Sağlıqla qal, yaxın qonşu!
Səhifə 9 / 13 · 62%
On-on beş il bundan əvvəl İstanbulda şəhər teatrının iki səhnəsindən başqa ciddi və davamlı bir teatr səhnəsi yox idi. İndi isə 15-ə yaxın teatr səhnəsi var. İstanbul və Ankara dövlət teatrının aktyor qrupları Anadolunun ən ucqar guşələrində çıxış edib tamaşa göstərirlər. Teatrın repertuarı da genişdir. 68-69-cu ildə göstərdikləri 23 tamaşanın 13-ü türk müəlliflərinin əsəridir. Ankara dövlət teatrının kollektivi İstanbulda “Kültür sarayı”nda, İstanbuldakı isə Ankarada tamaşalar göstərir. Həftənin müəyyən günlərində opera və balet tamaşaları verirlər.
İstanbul teatrlarının səhnəsində A.P.Çexovun “Albalı bağı”, “Üç bacı”, “Vanya dayı”, Qoqolun “Müfəttiş”, Fonvizinin “Anasının quzusu” və başqa bir çox əsərlər tamaşaya qoyulmuşdur. Rus opera və balet nümunələrindən “Sonalar gölü”, “Uyuyan gözəl”, “Yevgeni Onegin” və sair əsərlər müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.
“Kültür sarayı”nda Turan Ozansoyun tarixdən alınmış, “Dəli İbrahim” tamaşasına baxdıq. Əsərdə anası tərəfindən öldürülmüş Sultan İbrahimin faciəli həyatı təsvir olunur. Ankara dövlət teatrında tamaşa elədiyimiz “Andomak” əsərində olduğu kimi, burada da səhnə tərtibatı, aktyor oyunu, quruluş yüksək səviyyədə idi.
Mayın 19-da İstanbulda “Gənclik və idman bayramı” keçirilirdi. 1919-cu il mayın 19-da Qazi Mustafa Samsuna çıxdığı gün milli azadlıq mübarizəsinin başlanğıc günü sayılır. Sonralar Atatürk bu günü “Gənclik və idman” bayramı elan etmişdi. Bu bayram günündə Türkiyənin azadlıq bayrağı Samsundan, şəhərdən şəhərə keçirilərək təntənə ilə Ankaraya və İstanbula qədər gətirilir. Bu gün Amerika imperializminə qarşı güclü üsyan ruhu ilə yaşayan türk tələbə gəncləri bu bayramı iftixar hissi ilə keçirirlər. Bir tərəfdən Avropa imperialistləri ilə vuruşan, bir tərəfdən də daxili irtica qüvvəsini və sultan səltənətini yıxmaq üçün döyüşə Kamal hərəkatının vətənpərvərlik və qəhrəmanlıq səhifələri bugünkü azadlıqsevən gəncləri yeni mübarizələrə ruhlandırır.
1921-ci ildə partizan dəstələrindən yenicə təşkil edilmiş 15 min nəfərlik türk ordusu 60 min nəfərlik yunan ordusu ilə ölüm-dirim savaşına girişmiş, yunan qoşunlarına qalib gəlmişdi. Xarici işğalçılar üzərindəki qələbə türk xalqına böyük ruh yüksəkliyi vermiş, gələcək döyüşlərə ruhlandırmışdı.
İngilis silahı ilə silahlanmış yunan qoşunlarını darmadağın edən, yarıac, yarıçılpaq türk qoşunlarının qalibiyyəti misilsiz vətənpərvərlik və fədakarlıq ruhunun məhsulu idi. Kişi, qadın, uşaq, böyük, qoca, cavan – bütün xalq vətənin azadlığı üçün vuruşlara qoşulmuşdu. Sakarya yanındakı döyüşlərdə türk ordusunun böyük qələbəsi Mustafa Kamalın nüfuzunu xalq içərisində qat-qat artırmış, onu xalq qəhrəmanı, xilaskar sərkərdə kimi millətinə sevdirmişdi.
Gənc türk dövləti bir yandan xarici işğalçılarla döyüşür, bir yandan da çürümüş sultan imperiyasının xarabaları üstündə gənc türk cəmiyyəti yaradırdı. Türkiyənin axırıncı sultanı Vahidəddin 1922-ci ildə sarayı tərk edib ingilis gəmisinə götürülmüş və Türkiyəni tərk etmişdi. Sultan səltənəti sona çatmış, Türkiyə torpağı xarici işğalçılardan azad olmuşdu.
Şanlı səhifələrlə dolu olan milli qurtuluş bayramını türk gəncliyi ruh yüksəkliyi ilə bayram edir.
Bütün kapitalist ölkələrində olduğu kimi, Türkiyədə də tələbə gənclər çox narahatdırlar. Tez-tez həyəcanlı nümayişlər edir, Amerika imperialistlərinin Türkiyədə apardığı siyasətə qarşı kəskin çıxışlar edirlər. Deyilənə görə, 6-cı donanma İstanbula yan alan zaman tələbə gənclər limanı kəsdirmiş, sahilə çıxan Amerika hərbi nəfərlərini qucaqlarına götürüb dənizə atmışdılar. Amerikalı hərbi dənizçilər gəmiyə qayıtmağa məcbur olmuşdular. Gecə ikən hərbi qiyafəsini dəyişmiş, adi paltar geyib şəhərə çıxmış hərbi nəfərləri tələbələr şəhərdə tanımış, döyüb başlarını yarmışlar.
İstanbulda olduğumuz günlər bu tələbə nümayişinin şahidi olduq. Tələbələr dörd küçənin ayrıcındakı meydanda bardaş qurub oturmuş, küçə hərəkətini dayandırmışdılar. Onlar birağızdan:
Ata minmiş eşşəklər,
Millət sizdən nə bəklər,
– deyə qışqırırdılar.
Tələbələr Kamal tərəfdarıdırlar. Onlar Kamal siyasəti yürüdülməsini tələb edir, yəni ölkənin milli azadlığının qorunmasını istəyirlər. Onlar Türkiyənin Amerika imperialistlərinin qara əməllərinə meydan olmasını istəmirlər, vətənlərinin yadelli işğalçıların başmağı altında tapdalanmağına yol verilməməsini tələb edirlər. Gənclər yaşayacaqları ölkəni istədikləri kimi qurmaq əzmindədirlər!
19 may gənclik bayramında qızmar yay günəşinin yandırıcı şüaları altında addımlamaq üçün polad kimi möhkəm olmaq lazımdır. Bayram nümayişlərinə günün altında tamaşa eləməyə səhhətimiz yol vermir, kölgəyə çəkilməli oluruq.
19 may Rəsulun anadan olduğu gündür. Qardaşım oğlu Aydın, Rəsulun yaşını qeyd etmək üçün bizi evinə dəvət etmişdi. Rəsulun 59 yaşını İstanbulda mehriban bir şəraitdə keçirdik. Aydının beş yaşlı oğlu Ayxan iki daşın arasında mənim çantamı yoxlamaq, ordakı xırda-para şeyləri “tədqiq etməklə” məşğuldur. Uşaqlar hər yerdə eyni təbiətdədirlər, qadın çantasını töküşdürmək, ordan maraqlı şeylər tapıb çıxarmaq bütün uşaqların sevdiyi əyləncədir. Ayxan məni gördüyü ilk gündən qucağıma çıxır, özünü mənimlə tamam sərbəst aparırdı. Gözümün ucu ilə qeyd dəftərlərimə baxıram. Cırsa, işim bitdi. Xətrinə dəyə bilmirəm. Ayxan dəftərləri kamali-ədəblə gözdən keçirib yerinə qoyurdu.
Aydının üç yaşlı qızı Elnar Rəsulun dizi üstə özünü yaxşı hiss edir. Tombul əllərini Rəsulun üzünə çırpır, nə isə şeytanlıq edib onu güldürür.
Ayxan nə qədər dinc, fağırdırsa, Elnar o qədər nadincdir. Hər şeyi cırmaq, sındırmaq, dağıtmaq üçün can atır. Qız təbiətinə uymayan məcazı var. Cünseli süfrəyə qəhvə və meyvə gətirir. Amasya alması mənim çox xoşuma gəlir. Otağa qoyanda ətri otağı bürüyür. Süfrə başında müxtəlif söhbətlər edirik. Almaların növündən, cinsindən söhbət gedir. Quba almalarını tərifləyirik. Amasya alması haqqında belə bir söhbət olur: Sultan Əbdülhəmid yalnız Amasya alması ilə bəslənmiş quzuların ətini yeyərmiş. Əgər quzuya Amasya alması yedirilməsə, ətin tamından bilər, aşpaza divan tutdurarmış.
Günseli ilə bərabər evdə orta yaşlarında bir qadın da ev adamı kimi süfrəyə qulluq edirdi. Qadının Günselinin qohumu olduğunu zənn etdim. Qardaşım gənc həkim ikən Gümüşlüdə işlədiyi zaman qonşuluqda bir kürd ailəsi yaşayırmış. Ailə on səkkiz adamdan ibarət imiş. Ayişə ailənin böyük qızı imiş. Kəndli ailəsində həftədə bir dəfə – cümə günləri xörək bişərmiş. O günü ailənin anası qazana beş girvənkə ət töküb xörək bişirərmiş. Uşaqların çoxuna xörək çatmazmış. Kiçik Ayişə bir yanda oturub ağlarmış, küsüb qonşu həkimin evinə gedər, orda yeyib içərmiş. Yazıb oxumağı da Ayişə bu ailədə öyrənmişdi. Sonralar böyük şəhərlərə – Ankaraya, İstanbula köçmüş, burada yaşayıb işləməyə başlamışdı. Söz kürdlərdən düşəndə Ayişə kürdlər haqqında belə bir lətifə danışdı. Kürd kənddən gəlirmiş, görür yolda bir kürd düşüb ölüb, yanında da bağlaması var. Bağlamanı açır, görür içində çörək də var, soğan da. Kürd çox təəccüb edir ki, görəsən bu adam niyə düşüb ölüb, bunun ki, çörəyi də var, soğanı da. Ayişənin geyim-kecimi şəhərli xanımlarınkına bənzəyir, amma təbiətindəki sadəlövhlük kəndçi qızı olduğunu tez büruzə verir.
Süfrə başında Ayişə Rəsulu göstərib yavaşcadan Nigardan xəbər aldı:
– Bəy əfəndi nə vəzifənin sahibidir?
– Əniştəm sovet bakanıdır (yəni sovet naziridir), – dedi.
– Eləmi?! – Ayişə Rəsula müraciətlə: – Bəy əfəndi, siz nə bakanısınız? – deyə soruşdu.
Rəsul bu sualı gözləmirdi. O, hazırcavablıqla:
– Mənmi? Mən qadınlara bakıram, – dedi. Hamımız gülüşdük.
Bayaq Amasya quzusu ilə bəslənən quzulardan söz düşəndə Nigardan bir az böyük olan bacısı Bertanın dərdi açıldı: – Nigarın pişiyi Rasputin ancaq quzu əti yeyir. Nigar ən dadlı tikəsini özü yeməz, ona yedirər. Pişik də bütün günü yeyib yatır, çox parazit pişikdir.
Mən – Bertan, – dedim, – ömrümdə heç yerdə zəhmətkeş pişik görməmişəm. Pişiklər hər yerdə parazitdirlər, yeyib yatmağı sevirlər.
Nigar: – Təranənin pişiyi varmı? – deyə soruşdu.
– Var, Təranənin pişiyi çox olub.
– Adları nədir?
– Aslan, Məstan, Şirxan, Mərcan, daha nə bilim...
Şirxanla Tərxanı kənddən, Buzovnadan gətirmişdi. Onları şəhər mədəniyyəti məhv etdi. Bir gün pəncərədən qaçıb getdilər, bir də qayıtmadılar.
Uşaqlar Rəsuldan şer oxumasını xahiş etdilər.
Rəsul “Təyyarə düşüncələri” silsilə şerindən oxudu. Mən Fidana yazdığım şeirləri oxudum. Başa düşmədikləri bəzi sözlərin mənasını xəbər aldılar. Eşitdikləri bəzi Azərbaycan sözlərinə çox güldülər. “Dəmdəməki”, “hoqqabaz”, “bambılı”, “hövsələsiz” və sair sözləri gülə-gülə təkrar edirdilər.
Dostumuz, türk yazıçısı Xaldun Taner bizi bu gün Böyük adaya dəvət etdi. Biz bu dəvəti məmnuniyyətlə qəbul etdik. Adaları görməmişdik. Səhər ya Xələcdə iskələdə, ya da Böyük adada görüşəcəyimizi sözləşdik. Ada iskələsində gəmiyə minib adalara tərəf yola düşdük. İskələdə “Küçük su”, “Yeni köy”, “Böyük dərə”, “Anadolu hasarı” gəmiləri də hərəkətə hazır dayanmışdılar.
“Maltəpə” gəmisinə minib yola çıxdıq. Gəmimiz irəlilədikcə İstanbul uzaqlarda qalırdı. Gəmidə müxtəlif geyimli, müxtəlif biçimli adamlar var idi. Açıq dənizə çıxanda mən bir az üşüyüb içəri salona keçdim. Skamyalardan birinə oturdum. İki oğlan və iki qız gəlib mənimlə üz-üzə oturdular. Onlar ingiliscə danışırdılar. Oğlanların saçı uzun, üzləri tüklü idi. Qızların çirkli paltarlarından üfunət qalxırdı, əlləri və dımaqları çirkli idi. Bu avropalı gənclər kasıb ailələrin uşaqlarına oxşamırdılar. Moda əsiri olaraq özlərini bu sir-sifətə salmışdılar. Doğrusu, Avropa gəncləri arasında olan bu mərəzi cərəyanlara yaxşı bələd deyiləm. Gərək ki, onlara hippi deyirlər. Guya yaşadıqları burjua cəmiyyətinin qanunlarına protest əlaməti olaraq özlərini bu görkəmə salır, ayaqyalın, başıaçıq, çirk içində diyar-diyar dolaşırlar. Hər halda onları Türkiyəyə cəlb edən Afyon qoxusudur. Afyon şəhərində hasil edilən tiryək bu gəncləri yığıb buraya gətirir. Türk polisi onları harda görsə tutub həbs edir. Mərmərə dənizinin saf havasını bu gənclərin pinti və üfunətli görkəmi zəhərləyirdi. Mən dözə bilməyib göyərtəyə çıxdım, üşüyə-üşüyə qardaşımın yanında dayandım. Artıq adalar görünürdü. Xınalı, Borğaz, Qaşıq adası, Heybəli adası. Böyük ada adaların beşincisi və ən böyüyü idi. Böyük adaya bir az qalmış sol tərəfdə kiçik bir adacıq göründü. Orda heç bir ev-eşik görünmürdü. Çiçəklər, yalnız çiçəklər. Sarı, qırmızı, mavi çiçəklər, yaşıl yarpaqlı vəhşi çiçəklər...
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-sagliqla-qal-yaxin-qonsu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəs gülümüz hardadır,Deyin, dostlar, aşnalar,
PəncərəBu yaxın günlərdə axşam çağında,Qərib ay gəzəndə bahar bağında,
GözələBu əlvan bəzəklərin, xoş səsin, baxışların,Sakit şirin gileyin, gözəl nevazişinlə
Mən də eşitmişəm bu dünya mülküMən də eşitmişəm bu dünya mülküVahid bir dostluqla gözəldir əlbət...