Miskin Vəlinin Canbağça səfəri
Səhifə 3 / 9 · 22%
İndi sizə kimdən deyim Məşədi Həmidin qızı Nazlı xanımdan. Nazlı xanım bir Nazlı xanım idi ki, cəmi dünyada tayı-bərabəri yox idi. Bir gözəldi, bir gözəldi ki, elə bil behişt alması idi. Üzü günəş, gözü xumar, sözü şəkər, dəhanı püstə, burnu hind fındığı, saçı gecənin zülməti kimi qara, ayı baxırdı ayı utandırırdı, günə baxırdı günü utandırırdı. Vəli çoxdan idi ki, Nazlıya məhəbbət yetirmişdi. Amma ürəyini açmağı heç yadına da gətirmirdi. Bir ayağının çarığına baxırdı, bir başının papağına baxırdı, sonra öz-özünə gülürdü ki, bu ürək zəhrimar da adamın sözünə baxmır ki, baxmır, onun da könlündən padşahlıq keçir. Adam tapmır, gedir gərək Məşədi Həmidin qızını sevə. Bu sirri indiyə qədər Əhməddən başqa heç kəsə deməmişdi, heç kəsə də demək fikrində deyildi. Düşünürdü ki, boş sevdadı, gəlib könlünə girib. Söz ürəyini deşəndə bircə dəfə Əhmədə demişdi, Əhməd onu lağa qoymuşdu:
– Aşna, deyəsən, könlündən koxalıq keçir ha. İştahın yaman itidi, şəkər boğazından keçsə, qorx ilişə, nəfəsini kəsə.
Nazlı xanımın sorağı hər yana yayılmışdı, neçə yerdən elçi gəlmişdi, kimisi bəy, kimisi tacir, kimisi nə bilim nə. Ancaq qız heç kəsi bəyənib getmirdi, neçə hörmət-izzət sahibi elçi gəldi, Məşədi Həmid kimə vermək istədi qız getmədi. Axırda Məşədi Həmidin acığı tutdu, dedi, can onun, cəhənnəm Allahın, kimə istəyir ona da getsin.
Nazlı xanım da ürəyində Vəlini sevirdi, ancaq bu sirri kimsəyə açmağa cəsarət eləmirdi, bilirdi ki, deyəcəklər bu boyda adamı qoyub gedib bir çarıqlı çobana məhəbbət yetirdi.
Bəli, indi Nazlı xanım da toydaydı. Elə ki, Aşıq Məhəmmədlə Vəli arasında söz-söhbət başladı Nazlı xanım intizarla sonunu gözlədi. O zaman ki, Aşıq Məhəmməd Vəlinin cürəsinə lağ elədi, elə bil Nazlı xanımın ürəyinə xəncər saplandı. Məlul-müşkül Vəliyə baxmağa başladı.
Bir az çək-çevirdən sonra Vəli məclisi davam etdirməli oldu. Vəli başa düşdü ki, Aşıq Məhəmməd onun hər kəlməsinə qulp qoymağa çalışacaq. Ona görə də elə şey danışmaq qərarına gəldi ki, Aşıq Məhəmmədin danışmağa dili olmasın. Belə bir fənd elədi, keçən dəfə bir toyda Aşıq Məhəmməd «Qurbaninin nağılı»nı danışırdı. Vəli də haman toyda idi. Diqqətlə qulaq asıb sazlı-sözlü Aşıq Məhəmməd nə danışmışdısa hamısını yadında saxlamışdı. İndi başlayıb haman nağılı danışmağa başladı, məclis əhli Aşıq Məhəmmədlə Vəli arasındakı söhbəti maraqla izləyirdi. Gördülər, Vəli danışmağa başladı, diqqətlə qulaq asmağa başladılar ki, görək nə danışacaq. Aşıq Məhəmməd arxayındı ki, Vəli Allahın qanmaz çobanıdı, nə bilir saz nədi, söz nədi, indi səldir-bəldir danışacaq, o da sözünü kəsib Vəlini quru əppək yemişə döndərəcək. Vəli Aşıq Məhəmməd necə danışmışdısa, eləcə də danışırdı, lazım gələn yerdə də çox yaxşıca çalıb oxuyurdu. Havacatı filanı da yerindəydi. Bircə eyb cürədəydi ki, fərli-başlı səsi çıxmırdı. Aşıq Məhəmməd baxdı ki, balam, bu elə danışır ki, elə bil Aşıq Məhəmmədin ürəyini oxuyur. Bir söz də o yan-bu yana eləmir. Qaldı məəttəl, ha istədi ortaya bir mətik tullaya, əmələ gəlmədi.
Vəli Qurbaninin dastanını neçə saat danışdı, yenə qurtarmadı. Gördü, gecə gecədən keçib, daha qurtarmaq vaxtıdı, dedi:
– Camaat, daha bəsdi, arxasını sabah Aşıq Məhəmməd danışar.
Aşıq Məhəmməd köntöy söz tulladı:
– Aşıq Məhəmməd çoban-çoluq zurnasına züy tutmur!...
Vəli bu sözdən bərk təsirləndi, oydu ki, dedi:
– Aşıq, gəlsən deyişək.
Aşıq Məhəmməd şəstlə onun üzünə baxdı:
– Adə, sən iki eşşəyin arpasını bölə bilmirsn, mən sənin nəyinnən deyişim.
– Bölə bildim, bölə bilmədim sənə nə var. Hünərin var bu meydan bu şeytan.
Əlbəttə, Vəli ürəkli danışırdı. Fikirləşirdi ki, çoban adamdı, tutaq ki, Aşıq Məhəmməd onu bağladı, deyəcəklər çobandı daa, uduzdu uduzdu. Ancaq işdi, o, Aşıq Məhəmmədi bağlasa, bunun ayrı ləzzəti olacaq.
Aşıq Məhəmməd bayaqdan elə bil cilov gəmirirdi. Bir yastıyapalaq çobanın biri gəlib onun məclisində meydan sulamağı ona yaman yer eləmişdi. Bayaqdan fikirləşdi ki, ondan necə heyfini çıxsın. Ona görə indi Vəlinin bu təklifi lap ürəyindən oldu, dedi:
– Yaxşı, madam ki, belə yekə-yekə danışırsan sənin payını verərəm. Aşıq Məhəmməd sazını təzədən köynəkdən çıxardıb meydana girdi. Qabağa düşmək barədə yenidən cəngü-cidal başlandı. Aşıq Məhəmməd qabağa düşməyi özünə sığışdırmırdı, istəyirdi qabağa Vəlini salsın. Vəli də iki ayağını bir başmağa dirəyib deyirdi:
– Balam, qoyun otarmaq olsaydı, birinci qabağa mən düşərdim. Bu aşıq məclisidi, birinci sən deməlisən.
Əlqərəz, Aşıq Məhəmməd gördü yox, olan iş deyil, daş qayaya rast gəlib, Vəli höcətin biridi. Naəlac qalıb qabağa düşdü. Aldı görək nə dedi, Vəli ona nə cavab verdi:
Ol Adəmdən Xatəmədək gərdişi-dövran mənim,
Din mənim, məzhəb mənim, yol mənim, ərkan mənim,
Gül mənim, bülbül mənim, sünbülü-reyhan mənim,
Yerdə insan, göydə qılman, ərşdəki aslan mənim.
Vəli gözləyirdi ki, Aşıq Məhəmməd özündən deyəcək. Ancaq gördü yox, elə olmadı, Aşıq Məhəmməd əl atdı Xəstə Qasıma. Üstünü vurmadı, fikirləşdi ki, mən də Növrəs İmanın haman qıfılbəndi açmasını deyərəm, görüm Aşıq Məhəmməd nə deyəcək. Aldı Vəli:
İbtidadan intəhaya gərdişi dövran mənim,
Nuri-Əhməd xəlq olanda axratı zaman mənim.
İrəy mənim, iqta mənim, qalibi-sübhan mənim,
Heydər mənim, Səfdər mənim, ol şahi-mərdan mənim,
Nuri-ənvər, şəmsi-qəmər, irahi-insan mənim.
Aşıq Məhəmməd ümiddi idi ki, Vəli Xəstə Qasımdan nə bilir, ya İmandan nə bilir. Elə birinci kərəmdən cürəsini qoyacaq onun qabağına ki, mən təslim. Aşıq Məhəmməd də cürəni beş-altı bölük edib verəcək aşbaza ki, sabah aparıb qazanın altına qalasın. Amma gördü iş ayrı cür oldu. Vəli dəyirmanın unnuğuna su bağladı. Əlacı kəsilib dedi:
– Əə çoban, öz kisən boşdu deyə özgəsinin kisəsindən oğurlayırsan.
Vəli cavab verdi:
– Aşıq qardaş, oğru oğruya, doğru da doğruya rast gələr. Neynək bizimki də belə düşüb.
Aşıq Məhəmməd gördü Vəliyə dil çatdıra bilməyəcək, dedi cəhənnəmə arxasını deyim, bəlkə, bilməyə. Elə onnan da iş qurtara gedə. Götürdü sözün mabədində görək nə dedi:
Abi, ataş, xaki badan yaratdı Sübhan bizi,
Altı mindən altı yüzə isbat qılar üç yüzü,
Dörd yüz arxa bağlayar dəryada qırx dörd dənizi,
Yetmiş ikinin mən biriyəm, altmışın qırx səkkizi,
Beş içində altı Məkkə, səkkiz yüz fərman mənim.
Aldı Vəli:
Abi, ataş oddu, sudu, xaki-torpaq, badi-yel,
Altı mindən doqquz yüzdü həmdin nizamı bir il
Sünnət əmri nəki-məkrul dörd yüz qırx dörddü onu bil,
Bu eynidə xaliq verib dərsimi pünhan mənim.
Aldı Aşıq Məhəmməd:
Yeddi eyvan, səkkiz seyvan, qırx sütun bir ləngəri,
Yeddi ulduz, yeddi tuppuz, yeddi pus, yeddi dəri,
Bu hesabı cəm edənin başına əsər gəli.
Yeddi min qırxdan qabağa, səkkiz yüz dərddən bəri
Pir mənim, ustad mənim, yol mənim, ərkan mənim.
Aldı Vəli:
Yeddi eyvan cəhənnəmdi, səkkiz irizvan səda,
Ənbiyalar, övliyalar qırx sütun ləngər xuda,
Yeddi səri, yeddi məkki, yeddi pus, yeddi nida,
Yeddi min qırx keçən tarix səkkiz yüz dörddü cüda
Həm binasız, həm vəfasız nə olsa, görən mənim.
Aldı Aşıq Məhəmməd:
Bisti həşti nisb içində yar bizə isbat edər
Altı mindən altı yüzü otuz dördə zat edər,
Bir mürəkkəblə oxunan surəni kəlmat edər,
İncili Tövratü Zəbur, natiqi-Quran mənim.
Aldı Vəli:
İslamiyyət aləmində iyrim səkkiz hərif var,
Xaçpərəstdə altı artıq, otuz dördü aşikar,
Bir türbədə nəzər qılsa, heydəri-Düldülsuvar,
Bu eynidə nitqə gəlsə, əvf olunan can mənim.
Aldı Aşıq Məhəmməd:
Xəstə Qasım tikmədaşlı, sahibi-cümlə xəta
Var ümidim taci-meraca, bilməm kim eylər əta,
Açılar dəftər, görünər mənşər, bir şahsuvar illafəta
Əzmi-Qaf günahım olsa, əvf edər rəhman mənim.
Aldı Vəli:
Növrəs İman Göyçə elli, sitqi Şahi-Heydərə,
Ərş əladan vəhy gəldi, biz də yazdıq dəftərə.
Tifil ikən məh içində hökm qıldı əjdərə,
Yoxdu qorxum qurulanda ədalət divan mənim.
Söz tamama yetdi. Aşıq Məhəmməd dedi:
– Əmbə, aşna, sən bu dəfə müftə yedin!
Vəli cavab verdi:
– Özgədən dedin, özgədən dedim, özündən de, özümdən deyim. Usta, ancaq deyirlər özgə atına minən tez düşər. Gərək yabı da olsa, öz atımıza minək.
– Hardadı səndə o fərasət, sən heç qatır da minə bilməzsən!
– Aşıq Məhəmməd, ağ eləmə, mən özümdən deyib borcumdan çıxaram, yenə sən borclu qalarsan.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-miskin-velinin-canbagca-seferi
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Mən elə kimsəyəm aşiqə bənzər,Könlüm əhli-haldı, dilim dərdi-sər,
KeçsinŞəhla eynin, siyah qaşın can alır,Gələndə nakəslər daldala, keçsin.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,