Yuxuda dənizlər aşıb-daşırlar,Torpağa iz düşür, daşa iz düşür.Dalğalar sahillə pıçıldaşırlar,Mirvari qumlara qoşa iz düşür.

Uçub qovuşursan uca buluda,Tor gəlmiş gözündən çəkilir duman....Əl çatmaz dünyaya gedib yuxuda,Gənclik illərilə qovuşur insan.

Üz-üzə durursan sən Günəşlə də,Səadət durnanın telində gəlir.Hərdən görüşürsən, ilk görüşlə də,Evə ağ duvaqlı gəlin də gəlir...

Yetimlik köç edir ömürdən bəzən,Yenə doğma ana tutur əlindən.Nə böyük aləmdir analı yuxu,Mənasız cahanda mənalı yuxu.

Axdı gözlərindən yaş gildir-gildir,Yuxudan oyandın... yenə tənha-tək.Dünyanı dəyişmək dəhşət deyildir,Dəhşətdir bir daha yuxu görməmək.

29 dekabr 1992

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri