Özək raport verir
Yox. Özək buna qətiyyən dözə bilməz. Bu kəsir bizi batırar. Komsomol belə düyünlərdə dayanmamışdır. Məntəqənin ən böyük kəndində komsomolçular tısbağa yürüşü gedə bilməz: 31 komsomolçudan 15-i kolxozdadır. Kolxozçuluğumuz ağızda, dildədir, işə gələndə bitərəflərdən təfavüt görmürük. Partiya və komsomol tapşırıqlarım yaxşı yerinə yetirmək üçün heç kəs özünü bərkə vermir. Üzvü heyətinə arxaymdır, heyəti üzvünə...
Kökündən dönüş lazımdır. Başqa özəklər yarışır, komsomolun səsi dünyanı tutub, bizim özək bu səsə qarışa bilməmiş...
Mirzənin iti və təsirli çıxışı Almçalı kəndinin komsomol özəyi haqqında idi. Bu özəyin işi acınacaqlı halda idi: rəhbərlik xarab olmuş, gənclər işdən soyumuş, aylarla iclas olmur, direktivlər nəinki icra olunur, hətta müzakirə də olunmurdu. Özək otağında bir sükut, hərəkətsizlik! Plakatların rəngi getmişdi. Rəsmlər saralmışdı. Siyasi savad kitabları üzərində əl qalınlığında toz. Katib traktor kursundan hələ də qayıtmamışdı. Kolxozun hesabdarı komsomol üzvü Mahmud görməmişlik edərək özünə 400 əmək günü yazmışdır. Tamamilə bərabərçilik aparmışdır. Üzvlər onu şəxsi tənqidə tutanda acığı tuturdu. "O, mənim öz işimdir" deyirdi.
Bundan, özək işində olan bu kəsirlərdən istifadəni unutmayan Hacı Rəsul xoda düşmüşdü. O qəlyanını fışqırdaraq, doqqazlarda görünürdü. Boynu o qədər də qınına girməmişdi. O, gümanı gəldiyi adamlara və ən çox qadınlara yanaşaraq, "nəsihət" verərdi:
– Görürsən, kolxoz adamı elə quruda qoyur ha. Kolxoz, kolxoz. Bu da sənin kolxozun, günün 14 şahıya gəlmir. Amma mənə işləyəndə heç olmasa, tör-töküntüdən yeyir, axırda da qəpik-quruş alırdın. Görərsən, kolxozda qalsan günün bir abbasıya düşəcək. Çıx, çıx get, başına bir çarə tap. Hacı əmin bircə ölüm gününü bilmir. Bax sonra özün peşman olacaqsan...
Doğrudur, tülkübaş Hacının tələsinə düşəsi adam az qalmışdı. Hətta arx təmizləyən Dayı Rəsul Hacının "nəsihətini" dinləyərək:
– Sənin kimi canavarlarm toruna düşəsi halımız yoxdur, - demişdi. Lakin Hacının sözləri təsirsiz də qalmırdı. Manqal başında qızınaraq, "kişi düz deyir" deyə təsdiqləyən qolçomaq quyruqları da yox deyildi.
Mirzə bu vəziyyəti görərkən gənclik qanı başına vurmuş, qan damarları çarpmışdı. Dincələ bilmirdi. Onu həddindən artıq "yandıran" hesabdar Mahmudun hərəkəti idi. Mahmud qəzetləri oxumamış, yeni qərarlardan, əmək günü haqqındakı yeni tapşırıqlardan xəbəri yoxdu. O, tam bir bərabərlik aparmaqla heç kəsin qəlbinə dəymək istəmir, hər kəs əmək gününün azlığından danışırdısa, Mahmud onun gününü artırmaqda bir çətinlik görmürdü. Hər səhər işə çıxanların hər birinə gün yazır, onun işləyib-işləmədiyi haqqında düşünməyi yadına salmırdı.
Mirzənin necə acığı tutmasın, o necə əsəbiləşməsin ki, Mahmudun səhvi düşmənlərin, qolçomaqların hərəkətə gəlmələrinə, kolxoz əleyhinə təbliğat aparmalarına imkan yaradırdı?
Mirzəni kəndə katib göndərən komsomolun rayon komiteti katibi:
– Get, səndən kənddə bolşevik mətanəti, revolyusion bolşevik möhkəmliyi, sinfi ayıqlıq nümunəsi göstərməni gözləyirik, - deyə onu yola salmışdı.
Mirzə gəldikdən sonra açılan qapalı iclas soyuq otaqda, qarlı gecədə aparılmağına baxmayaraq, uşaqlar hamısı qızışmış, tərli-tərli daııışırlardı. Bu iclas komsomol qüvvəsini hərəkətə gətirdi. Özək hücum ştabına döndü.
Rayon komitetinin tapşırıqlarına əsasən işlərin operativ planı düzüldü.
O gündən, iclasdan sonra komsomolçular işə ciddi girişdilər. Yüngül süvari dəstəsi, təşviqatçı, pioner işçisi, briqadalar, məsul nümayəndələr... Hər kəs üzərinə qoyulan planı vaxtında ödəməyə can atırdı. Onlar "filankəs burada deyil, sabah eləyərik, nə tələsirsən? Rəsmi olmasa razılıq vermərəm..." kimi obyektiv bəhanələri eşitmək istəmirlər. Onlar briqadalarda aktiv işləyirdi: budur, 5 günün içində pambıq tapşırıqlarının ödənməsində 27 prosent irəliləmə var. Muzdur Rəşid, Leyli xala və başqaları Mirzəni görüb üzr istəyir, Hacı Rəsulların gizlin hiyləsindən xəbər verirlər. El savad kurslarına töküldü. Kənd müəllimi kəndə radio gətirmək üçün maarif şöbəsilə "əlin çək, yaxam cırıldı"ya düşmüşlər. O, radio almayınca kəndə qayıtmayacağını söyləyirdi: "Kənd komsomolu radio istəyir, vəssalam!" Hesabdar Mahmudun səhvlərini düzəltmək üçün Mirzə rayondan bir hesabdar çağırmışdı. Əmək günləri götürəiş qaydasına salındı. Əvvəllər bu barədə kolxozçular arasında "dedi-qodu" düşdüsə də, kolxoz sədri, sovet sədri və Mirzə məsələni müzakirə edib ümumi iclasa keçirdilər. Mirzənin izahatı dinlənildi, götürəiş qaydasının bütün kolxozlardakı müvəffəqiyyətindən danışıldı və hökumət tapşırıqları oxundu. Əmək günləri götürə iş qaydasilə quruldu, tənbəl, müftəxor və düşmənlərin burnu ovuldu...
Komsomol özəyinin fəaliyyəti kənddə hamının gözünə çarpırdı. Kolxozun irəlidə gedən kütləsi özəyin ətrafına toplandı. Yeni partiya sıralarına verilmiş kolxozçuların dalınca kolxozçu gənc qız və oğlanlar komsomola daxil olmağa başladılar.
İndi Alıncalı kəndinə gələnlər hər bir işdə komsomolun böyük yardımını hiss edirlər. Rayon komiteti və qəzetlərin çağırış və tədbirlərinə Alıncalı kəndi ilk səs ucaldır. "Komsomolçu" kolxozu yeni təsərrüfat ilino keçərkən öz işlərindən raport verir.
Gənc bolşeviklər ştabına göndərilən raportda belə deyilirdi: "Gənclərin quruculuq rolu artır. Partiyamızın pambıq və kollektivləşmə tapşırıqları komsomolun baş məsələsidir. Biz sosializm quruluşunun sürətini artırmağa var qüvvəmizi veririk. Qasım İsmayılov kolxozçularının təcrübələrini götürürük. Sovxozun köməyinə 7 komsomolçu göndərmişik. İşlərimizi yeni qayda ilə qururuq. Biz qalib çıxarıq! "Kim kimi" məsələsi kəndimizdə, partiyanın rəhbərliyi altında, kolxozçular və komsomolun yorulmaz fəaliyyətilə sosializmin lehinə həll olunur. Yeni ildə biz tempimizi daha da artıracağıq."
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-ozek-raport-verir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Anketov hamamlar trestinə rəis təyin olunan gündən indiyə qədər kabinetinin qapısında həmişə adam olur. Bəzən uzun bir nöbvə düzülür. Birinin rəisə şikayəti var, biri maaşının artırılmasını xahiş edir, biri qulluğunu dəyişir, biri oxumağa gedir, biri iş paltarı davası edir, biri məzuniyyətə çıxır, kurorta getmək istəyir.İş böyük, işçi az, məsuliyyət ağır, Anketov da bu postda təzə!
Söyüd kölgəsiDünyada hərənin bir həvəsi, bir adəti olar. Bostançı Salman əminin də adəti belə idi: ürəyi yandığı adama əlindən gələni əsirgəməzdi.Bir gün bostamn qırağında, yol ağzında dayanıb nəyi isə düşünürdü. Günorta yerinə qalxmış günəş düz onun açıq başına döyür, tunc kimi qırmızı alnı işım-işım işıldayırdı. O, nədənsə birdən-birə əli ilə gözünü günəşdən qorudu, xəyalına nə gəldisə, dönüb yerə baxdı, bir şey itirmiş kimi, yolun o yan-bu yanma gedib-gəldi, çarıqlı ayağı ilə bərk torpağı eşələdi də.
İgid oğlan1Zavodun meydan kimi böyük, bağ kimi hasarlı həyətinə minlərlə adam dolmuşdu. Mühüm bir işin müzakirəsinə yığılan şad, igid oğlanların, gözəl və sağlam qızların iti və gülər gözləri tribunaya dikilmişdi. Danışanlar, fatehlər kimi tribunaya qalxıb-enirdilər. Staxanovçu Leyla əllərini kürsüyə söykəyib, tez-tez danışır, başındakı qırmızı ləçəyin ucları yaz küləyindən qızılquş kimi qanad çalırdı. Leylanın nazik, gümüş kimi saf səsi qulaqlardan getməmiş Seymur dayının enli və qabarıq sinəsi tribunada heykəl kimi göründü. Onun dalınca bir komsomolçu söz aldı. Montyor İlyas şüar deməyə tələsirdi.
Vətən oğlu1Mənim nə dərdim vardı? Yalnız ailəmin, ata-anamın razılığını almağı düşünürdüm.
Başqa şairlərin şeirləri
Bahar əyyamıdır, acıldı güllər, ey cavan sənsiz!Təəccübdür, nədən divanə olmaz Natəvan sənsiz?
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Qamətin tək boy atıb sərv xuraman olmazQamətin tək boy atıb sərv xuraman olmaz,Arizin tək, sənəma, bir guli-xəndan olmaz.
Bomba üstündə evMən Stavropol qəzetlərinin birində oxudum: Müharibə vaxtı almanların torpağa işləyib partlamamış bir bombası illərlə burada qalmış, hətta bilmədən onun üzərində ev də tikmişlər. Bomba qazıntı zamanı təsadüfən tapılmışdır.*Bomba üstünə