Zaman vardı məşhur olmaq səadətdi,
O səadət hara uçdu, hara getdi?
Həqarətlə baxıb sənə
Kimsə belə düşünür ki, şöhrəti var,
Demək, varı-dövləti var.

Həris-həris həsəd coşar
Ətrafında dalğa kimi.
Sən qalarsan yad quşların
Arasında fərsiz ala qarğa kimi.
Baxar gözlər qəzəb ilə
yanar-yanar,
O, nə bilsin bu gün sənin
ciblərində siçan oynar.

O, başqa bir aləmdədir,
Üfüqlərə pərvaz edir.
O, atdığı oxlar bu gün
dəymir daşa,
Baxırsan ki, canı yoxdur,
Cangüdəni qoşa-qoşa!
Silahlıdır, yaraqlıdır,
Kim varlıdır, o haqlıdır!

Sənin arzun, öz gücünü
Bir ilahi sözdən alar.
Neçin xalqım belə deyib?
Millət üçün ağlayanlar gözdən olar!
İllər boyu çəkdin millət dərdini sən,
Sən su verdin susuzlara,
Sinə gərdin quduzlara,
Dua qıldın sonsuzlara,
Niyə gəlib yoxsulluğun
Gördün axır həddini sən?

Dünən elə sanırdın ki,
Hər kitab bir xəzinədir.
Bu gün isə kitab nədir, şer nədir?
Nəyə lazım bu gün şer insanlara,
Bacarırsan, sən çörək ver, insanlara!


Məşhur olmaq təhlükədir,
Qara donda ağ ləkədir.
Bəlkə vaxtsız
Geyib ölüm libasını,
Sən,
beləcə verəcəksən,
Qazandığın şöhrətin də bahasını!
Nə gələcək, qoy o gəlsin,
Sən qorxdunsa, sən deyilsən!

Ömür belə çatsa sona,
Qoy desinlər:
O, zamana, zaman ona şahid oldu,
yaşasa da, yana-yana
Soyuq bir qış səhərində,
Ölüm-dirim səngərində
şəhid oldu!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri