Kəlbəcər harayı
Şair dostum Şamil Əsgərova
Çökdü vadilərə bir qara kölgə,
Hay ver, köhnə dostum,
bu gün hardasan?
Ağlayır ürəyin yaş tökə-tökə,
Yurdun viran qaldı,
özün hardasan?
Vaxtsız vida dedi dostlar cahana,
Batdı əzəmətli dağların yasa!
Başsağlığı vermək?
dil gəlmir buna,
Baş necə sağ olsun,
yurd dağılıbsa...
Göylərə dirənir
el ah-naləsi,
Yay kimi gərilmiş əsəbim bu gün.
Sənsən yada nifrət mücəssəməsi,
Mən də qəzəb oğlu qəzəbəm bu gün.
Kədər ümmanında təlatüm sonsuz,
Ürək müsibətə dözməyir daha.
Niyə sədaqətin qiyməti ucuz,
Niyə xəyanətin qiyməti baha.
Qızıl tək kimlərin cibinə gedir,
Güllə atılmamış satılan torpaq.
Dövrün ən dəhşətli müsibətidir,
Yadlar torpağına qatılan torpaq.
Yurdumun görəcək günləri varmış,
Kəndlər də, evlər də
şəhid olarmış!
Göy meşə, gur dəniz, ağ zirvə bizə,
Verilib Tanrıdan
əmanət kimi.
Kim ki əmanətə xəyanət etsə,
Sayılsın ən böyük cinayət kimi!
Torpağı suladı
igidlər qanı,
Cinayət məlumdur,
cani bəs hanı?
Qocaman Murovun uca qoynundan
Qəmli karvan köçür,
dağıl, a dünya!
Məğrur dağlarımın İsti suyundan
Buz qəlblilər içir,
dağıl, a dünya!
Yurdu viran olmuş Dədə Şəmşirin,
Qəbri tapdalandı,
dağıl, a dünya!
Yerin faciəsi göylərdən dərin,
Yer də, göy də yandı,
dağıl, a dünya!
İgidlər sığınır həmişə haqqa,
Haqqı, ədaləti görür Tanrımız.
Dünyada şəhidlər verən bir xalqa,
Ən əvvəl ölməzlik verir,
Tanrımız!
Şerinlə, qəlbinlə
dostum, hər zaman
Sən ana Vətənin hayına çatdın.
Özü təbiətin
muzeyi olan,
Doğma Kəlbəcərdə muzey yaratdın.
Muzey də talandı,
haray, ay haray,
Odlara qalandı,
haray, ay haray,
Ölüm öləcəkdir!
Yaşayır həyat!
Cəlladın qoy tuncdan zirehi olsun!
Sabah Kəlbəcərdə
bir muzey yarat,
Qanlı cinayətlər muzeyi olsun!
Sən ey faciəli,
qayğılı xalqım,
Qəzəbli dərya tək çalxalan, bu gün.
Heç kimə güvənmə,
ey ulu xalqım,
Sən özün-özünə arxalan, bu gün.
Tarixin dolanbac yollarıyla sən,
Həmişə vüqarla,
qalib keçmisən!
Mərd sözünü de hər kəsə,
Öz qüdrətin sənə bəsdir!
Torpaq azad edilməsə,
Azadlıq da quru səsdir!
Qışa düşdün yaz vaxtında,
Sənin işin, sözün haqdır!
Zəfərlərin zər taxtında
Baş tacımız Azadlıqdır!
Çökdü vadilərə bir qara kölgə,
Hay ver, köhnə dostum, de,
sən hardasan?
Ağlayır qəlbimiz yaş tökə-tökə,
Cənnət viran qaldı,
Dillən, hardasan?
Sabah dönəcəyik o yerə hökmən,
Dağları dağlar tək
görəcəyik biz!
Al-əlvan Kəlbəcər çiçəklərindən
Zəfər çələngini
hörəcəyik biz!
Kitabxana.az · https://kitabxana.az/works/nebi-xezri-kelbecer-harayi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
İki gözüm, millətçün zəhmət çəkib çalışma,Yanıb millət oduna pərvanə tək alışma.
DüşsünMüxənnətə can deyəninDili düşsün, dili düşsün.
عشقی که درد عشق وطن بود درد اواو بود مرد عشق که کس نیست مرد او
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,