Xoş təqrir

İnsan həmişə danışanda gərək elə danışa ki, içindən bir şey çıxa, nəinki hədərən-pədərən. Bir məsəl var deyərlər: “Hər nə salarsan aşına, o çıxar qaşığına”. Doğrudan da belədir. Birinə bir yaxşılıq eləsən, söz yox ki, zad olar, bu... adı nədi... zad kimin... nəstə kimin... Şair deyib ki, “Hər dəm əz-ömr mirəvəd nəfəsi”. Söz yox ki, anlayan bir tükdən də anlar. Hərçənd bir az başağrısı olur, amma nə eləmək, xudavəndi-aləm insanı və xanları xoş gündə xəlq eləyib. Məsələn, əgər onlar xoş gündə xəlq olmasaydılar, onların barəsində bu qədər danışmazdılar. Sözüm bunda deyil. Sözün canı gərək olsun. Söz nə qədər gödək olsa, o qədər yaxşı olar. Allah ölənlərinizə rəhmət eləsin, bir zad var idi... adı nədi... hə.. Kərbəlayı İmamqulu əmi. Bu Kərbəlayı İmamqulu əmi deyirdi ki, biri var idi, biri yox idi, bir qarı var idi, tumancığı dar idi, bir gün bu qarı getdi Arazdan su gətirməyə, şappadan dəydi buz üstünə, dedi – Ay buz, sən nə yamansan! Dedi ki, mən yaman olsaydım Arazda donmazdım! Dedi – Ay Araz sən nə yamansan? Dedi – Mən yaman olsaydım, İrana sərhəd olmaz idim! Dedi – Ay İran, sən nə yamansan? Dedi – Mən yaman olsydım xanlar əllərinə ülgüc-bülöv alıb məni qırxmazdı! Dedi – Ay xanlar, siz nə yamansız? Dedi – Biz yaman olsaydıq, nəinki ayda, bəlkə gündə bir ləqəb almazdıq! Dedi – Ay ləqəblər, siz nə yamanmışsız! Dedi – Biz yaman olsaydıq, bizi ləbləbi qiymətinə satmazdılar! Dedi – Ay ləbləbi sən nə yamansan? Dedi – mən yaman olsaydım, İranda duma qurulmazdı. Dedi – Duma, sən nə yamansan! Dedi – “Yamanam” hay yamanam, buğlarımı buraram, xanları mən vuraram (Bıy, Molla əmi, şeir çıxdı). Hə, sözümün ucu necə oldu? Hə, məsələn, belə işləri adam görəndə təccüb edir. Söz yox ki, bu nağıldı, amma genə necə olsa yaxşı zaddı. O.. deyir ki... Allah şairin qəbrini nurnan doldursun: “Mayeyi-eyşiadəmi şikəməst”, bu söz yəni belə olmasaydı, bizim bəzi mollalarımız yeməkdən başqa bir özgə iş də görərdilər. Molla əmi, qurban olum sənin gözlərinə, incimə məndən, bir zad yadıma düşdü, qoy onu deyim, yəni hərçənd onun da mətləbə dəxli var, bu hacılar pulu yığıb görəsən nə eləyəcəklər?!Amma bu “şansonetkalar” ay İrəvandan pul çəkdilər ha! Bir az keyfim olaydı, başım yaxşı işləmir, heç bilmirəm ki, nə yazıram. İnsanın həmişə, ələlxüsus ki, zadların danışığı və yazısı gərək püribarə ola, məsələn, demək bu kağız kimi. Mənada yəni bir o qədər iş yoxdur. Mən bu işi yaxşı bilirəm. Cənabınıza məlumdur ki, gərək elə danışasan ki, heç zad qanmayalar. Belə adama “xoştəqrir” deyirlər. Məsələn, zad kimi, adı nədi.. Qoy qalsın sonra yazaram. Hə bir də, Molla əmi, sən Allah bu elanı yaz qəzetində.

Cəlil Məmmədquluzadə3 dəq
Qayırma hədislər

Biz keçən vaxtlarda bir neçə dəfə bunu demişik ki, vaizlərimiz məscidlərdə söylədikləri hədislərin yüz hissədən doxsan doqquz hissəsi qayırma hədisdir.Bizim bu sözlərimizdən ötrü çox adam deyirdi ki, Molla Nəsrəddin yoldan çıxıb. İndi, Allaha şükr olsun ki, Bakı camaatı cənab Hacı Mirzə Əbutürab Axund oğlu mövlud günü söylədiyi nitqi eşitdilər. Həmin niqin surəti “İrşad”ın 69-cu nömrəsində yazılıb. Hacı Mirzə Əbutürab həzrətlərinin haman gün buyurduğu sözlərin biri də budur ki, “müsəlmanın içinə nifaqı və ayrılığı salan qayırma hədislərdir”.

Cəlil Məmmədquluzadə1 dəq
Oxucularımıza

Məcmuəmizin 15-ci nömrəsində “Təzə həyat”ın məsləki barəsində bir neçə söz danışmışdıq. Bizim bu sözlərimizə “Təzə həyat”ın acığı tutub başlayıb bizim xüsusumuzda küçə söyüşləri söyməyə. Bu söyüşlərə biz cavab yazmayacağıq və buna da iki səbəb var: əvvəla, məcmuəmizdə yer azdır və ixtiyarımız yoxdur bu az yeri qərəzi-şəxsi münasibətilə vuruşma meydanı edək.Saniyən, indiki halımızı nəzərə alıb Qafqazda müsəlman qəzetlərinin çoxalmasını qənimət hesab edirik və “Təzə həyat”ın özünün də camaatımız üçün nafe olmağını danmırıq, bu şərt ilə ki, əvvəlinci nömrənin baş məqaləsini və qalan nömrələrdə bir para məddahanə mənzumələri cırıb tollayaq Kaspi dəryasına.

Cəlil Məmmədquluzadə1 dəq
Gəncə mollalarına

Ey Gəncə mollaları!Mən sizdən çox artıq təvəqqe eləyirəm ki, öz təklifinizi biləsiniz və cızığınızdan kənara çıxmayasınız.

Cəlil Məmmədquluzadə2 dəq
Molla Cəfərqulu

Əcnabi millətlərin içində çox lotular var, çox arvadbazlar var…Birisi gedə bir neçə müddət Rusiyanın və Avropanın şəhərlərini gəzə və sonra gələ müsəlman içinə və Təbrizi, Tehranı, Ərdəbili, Astaranı, Bakını, Naxçıvanı və Danabaş kəndini gəzib dolana, elə bilər ki, müsəlman içində lotuluq, arvadbazlıq və fahişəbazlıq heç əslindən yoxdur və elə bilər ki, bu əməllər ancaq əcnəbilərin əməlidir.

Cəlil Məmmədquluzadə4 dəq
Qız uşağı

Qədim ərəblərin içində bir belə adət var idi ki, qız uşağı anadan olan kimi tutub onu boğarmışlar.Amma şükür olsun Allaha, biz bu barədə ərəblərdən bir az yaxşıyıq. Biz qız uşağını boğmuruq.

Cəlil Məmmədquluzadə3 dəq
Papaq

73-cü nömrəli cənab “Təzə həyat”ın xoşuna gəlmir ki, rus qızları bizim papaqlara gülürlər və papaqlı müsəlmanla bir yerdə gəzmək istəmirlər. Cənab “Təzə həyat” təəccüb edir ki, ruslar papağı bir verstlikdən görüb qaçırlar.“Təzə həyat”ın yazmağından mən belə başa düşdüm ki, cənab “Təzə həyat” burada rus qızlarını və xam rusları günahkar edir, nəinki papağı.

Cəlil Məmmədquluzadə3 dəq
Təbriz işləri

İndi şükür olsun Allaha, Təbriz sakitlikdir. Bir müddət bundan irəli, Allah göstərməsin, çox şüluğ idi. Amma indi, Allaha şükür olsun, bir qiylü qal-zad yoxdur. Allah bir də keçən günləri göstərməsin. Yəni məşrutənin xasiyyətindəndir: hər yerə ki, məşrutə gəlir, dünya guya ki, az qalır bir-birinə dəysin. Təbrizdə həmçinin, nə qədər ki, bu zəhrimar məşrutə yox idi, qoyunlar qurdlar ilə otlayırdılar və hərçənd ki, qurdlar acanda qoyunları tutub yeyirdilər, amma genə elə bir qarışıqlıq olmurdu. Amma bu məşrutə çıxan kimi əhali neçə tirə oldu: mollalar ayrılıb bir dəstə bağladılar, Ağa Seyid Haşım bir dəstə bağladı, Ağa Şeyx Səlim bir dəstə bağladı, bir dəstə Ağa Mirzə Əlinin dəstəsi, bir dəstə Xiyaban dəstəsi, bir dəstə Leylaabad dəstəsi, Sürxab dəstəsi, Dəvəçi dəstəsi, Bağmeşə dəstəsi, İsmayıl dəstəsi, Hacı Səməd dəstəsi, Qələbanbaşı dəstəsi, Kərbəlayı Həsən, nə bilim, qurd dəstəsi, meymun dəstəsi və genə bilmirəm nə dəstəsi.Hələ bunlar kifayət edər, sözüm burada deyil. Sözüm burasındadır ki, bu dəstələrin heç biri özgə arzuları və niyyətləri yox idi, məhz istədikləri bir-birini yox eləmək idi. Zalımların gözləri elə qızmışdı ki, ədavətlərinin şiddətindən məşrutə-flan yaddan çıxıb getmişdi Rusiya vilayətinə, yəni getmişdi orada verilən məşrutənin yanına.

Cəlil Məmmədquluzadə2 dəq
Cəfərin anası

Dünən özümü soyuğa vermişdim, heç keyfim yox idi və kürəklərim ağrayırdı. Ayıb olmasın, bizim Cəfərin anasına dedim: “ay arvad, sən Allah gəl çıx mənim dalımı bir yaxşıca ayaqla”.Əvvəl nainsaf arvad acıqlı-acıqlı yavaşca öz-özünə dedi: “başına daş düşsün”. Mən eşitdim və bildim ki, mənə deyir.

Cəlil Məmmədquluzadə2 dəq
Bakı dəryası

Nə gözəlsən, ey Bakı dəryası! Və necə xoşbəxtsən, ey Bakı dəryası! Ey Bakı dəryası, ey dəryaların seçilmişi! Ey göllərin padşahı! Nə göl kimi gölsən, ey Bakı dəryası, çünki yer üzündə sənin kimi böyük göl yoxdu! Nə dərya kimi dəryasan, Bakı dəryası, çünki çəkilib şir kimi durmusan kənarda və heç bir özgə dəryalara qarışmırsan, heç kəs ilə işin yoxdur!Nə gözəlsən, ey Bakı dəryası!

Cəlil Məmmədquluzadə2 dəq
Cümə günləri

Biz müsəlman tayfası bir sözü danışanda heç o sözün dalınıqabağını fikirləşmirik. Elə, məsələn, indi mən özüm də bu sözləri yaza-yaza nə dalını fikirləşirəm, nə qabağını, elə ha zora salıb yazıram və heç fikir eləmirəm ki, görək axır bu sözləri yazmaqdan nə fayda, gərək bu sözləri kim oxuyacaq və kimə lazımdır və nəyə lazımdır ki, oxusunlar? Niyə də ki, oxusunlar və nə səbəbə gözlərinin nurunu töküb oxusunlar? Nə cəhətə “İxtiyarat” kimi kitabları qoyub bu cür cəfəngiyatı oxusunlar?Deyəsən bir az uzun oldu.

Cəlil Məmmədquluzadə4 dəq
Qurbağalar

İran mücahidlərindən məşhur natiq Mirzə Cəfər Tiflisdə bir gün nitq söyləyəndən sonra mən ona küçədə rast gəlib dedim:– Əzizim, söylədiyin nitqinə heç sözüm yoxdur. Amma mən səndən təvəqqə edirəm ki, işdir, İrana yolun düşsə, Naxçıvana getmə, düz bir baş bileti al Cülfaya.

Cəlil Məmmədquluzadə2 dəq
Göz yaşları

Ağdamdan bizə belə xəbər verirlər:Qiyaslı kəndinin sakini Molla Qənbər səkkiz yaşında bir qıza aşiq olur, kəndin mollası Molla Sadıq kəbin kəsir və Molla Qənbər qızı zor ilə aparır evinə.

Cəlil Məmmədquluzadə1 dəq
Qorxuram

“İrşad” yatan kimi bir neçə gün müsəlmanlar başladılar haray-dad eləməyə ki, “ay aman, qoymuyun “İrşad” əldən getsin!”Mən həmişə bu haray-dadları eşidəndə yanımda oturanlara deyərdim: “qorxuram”.

Cəlil Məmmədquluzadə1 dəq
Xanımlara

“Füyuzat”ın 24-cü nömrəsində axırıncı səhifədə “Azad” təxəllüslü şair üzünü xanımlara tutub ərəbcə deyir:Vətən övladının təmini-istiqbalı müşküldür.

Cəlil Məmmədquluzadə2 dəq
Bakının əlacı

Bakıya lazımdır bir çarə qılmaq, dəxi bundan sonra səbr eləmək mümkün deyil. Heç mümkün deyil səbr eləmək. Bakının üfunəti dünya və aləmə dağılıb qoymur nəfəs almağa.Nə qədər Bakı bu halətdədir, Qafqaz müsəlmanlarının tərəqqisi mümkün deyil, o səbəb ki, hamı gözünü dikib Bakıya və o Bakıdan nicat yolu gözləyir, amma nicat əvəzinə şəhərin müzür həşəratı vilayətlərə dağılıb camaatı puça çıxarmaqdadır. Bakının şöhrəti müsəlmanların fikrini çaşdırır. Cavanlarımız özlərini Bakı qoçularına oxşadırlar, milyonçularımız Bakı milyonçularına oxşadırlar, müəllimlər özlərini Bakı müəllimlərinə oxşadırlar.

Cəlil Məmmədquluzadə2 dəq
İsbati-həqq

Cənab Molla Nəsrəddin.Hərçənd böyüklərə “bilmirsən” demək biədəblikdir, amma mən deyəcəyəm ki, sən heç zad bilmirsən, dünyada heç zad qanmamısan, heç ruhun yoxdur, heç ağzının ləzzətini bilməmisən.

Cəlil Məmmədquluzadə1 dəq
Cəfəngiyat

Hər kəs “Həblül-mətin” ruznaməsinin 97-ci nömrəsini, “Füyuzat”ın 26-cı nömrəsini və “Vəqt” qəzetinin 210-cu nömrəsini oxuyub, – bizim bu cəfəngiyatı da başa düşəcək, amma hər kəs oxumayıb, başa düşməyəcək.Gah vaxt olubdur ki, bəzilər bizdən soruşublar ki, belə bir vaxtda nə səbəbə siyasətdən, dumadan, hüquqdan, hürriyyət və müsavatdan çoxluca bəhs eləmirik.

Cəlil Məmmədquluzadə2 dəq
Uşaqbazlıq

Mən demirəm ki, uşaqbazlıq pis şeydir və heç kəs demir ki, uşaqbazlıq pis şeydir. Mən heç müsəlmandan eşitməmişəm ki, uşaqbazlıq pis şeydir və heç bir vaiz indiyədək deməyibdi ki, uşaqbazlıq pis şeydir. Və çünki indiyədək heç kəs deməyibdir ki, uşaqbazlıq pis şeydir, mən də cürət eləmirəm, deyim ki, uşaqbazlıq pis şeydir.Dünyada çox şey var ki, bəndə bilmir, amma Allah-taala hər bir şeyi bilir. Mən çox da deyirəm ki, firəng milləti ingilis millətindən yaxşıdır, yainki yapon milləti ermənidən yaxşıdır, yainki rus milləti yapon millətindən yaxşıdır, yainki müsəlman millətləri qeyr millətlərin hamısından yaxşıdır, bunları hərə bir cür başa düşür, amma heç kəs bu işləri necə ki lazımdır bilmir, çünki heç kəs bu millətləri görməyib və biz özümüz bu barədə bir şey deyə bilmirik, çünki müsəlmandan savayı bir özgə millət görməmişik və görmək də çətindir, çünki millətlərin hərəsi dünyanın bir guşəsindədir.

Cəlil Məmmədquluzadə3 dəq
Şükr və səna

Ümidimiz bunadır ki, indi cəmi müsəlman qardaşlarımız və bacılarımız qəzetləri oxuyub biliblər ki, üçüncü padşahlıq dumaya seçilənlər kimlərdirlər. Biz bunu yəqin bilirik ki, indi heç bir müsəlman yoxdu ki, seçki məsələsindən xəbərdar olmasın; çünki indi heç bir müsəlman kəndi və şəhəri yoxdur ki, orada duma söhbəti danışılmasın; hətta çox yerlərdə balaca uşaqlar da qəzet oxuyurlar.Biz indi görürük ki, üçüncü dumaya üzv seçilənlərin hamısı sağlardırlar. Söz yox, bunu indi cəmi müsəlmanlar qəzetlərdə oxuyub biliblər və yəqinimdir ki, indi yer üzündə bir nəfər müsəlman yoxdur ki, bu məsələdən hali olmasın; xah övrət, xah cavan, xah qoca, xah böyük, xah uşaq.

Cəlil Məmmədquluzadə3 dəq
Başmaq

A Molla dayı! Çoxdandır mən istəyirəm səndən bir söz soruşam, amma utanıram, qorxuram inciyəsən.Sözün doğrusu, jurnalın əvvəlinci nömrəsi çıxandan indiyə kimi mən hər vaxtı ki, sənin şəklinə baxıram, bir şeyə təccüb eləyirəm.

Cəlil Məmmədquluzadə3 dəq
İnşallah

Mənim bir nəfər dostum var, adı Məşədi Ələsgərdir. Mənim həmişə ona bir işim düşəndə və mən ondan bir şey təvəqqe edəndə o mənə deyər “inşallah”, amma burası var ki, çox vaxt dediyi sözə əməl eləməz. Məsələn, deyərəm: “Məşədi Ələsgər, Kərbəlayı Həsənə de ki, bu gün gəlsin bizə, çox vacib işim var”. Dostum mənə cavab verər “inşallah” deyərəm. Amma gedib gözlərəm, Kərbəlayı Həsən gəlməz. Məlum olar ki, dostum kərbəlayı Həsənə mənim sifarişimi yetirməyib.Məşədi Baxşəliyə bir gün dedim: “oğlunu göndər getsin məktəbdə oxusun”. Dedi “inşallah”, amma bir neçə gün keçdi, göndərmədi. Bir də görəndə dedim, genə mənə dedi “inşallah”. Bir neçə gün keçəndən sonra genə dedim, genə mənə cavab verdi “inşallah”. Bir də görəndə dedim, genə dedi: “inşallah göndərərəm”.

Cəlil Məmmədquluzadə3 dəq
Xənnas

Oruc bayramının günü Bakıda “Səadət” məclisində doktor molla Əbdülxalıq Axundovun sözlərini eşidəndən bu yana mənim fikrimə bir şey gəlir: mən yəqin edirəm ki, indi bir adam özünü tülkü libasına salıb, müsəlmanları yığa başına və deyə ki, “ay camaat, mən Allaham”, hamı bu tülkünün sözünə inanıb, düşəcək səcdəyə və deyəcək ki, doğrudan, elə Allah budur ki, budur.Doktor molla Əbdülxalıq Axundov bayram günü “Səadət” məclisində bu sözləri danışıb: “Həzərat, siz bilmirsiniz ki, nə səbəbə biz müsəlmanlar dalı qalmışıq, Amma mən bilirəm. Səbəb budur ki, bizim evimizi yıxan Avropada təhsil tapmış cavanlarımızdır ki, müsəlmançılığı özlərindən kənar ediblər. Bizə belə oxumuşlar lazım deyil. Biz gərək öz dədə-baba qaydalarımız ilə təlim tapaq və öz köhnə yolumuz ilə gedək. Bizlər köhnə qaydalarımızdan çıxa bilmərik; yoxsa islam əldən gedər. Ona görə sizlər gərək bizə çoxluca pullar verəsiniz ki, köhnə qayda üzrə təzə məktəblər açaq və Tehrandan təzə mollalar gətirək ki, bizim əqidələrimizi düzəltsin”.

Cəlil Məmmədquluzadə3 dəq
Məryəm xanım

İnna lillahi və inna ileyhi raciun*Mən “İrşad”ın sözündən çıxmıram: “Ölülər barəsində ya gərək yaxşı danışasan, yainki heç şey danışmayasan”. “İrşad”ın sözünə baxıb, mən mərhum Qafqaz şeyxülislamı barəsində heç bir şey danışmıram və bir də heç sözüm dəxi qalmayıb; hər nə sözüm var idi, öz sağlığında məcmuəmizin 22-ci nömrəsində yazıb qurtarmışam.

Cəlil Məmmədquluzadə3 dəq
Bəqaüs-səltənə

Mar mar mizənəd, gürzə mar mizənəd*Genə keçən günlər yadım düşdü. Məhəlləmizdə xəbər çıxardı ki, bazarda ilan oynadırlar. Qaçardıq tamaşa eləməyə və görərdik ki, hacılar və kərbəlayılar cəm olub doluşublar bir kişinin başına. Bu kişi qutuları düzüb ortalığa və bir qutunun ağzını açır və bir zorba ilanı qutunun içindən çızardıb atır meydana və üzünü camaata tutub deyir: “hələ bu balasının balasıdı”.

Cəlil Məmmədquluzadə2 dəq
Salam-məleyk

Axund dadaş, qulluğunuzdan ki, mürəxxəs oldum gəldim İrəvana, orada cənab qazi məclisində sizin təkfirinizə hökmi-qəti verdik. Oradan gəldik Zünuza. O altı ildə ziyarətlərindən məhrum olduğumuza, pirləri ziyarət elədik. Amma Axund dadaş, Zünuz əhli bir iş gördülər ki, heç müsəlmançılığa yaraşmaz. De nə elədilər: cəm oldular məscidə. Cəmiən övrət və kişi and içib övrət libasını bilmərrə əvəz elədilər, yəni demək olar ki, haman günü 100 top çit satılıb alındı təzə uzun şalvarlıq. Amma… Heyif ki, 100 topun hamısı urus çiti oldu, heç bir qarış da İran çiti satılmadı!!! Bir də ümumən and içdilər ki, bundan sonra vətən bezindən kəfən alsınlar, dəxi firəng malı işlətməsinlər və pirlərə də dəxi vida etsinlər və urus qəndindən İmam Hüseyn ehsanı verməsinlər. O qəndlərin pulundan üsuli-qədim məktəb açsınlar. Qərəz ki, sağ olsun Zünuz. Oradan gəldik Mərəndə, bəli, gəldik Mərəndə, elə ki, gəldik yetişdik Mərəndə, bazara girməmişdən qabaq şəhərə bir günlük yol qalırdı, yəni Mərənddən əcəb və təkəbbür, qəflət, məstlik, piyanlıq, süstlük, nəmnəmənəlik insaniyyətdən savay hər zadlıq iyisi, üfunəti qalxıb Culfada bizi çaldı, belə ki, biz də az qaldıq Mərəndin bəzi ağayanları kimi olaq. Elə ki bazara girdik, əsli müsəlman iyi: tiryək və şirə və Ağa Həmmadın damadının abcu şərab sandıqlarını sınıb və dağılmaq iyi bizi elə vurdu, az qaldıq ya Ağa Həmmad olaq, ya da damadı. Dedik, şəhərdə carkeşlər car çəkdilər ki, yığılın məscidə, nağıl deyəcəyik. Xəbər gətirdilər ki, bir nəfər seyid cənab Cəfər kəzzabın lap öz oğlu səhihnəsəb və bir də bir nəfər Səffeyn şeyxlərindən cənab himarül-məşayix Hacı Şeyx Həsən ağa haman Binamüsül-sadat ağaya müvafiqət edib xalqa deyirlər ki: baba, çıxın gedin işüzə, bular əncümən adamlarıdır, əncüməni də ki, əlhəmdülillah, rus kazakları gətdi, bu günsabah dağıdarlar, yaxan qurtarar.Dəli*

Cəlil Məmmədquluzadə2 dəq
Fərrux bəy Vəzirov

Oxucularımıza məlumdur ki, nemes tacirlərindən Foryer adında bir nəfər adam noyabr ayının 27-sində Gəncədə ruhani mədrəsəsində beş yüz manat ehsan eləyib və tələbələrə deyib: “Mən çox şadam ki, sizləri elm dalınca gedən görürəm. Oxuyun, müsəlman qardaşlar, oxuyun”.İnsafdan uzaq olar ki, biz bu barədə bir neçə söz danışmayaq.

Cəlil Məmmədquluzadə3 dəq
Oyun-oyuncaq

Yox vallah belə olmaz! Axı, yuxarıda Allah var, axır dünyada bir haqq-hesab var, axır hər bir işin bir qaydası var, yoxsa adam başına deyil ki, hər nə bilir elə də eləsin.Bir il bundan qabaq siz mənə kağız yazıb yalvardınız ki, ay Molla Nəsrəddin, sən Allah biz gəncəlilərə sataşma, biz özgə şəhərlərin camaatı kimi bikar oturmamışıq, biz “Drama cəmiyyəti” açmışıq, bizim “Nəşri-maarif”imiz var, biz “Cəmiyyəti-xeyriyyə” tikmişik.

Cəlil Məmmədquluzadə3 dəq
İran işləri

Bu gün İrandan gələn məktubları oxudum və qəzetlərdə yazılan İran əhvalatını gördüm – dərin fikrə getdim.Öz könlümdə bu saata qədər İranın vüquatını nəzərimə gətirib fikirləşdim, fikirləşdim ki, biləm nə səbəbə İran bu halətə çatdı.

Cəlil Məmmədquluzadə3 dəq
Məsləkimiz

Əvvələn, hər kəs deməsin ki, mən dünyada az bilirəm. Zira ki, hər nə qədər az bilsə, yenə hamıdan çox bilir.Saniyən, çalışıb-vuruşmaq ilə, zəhmət və məşəqqət ilə heç bir işdə qabağa getmək olmaz; çünki hər iş öz qaydası ilə gedəcək və hər nə ki olacaq – elə də olacaq və hər nə ki olmayacaq, – olmayacaq.

Cəlil Məmmədquluzadə1 dəq