Səhifə 4 / 4 · 75%

Qüdrət — Mənə inanın, cənab Salar.

Bağır xan — Sizə inanıram, gözümün işığı, lakin sən də sülhü pozmaq üçün buraxılan şayiələrə inanma. Düşmən də öz məsləhətini sülhdə görür. Bizə də bu lazımdır.

Qüdrət — Cənab Salar! Böyükxan bu gecə basqın edib sizi əsir almağa hazırlaşır. Biz onu qabaqlamalıyıq.

Bağır xan — Xəbər haradandır?

Qüdrət — Çar konsulxanasında işləyən tanış bir qızın gətirdiyi xəbərdir.

Bağır xan — Rəfiq, bir qədər ehtiyatlı olun. Son vaxtlar bə’zi qızlar Təbrizi bir-birinə vururlar.

Qüdrət — O qızın vasitəsi ilə alınan xəbərlər yalan olmur.

Səttar xan — Salar, o rus qızının bizə olan dostluğu təəccüb ediləsi bir şey deyildir. Biz inqilab dərslərini o böyük xalqın mübarizə tarixindən oxuduq.

1-ci mücahid (gəlir) — Cənab Sərdar, atlı gəlib xəbər gətirmişdir ki, Maralan və Xiyaban tərəflərində şiddətli vuruşma başlanmışdır.

Bağır xan — O tərəflərdə heç bir hərəkət ola bilməz!

Səttar xan — Hüseyn Bağbana xəbər ver ki, 300 atlı ilə Xiyaban və Maralan tərəflərinə getsin.

Mücahid gedir. Hacı Mehdi və Hacı Salman içəri girirlər.

Hacı Mehdi — Axır, biz inqilabçıyux ya yox?

Hacı Salman — Biz Yezid deyilux ki?

Səttar xan — Nə olub Hacı?

Hacı Mehdi — Bundan artıq nə olacaq ki? Anbarlarımızı möhürləyib qapısına da mücahid qoyublar.

Hacı Salman — Mən özümü öldürəcəyəm. Qoy hamı bilsin ki, Səttar xan böyük bir inqilabçının ölümünə səbəb oldu.

Hacı Mehdi (məclisə) — Bəlkə mən anlamıram. Belə də inqilab olar?

Səttar xan — Mən sizi əmin edirəm, mallarınızın qiymətini bir şahısına qədər alacaqsınız.

Hacı Salman — Qazancını istəmədik, barı öz mayasını versinlər.

Hacı Mehdi — Biz inqilabdan qazanc almayacayux ki?

Hacı Salman — Hən də, axır biz də inqilabçıyux ya yox?

Səttar xan — Əmin olun!

Hacı Mehdi (Səttar xana) — Cənab Saların başına and için inanım.

Səttar xan — And içirəm.

Hacı Mehdi — İnqilabsız bir günümüz də olmasın.

Hacı Salman — Can ağzımdan çıxana qədər də inqilabçıyam. (Gedir).

Bağır xan (məclisə) — Zənnimcə belə-belə işlər bizə ziyan verər. Xalqın anbarına və taxılına toxunmağı məsləhət görmürəm.

Səttar xan — Bunlar taxılları əksinqilab məhəllələsinə göndərir, şəhəri ac qoymaqla xalqı bizim üstümüzə qaldırmağa çalışırlar. Taxıl məsələsi bizim həyat məsələmizdir.

Qüdrət (saatına baxır) — Vaxt keçir, cənab Sərdar.

Səttar xan — E’tiraz etmirəm, lakin hazırlıq lazımdır.

Qüdrət — Gecə basqını üçün ancaq tədbir və cəsarət lazımdır.

Bağır xan — Əziz rəfiqim, mən sizin fikrinizi bilmirəm. Hansı qüvvətlə hücum edəcəyik?

Qüdrət — Bağır xan və Səttar xanın sarsılmaz iradəsi ilə.

Səttar xan — Cənab Salar, siz burda qalın, mən gedərəm.

Bağır xan — Yox, qardaşım, hərgah bir təhlükə varsa, qoy məni qarşılasın. Sən bilirsən ki, mən təhlükələrlə baş-başa vurmaq üçün yaranmışam, mücahid, hazır ol!

Cavad ağa — Mücahid, hazır ol!

Səttar xan — Get qardaşım, uğurlar olsun. Düşmənin məğrur başını ayaqlar altına sal!

Bağır xan — Bu gecə düşmənin məğrur başı Sərdarın ayağı altına atılacağına and içirəm!

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri