On ikinci fəsil
Səhifə 3 / 5 · 40%
– Bizim əziz dostumuz özünü necə hiss edir?
Səfir gülümsədi:
– O... o... o... təşəkkür edirəm! Əlahəzrətin himayəsi olan yerdə heç bir amerikalı özünü pis hiss etməz.
– Amerikalılara bizim xüsusi hüsn-roğbət və məhəbbətimiz vardır. Buna əmin ola bilərsiniz.
Səfir nəzakət üçün söylənən gəlişigözəl sözlərə vaxt sərf etməyi boşboğazlıq hesab edərək, birbaş mətləbə keçdi:
(DEL)
– Ona əmin olduğumuz üçün də siyasətin dar yollara düşdüyü bir zəmanda sizə ən yaxın bir ittifaq təklif edirik. Biz hər şeyin məqsədimiz yolunda istifadə olunmasını istəyirik. Xüsusilə hazırda İranın zəngin sərvətlərinin yer altında çürüyüb qalmasına razı ola bilmərik. Halbuki bu sərvətlər ümumi işimizin faydasına işlənilə bilər. Mən şimal neftini nəzərdə tuturam.
Rza xan fikrə getdi:
– Lakin...
Mister Harold onun sözünü kəsdi:
– Nə demək istədiyinizi bilirik. Əlahəzrət 1921-ci il Rus-İran müqaviləsinin bu işə maneçilik törədəcəyini nəzərdə tutur. Lakin indiki zamanda həmin müqavilənamənin son dərəcə məşrut bir şey olduğunu demək artıqdır. Zamanın hökmü və şəraiti rəsmən ləğv edib, heçə endirdiyi də məlumdur.
Rza xan ayağa durdu. Vəzirlər də, qonaqlar da qalxdılar. O digər stolun üstündə olan böyük bir xəritəni açdı. Nifrətdən titrəyən barmaqlarını Xəzərdən başlamış Şimal okeanına, Uzaq Şərqdən Qara dənizə qədər uzanan Sovet torpaqları üstündə gəzdirib, sonra İranı göstərdi:
– Bu qədər böyük bir dövlətə qarşı, İran kimi balaca bir məmləkət, dediyiniz kimi rəftar edə bilməz!..
Bu sözləri deyib, onların üzünə baxdı. Təbii ki, səfir onu anlayırdı. O, Rza xanın nə üçün belə etdiyini bilirdi. O, belə bir hərəkəti əvvəlcədən gözləyirdi. Rza xanın bircə sözdən sonra buna razılıq verəcəyi də ona məlum idi. O hələ əlini Sovetlər torpağının üstünə qoymuş Rza xana:
– Amerika sizə hər cür köməyi vəd edir – dedi. – Onu da əlahəzrətə bildirməliyəm ki, departament Irandan bir milyon dollarlıq və təklif etdiyiniz qiymətə kişmiş, dəri, yun və tütün almağa icazə vermişdir.
O, kiçik bir pauzadan sonra Rza xanın üzünə baxdı. Oradakı qaranlıq cizgilər, çuxur qarışıqlar arasında bir razılıq əlaməti görərək, davam etdi.
– Bundan əlavə, Amerika sizə yüngül şərtlərlə borc verməyə də hazırdır. 21-ci il İran-Sovet müqaviləsinə gəlincə...
O, nə isə müvafiq söz axtarmağa başladı. Rza xan onun fikrini tamamladı:
– Əlbəttə, arada hüsniyyət olsa, yol tapmaq asandır.
Mister Harold gülümsədi:
– Mən də elə düşünürəm, əlahəzrət. Biz şimal məntəqələrindəki kəşfiyyat işlərinə elmi-tədqiqat əməliyyatı kimi başlayırıq. Heç bir dövlətin buna etiraz etməyə əsası ola bilməz.
– Əlbəttə, o, işin ikinci cəhətidir. Arada hüsniyyət lazımdır.
– Şimal məntəqələrində qazılacaq hər bir amerikan quyusu, qurulacaq hər bir amerikan buruğu sizi xarici təarrüzlərdən qoruyacaqdır, bizim siyasi-iqtisadi əlaqələrimizin daha da genişlənməsinə səbəb olacaqdır.
Rza xan yenə üzünü vəzirlərə tutdu:
– Cənub səfirin nümayəndələri ilə müahidənin əsaslarını hazırlayın!
Vəzirlər “bəçeşm” deyib, baş əydilər...
Fridunu Şimranda, yenə həmin bağda Şəmsiyyə özü qarşıladı. Bu dəfə bağda heç kəs yox idi. Hətta xidmətçilər belə gözə dəymirdi. Sanki Şəmsiyyə qəsdən onların hərəsini bir tərəfə qovmuş və bu xəlvəti yaratmışdı. Əvvəlcə bu sakitlik Friduna xoş gəlmədi. O, Şəmsiyyənin məqsədini fikrən müəyyən etməyə çalışdı. Lakin heç bir qərara gələ bilmədi. Şəmsiyyə isə sərbəst bir hərəkətlə onun qoluna girib, yavaş-yavaş saraya doğru apardı. Qız gözlərini oynadaraq:
– Siz yəqin nə üçün çağırıldığımızı düşünürsünüz, elemi? Arzu etsəniz səbəbini deyə bilərəm.
– Rica edirəm. Nə qədər tez desəniz, o qədər tez məni nigarançılıqdan qurtarmış olarsınız.
Qız daha artıq bir naz ilə:
– Deyəsən, mehrabın qapıları üzünüzə açılır. Razısınızmı? – deyə gülümsədi və maraq dolu gözlərini Fridunun üzünə dikib durdu. O sanki Fridunun qəlbinə enmək, öz gözəlliyinin orada oyatdığı hissiyyatla tanış olmaq istəyirdi. Fridun onun baxışları, siması və bütün hərəkətləri ilə xoşa gəlmək istədiyini görüb:
– Xanım, sizə üç nəfərin məhəbbəti kifayət deyilmi, – dedi, – dördüncü bir ürəyə od salmağın nə mənası var?
Şəmsiyyə qaşlarını dartıb, ona baxdı. Nə isə demək istədi. Lakin evə çatdıqları üçün danışmadı. Onlar mərmər pillələrlə yuxarı qalxdılar. Fridun ziyafət zamanı, zahirən üçbucağa oxşayan bu birmərtəbəli evi görmüş, lakin içərisinə daxil olmamışdı. Qapıdan girən kimi böyük bir dəhliz və oradan qabağa, sağa, həm də sola açılan birər qapı nəzəri cəlb edirdi. Sola və sağa açılan qapıların yanında ləmə kimi divara qazılmış dördkünclü işləmələr vardı. Oraya qoz ağacından qayırılmış paltarasanlar qoyulmuşdu. Şəmsiyyə orta qapını açaraq, Fridunu kiçik bir salona dəvət etdi. Salonun qarşı-qarşıya olan hər iki pəncərəsində ipək pərdələr asılmış, yerə bütün salon boyu bir Kirman xalısı döşənmişdi. Xalı, xüsusi olaraq bu salon üçün toxunmuş kimi, onu bir divardan o biri divara qədər örtmüşdü. Xalının üstündə simmetrik düzülmüş altı yumşaq kreslo vardı. Kresloların qabağında qoz ağacından qayrılmış hamar və şəffaf çay stolları qoyulmuşdu. Salonun başında pianino dururdu, onun üstündə, divarda əlində gül, yarıçılpaq bir qadın təsviri asılmışdı. Şəmsiyyə qırmızı ipək paltarının ətəklərini geri ataraq, kreslolardan birisinə oturdu və Friduna da yanındakı kresloda yer göstərdi. Fridun ürəyində anlamadığı bir sıxıntı və intizar duyaraq oturdu. Şəmsiyyə yarımçıq buraxılmış söhbəti davam etdirdi:
– Bir nəfəri nə qədər sevsən və nə qədər sevilsən də, yenə hər kəsə xoş gəlmək istəyirsən. İstəyirsən hər kəsin diqqəti səndə olsun. Sənin gözəlliyinə baxıb, heyran qalsın. Bunun əksini iddia edən bir qadına inanma, Fridun!..
– Bununla belə, mən sizin sözlərinizə inanmıram, heç bir qız, az da olsa məhəbbət bəslədiyi bir oğlanla bu cür danışa bilməz. Bu cür danışıqlar ancaq mənimlə sizin kimi bir dost, yaxşı bir yoldaş arasında ola bilər. İki sevgili arasında ola bilməz.
– Bəs sevənlər necə danışarlar?
– Bilmirəm, xanım, hələ ki, təcrübədən keçirməmişəm. Lakin o qədər zəngin olmayan müşahidələrimə əsasən deyə bilərəm ki, həqiqi sevənlərin dillərindən artıq qəlbləri, gözləri, baxışları və simaları danışar. Onlar məhəbbətin iztirablarını sözlə ifadə edə bilməzlər.
Şəmsiyyə onun sözünü kəsdi:
– Bir-birini gördükdə susur, gözaltı baxışır, ah çəkir, təklikdə ağlayır, xəyala dalırlar, hə?
– Təqribən gərək elə olsun...
– Əsl məhəbbət də budur, eləmi?
– Hər halda məhəbbətin nişanələri var. Burada qəlbin iştirakı görünür.
– O zaman sizi təbrik etməliyəm. Şəhərimizin gözəl xanımlarından birisi sizi, təsvir etdiyiniz məhəbbətlə sevir.
Fridun təəccüb və sual dolu gözlərilə onun üzünə baxdı.
– Bəli, bəli... heç təəccüb etməyin. Amma kim olduğunu da soruşmayın. Deməyəcəyəm. Qoy məhəbbət gizlində qalıb, bir az da odlansın. Sonra özünüz görərsiniz.
– O qədər də maraqlanmıram!
– Yox, maraqlanırsınız! Bir şey boyun olun, deyim. Yoxsa, deməyəcəyəm... Hə, nə boyun olursunuz?
– Kasıb bir tələbə sizin kimi xanıma nə boyun ola bilər? Canım var, o da sizə qurban.
– Yox, canınız sağ olsun, min yaşayın. Vəd edin ki, dostluğumuz əbədi olaraq qalacaqdır, nə olsa, nə hadisə baş versə, yenə mən istədiyim zaman sizi görəcəyəm. Başqa şey istəmirəm. Vəd edirsinizmi?
– Bu vədi mən sizdən istəməliyəm, xanım! Çünki kasıbların dostluğu möhkəm olur, etibarlı olur.
– Çox yaxşı, onda qoy deyim. Könüllər sultanlığına layiq gördüyünüz xanım... – Sözünün dalını deməyib üz-gözünü süzdürdü. Sonra isə, – Bir könüldən min könülə – deyib əlavə etdi.
Fridun dərhal xanım Südabəni xatırladı. Təəccüblə:
– Kimə? – deyə soruşdu.
– Kimə olacaq. Mənə. Bəli, bəli, mənə vurulubdur. Qəhqəhə çəkib güldü və sonra ciddi hal aldı.
– Yazıq qız, doğrudan da, qəribə hallar keçirir. Hər gün buraya gəlir. Qapıda səs olan kimi gözlərini dikib durur. Nəhayət, davam gətirə bilməyib, söhbəti açdı. “Müəlliminiz heç görünmür?” – deyə soruşdu. “Oh, onu görmək çətindir. Çox ciddi oğlandır, başı işə, elmə qarışıbdır, – dedim. – Yoxsa xoşunuza gəlib?.. Yaxşı oğlandır, nəcib, nəzakətli, sadə... – Yaxşı, sizi görüşdürərəm” – dedim. Elə ona görə də bu gün cənabınıza zəhmət vermişəm.
Fridun Şəmsiyyənin bir oyun, bir əyləncə düzəltdiyini güman etdi. Mənliyinə toxunduğunu güman edərək, onu bu oyundan döndərməyi qərara aldı:
– Nə etməli, olsun, – dedi. – Siz məni bir tamaşada oyunçu etmək istəyirsiniz. Mən də oynaram. Elə bu gün xanım Südabəyə tamaşa düzəltdiyinizi açıb deyərəm.
Kitabxana.az · https://kitabxana.az/works/mirze-ibrahimov-gelecek-gun-on-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sərtib Səlimi uzun divarının biri tamamilə pəncərələrdən ibarət olan balaca salonda oturub, “İttilaat”ın son nömrəsini oxuyurdu. Qəzet Moskva danışıqları ətrafında London və Paris mətbuatından alınmış yazılarla dolu idi. Bu yazılarda ingilis və Fransa dövləti nümayəndələrinin tərkibindən, danışıqlardan, gözlənilən nəticələrdən və sairədən danışılırdı. Bütün mühakimələrin əsasında Polşa məsələsi qoyulmuşdu. Guya ingilis və fransız dövlətləri Polşanın istiqlaliyyətini, Polşa dövlətinin mənafeyini qorumaq istəyirlər. Dünyada ən çox müstəmləkəsi olan, yüz milyonlarla insanları zülm altında saxlayan, adam alverinə yol verən bir dövlətin Polşanın “dövlət azadlığından”, “milli istiqlaliyyətdən” danışmasının mənasını sərtib yaxşı başa düşürdü. Bu gəlişigözəl sözlərdə o nə isə bir təhqir görürdü. Sanki bütün bu mühakimələr qəlbinin ən əziz hisslərini alçaldırdı. “İttilaat”ı qəzet və məcmuələr üçün salonun küncünə qoyulmuş dairəvi stolun üstünə atıb, ayağa durdu və pəncərə qabağına keçib, balkona çıxdı. Həyətə baxdı... O bu gün həmişəkindən daha dalğın və qüssəli idi. Təbriz hadisələrindən sonra hiss edirdi ki, vəzarəti kişvərdə işləməyi mümkün olmayacaq. Komisyon üzvləri əvvəlcə öz aralarında məsləhətləşib, Həmidinin hərəkətlərinin həqiqi səbəblərini yazmağı qərarlaşdırmışdılar. Doğrudan da, ərəb və maliklərin qanunsuz hərəkətləri həddini aşmışdı. Azərbaycanın iqtisadi həyatı ölmüşdü. Şəhərlər işsizlər və aclarla dolu idi. Xalqın yaşayışı dözülməz bir hala düşmüşdü. Həmidinin də istədiyi bu yolda bir tədbir görmək idi. Nəticələri yazmağa başlamışdı. Elə bu zaman, sərhəngin təklifi ilə vəzir Təbriz komisyonunun bütün üzvlərini yanına çağırıb qulaq asmış və:– Qorxuram əlahəzrət elə düşünə ki, heyətin içində Həmidinin həmfikirləri var, – demişdi. – Gedin bir də yaxşı düşünün, əlahəzrət ərbabları və malikləri ki, kəndlinin ayağına ata bilməz.
Səkkizinci fəsil– Anacan, bir çit idi, bir çit idi, rənginə baxanda adamın ağlı gedirdi. Xırda narıncı gülləri vardı. Az qalmışdı, pulların hamısını verib, özümə paltarlıq alam – deyə bazardan yenicə qayıtmış Fəridə qoltuğuna vurduğu cəhrəni və darağı yerə qoydu. Kağıza büküb, yaxasında gizlətdiyi milləri çıxartdı.Ana kiçik gözlərini qıydı:
Doqquzuncu fəsilFridun hər gün iki saat İran ədəbiyyatından və ümumi tarixdən Şəmsiyyəyə dərs deyirdi. Qız onu şəhərdə, öz xüsusi evində qəbul edir, salonda oturaraq, Sədi və Firdovsinin hekayət və dastanlarına, yaxud Hafizin qəzəllərinə qulaq asırdı. Fridun ədəbi əsərləri böyük bir həvəslə təhlil edirdi. Şeirləri şirin bir ahənglə oxuyarkən, sanki özünü unudurdu. Oturub, mat-mat ona baxan qız, təbiətinə məxsus bir sadəliklə:– Bir qəzəl də oxuyun, – deyirdi.
Onuncu fəsilRza Qəhrəmani depoda nahar zamanı çörək almaq üçün küçəyə qaçdı. Qayıtdıqda rəisi depo işçiləri arasında gördü. Nə isə fövqəladə bir hadisə baş vermişdi. Çünki rəis adi hallarda bu vaxt fəhlələrin içinə gəlməzdi və ümumən, depoda az görünərdi. Fəhlələr onu əhatə edərək, diqqətlə dinləyirdi. Rza yaxınlaşıb, yavaşca kütləyə qarışdı və qulaq asdı. Rəis çox aramla danışırdı:– Bolşeviklər dünyanı xaraba qoymaq istəyirlər. Öz yerləri özlərinə bəs eləmir, gözlərini dikiblər Lehistana, Belçikaya, İrana. İstəyirlər gəlib bizim torpaqları da tutsunlar. İndi ingilis və firənglə pozuluşmaqlarının da səbəbi budur.
Başqa şairlərin şeirləri
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
Baharın sorağında...Yamanca tələsir günlərim mənim,Mənsə yoxuşları çətin qalxıram.
Şuri-eşqin başıma axırı sövda gətirirŞuri-eşqin başıma axırı sövda gətirir,Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir.
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi