Qazan ye malını, sür dövranını,Gedirsən dünyanın varı qalacaq.Gözün gözlədiyi könül muradı,Dilin son kəlməsi yarı qalacaq.

Bilirsənmi bu dünyanın halını,Xarabalıq gördüm çox cəlalını,Dəryalarca yığsan dövlət-malını,Nəfsin çoxdu, arzuları qalacaq.

Çoxlar bu dünyada eyləyir bəsi,Mənəm deyənlərin kəsilir səsi,Bülbülün nəğməsi, durnanın səsi,Şahinlərin can şikarı qalacaq.

Fələk yaman yerdə qəsdimə durdu,Hicran oxlarını sinəmə vurdu,Gözəllər məskəni, igidlər yurdu,Tərlan quşun oylaqları qalacaq.

Miskinli Vəlinin yaman çağıdı,Gözündə oynayan qəm fərağıdı,Şair sözü kainatın bağıdı,Nəsillərdə yadigarı qalacaq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri