Səhifə 2 / 3 · 33%


Fridun və Kürd Əhmədlə tanışlıqdan sonra, Sərxan özünün nə cür dəyişməyə başladığını hiss etmirdi. O, yalnız nə isə yüngülləşdiyini, qabaqlarda gözünə qaranlıq və dumanlı görünən həyat yolunda bir işıq əmələ gəldiyini duyurdu. Həmişə qəmgin, həmişə ümidsiz və qaşqabaqlı olan Sərxan, xoşrəftar və mehriban bir adama çevrilirdi. Bunu, hər kəsdən əvvəl evdə anası və Fəridə hiss edirdi. O, artıq xırda məsələlər üçün hirslənmirdi. Səbirli və dözümlü olmuşdu. Onun dünya və insanlarla əlaqəsi də dəyişmişdi. Ürəyində onlara qarşı olan əvvəlki nifrəti, indi bir məhəbbət əvəz etmişdi.

Fəridə də onun nəzərlərində hər gün qalxır, böyüyür və qiymətli olurdu. Əvvəllər onu həftələrlə görmədikdə yadına düşməzdi. İndi isə evdən çıxdığının üçüncü-dördüncü günü ürəyi darıxırdı.

Cümə axşamı işdən qayıtdıqda, Sərxan ananı astanada oturub, cəhrə əyirən gördü. Acıqlı və ya kefi saz olmasından asılı olmayaraq, daima qabağına çıxan, əlinə su töküb, dörd yanına dolanan Fəridə evdə yox idi. Ana cəhrəni bir kənara qoyub, əyri belini azca düzəltdi. Həyət divarından asılmış balaca dəmir əlüzyuyanı su ilə doldurdu.

– Ana, bəs Fəridə haradadır?

Onun acıqlanacağını gözləyən ana səsindəki mülayim ahəngdən ruhlandı və yavaşca:

– Yenə ora gedib, oğul, indilərdə gərək qayıtsın... Gedəndə tapşırdı sənə deyəm ki, bu gün ağaların ikinci payı hazır olur, onu götürəcəklər...

Sərxan arvadının zirəkliyi və açıqfikirliyini düşündükcə gülümsədi:

– Ana, yaxşı gəlinin var.

Oğlundan birinci dəfə Fəridə haqqında belə açıq tərif eşidən ana:

– Oğul, – dedi, – maşallah, od parçasıdır, bulaq kimi qaynayır. Tapşırsan, bir hökumətin işini qabağa aparar, dünyada bir məsələ yoxdur ki, xəbəri olmasın. Beş dəqiqə bazara çıxır, qayıdıb şəhərdə nə var danışır. Özünün də yaxşı ürəyi var. Hamıya əl tutandır. Adamcanlıdır.

Sərxan qapıdan çiynində göyərti ilə dolu bir zənbil içəri girən Fəridəyə:

– Hə, gəl gör qaynanan səni necə tərifləyir, – dedi və irəli gedib, ona kömək etmək istədi. Alnından tər süzülən Fəridə zənbili ona verdi:

– Amma çiynimi saldı.

Sərxan göyərtiləri aralayıb, altdakı ağ cildli balaca kitablardan birini götürdü, bir uşaq sevincilə öpüb bağrına basdı və Fəridəyə döndü:

– Çiyinlərinə qurban olum, onlar xalqa səadət daşıyır və əyilib Fəridəni öpmək istədikdə o, ərini saxladı:

– Dayan, ürəyim döyünür, qoy bir nəfəsimi dərim, sonra.

Rza Qəhrəmaninin içəri girməsi ilə Fəridədən əl çəkdi.

– Hə, əliboş gəlirsən, usta...

Rza Qəhrəmani:

– Malların hamısını verdim maşına, göndərdim İsfahanda xırıd eləsinlər. Orda qiymət bahadır, – dedi və güldü.

– Mazəndəran tərəfdə də bu mala ehtiyac çoxdur, bir az bizə də ver, gözləyirlər...

– Fikir eləmə, hamıya çatacaq!..

Ana onları ikinci otağa, çaya dəvət etdi. Rza Qəhrəmani stolun üstündə bir böyrü batmış, lakin möhkəm pıqqıldayan samovara, onun üstündə dəm alan lüləsi sınıq çaynikə baxdı:

– Varam sənin bu samovar çayına, ay ana, gör necə də fit çalır. Heç Sərxanın parovozu bu cür səs vermir.

Sərxan onun zarafatını cavabsız qoymadı:

– Sənin kimi ustası olanın parovozu elə səs verər...

Onlar gülüşüb oturdular. Bu zaman qapı vuruldu: Rza Qəhrəmani:

– Zalım oğlu gör nə vaxtında gəldi – deyib güldü.

Rizvan içəri girən kimi, ana ona yer göstərdi.

– Oğul, qaynanan səni çox istəyəcək.

Rza Qəhrəmani Rizvana baxdı:

– Aşna, qaynanan deyir, xanımın demir ha...

Rizvan hazırcavab oldu:

– Qaynanası bir istəyəni, xanımı min istər...

Ana stəkanları yuyub, yaxşı dəm almış tünd çayla doldurdu və hərəsinin qabağına bir stəkan qoydu. Sərxan Mazəndaranda kəndlilərlə ərbablar arasında baş vermiş ixtilaflardan danışdı.

– Kəndlinin nəyi var ərbablar çəkib aparır, kəndli də imanını verər, malını verməz. İki kənddə ərbabı döyüblər, birində mübaşiri öldürüblər.

Rza Qəhrəmani Rizvana işarə ilə:

– Bizim bəzi ağalar isə kəndlini adam yerinə qoymur, dedi, – bağa qınından çıxdı qınını bəyənmədi...

Rizvan ona baxdı:

– Əvvəla, xahiş edirəm su bulandırmayasınız, sözünüz kimədir, adını deyin. İkinci də, mən kəndlini lap böyük adam yerinə qoyuram. Ancaq deyirəm ki, kəndliyə arxayın olub, bu boyda dəstgahın altını qazmaq olmaz. Mən bunu deyirəm.

Rza Qəhrəmani:

– Elə səhvin yekəsini də burada eləyirsən, – dedi, – gör kişi sənə nə danışır, bu qədər zülmə baxmayıb, əmniyyənin şallağından qorxmayıb, kəndli ərbabın üzünə durur, sən buna nə deyirsən? Yoxsa bu, dediyin dəstgahın altına qazmaq deyil, ona paya purmaqdır? O da altını qazmaqdır, amma bilirsən necə qazmaqdır?.. Dırnağnan! Mən isə deyirəm ki, külüng lazımdır, bel lazımdır. Dinamit qoymaq lazımdır.

– Səni inandırıram ki, kəndlini unutsan, vaxtı gələndə bel tutanın, külüng vuranın olmayacaq.

Mübahisə uzandıqca onlar gah qızışır, gah soyuyurdular. Sərxan Rizvanın səhvini etiraf etmək istəməsə də, əvvəlkinə nisbətən xeyli yumşaldığını və başqa cür danışdığını hiss edirdi. Rza Qəhrəmani isə onu tamam tərksilah etməyincə əl çəkmək istəmirdi. Bu zaman Fridun gəldi. Fəridə qaçıb, onu qapıda qarşıladı. Sevindirmək həvəsilə:

– Fridun qardaş, – dedi, – arxayın ol, hamısını çıxartdıq, yerbəyer elədik...

Fridun:

– Sağ ol, Fəridə, – deyib onun əlini sıxdı. O biri yoldaşlarla görüşdü, anaya salam verib, halını soruşdu:

– Ana, yenə sandığın qəndini işlədirsən, hə... Kasa necədir?

– Canın sağ olsun, oğul, kaş sizin kimi qonaqlar gələ, mən də sandıqdan qənd çıxarım. Kasanı da görürsən, yaxşıdır, – deyib ləmədən kasanı götürdü və əlində o tərəf-bü tərəfə çevirə-çevirə tozunu sildi.

Rza Qəhrəmani və Rizvan Fridunu öz mübahisələrinə çəkdilər. Fridun oturduqdan sonra yavaşca əlini qoltuq cibinə saldı. Bir kitab çıxartdı:

– Sizi maraqlandıran məsələnin hər nöqtəsi burada yazılıb – dedi. – Əlimə yenicə keçib! Oxuyuram və heyran qalıram. Biz hələ nə qədər cahilik. Dünyada, çoxdan aydın olan məsələlər bizə qaranlıq görünür. Demə, bu fəhlə və kəndli məsələsinin uzun bir tarixi var imiş. Biz isə elə bilirdik ki, onu tarix səhnəsinə atan ağayı Rizvandır.

Rizvan qızardı, əlini uzadıb, kitabı götürmək istədi.

– Bu nə kitabdır?..

Fridun onun əlini saxladı:

– Tələsmə, deyəcəyəm, – dedi və onlara tərəf əyildi, səsinə xüsusi bir ahəng verərək, davam etdi:

– Mənim dostlarım, bu, Lenin yoldaşın “Kənd yoxsullarına” adlı kitabıdır. Oxuduqca elə bil ki, kitabın arasından bir günəş boylanır və qaranlıq görünən yollarımıza işıq salır. İndi mənə keçdiyimiz yollar qəribə görünür. Biz indiyə qədər bu çətin yollarda bir kor kimi hərəkət etmişik.

Hamısı diqqətlə gözünü Friduna dikib, qulaq asırdı. Sərxan, tüd çayın stəkanda soyuduğunu yadından çıxartmışdı. Rza Qəhrəmani Rizvanla azca əvvəlki qızğın mübahisəni unudaraq, ona söykənmişdi. O da sağ əlini Sərxanın çiyninə qoyub, Rza Qəhrəmaniyə qısılmışdı. Ana əli çənəsində təəccüblə Friduna baxırdı. Ayaq üstə durmuş Fəridə də gözlərini onlardan çəkmirdi. Fridun danışarkən içəri girib oturmuş doktorun oğlu da gözünü onun ağzına dikmişdi. Fridun, bir az da onlara tərəf əyildi:

– Dostlar, elə bil ki, böyük bir həqiqət öz qapılarını üzümə açmışdır...

O danışdığı zaman Kürd Əhməd gəlib yavaşca yanda oturmuşdu. Azca sonra Kərimxan Azadi ilə Xavər də gəlmişdilər...

Fridun kitabı açdı, vərəqləyib, bir səhifəsində durdu:

– Bilirsinizmi, son zamanlar mənim başıma belə bir fikir gəlir ki, biz gizli vərəqələr, kitabçalar və təşkilat işlərilə birlikdə yoldaşlarımızın fikir və tərbiyəsilə də məşğul olmalıyıq. Siyasi mübarizəyə qalxan adamların möhkəm nəzəriyyəsi də olmalıdır. Gəlin on gündə bir dəfə nəzəri məşğələ təşkil edək. Orada bu cür məsələlərdən danışaq. Ədəbiyyat da tapılar.

Hamısı bir ağızdan:

– Çox gözəl fikirdir! – deyə səsləndi.

Fridun oxuyarkən qızarıb tərləmiş və fikrə getmiş Rizvan, yoldaşların diqqətli baxışları altında yavaş-yavaş danışdı:

– Yoldaşlar, dərin bir səhvə yol verdiyim mənə indi aşkar oldu. Elə bil ki, gözlərimdən bir pərdə götürüldü. Kəndliyə etinasız baxmaqla, doğrudan da, mən böyük bir iştibah etmişəm:

Azca dayanıb, əlavə etdi:

– Yaxşı sözdür, biliksiz siyasi mübarizə etmək olmaz. Oxumalıyıq. Nəzəri bilik almaq özü belə istibdad əleyhinə mübarizə aparmaqdır.

Birinci məşğələ gününü təyin etdilər. Onu Fridun aparmalı və ictimai hərəkatda fəhlə və kəndlinin rolu və vəzifələri haqqında danışmalı idi. Bundan sonra ikinci kitab: necə yaymaq məsələsini danışdılar. Tehranda bu iş Kərimxana, Xavərə və Rza Qəhrəmaniyə həvalə olundu. Mazəndəranda Sərxana tapşırıldı. Kürdüstan məsələsinə gəldikdə, Kürd Əhməd dedi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İyirmi ikinci fəsil

1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.

28 dəq
İyirmi üçüncü fəsil

Ayaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?

34 dəq
İyirmi dördüncü fəsil

Ağır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”

24 dəq
İyirmi beşinci fəsil

Göhər Səriyyə xalanın əyninə göy qədəkdən bir xalat geyindirib, ikimərtəbəli evinin birinci mərtəbəsində mətbəxin yanındakı böyük eyvanda oturtdu və yunu, parçanı qabağına töküb, “burada işləyəcəksən” dedi. Səriyyə səhərlər ora gedir, axşamlar fabrikin həyətində işıqsız, torpaq döşəməli daxmada yatırdı. Göhərin uşaqdan xoşu gəlmədiyini hiss edərək, Niyazı yanınca aparmayıb, bütün günü fabrikin həyətində özbaşına buraxmağa məcbur olurdu. Göhərin ikinci gün ona verdiyi bir tüməni bərk-bərk yaxasında gizlədərək gündə iki qranlıq çörək alırdı. Çörəyi iki yerə bölüb, birini Niyaza verir, o birini də cındır parçasına büküb küncə qoyurdu.– Bala, bunu indi ye, bunu da günorta yeyərsən, – deyib üzündən öpərək işə gedirdi. Şama da qayıdanda özü ilə Göhərin verdiyi süfrə dibini gətirirdi. Uşaq çörəyi qoltuğuna sıxıb, parça-parça ağzına doldurur və acgözlüklə yeyir, daha aclıqdan şikayət etmirdi. Amma onun rəngi üstünə gəlmir və üz-gözü saralıb solurdu. Səriyyə xala onu birtəhər əvvəlki halına qaytarmaq üçün öz tikəsini də kəsib ona yedirdirdi. Axşam qayıtdıqda bütün günü həyətdə başsız qalmış uşağını üst-başı palçıqlı və çirkli tapırdı. Qadınlar onun zığ içində oynadığını, barama qazanlarını əlləşdirdiyini, bəzən də həyətin ortasında yerə sərilib ağladığını deyirdilər. Lakin Səriyyənin onu yenə də tək buraxmaqdan başqa çarəsi yox idi. Çünki birinci gün özü ilə apardıqda uşaq aynabəndin şüşəsini qurdalamağa başlamışdı. Göhər, “Xala, gözlə sındırar ha” demiş və əlavə etmişdi:

27 dəq

Başqa şairlərin şeirləri