Hüsaməddinin həbsxanadan qaçması
Səhifə 3 / 3 · 67%
Günorta zamanı azançı İsmayıl məqbərəsinin kaşi minarəsində “Allahu əkbər” sözünü dediyi zaman, Səba xanım Fəxrəddinin qapısından qara çarşaba bürünmüş bir qadının:
– Allahu əkbər kəbirən kəbira, – deyə çıxıb getdiyini gördü. Qadın əlində böyük bir bağlı aparırdı. Səba xanım çox diqqətlə baxandan sonra qadının əlindəki bağlının çirkli paltar olduğunu təyin etdi. Şübhəsiz ki, paltarlar Fəxrəddinin paltarları idi.
Səba xanım qadına yaxınlaşıb salam verdi və soruşdu:
– Vaxtınız olsaydı, sizi xanımın yanına aparardım. Xanım çoxdan bəri səliqəli paltaryuyan axtarır.
Qadın Səba xanımın cavabında:
– Bu gün və sabah vaxtım olmayacaqdır. Çünki cənab Fəxrəddin paltarlarının tələsik yuyulmasını tapşırmışdır.
– Siz onun paltarlarını nə vaxt özünə gətirməlisiniz?
– Vaxt təyin etməyiblər. Birisi gün və ya daha o birisi gün.
– Bəs mən sizi harada görüm?
– Siz harada istəsəniz, mən orada gəlib sizi gözlərəm.
– Daha birisi gün cümə axşamıdır, siz Əbu-Dəccanə məqbərəsinə ziyarətə gələrsinizmi?
– Bu nə sözdür? Həmədanda yaşayıb peyğəmbərin əshabəsinin ziyarətinə getməmək qabildirmi?
– Günün nə vaxtı?
– Mən zöhr namazını orada qılacağam.
– Elə isə orada görüşərik.
Bu hadisədən iki gün keçmişdi. Fəxrəddin pəncərədə oturub cəbbəxana meydançasına baxır və öz-özünə deyirdi: “Qoşun və hökumət mənim əlimdə olurkən, əxlaqsız bir qadın həbsxanaya girsin, müdiri öldürsün, Hüsaməddin kimi məmləkət xainini qaçırsın?! Daha mən nə üçün adımı Fəxrəddin qoymuşam!”. O, əlini çənəsinin altına söykəyib cəbbəxana meydanından gəlib keçən kişilərə və qadınlara baxırdı. Birdən Səba xanımın keçdiyini görüb, diqqətlə ona baxdı, həbsxana qarovullarının göstərdiyi əlamətlərin hamısını onda gördü, sevindiyindən dəli kimi yerindən sıçradı; Səba xanımı tutmaq üçün pilləkənlərdən qapıya düşdü. Başqa adam görməyərək qapıda duran qarovulları səslədi:
– Dalımca gəlin, – dedi. – Onlar qapıdan ayrılmaq istərkən paltaryuyan qadın qapıya yanaşaraq:
– Möhtərəm ağam, paltarı gətirmişəm, – dedikdə Fəxrəddin bir kəlmə ilə:
– Apar otağa, qayıdıram! – deyə qarovullarla bərabər Səba xanımı təqib etdi.
Səba xanım tamam bir sürətlə gedirdi. Fəxrəddin də bunu istəyirdi, çünki onu şəhərin mərkəzində tutmağın uyğunsuz olduğunu düşünürdü.
Qadın dabbağxana dərəsi məhəlləsinə dönərkən, Fəxrəddin onu səslədi:
– Dayan fahişə!
Həmin qadın qayıdıb təəccüblə Fəxrəddinə baxdı və təhqiredici sözlərlə onun cavabını verdi və öz yoluna davam etdi. Fəxrəddin bir daha onu səsləyərək:
– Səni səsləyirəm. Əxlaqsızın birisi, – dedi. – Bir də mənim əlimdən qurtaracaqsanmı?!
Qadın əlini yerə ataraq daş götürüb, atmaq istərkən Fəxrəddin onun əlinə baxdı, doğrudan da həbsxana qarovulu göstərdiyi kimi barmaqlarında üç dənə qiymətli üzük olduğunu görcək qarovullara müraciətlə:
– Tutun, özüdür, – dedikdə qarovullar qadını yaxaladılar. Qadın isə dartınıb onların əlindən qurtarmaq istərkən, çarşabı başından düşdü. Fəxrəddin ona çox diqqətlə baxarkən, rəngi qaçdı, çünki qadın Səba xanım deyildi. O, təxminən qırx, ya qırx beş yaşlarında çopur və bir gözü kor qadın idi.
Fəxrəddin yalvarıcı bir surətdə qadına müraciətlə dedi:
– Məni bağışlayın, rica edirəm bunu özünüz üçün bir təcavüz hesab etməyin. Axtardığımız canidə olan əlamətlərin hamısı sizin zahiri görünüşünüzdə vardır.
