Səhifə 4 / 5 · 60%

Kürd Əhməd mövcud adət üzrə azca qalxıb oturdu:

¹ Fakültə

– Buyurun, qulluğunuzda hazıram.

Sərtib məmləkətdə yaranmaqda olan pis vəziyyətdən danışdı. Kəndlinin halının ağır olduğunu ərbabla kəndli arasındakı ixtilafların qurtarmaq bilmədiyini söylədi:

– İslahatlara ehtiyac var, fikirlərimi əlahəzrətə yazacağam. Vətən əldən gedir. Azərbaycan və Kürdüstanın vəziyyəti və bazarın şəraiti sizə məndən yaxşı məlumdur. Bəzi məsələləri aydınlaşdırmaq üçün yanınıza gəldim.

Kürd Əhməd öz məramını bildirmədən sərtibə qulaq asdı. Bildiyi məlumatı ona verdi. Sərtib gedərkən:

– Elə bil ki, biraylıq ruhi istirahət etdim, – deyib onun əlini sıxdı...


Fridun və Rza Qəhrəmani yorulmadan vərəqənin surətini çıxarırdılar. Fridun hərfləri xüsusi aydınlıqla yazırdı. Ona elə gəlirdi ki, cəmiyyətin yeni həyat və əxlaq qanunlarını yazmaqdadır. Rza Qəhrəmani də eyni ilhamla işləyirdi. Hərəsi otuza qədər yazmışdı. Artıq hər ikisi bütün vərəqənin məzmununu əzbərdən bilirdi. Nəhayət, gecə saat üçdə yüz nüsxə hazır olduqda, belələrini dikəldib oturdular. Termosdan adama bir stəkan çay töküb, qabaqlarına qoydular. Ürəklərindən olan zəhmət onları yormamış, əksinə, daha artıq ruh yüksəkliyinə səbəb olmuşdu. Odur ki, heç birinin yuxusu gəlmirdi. Qabaq-qabağa oturub, söhbət edirdilər. Fridun Azərbaycandan, kənddən, Musa kişi və Gülnazdan danışdı... Köksünü ötürüb:

– Ah, biləsən, necə gözəl və təmizürəkli bir qızdır! – dedi, – yaşayışları isə ağırdır.

Rza Qəhrəmani ona təsəlli verirdi:

– Eybi yoxdur, əzizim, səbr elə. Onlar bir işığa çıxarlar. Dövran həmişə belə getməyəcək ki...

Fridun fikrini dağıtmaq üçünmü, yoxsa maraqdanmı:

– Rza, – dedi, – bir az sən öz həyatından danış, de görək Mazəndəran necədir?..

– Hər yerdə həyat birdir, – deyib sözə başlayan Rza, sakit-sakit, bütün uşaqlıq xatirələri ilə həyatını nağıl etdi:

O, iyirmi altı illik ömrünün iyirmi ilini zəhmətdə keçirmişdi. Hələ altı yaşında ikən xırda alverçi olan atası onun qolundan tutaraq, dükanına aparmış və özünə şagird etmişdi. O, atası ilə birlikdə səhər alaqaranlıqdan dükana gedər, axşam gün batandan sonra evə qayıdardı, atası ona xırda tapşırıqlar verərdi:

– Rza, oğlum, qaç məşədi Abbasa de, müştəriyə bir stəkan çay gətirsin...

– Durma, ağanın kisəsinə kömür doldur.

Səhərdən axşama qədər balaca dükanda Rzaya iş tapılar, oturmağa vaxt olmazdı. Buna görə də evə çatan kimi anası şamını verər və yatırardı. Başını yastığa qoyduğu ilə daş kimi yatdığı bir olardı. Çox zaman yuxuda da atasının əmrlərini eşidər, o tərəf-bu tərəfə qaçardı. Buna baxmayaraq, o da, ailədə xoşbəxt idi. Çünki özlərinin görməyə bir işi, yeməyə bir tikə çörəkləri vardı. Lakin bazarın dönük üzü və amansız qanunları tezliklə onların bu balaca səadətini məhv etdi. Rzanın atası qazanc həvəsilə, orta bir tacirin hiyləsinə aldanıb, xətalı bir parça alverinə əl atdı və iki ayın içində iflas edib var-yoxdan çıxdı. Dükanı bağlamalı oldu. O gündən kişinin işi bir daha düzəlmədi. Yavaş-yavaş ev şeylərini satmağa başladılar. Lakin heç şey onların əvvəlki vəziyyətlərini qaytarmadı. Atası onun əlindən tutub apardı. Bazarda iki yüz minnətdən sonra bir dəmirçiyə şagird verdi. Dəmirçi dükanında Rza bütün günü bilaaram gah körük basar, gah dəmir döyərdi. Aldığı da gündə iki qran idi.

Fikir-xəyaldan naxoşlayıb yatağa düşmüş atası ona bircə söz deyərdi:

– Hər şeyə döz, oğlum, – bir sənət öyrən, əlindən bir iş gəlməsə, bu məmləkətdə baş saxlamaq çətindir.

Rza iki il dəmirçi şagirdi oldu. On iki yaşı tamam olar-olmaz atası vəfat etdi. Evlərində də bir yırtıq kilim, bir də mitil yorğan qoyub getdi. Dəmirçi onun halına acıyıb və səyini qiymətləndirərək, maaşını bir qran artırdı. Bu üç qran onu və anasını ancaq acından ölməkdən saxlayırdı. Lakin onlar dözürdülər. Çünki bundan daha dəhşətli bir həyat ağzını açıb minlərlə onlar kimisini udmuşdu. Orada nəinki üç qran, heç üç şahı da tapmaq mümkün deyildi, işsizlik, hər yanda amansız işsizlik hökm sürürdü. Buna görə də on səkkiz yaşına qədər o, dəmirçiyə nəinki şagird, hətta bir nökər kimi qulluq etdi. Heç bir zəhmətdən və ağır işdən boyun qaçırtmadı, lakin atasının da vəsiyyətini yadından çıxartmayıb, dəmirçidən bildiyini öyrəndi, bacarıqlı bir sənətkar oldu. On səkkiz yaşı tamam olanda dəmirçi onu çağırıb:

– Oğul, – dedi, – daha sən böyük kişisən, özünün də yaxşı əlin var, ya get bir dükan aç, ya da başqa bir iş tap. Çünki səni üç qrana işlətməyə insafım yol vermir, artığa da gücüm çatmaz, şagirdliyə özümə bir uşaq taparam, həm o bir tikə çörək yeyər, həm də mənim işim aşar. Sənə də bildiyimi əsirgəməmişəm, yaxşı deyərsən, Allah atana rəhmət eləsin, pis deyərsən, yenə Allah atana rəhmət eləsin.

Rza ustaya təşəkkür etdi:

– Sağ ol, usta, mənə atalıq etmisən, səndən heç bir pislik görməmişəm. Qiyamətə qədər yaxşılığını unutmaram.

Bir ay o yana-bu yana vurnuxduqdan sonra illərin ərzində anasının qəpik-qəpik boğazlarından kəsərək “qara gün üçün” yığdığı iyirmi tüməni rüşvət verib, dəmiryol stansiyası deposunda adi fəhlə kimi işə qəbul edildi. Burada gecə-gündüz səy göstərdi, tezliklə usta müavini oldu. Nəhayət, ən gözəl bir təmir ustası kimi tanındı. Böyük, kiçik bütün dəmiryol işçiləri ondan razı idilər. Xoşəxlaq, ünsiyyət sevən, zəhmətə dözən olduğundan heç kəs ondan pis bir söz danışmazdı. Həyat vəziyyətinin düzəlhadüzəl zamanında anası mədə yarasından vəfat etdi. O, tək qaldı, soyuq və kimsəsiz evə gəldikdə ürəyi sıxılmağa başladı. Buna görə də sutkanın 16-18 saatını depoda keçirir, tamam əldən düşənə qədər işləyirdi. Bir gün onu stansiya rəisinin yanına çağırdılar. Rəis onu uzunboylu, təqribən səkkiz pud ağırlığında dolğun vücudlu və çeşməkli bir ağaya təqdim etdi və sonra üzünü ona tutdu:

– Ağa Tehrandan gəliblər, sənin yaxşı usta olduğunu eşidib, Tehran istigahına keçirtmək istəyirlər. Nə deyirsən?

Bu fikir ona qəribə və maraqlı göründü:

– Məsləhət sizindir, – dedi.

Bu cavabdan xoşlanmış rəis və Tehran nümayəndəsi bir-birinə baxıb gülümsədilər. Bir ay sonra o, Tehran dəmiryol stansiyası deposunda təmir ustası vəzifəsində işləməyə başladı. Əvvəllər Tehranda yad bir mühitdə darıxacağından, tək və tənha bir həyat içində boğulacağından qorxurdu. Lakin işə başladıqdan sonra dostlar, yoldaşlar tapdı. Onun həyatı Friduna öz həyatını xatırlatdı. Sanki onları eyni fırtına, eyni kökdən qopararaq, dağlara-daşlara salmışdı. “Ana” yadına düşdü, hər yerdə fəhlənin həyatı birdir! Nə böyük həqiqət!..

– Rza, bizim hamımızı məhv edən mühit eyni deyilmi? Hindistan yoxsulunun da, Çindəkinin də, Firəngistandakının da, hamımızın həyatımız birdir, düşmənimiz birdir. Fikir eləyəndə görürsən ki, bu çox sadə bir həqiqətdir. Amma zahirdə, elə bil ki, Hindistanda bir cür yaşayırlar, bizdə bir cür, Firəngistanda başqa cür... Kökünə baxanda görürsən ki, hər yerdə zəhmətkeşin həyatına eyni zəhəri qatırlar. Hər yerdə onun yaşayışı bir-birinin eynidir. Ona görə də gərək o birləşsin. Nə dinə baxsın, nə millətə. Sərtib mənim nə üçün xoşuma gəlir? Çünki onun nəzərində azərbaycanlı da, fars da, kürd də qardaşdır. Əməkçiləri bir-birindən ayıran böyük bir səddi o fikrində uçurmuşdur. Siz də mənim xoşuma gəlirsiniz. Kürd Əhməd kürddür, sən farssan, indi mən də gəldim. Biz bir qardaş deyilikmi?

– Hələ hardasan, doktorgili görəndə, deyəcəksən ki, bu əsil beynəlmiləldir.

– Yox, müqəddəs bir birlikdir! – deyib Fridun, Rza Qəhrəmanini qucaqladı.

Fridun Laləzarın İstambuli ilə birləşdiyi tində durub fikirləşirdi: evəmi getsin, yoxsa Sərxangilə gedib, Fəridənin öhdəsinə götürdüyü vərəqələri necə yaydığını öyrənsin. Başına gələn üçüncü fikir də sərtibin yanına getmək oldu. Axı o, sərtibə iki gün sonra gələcəyinə söz vermişdi. Getdikcə Süheylilərin onu daha dərin işlərə çəkmək fikrində olduqlarını da xatırladı. Kiçik qardaşla tütün tədarükü üçün Azərbaycana və Kürdüstana getmək təklifləri yadına düşdü. Yox, oradan qaçmaq, başqa bir iş tapmaq lazım idi. Bu məsələdə ona sərtibin köməyi dəyə bilərdi. Bu fikirlə faytona oturub, sərtibgilə getdi. Üstündə “Şiri Xurşid” nişanı olan qapını nökər açdı. Fridunu həyətə buraxıb, sərtibə xəbər verməyə getdi. Sərtibin uzunu beş yüz, eni üç yüz metr olan bir həyəti vardı. Həyətdə hündür çinar ağacları əkilmişdi. Ortalıqda, çarhovuzun yanında balaca bir güllük qızarırdı. Həyət qapısından ikimərtəbəlit evə gedən kərpic döşəməli yolun üstünü üzüm talvarı örtmüş, salxım-salxım üzümlər üzüaşağı sallanırdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

On yeddinci fəsil

Sərtibin otağında intizar dolu bir sükut vardı. Hafiz Biluri və Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər. Onların qabağındakı açıq nərdin ağ və qırmızı daşları bir-birinə qarışmışdı. Fikirlərini yenə başqa məsələlər məşğul etdiyindən oyun yarımçıq qalmışdı. Nərdin yanına qoyulmuş stəkanlardakı çay soyumuş, vazalardakı meyvə, şirniyyat əl dəyilməmiş qalmışdı. Yavər Əzimi tez-tez saatına baxır, səbirsizlik göstərirdi. Hafiz Biluri isə gözlərini qeyri-müəyyən bir nöqtəyə dikdiyi halda, nərdin bir daşını götürüb o birisini qoyur, zahiri təmkinini pozmamağa çalışırdı. Hər ikisi, Səliminin həyatında bir dönüş günü gəlib çatdığını müəyyən etməyə çalışırdı. Səlimi evdən çıxıb, saraya getməmiş onlar bu görüşə sevinirdilər. Məmləkətin siyasətində əsaslı bir dönüş yaradacağına inanmasalar da, Səlimi öz haqqındakı pis fikirləri məhv edəcəyinə, yenə əvvəlki mövqeyini özünə qaytaracağına şübhə etmirdilər. Lakin Səlimi onlarla xudahafizləşib, həyət qapısını örtdükdən sonra ürəklərinə ağır bir şübhə, qondu. Hafiz Biluri nərdin daşlarını qarışdırıb Yavər Əzimiyə baxdı:– Görəsən, sərtib bu gedişlə islaholunmaz bir iştibah etmir ki? Nə isə ürəyim rahat olmur.

20 dəq
On səkkizinci fəsil

Mister Harold diqqətlə dünya hadisələrinin gedişini izləyirdi. Artıq Hitlet Avropanın bir çox ölkələrini işğal etmiş, Fransa üzərinə hücuma keçərək, Parisə yaxınlaşmaqda idi. Xəbəri hər gün bu yerdən gələn Fransa dövləti Parisi açıq şəhər elan etmişdi. Hələ susmaqda olan Amerika milyonerləri öz sənayesini sürətlə genişlənən dünya müharibəsinin tələblərinə görə qurur, həm hücum edən, həm də hücuma məruz qalan dövlətlərlə əlaqələrini kəsmirdilər. Hər tərəfi bürüməkdə olan müharibə alovu mister Haroldun gözlərinə işıq, ürəyinə sevinc gətirirdi. Sanki bu, bütün ölkələrin üfüqlərində qızaran bir ölüm və fəlakət rəmzi deyil, ilıq bir günəş işığı idi. O, Amerikanın bütün dünyanı öz təsiri altına almaq üçün okeanlardan uzanıb gələn yolunu işıqlandırırdı. Mister Harold işgüzar bir amerikan olaraq, müharibənin Amerika bankları, Amerika sahibkarları üçün böyük gəlirlər vəd etdiyini bilirdi. O, sözdə xeyirxahlıqdan, sülhün xeyrindən danışsa da, əslində müharibənin genişlənməsindən bir sevinc duyurdu. Müharibə, dünya qızılının böyük bir hissəsini yenə Uld-Stritə verəcəkdi, bir çox məmləkətlərin iqtisadi damarlarını onun ağzına keçirəcəkdi. Əvəzində isə vuruşub əldən düşmüş ölkələrin yarasını bağlamaq üçün Amerika tənzif və pambıq göndərəcək, qarnını doydurmaq üçün ət və badımcan dolu konserv qutuları ixrac edəcəkdi.Köhnə güclü dövlətlər zəifləyib kənara çəkiləcək və dünya bazarında öz mövqeyini tamamən Amerikaya verəcəkdi. O zaman dostu mister Tomas da İranda onunla rəqabət aparan bir adam olmayacaq, onun əlaltısına çevriləcəkdi. Onun bu xəyallarını dumanlandıran, müharibə alovu ilə işıqlanmış Amerika ağalığı yoluna kölgə salan bircə amil var idi ki, bu da mister Harolda rahatlıq vermirdi. Bu amil də, Sovetlər ölkəsinin varlığı idi. Mister Harold bütün varlığı ilə hiss edirdi ki, Sovetlər ölkəsi gələcəkdə qərbdə duracaq inadlı və rəddedilməz bir maneədir. Buna görə də mister Harold İranda öz fəaliyyətinə böyük məna verirdi, o bu maneənin lap böyrünü eşir, lap ayağının altında hər dəqiqə partlayacaq bombalar basdırırdı. Əvvəllər mister Harold, İranda xalq arasında Sovetlərə olan açıq məhəbbətə fikir verməmişdi. Bu ona əməli qüvvədən məhrum bir şey kimi görünmüşdü. Ölkənin siyasi və iqtisadi həyatını idarə edən Hikmət İsfahani, Həkimülmülk, Səfai və Rza şah kimi adamlar onun əlində ikən, real qüvvədən məhrum olan bu məhəbbət hissi nə edə bilərdi? Lakin vərəqələr və kitabçalar çıxdıqdan sonra Harold, gündəlik həyati müşahilərində bu məhəbbətin heç də platonik bir xasiyyət daşımadığını, öz daxilində çox təhlükəli bir qüvvəni gizlətdiyini gördü və səbri tükəndi. Rza şahın bütün təzyiqinə, sərhəng Səfainin səylərinə baxmayaraq, vərəqə və kitabçaları buraxan adamlar xalqın içində itmiş və tapılmırdı. Onların kimliyi haqqında getdikcə artan şayiələr isə məsələni ancaq dolaşıq salırdı.

19 dəq
On doqquzuncu fəsil

Təpələrin üstünə və tamamilə çılpaqlaşmış ağacların budaqlarını quşbaşı qar örtmüşdü. Haradansa əsib gələn yüngül bir sazaq insanın iliyinə işləyirdi. Yol qıraqlarındakı sular və gölməçələr buz bağlamış, Savalanın başı əbədi duman içində itmişdi. Səriyyə və Gülnaz soyuğu duymadan yavaş-yavaş balaca bir cığırla gedirdilər. Gülnazın dalında iki yorğan və bir boğça vardı. Çiyninin üstündən yorğana bükülmüş balaca Almazın gözləri işıldayırdı. Mürgüləyən Niyazı da Səriyyə xala dalına almışdı. Sol əli ilə Ayazın əlindən tutmuş, içində yemək şeyləri olan balaca xurcunu da sağ qolunun üstünə atmışdı. Onlar ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. Ürəklərində daş kimi yatıb qalmış bir dərd, nəhayətsiz bir qüssə və kimsəsizlik hissi vardı. Bu hiss getdikcə bir vahiməyə, ağır-ağır bütün varlıqlarını gəmirən bir qorxuya çevrilirdi. Hara gedirlər? Nə üçün gedirdilər? Sabah onları gözləyən nə idi! Nəyə rast gələcəkdilər? Taleyin nəsibi, fələyin gərdişi onları hara çəkib aparırdı?.. Bu ürək dağıdan şübhələrə, tərəddüdlərə baxmayaraq, onlar gedirdilər. Bəzən bu təpəni aşdıqdan, bu kəndi keçdikdən sonra Musa kişiyə rast gələcəklərini, əzab və işgəncələrin qurtaracağını güman edirdilər. Bu ümid onları səbrlə hər şeyə dözməyə və durmadan irəliləməyə məcbur edirdi. Lakin bir təpəni aşdıqdan sonra saysız-hesabsız digər təpələr qabağı kəsir, bir kəndi keçdikdən sonra, eyni laqeydliklə qış yuxusuna dalan başqa kənd qarşıya çıxırdı. Bu kəndlərdə rast gələn adamlar soyuq nəzərlərlə onları süzür, adi bir şey kimi onlara baxıb keçirdilər. Sanki hər kəs öz dərdi ilə məşğul idi. Onların halını soruşmağa nə bir adamın macalı, nə də imkanı vardı. Hamının üzündə tükənməz bir dərd, ağır bir ehtiyac damğası hakim idi. Gözlər əbədi əndişə və çırpıntıdan başqa, bir şey ifadə etmirdi. Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. Gündəlik cirəni də, xeyli azaltdı. Cirə azaldıqca uşaqlar daha artıq yemək istəsələr də onları təskin edir, gündə bir öynə verməklə kifayətlənirdi. Yalnız üçyaşlı Almazı iki dəfə yedirdirdi. Səriyyə xala alt köynəyinin yaxasında gizlətdiyi otuz tümən pulu heç bir vəchlə xərcləmək istəmir, onu lap pis, qara gün üçün gizlədib saxlayırdı. O, gələcək qarşısında, böyük vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün dilənə biləcəklərini, ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. Yalnız son gün xurcunun dibində azca yarma, bir az un və bir qədər də qurumuş lavaş qaldığını gördükdə belə bir fikir ani olaraq başından keçdi və ildırım kimi onu sarsıtdı. Yox! Nə qədər ki, o diridir, nə qədər ki, gözləri baxır, körpələrinin bu hala düşməsinə yol verməyəcəkdir! Rəngini başlayan ehtiyac hələ onun ruhunu sarsıda bilməmiş, hələ insan kimi yaşamaq arzularını məhv etməmişdi. O, tezliklə balalarını Tehrana yetirməyə can atır, orada ya Musa kişini və ya Fridunu tapacağı ümidilə yaşayırdı. Bu ümidlə də o, yıxıla-dura, taqətdən düşmüş dizlərini bükə-bükə qüvvəsini gərginləşdirir və yeriyirdi.Ömrü gödək qış günü qurtarmaqda idi. Üfüqlərdən soyuq bir alaqaranlıq aləmə yayılırdı. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. Nə bir kənd, nə bir insan görünürdü. Qaranlıq artdıqca ucsuz-bucaqsız çöllərin sükutu içərisindən bir qorxu baş qaldırırdı. O, çöllərdə, qarlı axşamlarda yırtıcı canavarların bu yollara çıxdığını, hətta kəndlərə soxulduğunu eşitmişdi. Canavarın amansızlığına dair uzun qış gecələrində eşitdiyi söhbətlər indi səhraların bu əzici səssizliyi içində xəyalında canlanır və iztirabını artırırdı. Səriyyə xala bu hissin təsiri ilə qüvvəsini toplayaraq, addımlarına sürət verməyə çalışdı və Gülnaza:

35 dəq
İyirminci fəsil

İkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.

20 dəq

Başqa şairlərin şeirləri