Möcüzə baş verib yer kürəsində,Mənim xəyal adlı məmləkətim var.Müqəddəs ruhların əhatəsində,Bu gecə müqəddəs həmsöhbətim var.

İlahi səs gəlir qədim Gəncədən,Nizami görünür — əsa əlində.O, ulu babamız incikdir deyən,Tapmadıq şerini ana dilində.

Nəsimi yanaşır... o, müdrik, nədim!Səsində qürur var, vardır qəzəb də.Deyəsən edama bir an gecikdim,Məni asaydılar gərək Hələbdə.

Xətai şöhrəti gəzir dünyada —Türkün türkə qılınc çalması, heyhat!Şair güşənişin əgər olsa da,Şahın güşənişin olması, heyhat!O, deyir: Adımız ərşə bəllidir,Ana dilimiz də nur təməllidir.

Füzuli — o, məğrur söz günəşindən,Çəmənlər qızarır lalələriylə.Odlu köynək geyib eşq atəşindənNey tək ürək yaxır nalələrilə:— Nə qədər söz ara, nə qədər söz göz,Əsil sənətkarı dövran istəməz!

Sevimli Vurğunun ruhuyla birgə,Vaqif ağ yollara salır ağ kölgə.Qayadan atırlar,Qartala dönür,Bizim qəlbimizə uçub o qonur,Pıçıldayır: Doğru halət görmədim,Əyri gördüm, özgə babət görmədim!

Sabir qəzəblidir... o ulu insan!Qana susadıqca əli — qanlılar,Onun harayından titrəyir cahan:— Vallah, müsəlmanam, a şirvanlılar!...Mən göydə tuturam tənə daşını,Gərək ki, nadanın əzim başını!

Xızı vadisilə duman sürünür,Bir də görüşərik, Allah kərimdir!Dağdan dağ vüqarlı bir cavan enir —Bu gün o, yüz yaşlım, o Cəfərimdir!Deyir: —Yara dəydi vətən köksünə,Atan kazaklardır, bilirəm yenə!

Sibir şaxtasından,Qurtulmaq üçün,Cavid mərd oğullar çiynində gəlir.Böyük qardaşıyla görüşə bu gün,Müşfiq gəmi ilə Nargindən gəlir.— Oğlum, nə vaxtdı ki, səni gəzirdim.— Ustadım, xoşbaxtam, mən səni gördüm!

Müqəddəs məclisə qonaq düşərkən,Hətta yaddan çıxdı, öz adım, Allah!Doğma dahilərlə mən görüşərkən,İlahi bir gecə yaşadım, Allah!

...Tanrım, bu yuxuydu, ya həqiqətdi?Elə düşündüm ki, sonsuz harayam!Birdən üşütmələr gəzdi canımda,Gecəylə gələnlər, gecəylə getdi.Mənim yellər əsən xanımanımda,Dəhşətlə duydum ki, yenə tənhayam...

Günəşin pərişan nuru saçıldı...Ayrılıq səhəri, niyə açıldın?

23 yanvar 2000

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq