Miskin Vəlinin Canbağça səfəri
Səhifə 8 / 9 · 78%
– Cahan, yəqin, saza qıyıb sənin başın kimi başa vurmaz.
Söz Vəliyə yaman toxundu, ancaq üstünü vurmadı. O da Cahanı sancmaq istədi:
– Cahan qorxusundan bura gəlir ki, bir mənim başıma da vura, ya vurmaya. Üç saatdı gəlmişik, ha gözləyirik gəlib çıxmır, Allah bilir, qorxusundan qaçıb harda gizlənib.
Vəli incə damardan yapışmışdı. Söz Cahana bərk təsir elədi, acığından rəng verib rəng aldı. İstədi deyə niyə yalan danışırsan, iki saatdı mən burdayam. Bir təhər hikkəsini boğdu. Yenidən üz tutdu Vəliyə:
– Mən Cahanın şəyirdiyəm, iş ki belə oldu gəlsəniz deyişək.
Vəli cavab verdi:
– Lap yaxşı, onda şəyirdlər deyişsin, ustalar da şair Cahan gəlsə, deyişərlər.
Şair Cahan ayağını dirədi ki, yox elə mən usta ilə deyişmək istəyirəm, Vəli dedi, olmaz, ustanın işi usta ilədi, şəyirdinki şəyirdinən. Axır Cahan razılaşdı, amma bu şərtlə ki, əgər Vəlini udsa, onda Məhəmmədəli ilə deyişəcək. Qız dedi:
– Yaxşı, indi ki, belə oldu deyişək. Ancaq mənim iki şərtim var. Birinci şərtim odu ki, uduzsan mən deyən bir yaxşı saz alıb verəcəksən. Həm də bundan sonra əlinə saz almayacaqsan. İkinci şərtim sənin udmağından asılıdır, əgər udsan deyərəm.
Vəli razılaşdı. Cahan təklif elədi ki, Vəli qabağa düşsün. Vəli dedi:
– Deyişməyi sən təklif eləmisən, özün də qabağa düş.
Daha çox cəhl eləyəsi olmadılar. Cahan sazı köynəkdən çıxardı. Vəli də Məhəmmədəlinin sazını aldı. Burda uzun bir deyişmə başlandı. Əvvəl-əvvəl hər iki tərəf bir-birinə hərbə-zorba gəlməyə başladı. Aldılar görək nə dedilər, qulaq asanlar nə eşitdilər.
Cahan arxayın idi ki, udacaq. Odur ki, sazı sinəsinə basıb Vəliyə belə dedi:
Qışın çilləsində gədikdən aşsan,
Düşərsən covğuna, qara bilginən.
Gözün yumub əlçin qayadan uçsan,
Sağ cismini parça-para bilginən.
Cavabında aldı Vəli:
Bir adam səninlə ülfət eyləsə,
Onun əsil zatın ara bilginən.
Həqiqətdən, həcviyyatdan söyləsə,
Yaxındı, uzaqdı ara, bilginən.
Aldı Cahan:
Qışın çilləsinə bahar, yaz demə,
Ala qarğalara quba, qaz demə,
Səndən Məcnun olmaz, Leyli gözləmə,
Düşməginən hər diyara bilginən.
Aldı Vəli:
Bağban olsan, bəslə almanı, narı,
Sərraf bilər nədir əsl mirvarı.
Mətahının bağlı olsa, bazarı,
Onda öz bəxtini qara bilginən.
Aldı Cahan:
Qüdrətin əlindən içmişəm bada,
Xof etmirəm heç kimsədən dünyada,
Bir meydan açmışam bu Canbağçada,
Aşıqları gətdim zara bilginən.
Aldı Vəli:
Danışma məclisdə dəli, divana,
Nə mənada şama yanar pərvana,
Xəstəyəm qapına gəldim dərmana
Ağ sinədə bir cüt nara bilginən.
Aldı Cahan:
Cahanam, danışan imran dil mənim,
Bağça mənim, bübül mənim, gül mənim,
Qohum mənim, qardaş mənim, el mənim,
Səni çəkdirərəm dara bilginən.
Aldı Vəli:
Aşıq Vəli nə çəkirsən ahu-zar,
Tərlan oylağında olmazmı şikar,
Cümlə bu cahanın bir qüvvəsi var,
İşıq salır ürüzgara bilginən.
Cahan bu dəfə hərbə-zorbanı gəraylı üstə dedi:
Aldı Cahan:
Oğlan, əslin haralıdı?
Üz tutub bu yana gəldin?
Deyən, bəxtin qaralıdı,
Mənim tək ümmana gəldin.
Vəli fikirləşdi ki, Cahan nə bilir, o, bura saz düzəltdirməyə gəlib, Cahanı usta bilib. Elə qoy desin ki, sənin adını eşidib deyişməyə gəlmişəm. Onsuz da gəlib bura çıxıb. Oydu ki, cavabında dedi:
Qəvvazam azərbaycanlı
Üz tutub bu yana gəldim.
Miskin elli, mis mədənli,
Sənin tək ümmana gəldim.
Aldı Cahan:
Bura gəlibsən nə ada?
Əlimdən gedərsən dada,
Tora düşdün Canbağçada,
Bağrı dönər qana gəldin.
Aldı Vəli:
Mən gedirəm hər diyara,
Hələ düşməmişəm dara,
Ağ sinəndə bir cüt nara,
Dərdimə dərmana gəldim.
Aldı Cahan:
Cahan deyir dayanarsan,
Şirin candan usanarsan,
Düşdün odlara yanarsan,
Necə ki, pərvana gəldin.
Aldı Vəli:
Meydan üstə Aşıq Vəli,
Dağıtma huşu, kamalı,
Sənin tək dünya gözəli,
Bir ismi Cahana gəldim.
Cahan gördü yox, deyəsən, bu asanlıqla təslim olmayacaq, cəngü-cidal uzun çəkəcək. Amma əlac nəydi, nə qədər lazım olsa, deyişməliydilər. Cahan çox arxayın tərpənirdi, elə bil Vəli ovcunun içindəydi, elə bir əlini yummağı qalıb, hərbə-zorbadan keçdi divaniyə, aldı dübarə:
Qəfil düşdün kəməndimə,
Gəlirdin hannan gədə.
Gəl ikimiz cəng eləyək
Qaçma meydandan gədə.
Çox aşıqlar saz götürüb
Mənə meydan oxuyub
Cisminə lərzə salmışam,
Quruyub qannan gədə.
Cavabında aldı Vəli:
Qəza gəldi, xəta tutdu,
Kim qaçar ondan gözəl.
Durmuşam qulluğunda,
Buyur fərmandan gözəl.
Boyun görüb heyran oldum,
Düşdüm eşqin oduna.
Dərdimə dərman istərəm
Sən tək loğmandan gözəl.
Aldı Cahan:
Mən bir kamil səyyad kimi,
Bərələrdə duraram.
Sənin kimi çolpalara
Açıb torum quraram.
Yəqin bil ki, rüzgarına
Bircə zərbət vuraram.
Dərdinə dərman tapılmaz,
Təbib, loğmandan gədə.
Aldı Vəli:
İnsan gərək ürək sözün
Aşkar etsin dilində.
Canan deyib can qoymuşam
Bir gözəlin yolunda.
Eşitmişəm sorağını
Canbağçanın elində.
Mən səni deyib gəlmişəm,
Azərbaycandan gözəl.
Aldı Cahan:
Yeddi qat yer əzbərimdi,
Yeddi qat göydən danış.
Elmdə bir dərya mənəm
Vermərəm boydan danış.
Meydanıma çoxlaı gəlib
Dərbənddən, Xoydan danış.
Bac verib, bac almayıb
Şair Cahandan gədə.
Aldı Vəli:
Qəvvaz olan ləl axtarar
Dəryalarda, dərində.
Sən kimi gözəl sevənin
Eşq olmazmı sərində?
Miskinli Aşıq Vəliyəm,
Durdum vədə yerində.
Kəklik də can qurtararmı
Bir şux tərlandan, gözəl?
Cahan qoşma dedi, Vəli cavab verdi, gəraylı dedi cavab verdi, divani dedi cavab dedi. Cahan gördü belə olmaz, işi daha da çətinə salmaq lazımdı, dedi:
– Yaxşı, indiyə kimi cavabından razı. İndi gəl qıfılbəndə keçək.
– Məsləhət səninkidi, nə istəyirsən, onu da de.
Cahan o qıfılbəndi dedi ki, iyirmi iki aşığın on dördünü o qıfılbəndlə bağlamışdı. Hələ o qıfılbəndi açan olmamışdı. Ya Allah deyib sazı sinəsinə basdı, görək həmin qıfılbəndi necə dedi, qulaq asanlar nə eşitdi.
Aldı Cahan:
Bir otağa girdim bir cadası var,
Qırx səkkiz məhləyə dəydi qayıtdı
On ikisi zülüm edir aşkara,
Könlümün budağın əydi qayıtdı.
Cavabında aldı Vəli:
O bir ildi, ay qız, il hesabında
Qırx səkkiz həftəyə dəydi qayıtdı.
Üç ay zimistandı on iki həftə,
Cümlə könülləri əydi qayıtdı.
Aldı Cahan:
On dördü ağ geyər, on dördü qara,
On dördü dərd olur, on dördü çara,
Onlar gedib salam verdilər hara?
Doxsan altı qədəm qoydu qayıtdı.
Aldı Vəli:
On dördü ağ geyər, on dördü qara,
Gecə-gündüz söyləyirəm aşkara,
Qırx səkkizin iki həftə dübara,
Doxsan altı həftə saydı qayıtdı.
Aldı Cahan:
O nədi dünyada bulunmaz çara?
O nədi ki, bilmək olmaz aşkara?
O nədi ki, qiymət alır dübara?
Cahan da dilindən saydı qayıtdı.
Aldı Vəli:
Vəli, o ölümdü bulunmaz çara,
Kim kimin ürəyin bilər aşkara?
Nəsihətdi qiymət alan dübara,
Atalar dilindən yaydı qayıtdı.
Camaat gördü Cahan nə dedisə, Vəli bircə-bircə hamısına cavab verdi, dedilər:
– Əşşi, sizin deyişməniz xan arşını kimi nə qədər uzanacaq.
Cahana dedilər ki, indi də gəlmə aşıq desin sən cavab ver. Cahan baxdı ki, ayrı əlac yoxdu, camaatın dediyini eləməsə, bihörmət olar. Həm də elə bir sözü də qalmamışdı. Ona görə də meydanı Vəliyə verdi…
Vəli, ya Əli səndən mədəd, deyib meydana girdi. Gördü, camaat təngə gəlib, daha qoşma, divani deməyin yeri yoxdu. Cahana üz tutdu:
– Aşıq, mən sənə elə birbaşa bağlama deyəcəyəm, daha aşıq-aşıq oynamağın yeri yoxdu.
Cahan cavab verdi:
– Özün bilərsən, meydan sənindi…
Aldı Vəli:
Bir otağa girdim dörd aynası var,
Dörd də sifətini yəqin görmüşəm.
Hər birinin dörd gülünü sanadım,
Üç yerdən bağlanmış tağın görmüşəm.
Cavabında aldı Cahan:
O bir ilimizdir dörd də fəsli var,
Dörd də sifətini yəqin görübsən.
Hər bir ayın dörd həftəsin sanadım,
Üç ay-üç ay fəsli-tağın görübsən.
Aldı Vəli:
Orada görmüşəm bir növrəs cavan,
Zəngin bağlar salır o gülü rövşən,
Çəkir həsrətini cümlə bu cahan
Öz gözümlə gözəl çağın görmüşəm.
Aldı Cahan:
Gəldi yaz ayları növrəstə cavan
Zəngin bağlar salır o gülü rövşən,
Çəkir həsrətini cümlə yaranan,
Öz gözünlə gözəl çağın görübsən.
Aldı Vəli:
Sən Vəliyə söylə aşikarını,
Cəfa çəkən dərir bəhri-barını,
İnsanlar çox sevir hər nübarını,
İşıq verən bir çırağın görmüşəm.
Aldı Cahan:
Cahan da söyləyir aşikarını
Zəhmət çək, dadarsan bəhri-barını,
Sevirik dünyanın çox nübarını
Günəş kimi bir çırağın görübsən.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-miskin-velinin-canbagca-seferi
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Mən elə kimsəyəm aşiqə bənzər,Könlüm əhli-haldı, dilim dərdi-sər,
KeçsinŞəhla eynin, siyah qaşın can alır,Gələndə nakəslər daldala, keçsin.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,