Alma məşhur, dadlı, ləzzətli meyvədir. Xüsusən bizdə, Qafqazda

– Qubada, Şirvanda, Qoridə olan almaları hər yerdə xoşlayır, üstün tuturlar. Alma haqqında mən çox oxumuşam, eşitmişəm, məişətimizdə onun mövqeyini də bilirəm. Hələ lap uşaq vaxtından, toy dəsgahlarında quşlar kimi uca çinar budaqlarından tamaşa etdiyim vaxtlarda görərdim ki, toybəyi nişanlısına alma atır, başına gümüş pullar, gül yarpaqları sovurur.

Yaşa dolduqdan, cürbəcür xəstəliklər ilə tanış olandan sonra loğman həkimlərim mənə çox zaman dərman nüsxəsi əvəzinə alma növlərinin adını çəkirdilər:

– Alma ilə aranız necədir?

– Alma sevənəm.

– Sevmək azdır, yemək, gündə azı dörd-beş alma yemək lazımdır.

– Alma yeyirəm.

– Hansından, Şirvan, ya Quba alması?

– Hansı olsa!

– Qırmızıyanaq şirin almalar da, şafran, turşməzə, sarıyanız almalar da ləzzətlidir!

Doğrusu, mən həkimlərimin seçib, sevdiyi almaları ya tanımır, ya lazımınca axtarmır, ya da ki fərqinə varmırdım. Bağlarda, bağçalarda, mağazalarda rastıma düşən hansı növdən olur-olsun alma alır, macal, fürsət gözləmədən yolüstü dişimə çəkirdim.

Bir dəfə Kommunist küçəsilə alma yeyə-yeyə yuxarıya diklənəndə həkimə rast gəldim. Utandığımdan almanı gizlətməyə çalışdım. Həkim güldü, razılıq elədi:

– Bəzi cavanlar, tələbələr çəkdiyi papirosu gizlətmirlər, sən dünyanın ən yaxşı nemətini, Quba almasını yeməyi qəbahət bilib utanırsan? Əksinə, sənin alma ilə belə ünsiyyətini görəndən sonra səhhətin haqqında arxayınlıq hiss edirəm. Nuş olsun! Alma çox gələn evə həkim az gələr!

– Yolüstü olduğu üçün utandım.

– Almanı hər yerdə, hər şəraitdə, hər fəsildə yemək lazımdır. Bu, səhhət üçün şərtdir!

Sonradan gördüm ki, bizim analar gözəl qızlarına ad verirlər:

– Alma xanım, Lumu xanım, Gilas xanım, Qaysı xanım...

Alma xanımı mən Bakı bağlarından birində, tut çırpılan vaxtlar anasının yanında oynayan vaxt gördüm.

– Nə yaxşı ad qoymuşunuz, Məsmə xala?

– Biz qoymamışıq.

– Kim qoyub?

– Özü qoyub!

Məsmə xanımın işarəsi məni başa saldı ki, uşağın üzünü görüb bu adı veriblər.

Alma xanım səkkiz-doqquz yaşlarında sağlam, çevik, zirək bir qız idi. İri gözləri, çiyinlərini örtən qara saçları var idi. Bizim söhbətimizin ondan getdiyini hiss edib ətrafımızda hərlənirdi.

– Görürsünüz, Alma xanım yamanca qızdır. Özünü istətməyi bacarır.

Mən ananın sözlərində uşağa tənqid yox, təbii bir məğrurluq, məmnunluq duyurdum.

– Bütün qız uşaqları şirin, güləşqabaq olurlar.

– Bu da elədir!

Alma xanım bizim söhbətimizə müdaxilə etmədi. Çırpılmış tutdan ən yaxşılarım seçib boşqaba yığdı. Gətirib bizim qabağımıza qoydu, özü çəkilib getdi.

Mən Məsmə xalanı danışdırdım:

– Bu uşağın əsl adı nədir?

– Pasportda Zəhradır.

– Özü hansını istəyir?

– Almaxanım deməyəndə küsür.

– Yaxşı eləyir!

– Əlbəttə ki! Onun haqqı var. Təbiət özü onu Quba alması kimi gözəl, qırmızı, yapışıqlı yaradıb.

– Mən xahiş edirəm, onun ürəyinə dəyməyin. Gələcək qızlarınızdan birinə Zəhra adı verərsiniz!

Almanı isə əziz saxlayın!

Şəhərə qayıdandan sonra Alma xanıma bir şəkilli kitab göndərdim. Uşağın təşəkkür məktubunu atası mənə çatdırdı.

Mən də təşəkkür etdim:

– Sağ olsun kamallı qızımız Alma xanım!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qəhrəman qız

Səfərəliyev rayonunda Füzuli kəndinin "Qırmızı Oktyabr" kolxozunda cavan bir qız ən yaxşı pambıq ustaları ilə yarışır. O, yaşına münasib olmayan bir rəşadətlə əkinçilik işində elə işlər görür ki, çoxlarını heyran qoyur.Bu qız kolxozçu Mürsəl kişinin qızı, komsomolçu Sədaqət Verdiyevədir. Mən onun haqqında çox eşitmişdim. Qəzetlərdə oxumuşdum ki, Sədaqət manqa başçısıdır. 1947-ci ildə beş hektar pambıq sahəsinin hər hektarından 90 sentnerə yaxın pambıq vermişdir, Sosialist Əməyi Qəhrəmanı adı almışdır.

19484 dəq
Firuzə

– İlk dəfə məni rayonumuzun Dımıs kəndində orta məktəbə müəllim təyin etdilər. İllərdən bəri arzusunda olduğum bu şərəfli və müqəddəs peşəyə alovlu bir həvəslə gedirdim.İndi mənim qəlbim bütün istəklərinə çatmış bir adamın hədsiz sevinci ilə dolmuşdu: "Deməli, mən dərs verəcəyəm. Mən də əlimə jurnal alıb sinfə girəcəyəm. Uşaqlar məni də diqqətlə eşidəcək, sözlərimi dəftərə yazıb oxuyacaqlar. Analar, atalar mənim də yanıma gəlib övladları haqqında soruşacaq, məsləhətləşəcəklər. Sovet pedaqojisinin bütün tələblərini onların hər birinə danışacağam, başa salacağam, elə edəcəyəm ki, məndən narazı getməsinlər, mənim işimə kömək etsinlər. Yox, onlar məndən razı qalacaqlar. Ancaq bir söz deyə bilərlər ki, "bu müəllim nə cavandır!" Bilirəm ki, bunu deyəcəklər. Qoy desinlər, heç eybi yoxdur!..."

19486 dəq
Tarla mənzərələri

Mən rəssam olsaydım, elə həmin bu yerdə, Alıuşağı kəndinin üzüm bağları qurtaran, pambıq tarlaları başlayan yerdə dayanar, bir yuxarıya - Kəpəzə, Qoşqara gedən yollara, bir də aşağıya - qələmə, palıd, qarağacların arxasında görünən, Reməyə ətəklənən geniş düzlərə baxar və fırçamı işə salardım. Burada gözəl bir lövhəni əmək qəhrəmanlarının əlləri yaratmışdır. Deyəsən, fikrimdən keçəni "Azərbaycan" kolxozunun qocaman sədri, sovet kəndinin məşhur adamlarından biri - Allahverdi əmi hiss etmişdi:– Gedək, - dedi, - tarlada gözləyirlər.

6 dəq
Qızıl oktyabr

Ölkəmizi xandan, bəydən qurtaran,Nurlu işıq ziyasını verən sən.

1 dəq

Başqa şairlərin şeirləri