Beşinci pərdə
Səhifə 2 / 2 · 50%
Nəsir — (Durnaya) Durna xanım, yalvarıram, bunun başına bir ağıl qoy! Ətək dolusu pul töküb hazırlıq görmüşəm, şirnim xonçalara tökülüb, teşt dolusu düyüm isladılıbdır.
Durna — Bu gün iclasa hazırlanırıq. İclasdan sonra konsert də olacaqdır.
Nəsir — (Güllüyə) Anam, bacım, nə üçün üzüyümü barmağına taxanda bunları fikirləşmədin?
Güllü — Al, bu da sənin üzüyün. Beş-altısı ondan ötrü məəttəl deyildir. (Çıxarmaq istəyir).
Nəsir — Sən olasan nakam qardaşın Əbişin qəbri üzüyü qaytarma, yenə də gözlərəm!
Bu əsnada pəncərədən bir kağız atırlar.
Durna — (oxuyur) Rəhmsiz, vəfasız Durna! Bu məktubu həyatımın son dəqiqələrində yazdım. Axşam tam saat 7-də özümü dəniz kənarındakı bağda asacağam. On dəqiqə keç gəlsən məni diri görməyəcəksən. Qoy ömrün boyu bu ləkə sənin vicdanında qalsın. (Saatına baxır. Başını tutur.) İş çiddiləşdi, hara qaçım? Kimdən kömək istəyim? (Qalxır) ona nicat vermək üçün gedirəm!
Nəsir — O nə üçün özünü asır? Asırsa qoy assın. Çox da lazımlı adam deyil ki.
Durna — Nəsir dayı, yalvarıram gedin bağa. Hərgah o özünü asmaq istərsə qoymayın. Hər nə olursa-olsun mən onun təklifini qəbul edə bilmərəm. O mənimlə evlənmək istəyir.
Güllü — Allah onu vurmuşdu. İndi mən gedib ona bir kələk qurum ki, hər şey yadından çıxsın. Şalını ver salım başıma.
Durna — (şalı verir). Al, nə edirsən et, amma onu ölümdən qurtarın!
Güllü — (şalı başına salır) Yol verin, Durna Mirzə Teymurla görüşə gedir. (Nəsirə) sən kənarda durub göz qoyarsan, görərsən onun başına nə oyun gətirəcəyəm.
Gedirlər.
Durna — (həyəcanla otağı dolaşır) Əcəba o bu intiharla məni rüsvay etmək istəyirmi? Nə çarə edim? Kim məni bu fəlakətdən qurtara bilər? O, ölsə də, diri qalsa da mənim mənəviyyatımı məhv edəcəkdir. (Başını tutub otağı dolaşır).
Qəhrəman — (daxil olub təəccüblə soruşur) Nə olub Durna? Bu nə vəziyyətdir, nə eşitmisən?
Durna — Qəhrəman, yardım ver, məhv oluram. Al oxu!
Qəhrəman — (alıb məktubu oxuyur) Həyəcan lazım deyil. O, çox hiyləkar adamdır. Axmaq olsa da özünü məhv edəcək qədər axmaq deyildir. Bir də budur ki, sən mətanətli olmalısan. Səndə bolşevik ürəyi olmalıdır. Quru hədələr səni yerindən tərpətməməlidir. O bununla səni görüşə məcbur etmək istəmişdir.
Durna — Mənim əvəzimə Güllü onun görüşünə getdi. Özünü öldürmək istərsə mane olacaqlar. Şalımı başına örtüb getdi.
Dilbər — (daxil olur) Axşamınız xeyir! Bağışlayın söhbətinizə mane olmayacağam. Məruzə üçün lazım olan materialları gətirdim. (Portfelindən çıxarıb verir).
Durna — Dilbər bu nə sözdür? Səndən gizlin nə kimi söhbətimiz ola bilər? Mirzə Teymur indicə məktub yazıb intihar edəcəyini bildirmişdir. O barədə danışırıq.
Dilbər — Eh, Mirzə Teymurdur, mənim atamdır, onlar mənəviyyətcə çoxdan bəri intihar ediblər.
Qəhrəman — Yox, Dilbər, atamızı Mirzə Teymurla müqayisə etmək olmaz.
Dilbər — Yox, o son günlər olduqca əsəbiləşmiş, çox inadkardır. Buna sənin tənqidlərin də bais olur. Nəhayət mən onu atdım, daha evə qayıtmayacağam. Onun sözlərini eşidə bilmirəm. Düzəlməsinə olan ümidlərim boşa çıxır.
Durna — Yanılırsan. O artıq sovet gəncliyinin qüdrətinə inanmağa başlamışdır.
Qəhrəman — O artıq öz biliyini gənc mütəxəssislərdən əsirgəmir. O namuslu bir sovet adamıdır. Lakin, xasiyyətinin əlində əsirdir. Sən evə qayıt!
Dilbər — Qayıda bilmərəm, çünki onun özü məni evdən qovmuşdur. Nə qədər ki, o mirzə teymurlardan əlaqəsini kəsməmişdir, onunla barışmayacağam.
Bəhlul — (əlində material gəlir) Material hazır! Yaxşı oldu, Dilbər də buradadır. Birlikdə gedərik.
Qəhrəman — (saatına baxır) İclasın vaxtıdır, səkkizə on dəqiqə işləmişdir.
Durna — (öz-özünə) Yəqin ki, indi o özünü məhv eləmişdir.
Bəhlul — Fikir vermə! Qalxın gedək.
Dilbər — Yox, mən sizinlə getmirəm! Durna iclasdan sonra məni gözlərsən, sizə gedəcəyəm! (Gedir).
Qəhrəman — (onun dalınca baxır) həm dəli həm də ağıllı şeytan!
Pərdə düşür, tez qalxır, dəniz kənarında bir bağça görünür.
Mirzə Teymur — (danışır) o çox qorxaqdır, həm də sadədir, şübhəsiz ki, o məni ölümdən qurtarmaq üçün bura gələcəkdir. O intihar adını eşidən kimi özünü şaşırdı. Doğrudan da o elə bildi ki, mən Bəhlulu da, özümü də öldürəcəyəm. (Ayaq səsi eşidilir, durub bir qədər dinləyir). O gələcəkdir, bu da mənim üçün kifayətdir. Bir daha əlimdən qurtara bilməz.
Güllü — (gəlib skamyalardan birinin üstündə oturur) Kim olduğunu görmürəm, amma sözlərindən Mirzə Teymura bənzəyir.
Mirzə Teymur — Nə üçün də o məndən qaçsın? Nə üçün mən özümə əhəmiyyət vermirəm? Parisin Şan-Zaliza bulvarını nə üçün unudursan? Fransız qızlarının səninlə tanış olmaq üçün növbəyə durduğu yadından çıxdımı?
Güllü — Gül sənin başına, ordakılar da sənin tayın imiş.
Mirzə Teymur — (o tərəf bu tərəfə boylanır) Gəlmədi, keçən günlər nəzərimdə canlandı. (Üst-başını düzəldir, özünü cürbəcür duruş və yerişlərdə imtahan edir. Birdən-birə skamyada bir qadın oturduğunu görür). Durnadır, mənim arzularımın mücəssəməsidir. Başındakı şalından tanıyıram. O məni intihardan qurtarmaq üçün gəldi, o bir fransız çentilmeninin həyatına qiymət qoyduğu üçün gəldi.
Güllü — (şalı üzünə çəkir) Mirzə Teymur olmağına Mirzə Teymurdur, amma heç də özünü öldürmək istəyən adama bənzəmir.
Mirzə Teymur — (yaxalığını və libasını düzəldir) O əvvəlcə məni tanımayacaqdır, çünki mən Fransadan gələndən bəri bu kastumu əynimə geyməmişəm.
Güllü — (özü-özünə) naftalin qoxusu bağı bürüdü.
Mirzə Teymur — (bir necə qədəm irəli atır) Sevin, mənim qəlbim, səadətlə sənin aranda bir necə qədəm qalmış, (irəli gəlib əllərini Güllüyə tərəf uzadır).
Sevginlə könlümə bir çıraq yandır,
Ey nazənin pəri məni taclandır.
Güllü — (yavaşdan) Mirzə, mən Durnayam, pəri deyiləm.
Mirzə Teymur — Nə qədər bədii səs! İndi o mənim əlimdən tutub dodaqlarına və sinəsinə qoyacaqdır. (İrəli gəlir) Salam barışna! (Diz çökür).
Uzat dodaqlarını, ey pəri, dodaqlarıma!
Güllü — Mirzə dəyməz! Mən Pəri deyiləm, Durnayam, səni ölümdən qurtarmaq üçün gəldim. Mən iki nəfəri ölümdən qurtarmaq üçün özümü fəda etməyə gəldim.
Mirzə Teymur — Mənim diriliyim sənin bir sözündən asılıdır. Yalvarıram haman sözlə mənim qəlbimi sakit elə! (İrəli gəlib qolundan tutmaq istəyir).
Güllü — Mirzə eləmə! Görən olar. ZAGS-a gedəndən sonra.
Mirzə Teymur — ZAGS-ın mə’nası iki qəlbin birləşməsidir. At başındakı şalı at! Qoy göz bəbəklərindən parlayan işıq mənim istiqbalımı işıqlandırsın! (Qolundan tutur).
Güllü — Mirzə, yoxsa məni Durnaya bənzətmisən?
Mirzə Teymur — (diksinir) Pardon, pardon!
Güllü — Dəli-zad deyilsən ki, hara paydom? Ay Nəsir, gəl görüm bu məni hara aparır?
Nəsir — (gəlir) Nə var, nə olub?
Güllü — Nə olacaq, burada oturmuşam, gəlib mənim ilə eşqbazlıq edir. Tez-tez qolumdan tutub paydom-paydom deyir.
Nəsir — Sən öləsən sənə elə bir toy tutaram ki, bir paydom da o biri tərəfindən çıxar. İşi o yerə yetirmisən ki, xalqın qızına paydom-paydom deyirsən?
Mirzə Teymur — Ağa Nəsir, paydom demirəm, pardon deyirəm. Nə çarə qılım fransızca savadım yoxdur. (kənarə) Belə də mədəniyyətsiz camaat olar? Mədəni bir adamı ölməyə də qoymurlar. (Yükürüb ağacdan asdığı ipi boğazına keçirmək istəyir)
Nəsir — Elə iş yoxdur. Ölməyə qoymaram, gərək diri ikən deyəsən görüm mənim arvadımı hara aparmaq istəyirdin?
Bu əsnada Qəhrəman, Bəhlul və Durna gəlir.
Durna — Ay Nəsir dayı, nə olub, nə səsin gəlir, mirzədən nə istəyirsiniz?
Nəsir — Bundan artıq daha nə ola bilər? Arvadın qolundan tutub paydom-paydom deyib aparmaq istəyirmiş.
Mirzə Teymur — Allahı sevirsiniz bunun fransızca savadı yoxdur, pardon sözünü buna tərcümə edin.
Bəhlul — Ay mirzə, nə üçün öz dilini danışmırsan ki, mütərcimə ehtiyacın düşməsin!
Mirzə Teymur — Durna xanım, bu kələyi sən qurmusan. Mən bu təhqiri bir avropalı qüruru ilə bağışlamayacağam. Keç-tez özümü məhv edəcəyəm.
Qəhrəman — (onun qolundan tutur) Özünüzü ələ alın, siz yaşlı bir mütəxəssissiniz, bu işlər sizə yaraşan iş deyil. (Məclisə) Sizə tapşırıram, bu məsələni heç bir kəs bilməməlidir.
Durna — Mirzə, yenə də sənə yalvarıram, öz xoşbəxtliyini mənim bədbəxtliyim üzərində qurmağa çalışma. Bir əməkdaş kimi rəftar etmiş olsan, daima bir dost kimi sənin əlini sıxaram. Əlini ver bura! Qoy bütün oyunlar bununla bitmiş olsun.
Mirzə Teymur — (Durnanın əli əlində ikən) Yox, qəlbini də bu əlin üstündə görmək istərəm.
Durna — (əlini çəkir) Yox mirzə, bir qəlbi iki adama vermək olmaz.
Gedirlər.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-boyuk-qurulusda-besinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İranda ad qoymaq və uşaq doğulduğu zaman böyük ziyafətlər təşkil etmək adət deyildir. Ad günü və doğulan günün bayramı yalnız müqəddəslərə və padşahlara məxsus bir işdir. Məsələn, peyğəmbər və imamların anadan olan günü bayram edildiyi kimi, padşahın da anadan olan günü bayram edilməkdədir.Bizim tanış olduğumuz ailələrdə dörd oğlan, bir də qız doğulmuşdu. Bunların bəziləri bir ay, hətta iki ay bundan qabaq doğulduğuna baxmayaraq, Nina üç aydan bəri xəstə olduğundan uşaqlara ad qoyulmamışdı. 17-ci ilin fevralında Nina yavaş-yavaş xəstəlikdən durmağa və dışarı çıxmağa başlayırdı. Lakin onu işləməyə buraxmırdıq. O, konsulxanada işləməyə can atsa da, biz ona mane olurduq, çünki bu günlər onun işləməsinə ehtiyac da yox idi. Amerikalı qız, Frikson, Mirzə Ələkbər xan və başqaları lazımi xəbərləri gətirirdi.
Miss Hanna gedirEvə axşam saat on birdə qayıtdım. Nina məni görən kimi:– Miss Hannanın evinə getməlisən, ikinci kərədir ki, sənin dalınca adam göndərmişdir, bəlkə, ona bir hadisə üz vermişdir, – dedi.
Oktyabr inqilabıOktyabr inqilabı qaçqınlıqda və gizlində yaşayan firqə üzvlərinin Təbrizə qayıtmasına səbəb oldu. Oktyabrın axırlarında çağirilan firqə iclasının gündəlik müzakirəsində Oktyabr inqilabından sonra firqənin xətt-hərəkəti müzakirə olunurdu. Hazırkı vəziyyət barəsində firqə üzvlərindən bir çoxları danışdı. Hamıdan sonra mən söz alıb danışdım:– Əziz yoldaşlar, – dedim. - Hazırda Rusiyada nə çar hökuməti, nə də Kerenski hökuməti yoxdur. Rusiyada hakimiyyət Sovetlərin əlinə keçmişdir. Artıq Azərbaycan kəndlisi Rusiyadan gələn istilaçı və rus kəndlisinin qardaşlıq köməyini gözləməlidir. Biz son günlər rus soldatının azadlıq uğrunda uzun illər çarpışan Azərbaycan xalqına göstərdiyi qardaşlıq məhəbbətini öz gözümüzlə gördük. Bir az əvvəl çar generallarının komandası ilə Azərbaycan xalqını qorxu altında saxlayan soldatlar bu gün öz silahını həmin qəsbkarlara və istilaçılara qarşı çevirmişdir. Əziz yoldaşlar! İran torpağı İran kəndlisinindir. Kəndlini torpağa, fəhləni fabrik və zavodlara sahib etmək üçün firqəmiz özünə təzə iş və təzə mübarizə planı düzəltməlidir. Firqə şah hökumətinə qarşı qəti mübarizə tədbirləri görməlidir, çünki şah hökuməti və üsuliidarəsi davam etdikcə, torpağı onun feodallarının və mülkədarlarının əlindən alıb kəndlilərə vermək mümkün olmayacaqdır, çünki şahın özü də və onun soyğunçu vəzirləri də böyük mülkədardır. Biz işçi və kəndlilərimizin möhkəm ittifaqını düzəltməli, firqəmizin silahlarını möhkəmlətməliyik. Biz bir məsələni də qeyd etməliyik: bu məsələ mövhumat məsələsindən ibarətdir. Mövhumat şah hökumətinin və əcnəbi kapitalistlərin əlində güclü bir silahdır. Onlar bəzən top-tüfəng ilə edə bilmədiklərini mövhumat vasitəsilə edirlər. Biz bunu Səttar xan hərəkatı zamanında da, indi də təcrübədən keçirmişik. Onlar bir çox mövhumatçı ruhaniləri öz əllərində silah kimi saxlamaqdadırlar. Biz xalqın gözünü açmalı, mövhumat, avamlıq, savadsızlığa qarşı amansız mübarizə etməliyik! Azərbaycan kəndlisi və fəhləsi demokrat firqəsinin rəhbərliyi sayəsində gec-tez şah üsuli-idarəsinin boyunduruğunu öz üzərindən atacaqdır. İngiltərə, Amerika, Almaniya və Türkiyə dövlətlərinin istilaçı siyasətinə qarşı aparılan mübarizəni şah hökumətinə qarşı aparılan mübarizədən ayırmaq lazım deyil, çünki bütün əcnəbi müstəmləkəçilər şah hökumətinə və onun rüşvətxor məmurlarına arxalanırlar. Mübarizəni ciddiləşdirmək və onu kəskin bir hala gətirmək üçün firqənin sağlamlığina diqqət vermək lazımdır. Çünki şəxsi mənafe üçün firqə sırasına daxil olmuş tacirlərin varlığı ilə şah hökumətinə və onun feodallarına qarşı mübarizə təşkil etmək çətindir. Bunu da qeyd etmək lazımdır ki, kəndlilər arasında apardığımız iş kifayət dərə- «ədə deyildir. Səttar xan hərəkatı zamanında bu işin bünövrəsi qoyulmuşsa da 11-ci illərdən sonra çox zəifləməyə başlamışdır və bizim başımız xalqın daxili və xarici düşmənləri ilə mübarizəyə qarışdığından biz son zamanlar kəndlilərin siyasi və ictimai tərbiyəsi ilə çox az məşğul oluruq, bu bizim öz işimizdə buraxdığımız böyük nöqsandır.
ZavoddaZavodun işə başlamaq siqnalı verilmişdi, lakin fəhlələr hələ işə başlamamışdılar.Ayrapet, Əsgər və Məmməd Pavluşanın başına yığışıb, Tbilisidən gətirilmiş «Kvali» qəzetini harada oxumaq üçün məsləhətləşirdilər. Vasya da onlara yanaşdı. Qəzeti oxumağı axşama qoyub ayrıldılar.
Başqa şairlərin şeirləri
Kim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
SoruşMənim kimliyimi, mənim adımıVətənimdən soruş, elimdən soruş.
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,