Füzuli ilə söhbət
Tənha oturmuşam nə vaxtdan bəri,Elə bil sönmüşdür ilhamın odu.Təkcə ürəyimin döyüntüləri,Yenə aram-aram pozur sükutu.
Yol alıb sinəmdən min bir söz keçir,Fəqət o ustada layiq görmürəm.Gözümdən yamyaşıl dərə, düz keçir,Niyə çiçək dərib çələng hörmürəm?
Dinlədim quşların təranəsini,Sanki birdən-birə sərin meh əsdi.Eşitdim kiminsə ayaq səsini,Sanki doğma bir əl saçımda gəzdi.
Mehriban baxışlar bulaqtək duru,O çal qaşlar isə qartal qanadı.Nurani üzündə hikmətin nuru,Tanıdım, tanıdım böyük ustadı.
O dindi: "Görürəm, haçandır ki, sənKağızlar içində qurdalanırsan.O nədir, şeirdir yazdığın deyən,Sən də şairmisən, ay cavan oğlan?"
Baxdı lap gözümün içinə şair,Dilləndim astaca, ürəyimdə qəm:— Şair deyəndə ki, axı nə şair,Min şeir yazanın biri də mənəm.
— Bəli, mən bilirəm şairlik nədir,Kimi doğru yazır, kimisə yalan.Son sözü xalq deyir, zaman söyləyir,Şair ki, olmayır hər şeir yazan.
Kim ki, öz elinin dərdini bildi,El onun ömrünü uzadacaqdır.Kim ki, öz elilə ağladı, güldü,El onu qəlbində yaşadacaqdır.
Könlüm bu torpaqdan ayrı deyildir,Şairin ürəyi ilhamsız olmaz...Şeir deməmişəm mən dörd yüz ildir,Ürəyim doludur, deyim, sən də yaz.
Məndən uzaq oldu doğma Vətənim,Daşını ləl bildim, torpağını dürr.Demə, misralarım sızlayır mənim,Ürək gülməyəndə şeir də gülmür.
O dedi, danışdı, çatıldı qaşlar...O dedi, o baxdı, mən isə yazdım...O dedi, əridi zirvələrdə qar...O dedi gün çıxdıMən isə yazdım.
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-fuzuli-ile-sohbet
← → düymələri ilə keçid, R — təsadüfi şeir