Qadın bu sözlərdən təsəlli tapmadı, hönkür-hönkür ağlayaraq deyirdi:
– Taxtın tabuta dönsün, belə padşah! Sənin paytaxtında qadınları günün günortasında küçələrdə təhqir edir və fahişə adlandırırlar. – Qadın onların yaxasından əl çəkmədi. – Sizi buraxmayacağam, gərək bu saatda qazının yanına gedəsiniz, orada mənim fahişəliyimi isbat eləyəsiniz.
Fəxrəddin yüz kərə üzr istədi, yalvardı; nəhayət, qadın onlara lənət və nifrət oxuya-oxuya ayrılıb getdi.
Fəxrəddin tərini silə-silə evə qayıtdı. Evdə qəribə bir aləm gördü. Geydiyi libasların heç birisini orada görmədi; bağlı sandıq açılmışdı, qiymətli şeyləri və bütün lazımi vəsiqələr götürülmüşdü. Pəncərənin arasında bir bağlı qoyulmuşdu, tələsik bir halda bağlını açıb, bir dəst qadın libası qoyulduğunu gördü. Onu tər basdı, içəri girən qadının paltaryuyan qadın olmadığını yəqin etdi. O, qarovullara qışqırdı:
– Dayanmayın, həmin qadını təqib edib mənim yanıma gətirin. O bizi aldadıb evdən uzaqlaşdırmaq üçün Səba xanımın libaslarını geymiş və çarşabını örtmüş imiş.
Qarovullar qadını təqib etdilər, lakin onu tapa bilmədilər. Qara çarşaba bürünmüş yüzlərlə qadına təsadüf etdilər. Ancaq yarım saat əvvəl gördükləri əlamətləri heç bir qadında görə bilmədilər.
Qarovullar gedəndən sonra Fəxrəddin bir daha qadın paltarlarına baxdı, orada bir məktub qoyulduğunu gördü və götürüb oxudu:
“Bütün yemək şeylərini zəhərləyib səni məhv edə bilərdim. Lakin sənin kimi insanları günahsız məhv etməyin tərəfdarı deyiləm. Bu hadisə sənin üçün xəbərdarlıqdır. Hərgah Həmədandan çıxıb getməsən, ikinci kərə səni ölüm cəzası ilə cəzalandıracağam. Hələ iraqlılar o qədər alçalmamışdır ki, bir nəfər azərbaycanlı Bağdadın qulağının dibində ağalıq etsin”.
Fəxrəddin məktubu oxuyub yerə qoydu və dərindən fikrə getdi. Bu təhqirin ağırlığı altında qəlbən inləməyə başladı. O öz-özünə: “Bu qadın hiyləsidir. İraqlılar mənim qarşıma qılıncla çıxardılar, onlar heç bir zaman mənim evimdən paltarlarımı aparıb, yerinə qadın paltarları qoymazdılar. İraqlılar məni çox gözəl tanıyır, onlar məni müharibə meydanlarında görüblər. Onlar mənim bu paltara layiq olmadığımı hamıdan yaxşı bilirlər. Bu iş Qətibənin və Səba xanımın işidir” – dedi və qarovulları yanına çağırıb tapşırdı:
– Bu hadisəni heç bir yerdə danışmayın, bu tamamilə gizlində qalmalıdır!
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-husameddinin-hebsxanadan-qacmasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Oxuyan qız. Firəngizin tualet otağıdır. Otaqda heç bir kəs yoxdur, zaldan alqış səsləri eşidilir. Azdan sonra Firəngiz daxil olub güzgünün qarşısında oturur, saçlarını səhmana salır. Bu əsnada bir dəstə adam əllərində gül dəstələri daxil olur.*Birinci adam** — Mühəndis dəstəsi tərəfindən *(gül dəstəsini qoyur).*
Səkkizinci pərdəMexaniki sexin qarşısıdır, hər tərəf çiçəklərlə və rəhbərlərin şəkilləri ilə bəzənmişdir. Sexdən dəzgahların işləmək səsləri eşidilir.*Mirzə Teymur** — *(Mirzə Əhmədlə bərabər gəlir)* Bir neçə gündür ki, özüm-özümdən iyrənirəm. Çünki xalqın mənə nifrət bəslədiyini bilməmiş deyiləm. Nə üçün mən işi bu dərəcəyə çatdırdım. Tutaq ki, Durnanın məni rədd etdiyi üçün onu təhqir edirdim. Əcəba Qəhrəman mənə nə yamanlıq etmişdi? Firəngiz macərasını nə üçün yaratdım?
Bu da bir mö’cüzə(Kollektiv təsərrüfat həyatına dair iki pərdədə musiqili teatr əsəridir.)*Əsərdə iştirak edənlər
Birinci pərdəBirinci pərdə vaqe olur bir kənd qolçomağının evində. Evə kənd ağsaqqalları və bir çox başqa kəndlilər toplaşmışdır.*Qolçomaq Qasım əlində təsbeh evi dolanır.*