Cənnət quşum
Bircə bacım Yaquta ithaf
Nə yatıbsan, oyanmırsan,Mən yanıram, sən yanmırsan,Külüm qalıb, inanmırsan,Selə dönübdür göz yaşım,Bircə bacım, qız qardaşım!
Həsrətin göynər sinəmdə,Niyə məni qoydun qəmdə,Mən də öldüm, sən öləndə,İsmət tacım, qeyrət tacım,Qız qardaşım, bircə tacım!
Təkqanadlı quşam indi,Mən sənsiz bihuşam indi,Çınqıl olmuş daşam indi,Yoxdur dərmanım, əlacım,Qız qardaşım, bircə bacım!
Qəlbim mənim, canım mənim,Qüdrətli sultanım mənim,Dərdləri pünhanım mənim,Dərd yoldaşım, mərd yoldaşım,Bircə bacım, qız qardaşım!
Anamıza qovuşdunmu,Cənnət bağına düşdünmü,Mələklərlə görüşdünmü,Hara uçdun, cənnət quşum,Bircə bacım, qız qardaşım?!
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-cennet-qusum
← → düymələri ilə keçid, R — təsadüfi şeir