. Ürəyin yanır, ya yox? Yanır. Yaxşı, palçıqlı su içsən yaxşıdır, ya çay? Əlbəttə ki, çay istəyəcəksən. Bir stəkan çay sənə can verər, qan verər, dincəldər. Səni açar... İndi ki belədir niyə olmasın...Almas xalanın çıxışı vəziyyəti dəyişdi. O, tarlalarda yeməkxana təşkili və əhəmiyyəti haqqında inandırıcı danışır və əl-qolunu ölçərək deyirdi: