Səhifə 2 / 9 · 11%

"Rəfiq! Yaxşı yarpaq dolması yemək istəyirsənsə, bu axşam gəl bizə."

Bu sözləri deyib Kərbəlayı Xudaverdinin gözlərinə baxdı ki, bəlkə bu isə şadlığının səbəbini soruşa. Yox, soruşmadı, bununla belə Məşədi Allahverənin dolması Kərbəlayı Xudaverdinin bir az fikirləşməyinə səbəb oldu. Çünki Məşədi Allahverən hər saatda dolma yedizdirən adamlardan deyildi; ona görə Kərbəlayı Xudaverdi təəccüblə rəfiqinin üzünə baxdı:

"Hə, mat-mat nə üçün baxırsan? Soruş, soruş də!" Kərbəlayı Xudaverdi yoldaşının əlindən tutub dedi:

"Doğrudan, bu nə qonaqlıqdır, rəfiq?"

"Qonaqlıq-zad yoxdur, fəqət bir səni çağırıram. Əsil qonaqlıq sonradır...."

"Yəni, necə sonra?"

"A kişi, rəhmətliyin oğlu, nə üçün düşünmürsən? Sonra da! Beş-altı gündən sonra!"

Məşədi Allahverən bu sözləri gülə-gülə deyirdisə də, fəqət içindən qovrulur idi: "Nə üçün bu adamlar bunun şadlığının səbəbini soruşmurlar? Nə üçün belə bir böyük işdən bunların xəbərləri olmasın? Nə üçün bu öz dili ilə gərəkdir desin: "Oğlum dünyaya gəlibdir!...."

Kərbəlayı Xudaverdi çox da nazik mətləb düşünənlərdən deyildi. Hətta "beş-altı gündən sonra" sözləri də buna kifayət deyildi, gərək açıq-açığına deyilə idi: "Beş-altı gündən sonra ad qoyulacaqdır". Məşədi Allahverən daha səbir etməyib bu sözləri özü dedi.

"Ay sağ ol! Sağ ol! Gözün aydın, Məşədi! Gözümüz aydın! Çox əcəb!"

Kərbəlayı Xudaverdinin bu sözləri Məşədi Allahverənin bütün damarlarına işlədi. Yəni bu sözləri Məşədi Allahverən bütün varlığı ilə hiss etdi, sonra guya utanıb yerə baxa-baxa dedi:

"Bəli, allah-taala bizə bir oğul bağışladı."

Bu sözləri deyib Kərbəlayı Xudaverdinin üzünə baxdı, elə bir baxdı ki, guya Kərbəlayı Xudaverdidən yenə də bir söz gözləyirdi. Məşədi Allahverənə xəyal, Kərbəlayı Xudaverdi bunun sözlərindən sonra gərək deyə idi: "İnşaallah, sünnətində, toyunda yeyək, yainki toyunda oynayaq....".

Nə isə, Kərbəlayı Xudaverdi düşünmədi və demədi. Deməyib də əli plovdan çıxdı; çünki Kərbəlayı Xudaverdi gözaydınlığı verənvaxt Məşədinin fikrindən plov da keçdi, fəqət sonra sözlərinin dalı gəlmədi.... Məşədi də ancaq bir dolmalıq alıb apardı.

Məşədi Allahverən hələ çuxasını çıxarmamış böyük mamanı səslədi:

"Hə, əhvalı necədir?"

"Yaxşıdır, yaxşıdır!"

"Göbəyi-zadı öz yerindədirmi?"

"Bəli, bəli!"

Mama "yaxşıdır-yaxşıdır" sözlərini ürəkdən demirdi. Fəqət qabaqda üzgörümçəyi olmağa körə çarəsi yox idi. Nə isə, mama üzgörümçəyi alıb Məşədi Allahverəni uşağın yanına buraxdı.

"Hə, necəsən?"

İstər-istəməz arvadının əhvalını xəbər alıb uşağa baxdı və əlinə götürdü. Bu dəqiqə Məşədi Allahverənin həyatında ən qiymətli, ən hissli bir dəqiqələrdən idi. Neçə illərlə arzusunda olan balanı Məşədi indi əlində tutur. Bu hində Məşədi Allahverənin fikrindən nələr keçmədi: balaca, dəmir, qəşəng kravat. Bir az sonra balaca ərəbə, daha bir az sonra quzu, eşşək, at, fayton, daha nə bilim nə, nə ... hamısı bir-bir fikrindən keçirdi.

Haman bu hində də mamanın fikrindən qeyri şeylər keçirdi. Böyük mama təcrübəli bir mama idi: doğrudur, elmsiz idi, oxumamışdı, fəqət təcrübəsi çox idi. 20 il idi mamalıq edirdi. Bu iyirmi ilin ərzində çox balaları gözdən keçirmişdi. Bu uşaq qeyri uşaqlara bir az oxşamayırdı: üzü şiş, başı qədərindən yekə bir uşaq idi və bir az da qeyri bir iy verirdi....

Günlər keçdi, aylar keçdi, balaca Cəbi yavaş-yavaş boy atırdı, fəqət həmişə zəif, üzü kiçik, başı isə günbəgün zorbalaşırdı. Nə ki, danışmaq, yerimək vaxtı deyildi, Məşədi Allahverən və arvadı uşağın başına və zəif olmağına çox da diqqət etməzdilər. Hətta qeyrilər Məşədi Allahverənə uşağın başına dair bir söz söyləyəndə, Məşədi gülə-gülə deyərdi: "Görünür ağıllı olacaqdır". Hətta belə bir şey eşitmişdi və yainki istəyirdi eşitsin ki, başı böyük adamın ağlı da çox olar....

Nə isə, vaxt yetişdi: gərək uşaq iməkləsin, yerisin, gülsün, danışsın, şad olsun.... Fəqət Cəbidə bu əhvalatlar görünmürdü. Cəbini haraya qoyurdun orada dinməz-söyləməz uzanırdı. Verəndə yeyirdi, verməyəndə heç. Su istəyəndə dodaqlarını bir-birinə sürtürdü. Çox vaxt matdım-matdım bir nöqtəyə balaca gözləri ilə baxırdı. Fəqət bu gözlərdə təbii şəfəq, qığılcım yox idi. Alnı qabağa çıxıb gözləri çuxura düşmüşdü. Ümumi zəiflikdən başqa ayaqları da əyri bitirdi. Ayaqlarını ələ alıb buraxanda sanki bir rezin (trubka) kimi yerə düşürdü....

Nə isə, bir çox dualardan, nəzirlərdən sonra bir gün Gülbadam ərinə dedi:

"Şəhərə, deyirlər, bir yaxşı həkim gəlibdir. Gələsən aparaq uşağı bir baxsın."

Məşədi əvvəl dinmədi. Sonra razı oldu. Sabahı Gülbadam qonşusu Pərini də götürüb həkimə getdi.

Həkim diqqətlə uşağa baxıb başını buladı və xeyli fikrə getdi. Arvadlara naxoşa dair bir söz də deməyib dərman yazdı. Fəqət dedi ki, çox yaxşı olardı ki, uşağın atasını görmək.... Arvadlar evə qayıdıb əhvalatı Allahverənə nağıl etdilər. Məşədi dedi:

"Mən əvvəl heç razı deyildim ki, siz uşağı həkimə aparasınız, çünki bu həkimləri mən jaxşı bilirəm, yaxşı tanıyıram. Bir az çətinə düşəndə, ya mərəzi tapmayanda, naxoşun atasını istərlər, anasını çağırarlar, babasını qəbirdən çıxartmaqdan da bunlar çəkinməzlər.... Gör nə axmaq-axmaq sözlərdir. Naxoşdur, gəlibdir bax, müalicəni et, yoxsa sənin atası ilə nə işin? Xeyr, bunlar boş sözlərdir....

Yenə dualar, yenə cadubazlıq meydana gəldi. Fəqət Gülbadam çox da duaya-zada inanan deyildi. Bir azdan sonra Gülbadam uşağı daha bir təzə gəlmiş həkimə apardı. O da diqqətlə baxıb dedi ki, atasına baxmaq lazımdır. Bu dəfə Gülbadam ərindən izinsiz getmişdi. Gülbadam əhvalatı açıb dedi:

"Doğrudan, gələsən bir özün həkimə gedəsən, görək nə demək istəyir. Mən səndən izinsiz təzə həkimə getmişdim. Uşağa diqqətlə baxıb o da dedi, atasını görsək yaxşı olardı.

Məşədi Allahverən istədi çığır-bağır etsin. Ancaq uşaq yatırdı, bir söz də söyləmədi. Sonra öz-özünə fikir edirdi: "Yaxşı, həkim məni yeməyəcəkdir ki, bəlkə doğrudan da fikir edir ki, arvad xeylağı onun dediklərinə layiqnncə əməl edə bilməyəcəklər. Onun üçün kişi xeylağı çağırır". Bu fikirdə ikən Məşədi Allahverən səhəri həkimə getdi.

Həkim uşağı görüb bir neçə xəyallara düşmüşdü. Mərəzin səbəbini bilmək istəyirdi. Çünki haman mərəzin bir neçə səbəbi ola bilərdi. Dürüst səbəbini bilib müalicəsinə girişmək istəyirdi. Məşədi Allahverən həkimə özünü tanıdıb soruşdu:

"Həkimbaşı, mənim uşağımın mərəzi nədir?"

Həkim dedi:

"Uşağın beynini su alıbdır. Ayaq sümükləri də əyri bitibdir. Mənimcə, səbəbini atasında və anasında aramaq lazımdır və tez də müalicəsinə şüru etmək gərəkdir. Yoxsa uşaq ya tez tələf olar və yainki ağılsız, çolaq bir vücud qalacaqdır. Bunu da demək lazımdır: mərəz ağır bir mərəzdir....

Bir çox söhbətdən sonra məlum olur ki, Məşədi Allahverən bir vaxt kif azarına mübtəla olubmuş. Bir az sonra yenə də məlum olur ki, Gülbadamın əvvəlki əri də bu mərəzə düçar olubmuş ki, bu mərəzdən tez tələf olur. Deyirlərmiş guya azar beyninə vurubmuş. Sonra yazıq Gülbadamın ağzında bir yara var imiş və həkim əri içdiyi davanı buna da verərmiş....

Həkim bu məlumatı yığıb, mərəzin səbəbini özü üçün aşkar etdi və müalicəsini tədriclə başlamaq istədi. Bununla belə Məşədi Allahverənə və Gülbadama dedi:

"Hərgah istəyirsinizsə belə bədbəxt balalarınız bir də dünyaya gəlməsinlər, özünüzə müalicə ediniz...."

Həkimin bu sözləri Məşədi Allahverənin heç beyninə batmadı, qulağına heç girmədi. Bu fikir edərdi: "Həkim boş sözdür söyləyir. Bu doğrudur, 30 yaşında bərk kif azarına mübtəla olmuşdum. İndi bu iyirmi ilin ərzində bədəndə azarmı qalar?" Fəqət onu düşünməyirdi ki, ikinci arvadının uşaq düşürməyinə də bunun mərəzi səbəb olmuşdu. İndisə iki tərəfdən--həm Gülbadam və həm özü Cəbi kimi bədbəxt bir uşağın dünyaya gəlməsinə səbəb olduğunu nəinki düşünmürdü, hətta həkimin sözlərini cəfəng bir şey hesab edirdi. Daha həkim sözü yanında danışmaq olmurdu. Yenə dualar yazıldı, nəzirlər çıxıldı.... Axırda fikir etdi ki, "uşaq anadan olan vaxt Gülbadam çox zəhmət çəkdi, axırda "qoz ağacı--pirə" nəzir dedikdə uşaqdan xilas oldu.... Nə üçün daha oturmuşam!...." O idi ki, Məşədi Allahverən cümələr uşağı pirə aparırdı. Bu cümə də axşamdan pirə getmək üçün hər bir şey hazırlamışdılar. Ona bina Məşədi Allahverən namazını qurtarıb Gülbadama deyirdi ki, uşağı durquzsun.

II

Bu cümə pirə gedən tək bir bunlar deyildilər. Çox adam gedirdi. Hər məhəllədən iki-üç nəfər adam uşaqları ilə bir yerdə arabaya, faytona, ata, eşşəyə minib gedəcəkdilər və hər biriiin getməyinə də bir səbəb var idi. Biri Məşədi Allahverən kimi oğlunu aparırdı, digəri anadanolma, yainki sonratapma çaxotkalı qızını yanına salmışdı. Üçüncüsü vaxtında müalicə etməyib traxoma göz ağrısından əbədi kor olmuş atasını yedəkləyirdi, dördüncüsü ərə getmiş doğmayan qızını yanına salmışdı. Daha bir çoxu da Sibirə gedən oğlanları üçün nəzir aparırdılar.... Nə isə, hər cümə günü kar, kor, şil, çolaq, çaxotkalı, yaralı, qızdırmalı, qarnı ağrıyan, övladı olmayan, oğlan doğmayan, dul arvad, dul kişi, sonsuz, kimi arabada, kimi faytonda, kimi piyada pirə gedən yolu tapdalayırdılar. Bunların içindəhətta elə bir arvadlar var idilər ki, ərləri pirə qoymayanda cümədən qabaq yuxu da görərdilər. Səhər durub ərinə deyərdi: "Rəhmətlik ananı pirin qapısında durmuş gördüm, məni görəndə dedi: "Ay balam, sənin yolunu gözləyirəm. Nə üçün iki cümədir gəlmirdin...." Bu sözlərdən sonra əri də yumşalıb nəinki rüsxət verərdi, hətta nəzir də göndərərdi. Elə vaxt olardı ki, kişilər özləri də cümə günləri işsiz qalıb pirə gedərdilər. Fəqət çox adam Məşədi Allahverən kimi "mühüm məsələni" həll etmək üçün gedərdi, elə də deyildi ki, işsiz gedən kişilər pirə inanmasınlar. Xeyr. Bu şəhərdə dürlü-dürlü adamlar vardı, kimi Məşədi Allahverən kimi səmim-qəlbdən inanmışdı, kimi ondan bir az. Kimi nəziri qəbula keçməyib, inanmasa idi də, ürəyindəkini heç kəsə deməzdi, şübhəli idi. Doğrudan da, inanmamaq da olmazdı. Çünki bir də eşidirsən deyirlər: filankəsin neçə il imiş övladı olmur imiş, pirə nəzir deyibmiş.... İndi övladı olubdur. Filankəsə on beş gün həkim baxıbdır, bir şey çıxmayıbdır. Elə ki, pirə nəzir çıxıblar, dərhal şəfa təri gəlib, yaxşı olubdur.... Filankəs filan şeyini itirmişdi, pirə nəzir dedi, tapıldı.... Nə bilim, daha nə ... nə.... Fəqət il uzunu pirə sürünən çolaqlar, korlar, karlar, çaxotkalılardan səs çıxmayırdı....

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü məclis

Sonanın yatacaq otağı. Çarpayı, balaca miz, stullar.S o n a (pəncərənin qabağında oturub kitab oxuyur, hərdənbir gözlərini kitabdan götürüb fikrə gedir). Bu kitabda yazır: arvadların azad olmaqları özlərinə bağlıdır. Kişilərə ümid bağlayırlar isə öz məqsədlərinə çatmazlar. Mən də bu fikirdəyəm. Görəsən Bahadırın bu məsələdə fikri nədir? Burada olsaydı, soruşardım. Bu barədə bir saat mübahisəmiz olardı.... Mən çox vaxt ürəkdə onun sözlərini qəbul edirdim. Fəqət mübahisəmiz uzansın deyibən qəsdən dediyini qəbul etməzdim.... Məsələn, Bahadır burada olsaydı, mən deyərdim: xeyr, kişilər arvadları insan bilirlər isə özləri gərəkdir onlara azadlıq verələr. (Gülə-gülə.) Mənim sözlərimi qəbul etməyib, həm də tarix kitablarını, fəlsəfə inşalarını tökmüşdü, mənə dəlil gətirmişdi: "Xeyr, xanım! Arvadlar özləri hürriyyət qazanmasalar, kimsə onlara hürriyyət verməz. Təbii, hürriyyət heç vaxt verilməyibdir, alınıbdır" deyirdi. (Fikirdə). Ah, nə gözəl günlər! Nə gözəl saatlar! İnsanın ağlı mübahisə meydanında, əcəba, nə gözəl işləyir! İndi tək, günlərim bu kitablar arasında gedir. (Fikirdə.)

191510 dəq
Dördüncü məclis

Peterburqda Bahadırın otağı: yazı stolu, divan, kreslolar.... Stol üstündə kitablar. Bahadır oturub yazır və hərdənbir fikrə gedir.ƏVVƏLİNCİ GƏLİŞ

191513 dəq
Beşinci məclis

Dəlilər evi. Səhnənin bir tərəfində ev, qabağında bağça, bağça ətrafında hasar. Dəlilərin paltarları: başlarında ağ dəsmal, üstlərində uzun ağ xələt, don, ayaqlarında ağ corab.Ə v v ə l i n c i d ə l i. (Səhnədən dəli deyil, fəqət anadanolma ağıldan kəm bir vücud səhnənin sol tərəfində oturub gözlərini bir nöqtəyə dirəyir, əlindəki kağızları çeynəyir).

19152 dəq
Şeytan bazarda

Bilməyirəm, qeyri müsəlman məmləkətlərində varmı-yoxmu, fəqət Qafqazda müsəlman şəhərlərinin hamısında "Şeytan bazarı" namında bir uram və ya bir məhəllə olmağını bilirəm. Təəccüb burasıdır ki, Tiflis müsəlman şəhəri olmaya-olmaya müsəlmanlar olan məhəllədə də Şeytan bazarı məlum məşhur bir bazardır. Qeyri yerlərdə bu bazarlara nə üçün Şeytan bazarı deyirlər isə bilməyirəm, fəqət Tiflisdə Şeytan bazarının tarixi vardır. Qədimdən həmin Şeytan bazarı doğrudan da bir şeytan yuvası idi: adam öldürərdilər, harada? Şeytan bazarında. Cib kəsərdilər, harada? Şeytan bazarında. Filan hacının oğlu var-yoxunu qumara uduzardı, harada? Şeytan bazarında. Filan Sibirə göndərilən, sonra qaçıb gələn adamı harada tapardılar? Şeytan bazarında. Biçarə kəndçiləri (...) soyardılar, harada? Şeytan bazarında. Böylə bir tarixi olan bazara Şeytan bazarı deməyib nə deyəcəksiniz?Qədimdə, yadıma gəlir, bu bazarda bir adət də var idi: qəribə, adətdən dişqarı bir paltarda adam görsəydilər, Şeytan bazarının cavanları ona sataşardılar. Məsələn: allah eləməsin bir adam kürkünü tərsinə geyinə idi o saat görərdin bazardan keçəndə hay-huy səsi bazarı götürərdi. Hay-huy səsi cəhənnəm! Nə olacaqdır. Boğazlarını çox da yırtsınlar. Amma, allah göstərməsin, qarpız qabığından. Bir də gördün hər tərəfdən qarpız qabığı başına yağış kimi yağır. Doğrudur, bu qarpız qabığı qulağın yanında vız edib getsə, genə xoşbəxtlikdir, fəqət yaxşı nişana vuranların əllərindən (çıxan) qarpız qabığı vız etməyib lap peysərə yapışıb qalır. Bu yamandır!

4 dəq

Başqa şairlərin şeirləri