Səhifə 4 / 4 · 75%

Dördüncü gün xəlifə qoşunu şəhərin qərb tərəfini azərbaycanlılara təslim edərək Dəclə çayının şərq tərəfinə çəkildi. Samiriyyədən Dəclənin şərq sahili ilə irəliləyən ordu sürətlə Bağdada gedərək, çəkilməkdə olan Bağdad ordusunun körpüləri dağıtmasına imkan vermədi.

Rəsafə cameindəki azançı axşam azanını verib “həyyə ələssalat” kəlmələrini dediyi zaman Azərbaycan atlılarının dırnaqları da Şəmsiyə, Məxrəm və Rəsafə küçələrinin daşları üzərində çırpınır və qığılcım saçırdı.

Axşam əzanı bitirib qaranlıq düşdüyü zaman 50 mindən ibarət Azərbaycan ordusunun atları başını Dəclə çayına salıb su içirdi.


Bağdad alınandan beş gün sonra Bağdad qoşununun tərksilah edilməsi işi qurtarmışdı. Xəlifə ordusundan alınan 20 min at, 40 min dəvə, 10 min çadır və 40 min nəfər üçün hərbi silah və sair şeylər dəvələrə yüklənib Azərbaycana yola salınırdı. Xəlifə, Qızıl Arslanın Bağdada gəldiyi xəbərini alan günü təcili surətdə bir istiqbal heyəti düzəldib Yəqubə şəhərinə göndərdi. Qızıl Arslan isə Yəqubə şəhərinə yetişdiyi zaman istiqbal heyətinin sədrinə belə bir cavab verdi:

“Bu səyahətdən məqsədim, Dəclə çayını görmək və Kərbəlada Hüseynin, Kufədə isə Əlinin türbəsini ziyarət etməkdən ibarətdir. Qayıdan zaman bəlkə Mədain xərabələrini tamaşa eləmək üçün Bağdada girdim. Xəlifənin böyük və geniş məhəbbətindən olduqca məmnun qaldım”.

Qızıl Arslan İraqdakı türbələri ziyarət edəndən sonra Bağdada qayıtdı, köhnə Bağdadın qərb tərəfində qurulan çadırına endi. Bağdad xalqı qalib hökmdarı görmək üçün bütün vaxtını Dəclə çayı kənarında keçirirdi.

Xəlifə ikinci dəfə heyət göndərib Qızıl Arslanın Xüld qəsrinə köçməsini təklif etdi. Qızıl Arslan bu dəfə xəlifəyə verdiyi cavabında:

“Xəlifə paytaxtına düşmən kimi girməyin xəlifənin şəxsinə qoyulan bir hörmətsizlikdir. Mən Bağdada ancaq sülh şərtləri qəbul ediləndən sonra girib bir dost kimi xəlifeyi-zəminin əlini öpəcəyəm” – demişdi.

Qızıl Arslanın bu cavabından sonra xəlifə öz nümayəndələrini göndərib Qızıl Arslanın və şəraitlə sülh etmək istədiyini soruşdu.

Vəzir Şəmsəddin Qızıl Arslanın sülh təkliflərini yazılı surətdə xəlifənin nümayəndəsinə təqdim etdiyi zaman dedi:

– Bu təklif ondan ötrü yazılı surətdə verilir ki, xəlifə həzrətləri üçün təkliflərin artırılıb-əskilməz və dəyişilməz olduğu aydın olsun. Təkliflər qəbul edilmədiyi təqdirdə xəlifə mərkəzi Bağdaddan Həmədana köçürüləcəkdir.

Nümayəndələr sülh təkliflərini götürüb xəlifənin yanına apardılar, bir gün sonra xəlifə tərəfindən imza edilmiş sülh müqavilənaməsini gətirib Qızıl Arslana tapşırdılar.

Sülh təklifləri bunlardan ibarət idi:

Birinci – Xəlifə Azərbaycan ordusunun məsarifini beytülmaldan deyil, öz şəxsi əmlakından ödəməlidir. Məsarifi xəlifənin və Qızıl Arslanın adamlarından ibarət bir heyət təyin etməlidir.

İkinci – Xəlifə qoşunu ilə gedən müharibələrdə öldürülən azərbaycanlıların ailəsi təmin olunmalıdır. Alınacaq təminatın miqdarını Qızıl Arslanın hərbi nümayəndələri müəyyən edəcəkdir.

Üçüncü – Xəlifə saray və şəhərin müdafiəsi üçün beş min nəfərdən artıq olmamaq şərtilə qoşun saxlayacaqdır. Bunun əvəzində Azərbaycan hökmdarı hər hansı bir hökumət tərəfindən xəlifəyə qarşı hücum başlanırsa, onu bütün varlığı ilə müdafiə etməyi özünə borc bilməlidir...

Altıncı – Xəlifə Azərbaycan məmləkəti üçün qoyulan vergi qanunlarını ləğv etməlidir.

Yeddinci – Xəlifə nüfuzunun əcnəbi dövlətlərə qarşı müdafiəsini lazımınca təşkil etmək üçün xəlifə hər il Qızıl Arslana iki yüz min dirhəm qızıl verməyi öhdəsinə götürür.

Səkkizinci – Xəlifə Atabəy məmləkətlərinə qazılar, ruhni rəisləri, xəlifə nümayəndələri göndərmək hüququndan əl çəkir.

Doqquzuncu – Xəlifə ordularının Azərbaycan məmləkətlərinə olan müxtəlif hücumları nəticəsində məmləkətdən Bağdada aparılan asar-ətiqə və tarixi kitablar Azərbaycana qaytarılmalıdır.

Onuncu – Son hadisələr əsnasında Bağdaddan təbid edilən azərbaycanlılar yerlərinə qaytarılmalı və zərərləri ödənilməlidir.

On birinci – Xəlifə məmləkətlərində yaşayan azərbaycanlıların bərabər hüquqda yaşaması təmin olunmalıdır.

On ikinci – Azərbaycanda Bəni Abbas şahzadələri, qoşun sərkərdələri, əmirləri və hakimlərinin əsrlərdən bəri əldə etdiyi sular, meşələr, malikanələr, torpaqlar və binalar tamamilə Azərbaycan xalqına qaytarılmalıdır. Bu maddəyə ərəb istilası zamanından bəri varislərdən varislərə keçən torpaqlar kəndlər, meşələr və sairləri də daxildir.

On üçüncü – Xəlifə başqa hökmdarların məmləkətində olduğu kimi, Azərbaycanda da hökumət quruluşu işlərinə müdaxilə etməyəcəkdir.

On dördüncü – Azərbaycanda tətbiq ediləcək hər bir qanun Azərbaycan hökumətinin özünə aid məsələlər olmalıdır.

On beşinci – Xəlifə Şimali Azərbaycanda olan təbliğatını dayandırmalıdır.

On altıncı – Şirvan şahları ilə Azərbaycan arasında çıxan ixtilaf zamanı xəlifə bitərəf qalmalıdır.

On yeddinci – Xəlifə, Qızıl Arslandan qaçıb xəlifə paytaxtında yaşayan on səkkiz nəfər xəyanətkarı təcili surətdə həbs etdirib Qızıl Arslana tapşırmalıdır.

On səkkizinci – Müxtəlif hadisələr zamanı Bağdada əsir və hədiyyə sifətilə göndərilən kişilər və qadınlar bir nəfərinə qədər Azərbaycana qaytarılmalıdır.

On doqquzuncu – Bunların əvəzində xəlifənin adının xütbələrdə oxunmasını və xəlifə nüfuzunun tanınmasını Qızıl Arslan öhdəsinə götürür.

İyirminci – Bu müqaviləni Toğrul və xəlifə imza etməlidir.

Müqaviləni Toğrulun imza etməsi üçün Həmədan şəhərinə göndərdilər.

Müqavilənin imza edilməsini gözləmədilər. Qızıl Arslanın əmrinə görə xəlifənin yaşadığı Xüld qəsrinin qarşısında on səkkiz dar ağacı quruldu. Qızıl Arslanın əlindən qaçıb xəlifəyə pənah gətirmiş on səkkiz nəfər casus və macəraçı dar ağacına qaldırıldı.

Sanki bu gün xəlifələr Bağdadı öz əsrlik yuxusundan ayılır və xəlifələrinin bu qədər zəiflədiyini və alçaldığını hiss edirdi.

Vaxtilə Əbu Übeydə, Bəkr ibn Əbdüllah, Əbdülrəhman ibn Rəbiə və Süraqət ibn Əmirlərin Bərdə və Gəncə meydanlarında qurduqları dar ağaclarının indi də Xüld qəsri qarşısında qurulduğuna görə Bağdad, keçmişlərinə matəm tutmağa başlayırdı. Hakim ərəblərin məhkumlar tərəfindən dara çəkildiyi Bağdadın ərəb əhalisi içərisində unudulmaz bir yas yaratdı. Xüld qəsri meydanının ətraf küçələri minlərlə əhali tərəfindən tutulmuşdu. Lakin Azərbaycan qoşunu hər tərəfi kəsib meydana heç bir kəsi buraxmırdı. Ərəb milli təəssüblərini daşıyan qocalar hər tərəfdə xəlifə Mənsur və Harünərrəşid saraylarının qarşısında diz çökub ağlayır və deyirdilər:

“Qaytar bizim əzəmətli və qalib günlərimizi!”

Lakin qəsrlərin heç birisindən bu səslərə səs verən yox idi. Ərəb xəlifəliyinin dünyanı öz təsiri altına alan əzəməti Bəni Abbas xəlifələrinin qüdrətli və şöhrətli günləri, gözəl cariyələrin, əsir qız və məhkum gəlinlərin qucağında eyş-işrətin, səfahət və israfın nəşəli qucağında çürüyüb getmişdi.

Qızıl Arslanın əmri həyata keçdiyi və cinayətkarlar dar ağacına qaldırıldığı zaman, minlərlə Azərbaycan atlısı bir dəfə qılıncını qınından çıxardı. Xəlifə qəsrindəkilər düşdükləri həqarətin bu müdhiş mənzərəsini görməmək üçün qəsrin geniş pəncərələrinin ipək örtülərini saldılar. Sanki pərdələrin salınması xəlifələr dövrü səhnəsinin son pərdəsi idi. Xəlifəlik tarixinin son vərəqi çevrildiyi zaman, Qızıl Arslan xəlifədən kiçik bir məktub aldı.

Məktubda yazılırdı:

“Hökmdardan rica edirəm ki, cinayətkarların meyitlərinin dar ağacında qalmasına imkan verməsin. Bu hadisə mənim ailəmin qorxmasına səbəb olur. Bağdad xalqının gözü qarşısında meyitlərin üç gün dar ağacında qalması ərəb təəssübünün bir daha coşmasına səbəb ola bilər. Xalqın bu hərəkəti bizim dostanə əlaqəmizi də xələldar edə bilər. Rica edirəm bu barədə təcili sərəncam verəsiniz”.

Qızıl Arslan xəlifənin məktubunu alan kimi dar ağaclarının götürülməsinə əmr verdi. Xüld qəsrinin pərdələri də həmin gün qaldırıldı.

Müqavilə Həmədanda imzalanıb gətirildi. Qızıl Arslanın nümayəndələri ilə xəlifənin nümayəndələri üç günün müddətində müqavilə şərtlərinin həyata keçirilməsi üçün başladıqları işlərini qurtardılar. Bundan sonra xəlifə Qızıl Arslana ikinci bir məktub göndərdi. O, yazırdı:

“Hökmdar bizi sərəfraz etmək üçün şəhərə köçməlidir. Əmin qəsri hökmdar üçün hazırlanmışdır”.

Qızıl Arslan bu məktubu alandan bir gün sonra böyük bir təntənə ilə Əmin qəsrinə köçdü. Tam bu günlərdə Qızıl Arslan Nizami və Xaqaninin Hecaz və İraqeyn səyahətindən qayıdıb Bağdada gələcəklərini eşitdi. Bu xəbər Qızıl Arslan üçün ikinci bir qələbəni təşkil etdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri