Iıı pərdə
Məhsəti otağında fikirli oturub. Cahan qarı tələsik içəri girir.
Məhsəti
Nə var, nə olubdur, ay Cahan nənə?
Cahan qarı
Nə durmusan belə, a qurban sənə?
Qonaq otağın ağzacan dolub,
Gəl, gör kimlər sənin qonağın olub.
(Məhsəti gedib qonaqları qarşılayır).
Məhsəti
Şer dünyamızın şöhrəti, şanı,
Bizə xoş gəlibdir ustad Xaqani!
Bizim şerimizin dan ulduzları:
Möhtərəm Fələki, Əbulula siz,
Böyük Beyləqani xoş gəlibsiniz!
Ömrüm bir an sizdən olmasın uzaq,
Nə xoş təsadüfdur, sizə qovuşmaq.
Nizamiyə müraciətlə:
Nizami, çoxdandır görmürəm səni,
Lakin hər sözümü, hər bir kəlməni
İzləyib, məftunun olmuşam inan.
Sən hələ məşriqdə yenicə doğan
Günəşsən, günəş tək parla və yüksəl!
Qoy bizim sənətə yeni bir təməl.
Xaqani. Şairə, bəyəndik tədbirinizi
Gəldik təbrik edək ürəkdən sizi,
Məktəbi açmaqda hünər etdiniz,
Siz yenə dövrandan öndə getdiniz,
Məhsəti
Sizə minnətdaram ey böyük ustad!
İndi az da olsa qəlbim olur şad.
Vurğunam gördüyüm istedadlara,
Bilmirəm əl açıb, üz tutum hara?
Elmin, istedadın qarşısında hədd
Nadanlar qanundan çəkməsin sərhəd,
Yalqızam, yetməyir gücüm dövrana,
Elimsiz, savadsız olarsa ana –
Əlində xar olar nəsillərimiz.
Dövranla döyüşə girişmişik biz.
Bəxtiyar olmarıq bir quru ahla,
Oğlumuz, qızımız hansı silahla
Bu sərt tufanlara köksünü gərər?
Tanıya bilərmi bizi millətlər?
Təməlsiz daşları coşqun ləpələr
Qoparıb, daima yerindən atmış.
O nəhəng daşlardan çınqıl yaratmış.
Aqibəti budur cahil millətin.
Mənim arzum çoxdur, yollarım çətin.
Xaqani. Doğrudan gəncəyə yaraşıqsınız,
Elmə və sənətə siz aşıqsınız.
İzin ver, biz gedək, ayrılaq cismən,
Öz yanında zənn et daim bizi sən.
(Nizami onun əlini öpür, gedirlər).
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-mehseti-iii-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Çox eybculuq etmə, məndən senə vəsiyyət,Sanma ki millətində bilmərrə yoxdu qeyrət.
Yol istərəmAradım, tapmadım qapusinSaray səndən yol istərəm
ÇaynaməTəalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd