Gəzdim otaqları, dolaşdım bir-bir,Məni cəzb etmədi xanın cəlalı...Yalnız heyran qoydu dağlar qoynundaOnu yaradanın zərif xəyalı.

Hansı boyalardan vurmuşdu naxış,Soldura bilməmiş onu zaman da,Üstündən keçməmiş nə boran, nə qış,Elə bil hifz etmiş onu dövran da.

Sənətin nə sirri var bu sarayda,Yoxsa bir rəmzidir eşqin, kədərin?Sənətkar xəyalı ulduzda, ayda,Göylərdənmi almış ilhamı dərin.

Bahara vurğunmuş bəlkə də rəssam,Seçib o rəngləri yazdan alarmış.Şəki dağlarında coşqun baharıBəlkə uzun-uzun seyrə dalarmış?

Baxdım saraydakı gülə, çiçəyə,Rəngləri solmamış illərdən bəri,Qoy baxıb onlara salsın ipəyə,Şəkili ustanın mahir əlləri.

O bahar eşqilə gülən rəssamınSənəti bəzəsin bizim qızları!Çoxdan torpaq olmuş bir arzu-kamınYenidən parlasın xoş arzuları!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar