Bu gün Təbriz böyük həyəcan içərisində idi. Çar hökumətinin İrana ultimatum verməsi, maliyyə müşavirə Morqanın İrandan çıxarılmasını tələb etməsi, əks təqdirdə Şimali İranı işğal etmək təhdidində bulunması böyük söhbət mövzusu olmuşdu. Xiyabanlar, meydançalar, ziyarətgahlar və məscidlər camaatla dolu idi, Məhərrəm günləri olduğundan camaat onsuz da ayaq üstündə idi.

Mən bu gün səhərdən saat birə qədər şəhəri dolaşdım, vəziyyətin ağır və çıxılmaz olduğunu hiss edirdim. Rusların uyğunsuz və həyasız çıxışları nəticəsində qanlı bir hadisə zühur edəcəyini yəqin etmişdim. Saat ikiyə çağırdığımız iclas nəzmiyyə rəisi Əmir Heşmətin evində idi. İclasa gələnlər də çox təxirlə gəlirdi, küçələr çox qorxulu idi.

Əmir Heşmətin özü də çox gec gəldi. Onun gəlməsi ilə bizim iclasa qoyacağımız məsələnin şəkli tamamilə dəyişdi, çar ultimatumu əvəzinə Təbriz məsələsini müzakirəyə qoyduq. Söz Əmir Heşmətə verildi.

– Vəziyyət ağırdır, – dedi, – rus konsulu ilə Müxbirüssəltənənin arasındakı ixtilaf get-gedə böyüməkdədir. Müxbirüssəltənə rusların İranda öz evləri kimi hərəkət etməsinə qarşı bir iş görə bilmir. Onun bütün etirazları nəticəsiz qalır. İki gün əvvəl telefon postunda duran iki nəzmiyyə nəfərini ruslar tərksilah etmişlər. Hökumət rəsmi olaraq etiraz etdi, silahların qaytarılmasını və müqəssirlərin cəzalandırılmasını tələb etdisə də, rus konsulu «əhalinin rahatı, şəhərin salamətliyi üçün hərbi idarələr tərəfindən tapşırılan bu kimi işlərə məhəlli və mülki idarələrin müdaxilə etməsi əsgəri qanunlara müğayirdır» deyə cavab verdi. Dünən nəzmiyyə idarəsindəki bütün telefon xətlərini rus hərbiyyə idarələri zəbt etmişlər. Nəzmiyyənin böyük bir şəhəri idarə etməsi üçün heç bir rabitə vasitəsi qalmamışdır. Müxbirüssəltənənin etirazına cavab olaraq yenə də rus konsulu: «Şəhərdə İngiltərə kralı və əlahəzrət Rusiya imperatorunu təhqir edə biləcək gizli intibahnamələr nəşr edilərək, əhali üsyana dəvət edildiyi bir zamanda Təbriz nəzmiyyəsi heç bir iş görə bilmədi.

İmperator hökuməti konsulxanasının fikrinə görə, nəzmiyyənin tərskilah edilməsi vaxtı çoxdan yetişmişdir.

«Təbriz mülkiyyə idarələri və Təbriz əhalisi məhəlli nəzmiyyə təşkilatları olmadan belə çar ordusunun himayəsi altında yaşayar və öz işini apara bilər» sözlərini təkrar etmişdir. Çar konsulunun bu sözlərindən sonra Müxbirüssəltənə Tehran ilə müzakirə aparır və Təbrizi buraxmağa qərar verir. Rusların da siyasəti Müxbirüssəltənəni Təbrizdən çıxarıb qovmaqdan ibarətdir.

İclas uzun çəkdi. Əmir Heşmət sözünü bitirdikdən sonra fikirlər bir neçə yerə bölündü:

Əmir Heşmət, onun qardaşları, Məşədi ağa, Mirzə Məhəmməd Süheyli və sairələri müsəlləh mübarizəyə qalxmaq tərəfdarı idilər.

Mən və yanımda bir neçə nəfər buna səs verə bilmədik. Çünki silahlı mübarizənin fəna nəticələrini görmüş olacaqdıq.

– Düşünmək lazımdır, – dedim, – ruslar nəzmiyyəni tərksilah etmək cürətində bulunmazlar. Belə bir iş olsa, onda başqa cür hərəkət etməyə ixtiyarımız vardır. İranın işğalı üçün rusların əlinə bəhanə verməməliyik.

– Ruslar o bəhanə olmadan belə Şimali və Şərqi İranı işğal edəcəkdir, – deyə Ağa Əli sözə başladı. – Biz nəzmiyyəni təslim etməyəcəyik! Qoy çar hökuməti bilsin ki, inqilabçı Təbriz tamamilə ölməmişdir.

Mən böyük bir əksəriyyətə qarşı aciz idim, iclasdakıların müqavimətini, inadını sındırmaq mümkün deyildi. Gələcəkdə böyük hadisələr doğura biləcək bu düşüncələrin qarşısını ala bilməyəcəyimiz şübhəsiz idi.

Əmir Heşmət coşmuşdu:

– Mən bir daha taleyimi sınayacağam. Bircə günün içərisində bütün Təbrizdəki çar qüvvələrini məhv edəcəyəm. Qoy bu hadisə çar konsulunun qulağında bir sırğa olub qalsın. Mən bu gün Şərqin böyük bir cahangirə qarşı müsəlləh üsyan yarada biləcək qabiliyyətinə malik olduğunu həm ingilis, həm də çar cahangirlərinə isbat edəcəyəm.

İclasdakılar durub onun ağzından öpdükdə mən çıxış yolu tapa bilməyəcəyimi yəqin etdim. Ona görə də iclasa müraciətlə dedim:

– İndi ki, siz özünüzü böyük bir məsuliyyət qarşısında qoymağa tələsirsiniz, indi ki, hadisənin gələcək nəticələri ilə hesablaşmaq istəmirsiniz, o halda bu gündən etibarən inqilabda rəhbərlik etmiş və tanınmış şəxslərin hamısının Təbrizi buraxması və ailəsini başqa bir tərəfə köçürməsi lazımdır, çünki ruslar bu qanlı üsyan nəticəsində mütləq Təbrizdən intiqam alacaqlar. Mənim sözlərimi eşidin, mən Təbriz inqilabı rəhbərlərinin məhv edilməsinə, dar ağaclarına çəkilməsinə səs verə bilmirəm. Təbrizdən köçməlisiniz. Mən Əmir Heşmətin başıpozuqluğunu, təşkilatla işləməyi sevməyən bir adam olduğunu bilirəm. Bunu Culfada da danışmışıq, bunu Səttar Zeynalabdinov da özünə demişdir. Buna görə də mən bir şey tələb edirəm: Əmir Heşmət özünü və nəzmiyyəni əksəriyyət qazanmış fikrin ixtiyarına verməlidir. Özbaşına iş görməməlidir. Silahlı üsyan olacaqsa, mütəşəkkil bir surətdə olmalıdır. Belə olursa, tələfatımız da çox olmaz zənnindəyəm.

Mənim sözlərimdən sonra Əmir Heşmət durub əllərimi sıxdı, üzümdən öpərək dedi:

– Əksəriyyətə tabe olacağam. Buna söz verirəm. Onu da deyirəm ki, silahlı üsyan olmadan belə, Müxbirüssəltənə gedər-getməz Səməd xan hökumət başına gələcəkdir. Onda yenə də dar ağacları qurulacaqdır. İndi ki, beladir, qoy Təbriz bir daha öz qüvvətini cahangirə bildirsin.

Mən etiraz edərək:

– Konsulxananı öyrənəcəyəm, hərgah bütün burada göstərilən həyasızlığın həyata keçirilməsi təşəbbüsləri doğru isə, o zaman üsyanı nə cürə təşkil etmək barəsində bir daha düşünərik, – dedim.


Mən indiyə qədər Ninanı bu vəziyyətdə görməmişdim, onun bütün varlığı bir həyəcandan ibarət idi. O, işdən yenicə gəlmiş, yuyunmamış, paltarlarını dəyişməmişdi. Mən içəri girərkən Təhminə xanımı mənim dalımca göndərmək istədiyini gördüm. O, hələ mənimlə danışmadan qabaq Təhminə xanıma müraciətlə:

– Rica edirəm, Məcidi götür qızların yanına apar, – dedi.

Məcid ilə Təhminə xanım getdi. Nina olduqca kədərli və qəmgin bir surətdə əlimi tutaraq dedi:

– Vicdansızlar içərisində olaraq vicdanla çalışmaqdan çətin iş yoxdur. Bu gün öz həyatımdan tamamilə iyrəndim, – deyərək ağlamaq istədi.

– Nə olmuşdur? – deyə soruşdum.

– Çar konsulu böyük bir həyasızlıq etmək istəyir. Tehranda çar ultimatumu çox təsir bağışlamışdır. Çar səfarəti qarşısında etiraz nümayişi düzəlmişdir. Bu hərəkatın genişlənməməsi üçün Təbrizdə cəza qanunları tətbiq etmək və bəzi inzibati təşəbbüslərdə bulunmağa hazırlanırlar.

Nina susdu. Hər ikimiz düşünürdük. Nəhayət, Nina sükutu pozaraq:

– Şərqin özü öz qeydinə qalmalıdır, – dedi. – Çar konsulunun bütün hərəkəti mənim dediklərimi isbat etdi. Bu hal silahlı üsyanı məsləhət görür, kütlələrin qiyamını tələb edir, çünki silahsız və acizlərin haqqında mərhəmət sözünü tətbiq etmək yaramaz. Konsul deyir ki, Səttar xanın üsyanı təbrizlilərin əxlaqını pozmuşdur. Onların başından müstəmləkə xalqına yaraşmayan fikirlər hələ çıxmamışdır. Bu çürük fikri onların başından çıxarmaq üçün Abşeron alayının süngüləri lazımdır. Onun fikrincə, müstəmləkə xalqı mərhəmət sevmir və zülmə tabe olan bir xalqdırlar, bunu onların əxlaq və təbiəti də tələb edir. Mədəniyyətsiz və vəhşi xalqlara hörmət etdikdə ondan qorxurlarmış kimi hərəkət edirlər. Buna görə də Şərq xalqlarına mərhəmət göstərmək çar siyasətinə daxil deyildir. Təbrizdən silahları yığmaq, hökumətə məxsus hərbi şeylərin qalğısını zəbt etmək, nəzmiyyəni tərksilah edərək buraxmaq və sair bu kimi məsələlər üçün layihələr hazırlanmaqdadır.

Məsələ aydın idi. Əmir Heşmət deyənlər doğru çıxdı, başımızın çarəsini tapmalı idik.

Naharı Nina ilə birlikdə yedik. Oradan çıxıb Rus–İran məktəbinə getdim, Əkbər Əkbərov yoldaş da Əmir Heşmətin fikrini təsdiq etdi, müsəlləh üsyandan başqa çarə olmadığını söylədi. Mən çox çapaladım, çox fikirləşdimsə də, bir çarə tapmadım. Qəti fikrimi axşam iclasında deyəcək idim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Mən tacir deyiləm

Mən bu görüşdə çoxdan bəri demək istədiyim sözü ona deməyi qərara almışdım. Nina dünənki sevgi söhbətindən, bunu açıq dediyindən utanır və başını qaldırıb üzümə baxa bilmirdi. Sözümü heç dayanmadan dedim:– Siz istəsəniz, inqilabda böyük bir vəzifə götürə bilərsiniz. Lazımi yardımı verə bilərsiniz. İran inqilabının yardıma böyük ehtiyacı var. O, indi hər tərəfdən mühasirə altındadır. Siz özünüz həmişə deyirsiniz ki, qəhrəmanlar az qüvvənin içindən çıxır. Hazırda o qəhrəmanların önündə böyük çətinliklər durur. O çətinlikləri də məhv etmək üçün inqilab qəhrəmanlarına yardım əlinizi uzatmalısınız.

9 dəq
Nina ərə gedir

Mən evə gəldikdə Nina yox idi. Onun qulluqçusu Zeynəb bacı və mənim evimi təmizləyən Təhminə xanım ev sahibi Minasyanın qadını Şuşanik xanımla danışırdı. Təhminə və Zeynəbin gözləri ağlamış adam gözünə oxşayırdı. Mən içəri girəndə yalnız Şuşanik xanımın bu sözlərini eşitdim:– Hayıf gözəl Nina! Arşak mənim öz ermənimdir. Amma bilirəm ki, o, arvad saxlayan deyil.

9 dəq
Bağır xan

Sərdar heç vaxt faytona minməzdi. O, həmişə atlı gedirdi. O, atlanana qədər mən faytonla gedib onu Bağır xanın (Salari-millinin) qapısında gözləyirdim.Sərdar gəlib çıxdı. Bağır xanın qapısında duranlar onu təntənə ilə qarşıladılar. İçəri girdik. Burada Səttar xanın dairəsinə nisbətən daha böyük hərəkət vardı. Bağır xanın mövqeyi qorxulu idi. Hücumların bir çoxu Xiyaban tərəfindən başlanırdı. Buna görə də müharibə edən qüvvələr tamamilə Bağır xan ətrafında yerləşdirilmişdi. Bu ətraf cəbhə şəklində idi. Burada hər kəs silahlı idi. Hər tərəf səngər idi. Hər tərəfdə əski və yeni toplar gözə çarpırdı.

4 dəq
Rəhim xan

Rəhim xan Çələbiyanlı gəlib sahibi-divan bağında yerləşmişdi. İstibdad qüvvələri gündən-günə canlanırdı. Rəhim xanı istibdadın birinci nəcat verəni bilənlər dəstələrlə onun görüşünə gedirdilər. Sahibi-divan bağının ətrafında Rəhim xanı görmək üçün bütün gününü başa aparanlar da vardı. Sahibi-divan bağı böyük ziyarətgah şəklinə girmişdi. «Qarabağ qəhrəmanının» yaxın günlərdə Təbrizi alacağına heç kəs şübhə etmirdi. Öz damında vurmaq və özünü sadiq nəzərə vermək üçün ağ bayraq hazırlayan həddindən artıq idi. Ağ bayraq hazırlayanlar içərisində məşrutəçilərdən də az deyildi. Bunların bir çoxu əncümənə gəlmirdi. Hacı Mehdi ağa yenə də evinə qapanmışdı.Vaxt ikən hazırlıq görüldüyünə baxmayaraq, Qaradağ atlıları Göyməscid və Maralan tərəflərini dağıtmışdılar.

3 dəq

Başqa şairlərin şeirləri