Səhifə 5 / 13 · 31%

Ankaradan uzaqlaşdıqca kəndlərin görkəmi daha yoxsul görünür. “Cahanbəyli” qəzadır. Cərgə-cərgə qovaq ağacları var, evlərin üstü qırmızı kirəmitlə örtülüdür. “Qırqışla” kəndinin yanından keçdik. Boz və cansıxıcı mənzərələrdir. Konyaya əlli kilometr qalmış, yenə yaşıllıq zonası başlayır. Düzlər, təpələr yamyaşıldır. “Aşağı pinar başı” kəndi, Qayacıq kəndi yaşıllıqlar içindədir. Bütün keçdiyimiz yol boyu bizə rast gələn kəndlərin demək olar ki, hamısında gözəl üslubda tikilmiş minarəli kiçik bir məscid görünürdü. Məgər türk kəndlisi bu dərəcədə dindarmıdır ki, hər üç-beş evdən ibarət olan bir kənddə came tikdirir? Bu sual məni düşündürürdü. Bir türk dostumuzdan soruşdum ki, türk kəndliləri mömindirlərmi? O gülüb dedi: – Yox, canım, türk kəndlisi Xorasana ancaq hamamda çimmək üçün gedir. Doğrudanmı belədir? Elə isə bu hədsiz-hesabsız camelər nədir? İnsanları həmişə itaətdə, həmişə qul saxlamaq, şüurunu, beynini kütləşdirmək... Bu qəmli və təsirədici azan səsləri və mərsiyələr hamısı insanı ağır mənəvi bir siqlət altında saxlamaq üçün deyilmi?

Keçmişdə Avropa ölkələrini gəzdiyim zaman əzəmətli xristian məbədlərində dinlədiyim orqan musiqisi də, kəlisa xoru da eyni məşum məqsədi daşımırmı?

Konya şəhərinə çatdıq. Orta əsrlərin məşhur mütəfəkkir şairi Cəlaləddin Ruminin – Mövlananın türbəsi olan şəhər, yarısı təpəli, yarısı düzənlik, məscidli, minarəli, al-əlvan bazarlı, çox köhnə və çox təzə binaları olan şəhər, qara geyimli, qara örtüklü, üç ətək tumanlı qadınları, son modalı kostyum geyib əlində təsbeh çevirən gəncləri olan ekzotik Şərq şəhəri Konya...

Mövlananın türbəsi olan məscid 1512-1520-ci illərdə tikilmişdir. Qərbə, Qərbin böyük məhəbbətinə inanan, şəriətə, etiqada zidd olan Şərqin böyük mütəfəkkirinin türbəsi indi din ocağına çevrilmişdir. Yalnız son 50-60 ildən bəri Mövlana muzeyi dini mərkəz olmuşdur.

Mövlana muzeyinə girərkən Nazim Hikmətin hələ uşaq ikən Mövlanaya yazdığı şeri xatırladım:

Sararkən alnımı yoxluğun tacı
Könüldən silindi nəşəylə acı,
Qəlbə məhəbbətdən buldum əlacı,
Bən də müridinim, iştə, Mövlana...

Əbədə sədd çəkən zülməti dəldim,
Eşqi içdən duydum, ərşə yüksəldim
Qəlbdən təmizləndim, hüzura gəldim,
Mən də müridinim, iştə, Mövlana.

Doğrudanmı, Mövlana, sənin hüzuruna gələnlər qəlbdən təmizlənib gəlirlər? Sən qəlb təmizliyini, mənəvi paklığı hər şeydən müqəddəs tuturdun.

Muzeyin içərisinə girdik. Mövlananın türbəsinə tərəf getdik. Onun məzarı üstünə qızıl saplarla naxışları işlənmiş böyük, ağır bir örtük salınmışdı. Mövlananın atasının qəbri də buradadır. Başdaşının çox hündür olması diqqəti cəlb edir. Rəvayətə görə Mövlananın atası, oğlunun cənazəsini həmin bu türbəyə gətirdikləri zaman, təfəkkür aləminin bu böyük bahadırına hörmət ifadəsi olaraq məzarından ayağa qalxmışdır. Mövlana orta əsrlərin fars dilində yazan məşhur mütəfəkkir şairidir. O, məsnəvisində deyir: insanın qiyməti onun tutduğu mövqedən asılı deyil. O, ürək azadlığını, arzu-dilək azadlığını tərənnüm etmiş şairdir. Allah varlığı yaradan qüdrət deyil, varlığın özü bir Allahdır – fəlsəfəsini irəli sürmüşdür. Mövlananı zındıq – asi-dinsiz hesab edərlərmiş, heç bir müsəlman 50-60 il bundan əvvəl bu muzeyə girməzmiş. Mütəfəkkir, filosof bir şairin qəbrini indi dini mərkəzlərdən biri görmək ağlasığmayan mənzərə idi.

Mövlana mərasimlərində musiqi, rəqs, şərqilər ifa edilər, Mövlananın müridləri olan dərvişlər vəcdə gəlib Allahla bir olduqlarını söyləyərlərmiş.

Müsəlman dini insan surəti çəkməyi günah hesab etmiş, Allahın yaratmış olduğu bəndənin yenidən insan tərəfindən yaradılmasını qadağan etmişdir. Bəlkə də elə bu səbəbə fitri istedadı olan Şərq rəssamları bütün sənətkarlıq qüdrətlərini xəttatlığa sərf etmiş, bu sahədə möcüzələr yaratmışlar. Məsnəvinin misilsiz bir sənət əsəri kimi incə xətlərlə yazılması bunu təsdiq edir.

Mövlana muzeyinin yanında Səlimiyyə camesi vardır. 1558-66-cı illərdə osmanlı padşahı II Sultan Səlimin şahzadəliyi zamanı klassik osmanlı memarlığının parlaq nümayəndəsi memar Sinanın üslubunda tikilmişdir. Bu came İstanbuldakı Fateh camesinə bənzəyir. O, türk-islam memarlığının ən gözəl nümunələrindən biri hesab edilir. Camenin içərisinə ayaqqabılarımızı çıxarıb girdik. Came əzəmətli bir sükut içərisində idi. Şəriət qanunlarını bilmədiyimizdən camenin yumşaq xalılarının üzəri ilə gəzə-gəzə divarlara və hündür günbəzə tamaşa edirdik. Demə, kənarda oturub namaz qılan kişilər varmış, biz onlara əhəmiyyət verməyib yuxarı baxır, imamların, peyğəmbərlərin ərəb əlifbası ilə yazılmış adlarını oxumağa çalışırdıq. Namaz qılan adamın qabağından keçmək olmazmış, bu səbəbə namaz qılanlar pərdəni çəkib pərdə arxasında ibadətə davam etdilər.

Camedən çıxıb yaxındakı cərgə-cərgə düzülmüş suvenir mağazalarına tərəf yollandıq. Bu mağazalarda Mövlana mövzularında saysız-hesabsız, cürbəcür, müxtəlif çeşidli şeylər vardı. Girdə mis üzərində çəkilmiş Mövlana rəqsləri, Mövlana türbəsi, Xacə Nəsreddin rəsmləri, üzərinə “Maşallah”, “Bismillah” yazılmış taxta qaşıqlar, Konyanın müxtəlif yerlərinin şəkilləri, fincanlar, muncuqlar, xor-xor qəlyanlar, təsbehlər...

Kitab mağazalarında çox qədim kitablarla yanaşı Avropa kino gözəllərinin yarıçılpaq rəsmləri, turistlər tərəfindən həvəslə alınan kiçik həcmdə basılmış “Quran”lar satılırdı. Kitab satışı ən aktiv ticarət növlərindən biridir. Kitabın nə mövzuda, nə məzmunda olması şərt deyildir, əsas məsələ onun satılması, yayılması və ticarət əhəmiyyətidir.

Konyada İzzət Qoyunoğlunun muzeyini gəzdik. Bu muzey iki-üç kiçik və darısqal otaqda yerləşir. Alt qatda Qoyunoğlunun yaşadığı otaq var. Otağın qapısında “İçəri girilməz” sözləri yazılmışdı.

Qadın təbiətimi yenə saxlaya bilməyib başımı qapıdan içəri uzatdım. Otaqda yerə kilim və xalça döşənmiş, Şərq üslubu ilə döşəkcə və mütəkkə qoyulmuşdu. Podnosda armudu stəkan yanında çaynik və kiçik qəndqabı vardı. Heç bir mebel yox idi. Ancaq pəncərənin ağzında çıraq və çoxlu kitab var idi. Bu otaqda yaşayan adamın həmişə yalnız kitablar aləmində olduğu aşkar duyulurdu.

Bizi həyətdə bir oğlan uşağı qarşıladı. Həyət elə özü də bir muzey idi. Burda qulağı kəsik, burnu əzik, qolsuz, qıçsız, çox qədim daş, mərmər heykəllər, çox böyük həcmdə küplər var idi. Küplərin içinə gödəkboylu kök bir adam rahatca yerləşə bilərdi.

Səsimizi eşidən Qoyunoğlu özü qarşımıza çıxdı. Hardan gəldiyimizi bilincə xoş-beş eləyib xeyli hörmət göstərdi. Muzeyin otaqlarını gəzdirib özü izahat verməyə başladı. İzzət bəyin əynində darçını rəngdə velvetdən nimdaş bir kostyum vardı. O yaşlı bir adam idi. Darısqal pilləkənlə yuxarı qalxdıq. Bu muzeydə nələr yox idi! Qədim əlyazmaları, Nəsimi və Füzuli divanı, rəsmlər, qiymətli əl işləmələri, daş-qaşlar, bəzək şeyləri, qədim silah növləri. Çox gözəl bir qadın surəti diqqətimizi cəlb etdi. İzzət bəydən soruşdum ki, bu kimin əsəridir? – Onu bir azərbaycanlı rəssam çəkmişdir, – dedi. – Rəvayətə görə rəssamın sevgilisi Xədicə Sultanın rəsmidir.

Xədicə Sultan çox nəcib və məlahətli gözəl idi. Bəlkə, rəssamın xəyalı onu belə yaratmışdı.

Biz darısqal muzeydəki sərvətə heyran qalmışdıq. Belə sərvəti bu halda saxlamaq olarmı? Əgər ehtiyatsızlıq ucundan bir kibrit düşsə, bu muzey bir an içində yanıb külə dönə bilər. Sonralar biz öyrəndik ki, Qoyunoğlunun muzeyindəki materiallara amerikanlar və almanlar çox böyük pullar təklif etmişlər. Həyatının 40-50 ilini sərf edib bu misilsiz sərvəti böyük bir səylə toplamış həqiqi vətənpərvər insan vətənin xəzinəsini heç bir yadelliyə verməmişdir. Qoyunoğlu bu şəxsi sərvətini öz xalqına, öz millətinə bağışlamışdır. Biz bu sözləri eşidərkən çox həyəcanlandıq. Rəsul İzzət bəyi qucaqlayıb öpürdü. O çox riqqətlənmişdi. Rəsulun ala gözlərində yaş parlayırdı. Mən də kişini qucaqlamaq üçün qollarımı açdım. Lakin özümü saxlayıb yalnız əlini hörmətlə sıxmaqla kifayətləndim. Belə böyük bir sərvətə sahib olub, bu qədər sadə və təmənnasız həyat keçirmək əsl vətənpərvərlik, fədakarlıq nümunəsi deyilmi?

Həyətdə İzzət bəylə şəklimizi çəkdirdik. Muzeyin həyətində ağ mərmər daş üzərində Türkiyə maarif naziri Həsən Ali Yücalın imzası ilə bu sözlər yazılmışdı.

“Bu evdə kitablar deyil, əsrlərin fikir və hissləri var. Burası əski əsərlərlə deyil, ölməyən fikir və hiss ulularının kölgələri ilə doludur. Burası böyük adamların məclisidir. Onları dəvətlə buraya toplayan, dəyər bilir Qoyunoğluna minnət duymaq bizə vəzifədi”.

İzzət Qoyunoğlu gəncliyində uzun illər dəmiryol müfəttişi vəzifəsində işləmişdir. Şəxsi təşəbbüsü ilə 1913-cü ildə bu muzeyi təsis etmiş və yalnız 1954-cü ildə onu aça bilmişdir. Bir adamın şəxsi hünəri ilə toplanmış bu mənəvi xəzinə türk xalqının misilsiz sərvətlərindən birisidir.

Sonralar biz Ankarada və İstanbulda alim və yazıçı dostlarımıza bu muzey haqqında söhbət edərkən onlar bizə belə deyirdilər: Türkiyə muzeylər ölkəsidir. Burda bir came bir muzey, bir əlyazmaları xəzinəsidir. Qoyunoğlunun muzeyi kimi muzeylər ölkənin bir neçə yerində, Üsküdərdə, Qeysəridə və başqa yerlərdə vardır.

Olsun, bu daha yaxşı, amma sərvətin qədrini bilmək lazımdır. Hər addımda gözəl lokantalar, çayxanalar quran məmləkət bu nadir xəzinə üçün də əlverişli şərait yaratmalıdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri