Aldanış
Səhifə 2 / 2 · 50%
“Sən mənim olmasan da, heç bir kəsin olmayacaqsan!” Bu sözlər Qətibənin qulağında bir daha cingildədi. O, Hüsaməddinlə görüşmək üçün vasitə aramağa başladı. Lakin Hüsaməddin Toğrulun şübhələrini oyandırmamaq üçün Qətibə ilə görüşmək və onun dəvətlərini qəbul etməkdən boyun qaçırırdı.
Günün birində Qətibənin gözətçi qoyduğu cariyə Hüsaməddinin Atabəy bağında gəzdiyini xəbər verdi. Qətibə dərhal geyinib bağa düşdü. Hüsaməddin qoca bağbanla danışıb ondan soruşdu:
– Mələkə bağın səyahətinə tez-tez gəlirmi?
– Atabəy öldüyü gündən bəri onu bağda görməmişəm. Onda bağ səyahətinə çıxacaq bir şadlıq qaldımı?
Bu zaman Qətibə gəlib hovuzun kənarında dayanmışdı, suda üzməkdə olan əlvan balıqlara baxırdı. Hüsaməddin geri dönərkən mütləq Qətibəyə təsadüf etməli idi, çünki çıxıb getmək üçün Qətibə duran yerdən başqa yer yox idi.
Hüsaməddin qoca bağbana bir neçə gümüş pul verib getmək istərkən, Qətibəni cariyələrlə birlikdə görüb baş endirdi və salam verdi.
Qətibə başını qəmgin bir surətdə qaldırıb Hüsaməddinə baxdı və:
– Əleykəssalam, – dedi, – lakin onu bilməlisən ki, gizlənməklə vicdandakı ləkələr təmizlənməz, ləkələri təmizləyə biləcək bir maddə varsa, o da sədaqət və əhdə vəfa etməkdən ibarətdir.
Qətibənin bu sözündə cariyələr getdi, Qətibə isə sözündə davam elədi:
– Bir qəhrəman vicdanına malik ola bilmədinsə, heç olmasa bir qadın vicdanına malik olaydın. Sən də, sənin padşahın da, müştərək icra etdiyiniz xəyanətin məsuliyyətini bir qadının öhdəsində qoymaqmı istəyirsiniz? Mən bu gün istərsəm, sabahın özündə o qılıncı sənin belindən açdıra bilərəm. Sən nə olduğunu özün də bilirsən. Toğrulu padşah eləyən, səni də ordu sərkərdəsi edən həmin bu qadındır. Bu qadın o qədər də yazıq bir qadın deyildir ki, sən və Toğrul kimi acizlər öz xoşbəxtliyini onun bədbəxtliyi üzərində qursunlar. Ərimin qatilləri!
Qətibə üzünü çevirib getmək istərkən Hüsaməddin onu titrək bir səslə səslədi:
– Mələkə, rica edirəm dayanın, – dedi.
Qətibə dayandı və sual verdi:
– Mələkəni mələkəlikdən saldığınız bəs olmadımı? İndi daha məndən nə istəyirsiniz? O padşah, sən də sərkərdə. Bəsiniz deyilmi? Atabəy Məhəmməd ölmüşdür, Qızıl Arslan ki, ölməmişdir!
Hüsaməddin yenə də yalvarıcı bir vəziyyət alıb dedi:
– Mənim gözəl və mərifətli mələkəm, sizin bu qədər acıqlanmağınızın səbəbi nədir? Onu mənə deyə bilməzmisiniz? Hüsaməddin nə zaman mələkənin sərəncamında olmamışdır? Mən daima mələkənin buyruqlarını özüm üçün qanun hesab etməmişəmmi?
– Hərgah sözlərin doğrudursa, nə üçün mənim yanımdan ayağını çəkdin? Əcəba, sən mənim əlimdən öpmək üçün bütün gecələri yalvarıb-yaxaran Hüsaməddin deyildinmi?
– Madam ki, mələkə Toğrula ərə getməyə hazırlaşır, o zaman mənim mələkəyə yaxın gəlməyim padşahın şərəf və namusuna təcavüz etmək deyildirmi?
Qətibə gülərək cavab verdi:
– Bir padşahı öldürdün, həyatına təcavüz etdin, indisə mənim əlimdə oyuncaq olan bir acizin şərəf və namusunu nəzərə alırsan?
Bu sözləri Qətibə saraya döndüyü zaman deyir, Hüsaməddin isə onunla bərabər gedirdi. O, sarayın qapısında dayandığı vaxt Qətibə ona əmr etdi:
– İçəri buyurun, möhtərəm sərkərdə, sizinlə bir qədər işim vardır.
Onlar birlikdə pilləkənlərdən yuxarı qalxdılar. Qətibə onu salonda buraxıb otağına keçdi. Hüsaməddin salonda o tərəf-bu tərəfə dolaşaraq düşünür və öz-özünə deyirdi: “Yaşı qırxa yetişdi, həyatı iyirmi ildən bəri hadisələr, hiylələr, macəralar içərisində keçir, bütün fikri cinayətlərdən ibarət olan bu qadın yenə də dəyişmədi, çöhrəsində olan gənclik nişanələri çəkilmədi. Məğrur baxışları hələ sönməmişdir. Ona baxdığım zaman, onun səsini eşitdiyim zaman mən yenə də aldanıram. Çünki kişinin ilk sevgisində təbii bir inad vardır. O, birinci sevgisini heç bir zaman unuda bilməz. Səba xanım bundan daha dilbər, daha gözəldir. Lakin o mənim qollarım arasında olduğu zaman, yenə də mən Qətibəni qucaqladığımı hiss edirəm. Çünki mənim qanımın içərisində gəzən və ürəyimin hərəkətinə səbəb olan qüvvət, onun sevgisinin yaratdığı qüvvətdir”.
Qətibə salona daxil oldu. Libasını dəyişmişdi. O, birinci dəfə bu libasda Hüsaməddinə görünmüşdü. Buna görə Hüsaməddin də daima Qətibəni xatırladığı zaman bu libasda xatırlayırdı.
Qətibə gəlib oturdu, Hüsaməddinə əmr verdi:
– Gəl otur, – dedi, – sən əbəs yerə mənim Toğrula ərə getməyim barəsində düşünürsən. Əcəba, sən məni tanıdığın halda, Toğrul kimi bir səfilə ərə gedəcəyimə inanırsanmı? Sən nə üçün öz əvvəlki fikrini buraxdın?.. Mənə, qız ikən dediyin yadından çıxdımı?
– Mən mələkəyə minlərcə söz demişəm. Onların hamısını xəyalda saxlamaq olurmu? Bizim eşqnamə yazılsaydı, böyük bir kitab olmazdımı?
– Gəncədə mənə son dəfə acıqlandığın yadında deyilmi?
Hüsaməddin bir qədər düşünərək:
– Harada? Nə vaxt?
– Mən Məhşəti xanımı istiqbal etmək üçün taxt-rəvanda gedirdim. Sən də atını mənim taxt-rəvanımın yanınca sürürdün, xatırladınmı?
– Bəli, xatırladım, lakin nə dediyimi xatırıma gətirə bilmirəm.
– Mən o gün sənin sevgi təkliflərini rədd etdim. Sən acıqlanıb: “Sən mənim olmasan da, heç bir kəsin olmayacaqsan!” – dedin.
Hüsaməddin haman günü xatırlayaraq güldü və fikrə gətirdi. Gəncliyin əlvan tabloları yenə də öz cəzbedici pərdəsini Hüsaməddinin qarşısında açdı:
... Gəncə çayının altından Xanəgah kəndinə qədər bütün yollar əlvan ipək örtüklü taxt-rəvanlarla dolmuşdu. Qətibənin çöhrəsi mavi ipək pərdənin dalından günəş kimi parlarkən, Hüsaməddin atını məhmizləyib taxt-rəvana yanaşdı, Qətibə isə nazlanaraq soruşdu:
– Möhtərəm Hüsaməddin, mənim fikrimi soruşmaq üçünmü gəldin?
Hüsaməddini iyirmi il əvvəl eşitdiyi səs bir daha diksindirdi. Qayıdıb Qətibənin üzünə baxarkən, yenə də Qətibənin haman dəyişməz və solmaz Qətibə olduğunu və sevgisinin də haman iyirmi il əvvəlki coşqun sevgi olduğunu gördü. Hüsaməddin qəlbini bu hiyləgər və məkkarə qadının əlindən dartıb almaq üçün çox çalışdı, lakin qəlb yenə də inad göstərməyə başladı. Ağlı və şüuru ilə ürəyini barışdıra bilməyərək, qollarını açıb Qətibəyə tərəf qoşdu və özünün xəbəri olmadan belə ağzından bu sözlər çıxdı:
– Çıxacaq yolu yoxdur. Qəlbim mənim dalımca getmir, sanki o, başqasının iradəsi ilə çırpınır, sanki təbiətimdə başqa bir təbiət hakimdir. Mən indi bilirəm ki, sevgi ilə azadlıq bir yerdə yaşaya bilməz.
Hüsaməddin bunları dodaqlarından püskürüb aralığa tökəndən sonra, Qətibəyə tərəf dönüb məhzun bir halda:
– Bəli, gözəl mələkə, o zaman dediklərimi xatırlayıram, – dedi.
Qətibə isə onun dodaqlarından öpərək:
– İndi isə mən sənin o zaman dediklərini dəyişərək başqa cür demək istəyirəm, icazə verirsənmi? – dedikdə, Hüsaməddin də onu öpərək:
– O ixtiyar sevimli mələkənin özündədir, – deyə cavab verdi.
Qətibə özünə məxsus göz yaşlarından bir-iki damcı buraxaraq and içdi:
– Hüsaməddin, mən sənin və oğlumun canına and içirəm: mən heç kəsin olmayacağam, ancaq sənin olacaq və sənin üçün yaşayacağam.
Qətibə bu sözləri deyəndən sonra Hüsaməddinin boynundan asılaraq dodaqlarından öpdü. Lakin bununla Qətibə kifayətlənmədi, onu bir qədər də qorxutmaq istədi və yavaşdan:
– Bilirsənmi mənim əzizim, – dedi, – bizim Toğrulu taxt-taca yetişdirmək üçün çəkdiyimiz zəhmətlər müsbət nəticə verməyəcəkdir. O hələ indidən bizə xəyanət etməyə başladı. Bu saat o istərsə, bizim ikimizi də məhv edə bilər. Buna görə ehtiyatı əldən buraxmaq lazım deyil. Biz onun Atabəyin qətlinə səbəb olduğunu yeri gəldikcə özünə xatırlatmalıyıq. O, fil xasiyyətli bir adamdır. Bir nəfər onun belində oturub çəkic ilə başına vurmazsa, o öz adi yerişini itirə bilər. Qoşunun arasında onun əleyhinə təbliğat aparmaq lazımdır. Biz əsas təbliğatımızı onun nüfuzu əleyhinə çevirməliyik. Nüfuzlu adama diz çökdürmək çətindir. Bizim xoşbəxtliyimizin baş tutması bir neçə dəqiqənin işidir. Lakin o xoşbəxtliyi davam etdirmək barəsində düşünməliyik. Sən onu bil ki, mənim Atabəy Məhəmmədə təslim etdiyim şeylər arasında qəlbim yox idi. Onu saxlamışam, onu sənə təslim edəcəyəm, ona səndən də layiq adam görmürəm.
Əziz dostum, həyatda sıçramaq qorxulu bir cəsarətdir. Mərtəbələr tədrici bir surətdə qazanılır. Mən öz həyatımda bu həqiqəti indi-indi anlamağa başladım. Ucalmağa tələsməklə alçaqlığa tələsmək bir məna və bir mündəricədədir. Sənə bir daha tapşırıram, Toğrul bizi yaxalamadan, biz onu yaxalamalı və təslim etdirməliyik.
Hüsaməddin ancaq qısa və qəti olaraq:
– Mələkənin bütün dedikləri mənim üçün qanundur, – söylədi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-aldanis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünyada heç bir çətin iş yoxdur ki, müsəlmanın əlindən gəlməyə. Əgər müsəlman milləti istəsə dağı dağ üstünə qoyar. Amma biz görürük ki, müsəlmanlar həmişə hər bir işi yarımçıq qoyub heç bir barədən tərəqqi tapmayıblar.Bunun səbəbi odur ki, müsəlman tayfası həmişə dağınıq olub, heç bir işdə fikir və əməllərini birləşdirib müttəfiq olmayıblar.
Qafqazda idareyi-məşrutə(Politika söhbəti)*Həşdat il bundan irəli rus qoşunları İrəvan və Naxçıvan mahalında İran sərbazları ilə dava eləyəndə rus sərkərdəsi məşhur Paskeviç, Nikolay padşaha bu məzmunda bir teleqram göndərmişdi:
İbadətHərdən bir mənim xəyalıma bir belə şey gəlir: cənab molla Yusif Talıbzadə kitabında yazır ki, məscidə daxil olanda gərəkdir sağ ayaq ilə daxil olmaq və xaric olanda sol ayaq ilə çıxmaq.Mən bu sözləri oxuyandan sonra öz-özümə dedim ki, bundan sonra əlbət gərək bu nəsihətə əməl sliyəm.
Ana diliHərdən bir mənim xəyalıma bir belə şey gəlir:Mən universitet, yə’ni darülfünundan tazə qurtarıb vətənimizə gələn günü şəhərimizin qazısı axund molla Səbzəli gəldi bizim evə, mənim görüşümə. Evimizdə heç kəs yox idi anamdan savayı. Bu övrət də çıxdı o biri otağa və qazı ilə biz başladıq söhbəti. Deməyinən yazıq anam da qapının dalında durub qulaq asır.
Başqa şairlərin şeirləri
Əlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəbHəvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb!
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
ÇarpaGet dolanginən, xamsən hənuz,Püxtə olmağa çox səfər gərək.