Üçüncü pərdə
Səhifə 3 / 4 · 50%
Səttar xan — (Cavad ağaya) Yaz, sabahdan etibarən «Əncümən» qəzeti və onun çapxanası bağlansın.
Hacı Mehdi — (kənarə) Başa düşmürəm, bəs biz nə üçün inqilab eləmişüx?
Hacı Salman — (səsi gəlir) Qoy Məmmədəli şah bilsin ki, Təbriz başlı-başına deyil! (Gəlir). Millətimin gözünü püfləyənin gözünü çıxardaram!
Səttar xan — Əyləşin hacı, elə bu gecəki iclas millətin qeydinə qalmaq üçündür. (Bir qəzet gətirir). «Əlhədid» qəzeti. «Əlhədid» nədir?
Qüdrət — «Əlhədid» dəmir deməkdir.
Səttar xan — (O qəzetin müdirinə) Axı bir insaf eləyin, vicdanınız olsun. Onsuz da bədbəxt Azərbaycan xalqının dilini əlindən alırlar. Məgər bunun adını dəmir qoymaq olmazdımı?
Cavad ağa — Nə üçün olmaz?
Hacı Mehdi — Olsun da, olmasın da, nə olsun?
Qüdrət — (bir kağız oxuyur) Bu qəzetin yeddi nəfər işçisi var. Ayda 250 tümən xərcidir. Həftədə bir kərə, iki yüz nüsxə çap olunur. Bütün gəliri ayda qırx tüməndən ibarətdir.
Səttar xan — Bəs bunun 210 tümənini kim verir?
Hacı Salman — Özləri inqilabçı adamlardır. Pulsuz işləyirlər.
Səttar xan — (bir dəstə çek çıxarır). Bəs sən Hacı Salman ağa bu qəzetə ayda yüz on tümən nə üçün buraxırsan? Hacı Mehdi hər ay sərraf vasitəsi ilə nə üçün yüz tümən buraxır? İnqilab əleyhinə təbliğat aparmaq üçün? (Cavad ağaya). Qəzetə bağlansın, mətbəəsi zəbt edilsin.
Hacı Salman — Qəzetə xalqın dilidir.
Səttar xan — O bizim xalqın dili deyildir. Amma Azərbaycan dilində çıxan külkü məcmuəsinə ayda yüz tümən kömək verilməlidir. Cavad ağa, yaz! (Gəlib müdirin əlini sıxır.)
Hacı Salman — (Hacı Mehdiyə) Gədə, Hacı Mehdi, bu nə həngamədir?
Hacı Mehdi — (yavaşdan) Allah bizi yerin göyün bəlasından saxlasın!
Musiqi səsi gəlir.
1-ci müçahid — Cənab Sərdar, Salari-milli Bağır xan təşrif gətirir.
Səttar xan — Buyursunlar!
Hacı Salman — (Hacı Mehdiyə). Bu gecənin xətasından qurtarsam, yüz yaşaram.
Bağır xan — (daxil olur.) Rəfiqlərin axşamları xeyir olsun. (Gəlib öpüşür. Səttar xanın və Qüdrətin əllərini sıxır).
Səttar xan — Çox şadam. (Qüdrəti göstərir). Möhtərəm rəfiqimizin də təşrifi buradadır. Artıq lazımi məsələləri həll etmək olar.
Bağır xan — Bu gün çar konsulu ilə inqilab məsələlərini həll etdim.
Səttar xan — (Bağır xana) Hansı inqilab məsələlərini?
Bağır xan — Təbriz inqilabı məsələsini. Doğrusu, xalqı qırğına vermək istəmədim.
Səttar xan — (Bağır xana) Əzizim, gözümün işığı, məsələ bir Təbriz məsələsi deyildir. Biz burada Azərbaycan məsələsini həll edirik. Bir də belə zamanda təkbaşına Təbriz məsələsini həll etmək olmaz. İnqilabda fəhlə də, kəndli də iştirak edir. Onlar bizə öz başımıza sülh etmək ixtiyarı vermişlər.
Bağır xan — (acıqlı) Bəs mən kiməm?
Səttar xan — Hər ikimiz üsyan ordusunun sərbazıyıq.
Bağır xan — Mən başa düşmürəm. Biz nə üçün vuruşuruq?
Səttar xan — Azadlıq üçün, qələbə üçün mübarizə aparırıq.
Bağır xan — Qardaşım, sən gəl, biz sülhü davam etdirək. Biz düşmənin sülh təklifini qəbul etməklə, sülhpərvər dünyanın məhəbbətini daha artıq qazana bilərik. Məmləkətimiz kiçik, vəziyyətimiz ağırdır. İnqilab uzun çəksə, xalq acından qırıla bilər.
Səttar xan — (stolun yanına gəlib xəritələri göstərir) Yox, qardaşım! Məmləkətimiz olduqca genişdir, bərəkətlidir. Tarixin qızıl dövrlərini keçirmiş bir məmləkətdir. Sənin nəyin yoxdur? (Xəritələri göstərir). Buyurun baxın, bu iki xəritə köhnə xəritədir. Bunların biri Böyük Pyotr zamanında, ikincisi Napoleon zamanında düzəldilmişdir. Bunlara yaxşı diqqət verin!
Bağır xan — Diqqət verirəm.
Səttar xan — Bu kəndlər keçmişdə Azərbaycan xalqının yaşadığı kəndlərdir. Həmədan şəhərinin ətrafıdır.
Bağır xan — (xəritədə oxuyur) Qaraközlü, Qaşlı, Aşıqlı, Əlibəyli, Almabulaq...
Səttar xan — Bu da təzə xəritədir. (Göstərir). Bunlar birinci və ikinci xəritədə göstərilən xətlərdir. Həman adları burada tap görüm!
Bağır xan — (diqqətlə baxır). Onları burada görə bilmirəm.
Səttar xan — Bax, mübarizəmiz bunun üstündə gedir. Apardığımız mübarizə bizim varlığımızı dünya xəritəsindən silənlərə qarşıdır. Bizim də sudan, günəşdən, torpaqdan istifadə etməyə haqqımız olmalıdır. Bizə öz ana dilimizdə məktəb, kitab, qəzet lazımdır. Yox, qardaşım, sülh olmayacaq! Bu qədər bərəkətli bir məmləkətdə milyonlarla dilənçi var. Qaçar xanədanı bu torpağı əsirlər və qullar diyarına döndərmişdir. Yox, qardaşım, sülh olmayacaqdır! İnsan kimi yaşamaq istəyən xalqlar özləri üçün şərəfli və yeni bir tarix düzəltməlidir. Biz o tarixi qamış qələmlərlə deyil, iti qılınclarımızla yazmalıyıq.
Bağır xan — Mən sənin yolunda ölümə gedərəm, Sərdar, lakin məsələni bu cür qoymaq bizim köməkçilərimizin sayını azalda bilər. Bundan sonra mübarizə yersizdir. Qoy xalq rahat yaşasın.
Hacı Mehdi — Rəhmət bə valideyni-şuma...
Hacı Salman — Bax, buna nə demişəm! Bu fikir əsil inqilabçı fikirdir. Bir gül ilə bahar olmaz. Bir balaca Təbriz böyük şah ordusunun qabağında nə iş görə bilər?
Səttar xan — Nə isə, məsələyə keçək!
Hacı Mehdi — Cənab Sərdar, cəsarət olmasın, nə kimi məsələlərimiz var?
Səttar xan — Yoldaş Qüdrət şəhərimizin vəziyyəti barəsində mə’lumat verəcəkdir. (Qüdrətə) Başla görək, əziz yoldaş.
Qüdrət — Düşmən Təbriz altında böyük hazırlıq aparır. Mübarizə uzun çəkəcək. Birinci növbədə xalqın qeydinə qalmaq lazımdır.
Hacı Mehdi — Barakallah! (Hacı Salmana). Gədə, Hacı Salman, sən olasan getdiyin Məkkə, indicə mən sənə bu ağanın üzünə baxan kimi demədim ki, xalis inqilabçıdır?
Hacı Salman — Bə nəmənə? İnqilabçı belə olar da...
Qüdrət — Buna görə də mənim birçə təklifim var: şəhərdə və şəhər ətrafındakı bütün yeyinti şeylərini siyahıya alaq.
Hacı Salman — Necə, necə? (Hacı Mehdiyə) Balan ölsün, Hacı Mehdi, gör bir bu nə deyir?!
Qüdrət — Mövcud olan yeyinti şeyləri Hərbi İnqilab Komitəsinin ixtiyarına verilməlidir.
Hacı Mehdi — Sonra?
Hacı Salman — Sonra?
Qüdrət — Bahalığın qabağını almaq üçün yeyinti şeylərini ucuz qiymətə satmaq lazımdır.
Hacı Mehdi — Bu inqilab olmadı ki!
Hacı Salman — Məkər biz bundan ötrü qan tökmüşüx?
Hacı Mehdi (Hacı Salmana) — Mən bu ağanın üzünə baxan kimi demədim ki, qafqazlıdan inqilabçı çıxmaz?
Hacı Salman — Heç dəxli var?
Səttar xan — İnqilabı müdafiə etmək üçün əlimizdən gələni əsirkəməyəcəyik.
Hacı Salman — Əsirkəməyək! Ölmək lazımdır, dib ölək!
Səttar xan — Siz Hacı Mehdilər, siz Hacı Salmanlar inqilabın qalib gəlməsini istəyirsiniz, ya yox?
Hacı Salman — Qalib gəlsə də, gəlməsə də nə dəxli var ki?
Hacı Mehdi — İstərüx, istəmərüx, bə neynərüx?
Səttar xan (məclisə) — Bundan nə anladınız? Necə yə’ni istərüx, istəmərüx, bə neynərüx?
Hacı Mehdi — Hən də... Siz soruşursunuz, biz kəmali sədaqətlə cavab veririk ki, istərüx, istəməx, bə neynərüx.
Hacı Salman — Yə’ni belə deyil? Öz inqilabımızdır. Qalib gəlsə də, gəlməsə də, kimə nə dəxli var?
Səttar xan — İnqilab qanunları nə tələb etsə, həyata keçirəcəyəm. Vəssalam! (Qüdrətə). Daha nə təklifiniz var?
Qüdrət — Silahlı qüvvəmiz çox azdır.
Səttar xan (Əncümən üzvlərinə) — Xalça fabrikindən qovulan 700 nəfər fəhləni silahlı qüvvəyə qəbul edəcəyəm, xərcini Əncüməndə qoyub keçirərsiniz.
Hacı Salman — Biz bu məsələni Əncüməndə qoya bilmərüx.
Hacı Mehdi — Bir şahı da olsa verə bilmərüx. Vəssalam!
Səttar xan — Bu sizin borcunuzdur, siz bunu keçirməlisiniz.
Hacı Mehdi — Bağışlarsınız, Sərdar, biz bu məsələni Əncüməndə qoya bilmərüx.
Hacı Salman və Hacı Mehdi (qalxıb gedirlər) — Xeyir baba, biz bunu bacarmarüx.
Tütünçüoğlu (gəlir) — Cənab Sərdar, Zeynəbi tutdular.
Səttar xan — Nə vaxt, gedəndə, ya qayıdanda?
Tütünçüoğlu — Qayıdanda. İki bomba atdım. Bir neçə nəfər ölüb, yaralandı. Lakin Zeynəbi qurtara bilmədim.
Səttar xan — Tutanlar kim idi?
Tütünçüoğlu — Tutanlar Böyük xanın adamlarından Davatkəroğlu ilə Əlidadaşdı.
Səttar xan — Onu indi Böyük xanın əlinə tapşıracaqlar. Nə olur-olsun, biz onu xilas etməliyik!
Tütünçüoğlu — Elədir, yoxsa Dəvəçidə işləyən yoldaşların hamısı məhv olacaq.
Qüdrət — Zeynəb ölsə də sirr verməz. Ancaq onu xilas etmək mümkündür. (Saatına baxır).
Bağır xan — Necə?
Qüdrət — Bu gecə saat dörddə hökumət qoşunu şəhərə basqın edəcək. Biz onları qabaqlasaq, Zeynəbi də xilas etmiş olarıq.
Bağır xan (e’tirazedici bir halda) — Şayiələri buraxın. Kişilər bizə nümayəndə göndərib. Bir həftədən sonra sülh məclisi açılır. Parlaman seçkiləri başlanır. Padşah bütün şərtlərimizi qəbul edib. (Qüdrətə) Mənçə belə-belə şeylərə inanmaq yaxşı nəticə vermməz.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-dumanli-tebriz-pyes-ucuncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İran şahının dərbar naziri Paris qəzetləri müxbirlərinə demişdir ki, şahın pulsuzluq xəbəri doğru deyildir: çünki satdığı imtiyazlar üçün İngiltərədən təxsisat alır.*Atdılar girəm ki, millət mülki-İrandan məni
İran milləti«Şəfəqi-sorx» nam İran qəzetəsi deyir ki: Qacar xanədanı təxti-tacdan məhrum olmalıdır. Çunki bunların vaxtında İran dilənçi halına gəlmişdir.*Ali Qacarı sevir, əlbət ki, İran milləti,
Dünyaya gəlirVyanada keşişlər toplanıb qırmızı beynəlmiləl ilə mübarizə etməkdən ötrü bir ağ beynəlmiləl təşkil eləmişlər.*Yaz olan kimi toyuqlar da yumurtaya gəlir
Balaca felyetonAlmaniya hökuməti Rur üsyanlarını yatırmaq üçün Fransadan yardım tələb edib deyir: biz 71-ci ildə Paris kommunasını məhv etdik.*Ol gün Parijin işçisi tufan qoparırdı.
Başqa şairlərin şeirləri
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
Allah, ölümün haqdıBu nə dərddi, nə bəladı,Imdada çat, qadir Allah!
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Cana, məhəbbət aləmi pürinqilab olurCana, məhəbbət aləmi pürinqilab olur,Əhli-məhəbbətin işi daim əzab olur.