Səhifə 7 / 13 · 46%

Yol boyu radio ilə aşıqların səsi gəlir: aman bu qızların əlindən, bu qızların əlindən... Yandım qara telindən, qara telindən...

Bəzən də aşıq, qızların dilindən fəryad qoparırdı: indi məni almaz isən sonra peşiman olarsan...

Rəsul avtobusun pəncərəsindən çöllərə tamaşa eləyir, o öz fikirlərinin aləmindədir. Mən də uzun yol gedərkən düşünməyi sevirəm. Yol insanın fikirlərini kələf kimi açır, fikirlər bir-birinə bağlana-bağlana insanı çox uzaqlara aparır.

İstanbul yolunda Nazimi düşünürəm. 1954-cü il oktyabr ayında bir qrup Azərbaycan şairi, Zaqafqaziya şairlərinin yığıncağında iştirak etmək üçün Tbilisiyə getdik. Qrupumuza Rəsul Rza, Osman Sarıvəlli, Məmməd Rahim, Mirvarid xanım, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri daxil idi. Rustaveli adına teatrda şeir gecəsi təşkil edilmişdi, bu gecədə biz də şeir oxuduq. Nazim Hikmət, doktoru Qalina Qriqoryevna ilə Qaqradan, istirahətdən qayıdırdı. Tbilisidə bir neçə gün qalıb, Moskvaya yola düşəcəkdi. Onunla görüşdük, bu, xoş bir təsadüf oldu. O bizim çıxış elədiyimiz şeir gecələrində, şəhərkənarı gəzintilərdə iştirak edirdi. Xəstəlikdən sonra özünü zəif hiss etdiyi üçün çıxış eləmir, yalnız şairləri dinləyirdi. Şeir gecələrindən birində mən də şeir oxudum. Çıxışdan sonra məni təbrik edib dedi:

– Qızım, o gün olsun İstanbulda belə kürsüdən şeir oxuyasan.

– İnşallah, ustad, İstanbula bərabər gedərik, – dedim.

– Mən o günü görməyəcəyəm, siz görərsiniz, uşaqlar İstanbulu gəzdirib göstərərlər, gözəl şəhərdir İstanbul!

Mən keçən gəlişimlə də onun bu sözlərini xatırlayıb məyus oldum. İstanbulu görmək ona qismət olmadı.

Bir neçə il sonra biz yenə onun Moskva yaxınlığındakı yay evində idik. Bütün ailəmizi Peredelkinodakı bağına qonaq çağırmışdı. Yuxarı qatdakı qonaq otağında, rəflərdə müxtəlif dillərdə basılmış çoxlu kitabları vardı. İtaliyada basılmış qalın bir kitabını bizə göstərdi. Çox gözəl çap edilmişdi.

– Nə gözəl kitabdır, təbrik edirəm, ustad – dedim.

– Sağ ol, qızım, – dedi. Fikirli idi. – Şairi ilk öncə öz xalqı, öz doğma dilində oxumalıdır, – dedi, – mənim isə vətənimdə kiçik bir kitabım basıla bilmir.

Ankarada kitab mağazalarını gəzərkən Nazim Hikmətin Türkiyədə basılmış çoxlu kitablarını gördük. Həm Nazimin öz əsərləri, həm də Nazim haqqında yazılan əsərlər çox idi. Bunların içində sovet alimi Radi Fişin böyük həcmli “Nazim Hikmət” adlı kitabı da türk dilində basılmışdı. Başqa bir kitabda isə Nazim haqqında yazılan bütün yaxşı və yaman yazılar hamısı toplanmışdı. Böyük bir şairin başından yağdırılan çirkabı görəndə insan ikrah hissi duyur, qəzəblənir, yanır, yaxşı ki, onlarla yanaşı şairə yüksək qiymət verən yazılar da dərc olunmuşdur.

Ankarada kitab satanlardan birindən xəbər aldıq ki, Nazimin kitabları satılırmı? – Əlbəttə, satılır, Allah ona rəhmət eləsin, onun kitabları olmasa ac qalardıq, – dedi.

Yenə fikrim Nazimə aid xatirələrlə doludur, axı biz İstanbula gedirik. Nazimsiz, Nazimin əziz, unudulmaz xəyalı ilə onun İstanbuluna gedirik.

Sonralar da Nazimlə Moskvada və Bakıda çox görüşdük. O bizi həm dost, həm də oxucu kimi axtarırdı. Görüşəndə yeni yazdığı şeirləri oxuyar, çeşməyinin altından əsərin bizə necə təsir bağışladığını müşahidə edərdi. Bakıda bizim evdə “Saçları saman sarısı” əsərini oxudu, Moskvada da mehmanxanada öz evində bizə şeirlər oxuyardı. 1963-cü il aprel ayında Moskvada idik. Nazim “Moskva” mehmanxanasına gəlib bizimlə vidalaşdı. ADR səfərinə hazırlaşırdı. Çox həyəcanlı idi, danışır, gülür, həyatından məzəli hadisələr nəql edirdi. Əynində açıq şabalıdı rəngli kostyum vardı, çox gözəl geyinmişdi. Kişilər nadir halda incə zövqlə geyinməyi bacarırlar. Əksər hallarda kişi kostyumları müəyyən bir trafaretdən kənara çıxmır. Nazimin kostyumu, köynəyi və ayaqqabılarının rəngi gözəl bir ahəng təşkil edirdi. Geyimini təriflədim, xoşuna gəldi.

1963-cü il iyul ayında isə biz Bakıda onun ölüm xəbərini aldıq. İyun ayının üçü idi. Evdə yanıma gəlmiş bir qadınla söhbət edirdim. Rəsul iş otağında radioya qulaq asırdı. Rəsulun əsəbi səslə məni çağırdığını eşitdim. Özümü onun otağına saldım. Rəsul ağlayırdı. Mən qorxmuş halda: – Nə olub? – dedim. – Nigar, Nazim vəfat etmişdir, – dedi. Hər ikimiz ağlayırdıq. Yanıma gəlmiş qadın: – Sizə nə oldu, yoxsa müharibə başladı? – deyə narahat bir maraqla soruşdu. – Yox, – dedim. – Bizim çox əziz dostumuz ölüb, Moskvada.

Ertəsi gün iyunun 4-də Nazimin dəfn mərasimində iştirak etmək üçün səhər tezdən təyyarə ilə Moskvaya uçduq. “28 Aprel” küçəsindəki çiçək mağazasında bizə çox böyük və çox gözəl bir dəstə gül hazırladılar. Nazim Azərbaycanı, onun poeziyasını, musiqi sənətini çox sevirdi. Mədəniyyət bayramlarımızda – Füzuli, Mirzə Fətəli Axundov, Sabir yubileylərində iştirak etmiş, bayram məclislərimizi bəzəmişdi. İndi Azərbaycan torpağının bir dəstə gülü onun tabutunu bəzəmək üçün təyyarə ilə Moskvaya uçurdu. Moskvaya çatan kimi gülləri suya qoyub pəncərənin ağzına apardım. Hava və su dəyən güllər dirçəlib lap təzə oldular. İyun ayının beşində Nazimin cənazəsini Mərkəzi ədəbiyyatçılar evindən götürəcəkdilər. Dəfn mərasimində iştirak etmək üçün xarici ölkələrdən də nümayəndələr gəlmişdi. Polşadan, Almaniyadan, Bolqarıstandan, Çexoslovakiyadan və başqa bir sıra ölkələrdən Nazim yaradıcılığının pərəstişkarları olan yazıçılar gəlmişdilər. Moskvanın görkəmli ədib və şairləri də buraya toplaşmışdılar. Nikolay Tixonov, İlya Erenburq, Boris Polevoy, K.Simonov, A.Surkov, Slutski və başqaları matəm mitinqində iştirak edirdilər. Çıxış edənlər Nazimin müasir dünya poeziyasının ən böyük nümayəndələrindən biri olduğunu qeyd edir, məhsuldar yaradıcılığına və ictimai fəaliyyətinə yüksək qiymət verirdilər. Azərbaycan yazıçıları adından bu mitinqdə Rəsul Rza çıxış elədi.

Cənazə qaldırılmazdan əvvəl bir-iki saat əvvəl Nazimin oğlu Məməd, anası Münəvvər xanımla bərabər Varşavadan Moskvaya uçmuşdu. 10-12 yaşlı Məməd gözlərini anasının üzündən çəkmir, onu ağlamağa qoymurdu. Bakıdan apardığımız gülləri cənazənin üstünə qoymuşdum. Cənazə qaldırılanda Məməd atasına yaxınlaşıb vidalaşdı. Azərbaycan güllərini götürüb qucağında Novo-Deviçi qəbiristanlığına qədər apardı. Atası dəfn edildikdən sonra gülləri məzarın üstünə səpələdi.

İnsan yalnız qəmli xatirələrlə yaşaya bilməz. “Qəzənfər–Bilgə” avtobusu yolun sis və dumanla örtülü hissəsindən çıxdı. Aydınlıq, nurlu bir aləmə keçdi. Vaxt axşama doğrudur, lakin hələ çöllər, çəmənlər işıqlıdır. Mənzərələr ürəyimizi fərəhləndirir. Qarşıda İstanbul var, sevincli, həyəcanlı görüşlər bizi gözləyir. Dostlarımızı, tanışlarımızı görəcəyik, Bosforu seyr edəcəyik. Qarabuğdayı, şirin bir qız mehriban qollarını boynuma salacaq, yaşlı gözləriylə öpəcək məni. Türklər bibiyə xala, xalaya isə teyzə deyirlər. O, “xalam” deyib qucaqlayacaq məni. İstanbulda doğulmuş Azərbaycan qızı, qardaşımın əziz balası, Nigarım mənim, adımı daşıyan şair ilhamlı, rəssam fırçalı canımciyərim mənim... Uzun illər ayrılığından sonra sizi tapdım, sevindim, xoşbəxt oldum. Qırx ilin ayrılığından sonra qardaşımla ilk dəfə keçən il İstanbulda görüşdük. İndi də hər yerdə bərabər gəzirik. Səhər çox tez oyanıram, tələsik geyinib aşağı enirəm. Nə qədər tez qalxsam, yenə qardaşımı aşağıda bizi gözləyən görürəm. O həkimdir, bizim gəlməyimiz münasibətilə məzuniyyət götürüb, bizimlə bərabər gəzir, heç ayrıla bilmirik. Onun xasiyyəti çox az dəyişib. Uşaqlıq illəri yadımdadır. Həmişə zarafat edər, məsxərə edər, məni cinlətməyi sevərdi. İndi də elədir, şən görünməyə çalışır, lakin ürəyinin dərinləri yaralıdır, orada ayrılıq yaraları göynəyir. Onu uşaqlıqda çox sevirdim. Ağıllı, məzmunlu, maraqlı bir insandır. Zəngin mütaliəsi var. Türk, alman, ingilis və rus dillərini yaxşı bilir.

Dağ dağa qovuşmaz, insan insana qovuşar, deyərlər. Dünyada bir ölümün çarəsi yoxdur. Biz ayrılanda mənim 14, onun isə 18 yaşı vardı, əllini keçəndən sonra görüşdük. Hər ikimiz elə bir hərəkət etməmişdik ki, bacı-qardaş kimi bir-birimizin üzünə baxa bilməyəydik. Çox gənc yaşlarından zəhmətlə yaşayan, namuslu insanlar kimi görüşdük. O özü haqqında danışmağı sevmir, lakin onun haqqında eşitdiklərim mənə bir bacı kimi onunla fəxr etməyə haqq verir. Onun humanizmi, içərisində yaşadığı xalqla, onun fəqir hissəsi ilə olan rəftarı, dünyagörüşü, ümumi mədəniyyəti yalnız təqdirəlayiqdir. Kaş dünyanın hər yerində onun kimi təmiz və namuslu insanlar, həkimlər çox olaydı...

Nigarım şeir yazır:

“Sənin sinsi siyah gözlərin var,
Bənim siqara dumanının yaşartdığı
yorğun gözlərim.
Sənin yepyeni əlbisələrin var.
Bənimsə yırtıq yamalı jaketim”.

Nigarın jaketi cırıq deyildi. Paltarı da təptəzə idi. Türkiyədə həkim qızı cırıq paltar geyməz. Bahalı kostyumlar geyən gənclərə məhəbbət bağlayan və məhəbbəti cavabsız qalan cırıq jaketli qızların ruhunu anlamaq, öz dərdi kimi ifadə etmək Nigarın şair ruhunun, həssas qəlbinin məhsulu idi.

Keçən il: – Can xala, bir gecə də mənim otağımda qal, nə olar? – dedi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri