'1931
-BƏYAZ ÇÖLLƏR
***

  -Əgər su damənin tutdum, rəvan döndərdi üz məndən
-Və gər güzgudən umdum sidq, əksi-müddəa gördüm.**
-Füzuli*****

  -Xayır, məndən sular dönməz, təbiət pəncəm altında,
-Baxıb ayinəyi-qəlbimdə əksi-aşina gördüm.**
-M.Müşfiq**

Çoxdandır bir şeir yazmamışam mən,
Çoxdandır bir nəğmə tutdurmamışam,
Çoxdandır ayrılıb şeir aləmindən,
Xəyal dənizinə baş vurmamışam.
Fikrim qasırğalı dəryalar kimi
İstənilən qədər dalğalanmamış,
Könlüm uzaq gedən xülyalar kimi
İncə buludlarla çulğalanmamış.
Ürəyim ilk bahar selləri kimi
Atlana-atlana qaynamamışdır.
Ruhum Mil düzünün çölləri kimi
Bəyaz çiçəklərlə oynamamışdır.
Bir kəlmə bulmaqçın xeyli darılıb,
Əzaba, zəhmətə qatlandığım yox.
Aldığım mövzuya candan sarılıb,
Misradan-misraya atlandığım yox.
Nə kiçik bir dərə, nə bir mənzərə,
Keçməmiş zehnimin lövhələrindən,
Şeirsiz, nəğməsiz gəzib bir ara,
Heyhat, oynamamış könlüm yerindən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar