Bir sözüm var hilal qaşlı nazənin,Heç bilmirəm necə deyim sənə mən.Mina qamətinin hər qədəminə,Bir qoç quzu qurban kəsəm sənə mən.

Bir gül üzüb gətirmişəm sən ilə,Mən dözmərəm vədə versən sən ilə,Arzum budur həyat quram sən ilə,Şənliyinə ilham verəm sənə mən.

İnsafdırmı mən əriyim, azalım,Həsrət çəkim, yar könülün az alım,Qanın olsun, rəhmin gəlsin, a zalım,Qoy qul olum ömrüm boyu sənə mən.

Nazlı yarım, gəldin çıxdın bu dağa,Bülbül gül üzündən qonar budağa,Bax sinəmdə bu düyünə, bu dağa,İnsaf eylə, neyləmişəm sənə mən.

Aşıq Vəli gəlir, gedir bir başa,Diqqət yetir, bax ayaqdan bir başa,Utanıram deyəmmirəm birbaşa,Qəbul etsən vurulmuşam sənə mən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar