Hüsaməddinin həbsxanadan qaçması
Səhifə 2 / 3 · 33%
– O barədə düşünməyin, burada məndən yuxarı vəzifə daşıyan heç kəs yoxdur. Həbsxana mənim ixtiyarımdadır. Uca vəzifədə olanların özləri bura gəlməz, ancaq adamları gəlib bizə əmr gətirirlər, – dedi.
– Nə üçün əmrlər gətirirlər?
– Sürgünə göndərilənləri və edam edilənləri aparmaq üçün əmr gətirirlər.
– Əmrləri verən kimdir?
– Əmrləri verən Həmədan şəhəri mühafizəsi qoşunlarının rəisi Fəxrəddin adlı bir adamdır.
– Onun heç bir rəhmi, insafı yoxdurmu?
– Yoxdur. Başqalarını edam edir etsin, sözümüz yoxdur, bizim öz yerlərimizi də məhv edir. O elə qəhrəmanları məhv edir ki, bir daha məmləkətimiz o cür adamları yetirə bilməz.
– Siz hansı məmləkətdənsiniz?
– Biz Azərbaycan tərəfindən gəlmişik.
– Demək ki, siz də mənim kimi qürbət vilayətdənsiniz?
– Əcəba, siz buralı deyilsinizmi?
– Xeyr, mən buralı deyiləm. Mən də qürbət vilayətlərdən gəlmişəm. Ərimi axtarmaq üçün Bağdada getmişdim, qayınanam da mənimlə bərabər idi. Onun özünü deyil, ölüm xəbərini tapdıq, indi isə onu burada buraxıb qardaşımı axtarmaq üçün gedirəm.
– Qardaşınız haradadır?
– Reydə olduğunu xəbər verən vardır. Bəziləri deyirlər ki, o, Xarəzm məmləkəti hüdudundadır. Bu yaxınlarda alınan xəbərə görə o, Səlahəddin Əyyubunun ordusu ilə bərabər Qüds şəhərinin altında müharibə edir. Hər halda hansı bir tərəfə gedəcəyimi və onu harada axtaracağımı özüm də bilmirəm.
– Qardaşınızın adı nədir?
– Qardaşımın adı Hüsaməddindir.
Müdir Hüsaməddin adını eşitdiyi zaman duruxdu, qadının üzünə təəccüblə baxdı, dərin bir fikrə cumdu və öz-özünə: “Siz Allah, təsadüfə baxın!” – dedi.
Qadın ağlayırdı, sanki həyəcanından çöhrəsini açdığını unutmuşdu. Müdir də öz növbəsində onun gözəl və aldadıcı çöhrəsini gördüyü zaman, hər bir təhlükəni, hər bir uçurumu xəyalından silmişdi. O, qadına yaxşılıq etmək və nəticədə onun məhəbbətini qazanmaq xülyalarını daşıyırdı. Nəhayət, müdir fikirli baxışını qaldırıb qadına baxdı və onun ağladığını görüb dedi:
– Sizi başa düşürəm, gözəl və möhtərəm xanım, qadın üçün qardaş məhəbbəti ər məhəbbətindən daha artıq və daha qiymətlidir. Çünki özümüz də qardaş olmuşuq, özümüz də bacı məhəbbətini dadmışıq. Mən elə zənn edirəm ki, bacılar qardaşın uğrunda hər cür fədakarlığa qarşı güzəştə gedə bilərlər.
Qadın gözlərini silərək:
– Elədir, doğru deyirsiniz, mən bir kərə Hüsaməddini görmək üçün öz varlığımı fəda edə bilərəm. Buna and içmişəm. Mən ərimdən sonra bir daha ərə getməmək üçün and içmişdim, lakin qardaşımın xəbərsiz yox olduğunu eşidəndən sonra andımı dəyişdim.
Qadın bu sözləri dedikdən sonra utanıb, başını aşağı saldı. Müdir isə ona sual verdi:
– Möhtərəm xanım andını nə üçün dəyişdi? Onu mənə söyləyə bilməzsinizmi?
– Nə üçün söyləyə bilməyim? Hər kəs mənim qardaşımı mənə versə, mən onun izdivac təklifini rədd etməyəcəyəm.
Müdir üçün bu təklif olduqca ağır idi. O, Hüsaməddini qadına qaytara bilməyəcəkdi. Eyni zamanda, qadına qardaşının həbsxanada olduğunu da xəbər verməkdən qorxurdu, bacı üçün bu qədər qara xəbəri eşitməyin nə qədər ağır olduğunu müdirin özü də hiss edirdi. Lakin müdir təsadüf etdiyi bu gözəl qadının arzularına kömək etməyi də bacarmırdı. Buna görə də qadını əvvəlcə bu xəbərin ağırlığına öyrətmək və ona xəbər verəcəyi hadisənin təsirini azaltmağa çalışaraq dedi:
– Hazırda dünya o qədər qarışıqdır ki, hadisələr heç bir zaman bacı-qardaş arasında olan məhəbbətlə hesablaşmır, kim bilir, qardaşınızı harada tapacaqsınız. Bəlkə də o bir xəstəxanadadır, bəlkə də sürgündədir, yaxud da bir həbsxana bucağında yatır. Nə edəcəksən?! Qəzaya təğyir verməyi kimin imkanı vardır? Qəzavü-qədərin ağırlığını biz çəkməsək bəs kim çəkəcəkdir? Məncə bu məsələnin həllini iqbalın öz ixtiyarına buraxmaq daha əlverişlidir. Yaxud da onu axtarmaq və tapmaq üçün getdikcə onun həbsdə olduğunu gözünüzə alın.
– Hər halda nə olursa olsun, bir kərə onun üzünü görmək və salamat olduğunu yəqin etmək mənim üçün kifayətdir.
– Əcəba, mən qardaşınızı göstərsəm, öz andınıza vəfa edə bilərsinizmi?
– Andı yerinə yetirmək üçün şərait mövcud olursa, nə maneə vardır.
– Mən də qəribəm, ailəm də yoxdur. Özüm də çox nəcib ailədə doğulmuşam...
– Sizin alicənablığınız nəcib ailədən olduğunuzu göstərir.
– Siz əhdinizə vəfa edəcəyinizə and içə bilərsinizmi?
– Qardaşımın canına and içirəm!
– Lakin sizdən bir ricam vardır: qardaşınızı gördüyünüz zaman həyəcan keçirməməli və qışqırmamalısınız! Hərgah bu sirr yanınızda qalarsa, bunu bir kimsəyə bildirməsəniz, hər gün axşam bu zaman qardaşınızı burada görə bilərsiniz.
– Mənimlə zarafatmı edirsiniz?!
– Ciddi deyirəm, burada bir nəfər Hüsaməddin vardır.
– Onun nişanələrindən birisini mənə deyə bilərsinizmi?
– Çöhrəsində böyük bir xalı vardır.
Qadın ağladı:
– Odur, anamın oğludur. Sevgili qardaşımdır.
Müdir:
– Rica edirəm, özünüzü ələ alın, – deyərək qadını otaqda buraxıb getdi. Qadın oturub düşünürdü. Öz “qardaşını” həbsxanadan qurtarmaq üçün müdirin həyatı barəsində götür-qoy edirdi. Beş dəqiqə keçmədən qapı açıldı. Hüsaməddin otağa girdi, qadın onu gördüyü zaman üzərinə atılıb boynunu qucaqladı və:
– Əziz qardaşım! – deyə onun üzündən öpmək istərkən qulağına pıçıldadı: – Müdiri boğub libaslarını geyməlisən!
Müdir qayıdıb içəri girdi və qadına müraciətlə:
– Sizin qardaşınız bu cənabdırmı?
Qadın ağlaya-ağlaya:
– Budur, mənim bədbəxt qardaşım budur! – dedikdə Hüsaməddin müdirə yanaşaraq:
– Bacımın və mənim haqqımızda etdiyiniz bu alicənablığa qarşı təşəkkür edirəm, – deyərək onun əlini-əlini aldı və o biri əli ilə müdirin boğazından tutub boğmağa başladı. Qadın müdirin müqavimət göstərdiyini görüb, dərhal qalxıb müdirin can evindən tutub əzdi və Hüsaməddin onu boğub işini bitirdi. Hüsaməddin müdirin paltarını geydi, qapını bağlayıb, açarını görürdü; Hüsaməddin qadın ilə küçəyə çıxarkən, yavaşdan qarovula müraciət edərək:
– Mən bu xanımı yola salıb qayıdıram. Gecə keçmişdir. Əbu-Dəccanə məhəlləsinə getməsi qorxuludur, – dedi.
Ay, İsmayılın məqbərəsi üzərindəki minarənin dalısına keçib üzünü kirşanlamağa başladığı zaman Hüsaməddin və Səba xanımın hazırlatdırdığı atı minib Xarəzm məmləkətinə doğru qaçırdı. Qətibə xatun Hüsaməddinin həbsxanadan qaçırılması işini özü üçün böyük bir müvəffəqiyyət sayırdı. Doğrudan da bu hadisə Fəxrəddinin Həmədandakı nüfuzuna böyük bir zərbə oldu. Buna görə də Qətibə xatun Səba xanımı istədiyi qədər mükafatlandırdı. Fəxrəddin isə Qızıl Arslandan yüngül bir məzəmmət alandan sonra Hüsaməddini qaçıran qadını axtarmağa başladı. O, həbsxana qarovullarını çağırıb soruşdu:
– Qadın haqqında nə deyə bilərsiniz? O gecə qapıda gəzən qarovul kim idi?
Qarovulun kim olduğunu təyin etdilər. Qarovulun verdiyi məlumat bundan ibarət idi: “Boyu bəstə bir qadın idi. Hər gün bir kərə və hərdənbir gündə iki kərə məhbuslara ehsan gətirirdi. Çox mömin qadın idi. Dilindən Allahın və müqəddəslərin adı əskik olmazdı. Olduqca gözəl idi. Üzünü bir kərə gördüm, lakin tez gizlətdi. Əlini uzadıb ehsanı verdiyi zaman barmaqlarında üç qiymətli üzük olduğunu gördüm. Başında qapa ipəkdən çarşabı var idi. Çarşabın kənarında yaşıl ipəklə tikilmiş haşiyələr var idi. Ayaqqabılarının üstü gümüş saplarla tikilmişdi. Səsi çox zəif və həzinavər idi. O çox tez-tez ağlayırdı. Səxavətinin müqabilini indiyə qədər görməmişəm. Adəti, rastına keçən yoxsullara pul paylamaq idi”.
Fəxrəddin bir az düşünüb yanındakı adama müraciət etdi və:
– Eşitdiyin əlamətləri yazıb götür, bu nişanələrdə hansı bir qadın görmüş olsanız tutub mənim yanıma gətirin! – dedi.
Fəxrəddin həmin qadının Səba xanım olduğuna heç də şübhə etmirdi, lakin onu Qətibə xatunun sarayından çıxarıb həbsə aldırmaq mümkün deyildi. Buna Qızıl Arslan da razılıq vermirdi, çünki bu cinayəti Səba xanımın boynuna isbat etmək, Qətibə xatunun da bu cinayətdə iştirak elədiyini ifşa etmək demək idi. Buna görə də Qızıl Arslan Səba xanımın saraydan dışarı çıxdığı zaman heç kəsə bildirmədən həbsə alınmasını və edam edilməsini tapşırmışdı.
Bütün günü Fəxrəddinin xəfiyyələri saray ətrafında gəzib həmin əlamətləri daşıyan qadının intizarını çəkirdilər. Səba xanım bunların hamısını anlayırdı. Fəxrəddin və Qızıl Arslanın onu həbsə aldırmaq üçün verdiyi qərarları bilirdi. Buna görə də o öz məharət və cəsarətini bir daha Fəxrəddinə və Qızıl Arslana göstərmək qərarına gəlmişdi. Fəxrəddinin Atabəy sarayı ətrafında qoyduğu gözətçi xəfiyyələr heç bir müvəffəqiyyət əldə edə bilmirdilər. Həbsxana qarovullarının göstərdiyi əlamətləri daşıyan qadın gözə görünməyirdi. Saraydan çıxan kənizlər və cariyələr təqib edilirdisə də, onların heç birisində göstərilən əlamətləri tapa bilmirdilər. Lakin Səba xanım sarayda qapanıb oturmamışdı, o hər gün saraydan dışarı çıxaraq Fəxrəddinin yaşadığı evin ətrafında dolaşır və Fəxrəddinin yaşadığı otağa girmək üçün vasitə axtarırdı. O, Həmədandan Rey məmləkətinə köçüb gedənə qədər mələkənin düşməni olan Fəxrəddinə böyük bir zərbə vurmaq və buna müqabil böyük bir mükafat almaq istəyirdi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-husameddinin-hebsxanadan-qacmasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Oxuyan qız. Firəngizin tualet otağıdır. Otaqda heç bir kəs yoxdur, zaldan alqış səsləri eşidilir. Azdan sonra Firəngiz daxil olub güzgünün qarşısında oturur, saçlarını səhmana salır. Bu əsnada bir dəstə adam əllərində gül dəstələri daxil olur.*Birinci adam** — Mühəndis dəstəsi tərəfindən *(gül dəstəsini qoyur).*
Səkkizinci pərdəMexaniki sexin qarşısıdır, hər tərəf çiçəklərlə və rəhbərlərin şəkilləri ilə bəzənmişdir. Sexdən dəzgahların işləmək səsləri eşidilir.*Mirzə Teymur** — *(Mirzə Əhmədlə bərabər gəlir)* Bir neçə gündür ki, özüm-özümdən iyrənirəm. Çünki xalqın mənə nifrət bəslədiyini bilməmiş deyiləm. Nə üçün mən işi bu dərəcəyə çatdırdım. Tutaq ki, Durnanın məni rədd etdiyi üçün onu təhqir edirdim. Əcəba Qəhrəman mənə nə yamanlıq etmişdi? Firəngiz macərasını nə üçün yaratdım?
Bu da bir mö’cüzə(Kollektiv təsərrüfat həyatına dair iki pərdədə musiqili teatr əsəridir.)*Əsərdə iştirak edənlər
Birinci pərdəBirinci pərdə vaqe olur bir kənd qolçomağının evində. Evə kənd ağsaqqalları və bir çox başqa kəndlilər toplaşmışdır.*Qolçomaq Qasım əlində təsbeh evi dolanır.*