Köşk-baği-müəzzəm
Səhifə 2 / 4 · 25%
Atabəy uşağın bu qədər kəskin acığını görüncə yenə də öz-özünə: “Bu mənim çırağımı yandırmayacaqdır. Məmləkət bunun əlindən fələkətlərə düşəcəkdir” – deyərək, Səba xanıma müraciət etdi:
– Apar oğlum rahat olsun, görünür ki, çox yorğundur, özünsə qayıdıb hüzuruma gəl, – dedi.
Səba xanım qayıdıb Atabəyin otağına girdiyi zaman Atabəy hər şeydən əvvəl onu sual verdi:
– Sən mənim başıma and içərək bir həqiqəti mənə söyləyə bilərsənmi?
– And içmədən də söyləyə bilərəm. Təbiət mənim dilimdə yalan danışmaq qabiliyyəti yaratmamışdır. Bunun üçün mən bədbəxtəm, çünki hazırda bir çoxları yalan deməklə başını dolandırır.
– Sən doğru danışdığın üçün, cariyələrin içərisindən ancaq səni intixab etdim. Sən həm gözəl, həm də həqiqəti sevən və Atabəyin namusuna qiymət qoya bilən bir cariyəsən. Buna görə də mənim şərəf və məhəbbətim ancaq sənə məxsus olacaqdır. İndi əsil məsələyə keçək. Mən bir neçə məsələni aydınlaşdırmaq üçün səni Həmədana çağıracaqdım, lakin nə vasitə və nə bəhanə ilə çağırmaq haqqında düşünürdüm.
– Mənim özüm də əlahəzrəti ziyarət etməyi düşünürdüm. Nəhayət, oğlunuzu görüşə gətirmək bəhanəsi ilə mələkəni razı saldım. Nədənsə mələkə məni heç buraxmaq istəmirdi.
Səba xanım bunu deyərkən gözləri yaşla doldu, o ağlaya-ağlaya:
– Bilmirəm, əlahəzrətin məni Köşk-baği-müəzzəmdə həbsə almasının səbəbi nədir?! – dedikdə, Atabəy onun saçlarını sığallayaraq:
– Bunların hamısı müvəqqəti hallardır. Sən tezliklə mənim sarayımın qiymətli bir qəndili kimi şöhrət qazanacaqsan, – dedi və sonra da əlavə etdi:
– Sənin mənə Bağdaddan göndərdiyin məktubu doğrudan da Qətibə Toğrulamı yazmışdı?
– Bəli, Toğrula yazmışdı.
– Yaxşı fikirləş, bəlkə Hüsaməddinə yazmışdı?
– Mələkənin öz qəlbini Hüsaməddinə məktub vasitəsilə bildirməsinə heç bir ehtiyac yox idi. Çünki Hüsaməddin də, mələkə də Xüld qəsrində idi, mələkə onu hər saat görə bilər və hər saat da danışa bilərdi. Lakin mən Atabəy həzrətlərinə demək istəyirəm ki, o öz mələkəsini bu qədər alçaltmasın. Doğrudur, Hüsaməddin mələkəni qızlığında sevirdi, lakin mələkənin nə qızlığında, nə də mələkəliyində Hüsaməddini sevməsinə inana bilmirəm. Bir də ki, Hüsaməddin kimdir və onun nə kimi bir gələcəyi vardır? Toğrul isə bir hökmdar oğludur. Bəlkə də mələkə öz oğlunun gələcəyini təmin etmək üçün Toğrulu aldadır. Mən buna inanıram. Doğrudur, sizə göndərdiyim məktubu mələkənin öz əlilə yazdığını görmüşəm, lakin mələkənin Toğrul ilə bir yerdə olduğunu və əlahəzrətin namusunu ləkədar etdiyini görməmişəm. Çünki mələkə necə ki, Həmədanda, elə də Bağdadda olduğu zaman, mənim gözümdən kənara getməmişdir. O daima mənim yanımda olmuşdur.
– Sən mələkədən məktubu alıb Toğrula göstərmədinmi?
– Göstərib geriyə aldım, xanımın bu cür əmr verdiyini söylədim.
– Sən mələkənin məktubunu Toğrula göstərdiyin zaman onda nə kimi vəziyyət gördün?
– Rəngi ağardı və fikrə getdi.
– Cavab yazıb vermədimi?
– O barədə heç bir söz danışmadı.
– Onların yığıncaqlarında nə eşidib, nə gördün? Toğrul nə danışırdı?
– Toğrul heç bir söz danışmırdı, onun əvəzindən ancaq Zəhir Bəlxi və Kəmaləddin danışırdı.
– Nizamini öldürmək məsələsini kim əvvəlcə aralığa atdı?
– Bunu aralığa atan yenə də Zəhir Bəlxi idi. Məktubu da onlar yazdılar, Toğrul isə ancaq imza etdi. Sizin Azərbaycandakı oğlanlarınızı öldürmək üçün göndərilən adam barəsində də təhqiqat apardım. Onları da göndərənlər Zəhir Bəlxi və Kəmaləddindir. Hüsaməddinin bu cinayətdən xəbəri yoxdur. Lakin onun Toğrula hörmət bəslədiyini bilirəm.
– Mələkənin bu cinayətin təşkilindən xəbəri yoxdurmu?
– Mən desəm ki, “xəbəri yoxdur”, mənə kim inana bilər? Mələkə bir qadındır, özü də bir Əmirin qızıdır. Bir kəndli qızından doğulan oğlanların taxt-taca şərik olmasına soyuqqanlı bir surətdə baxa bilərmi? Bir halətdə ki, əlahəzrət ona evləndiyi zaman başqa bir qadına evlənməməsi üçün söz vermişdi. Bu barədə əlahəzrət icazə verəydi, mən mələkənin haqlı olduğuna hökm verərdim.
– Bunların hamısı keçəndən sonra, iki gün burada qalıb yenə də Köşk-baği-müəzzəmə qayıdarsan, mələkənin kimlər ilə əlaqə saxladığını tez-tez xəbər verərsən.
Səba xanım bu sözləri dinlədikdən sonra utana-utana dedi:
– Əlahəzrət yenə də cariyəsini şərəfindən məhrum etməkmi istəyir?
– Mən bir dəfə dedim, yenə də deyirəm, mənim şərəfimə ancaq sən layiqsən.
Səhər Səba xanım Atabəyin otağından çıxdığı zaman mükafat aldığı və barmağına taxdığı qiymətli üzüyə çox diqqətlə baxır və sevinirdi.
Atabəy Səba xanıma “Həmədanda iki gün qalmalısan” deməsinə baxmayaraq, onu on gün tamam yanından kənara buraxmayaraq, gecə-gündüz bir yerdə vaxt keçirdi. Nəhayət, Səba xanım əlinə qazanclı vəsiqələr saldığı üçün, mələkənin yanına getməyə və haman vəsiqələr ilə bərabər eşitdiyi xəbərləri mələkəyə satmağa tələsirdi.
Həmədan şəhəri bəzənmişdi. Gözəl öz oğlanları ilə barabər təntənə ilə paytaxta daxil olmuşdu.
Bu xəbəri Qətibəyə yetirmək üçün Səba xanım səhər tezdən Qütlüğü götürüb Köşk-bağı-müəzzəmə yola düşdü. Qətibə onun Həmədanda bu qədər təxir etməsindən şübhələnirdi, çünki Səbanın namusuna inanmırdı. Qətibənin fikrincə, Səba xanım Atabəylə olan birinci görüşündə özünü də, qəlbində olan sirlərini də sata bilərdi.
Səba xanımın taxt-rəvanı bağın qapısında dayandığı zaman Qətibə oğluna əhəmiyyət verməyərək:
– Səba xanım, özümü çox fəna hiss edirəm, Qütlüğü lələsinə tapşır, mənim otağıma gəl, – dedi və otağına getdi.
Səba xanım Qətibənin təşviş və həyəcanını görən zaman qəlbində: “Anamın qəbrinə and olsun, bu dəfə əlimdəkiləri sənə ucuz satmayacağam. Sən mənim əsirimsən, indi mən istədiyim zaman səni məhv edə bilərəm” – deyirdi.
Qətibənin iztirab və həyəcanı həddindən aşmışdı. Səba xanımın yubandığını görüb ikinci dəfə dalınca adam göndərdi.
Səba xanım Qətibənin yanına gəldiyi vaxt başını əlləri arasına alıb oturdu. Onun bu vəziyyəti Qətibənin qəlbindəki qorxuları daha da artırdı. Qətibə səbirsiz bir surətdə onu sual verdi:
– Nə üçün danışmırsan? Mənim qəlbimin partlamasınımı istəyirsən? Mən səni nə üçün paytaxta göndərmişdim?
Qətibənin bu sualından sonra Səba xanım başını qaldırıb danışdı:
– Rica edirəm, mənə rəhm edin, məni aldığınız qiymətin üç bərabərini alıb azad edin. Qoyun mən gedib küçələrdə dilənçilik edim, mən də yazıq bir qızam, mən də yaşamaq istəyirəm.
Qətibənin iztirab və həyəcanı daha da artdı, Səbada qorxulu bir xəbər olduğunu hiss edərək titrədi və soruşdu:
– Mənim ruhum, mənim sirr yoldaşım, sənə nə fəlakət üz vermişdir?
– Nə olacaqdır? Mən başdan ayağa fəlakət içində deyiləmmi?
– De görüm, axır nə fəlakət üz vermiş?
– Nə edim? İki qılıncın arasındayam. Bir tərəfdən mələkəyə ürəyim yanır, o biri tərəfdən də Atabəyin qəzəbindən qorxuram. O bu gün məni çuvala salıb hovuza atdırmaq istəsə, kim gəlib məni onun əlindən alacaqdır? Yalvarıram, məni azad edin!
Qətibə yalvarıcı bir vəziyyətlə dedi:
– Əcəba, səndəmi məni qürbət vilayətdə tək buraxıb getmək istəyirsən?
– Çarəm nədir? Atabəy soruşur ki, onlar Bağdadda nə işlə məşğul idilər. Hərgah doğrusunu desəm, mələkəni məhv etmiş olaram, yalan desəm, bir məmləkətin hökmdarını aldatmış oluram. Yalanın nəticəsini də ki, mələkənin özü yaxşı bilir. İndi özünüz deyin görüm çarəm nədir? Onun üçün də deyirəm məni azad edin, çıxıb cəhənnəm olub bir tərəfə gedim. Atabəyin gözü nə məni görsün, nə də bəzi xəbərləri soruşsun.
Qətibənin qırmızı yanaqları qorxusundan pambıq kimi ağardı. Məğrur Qətibə Səba xanımın önündə ən aciz bir pişik şəklinə düşərək yaltaqlanmağa başladı:
– Sən bilirsən ki, sən olmasan bu bədbəxt Qətibə məhv olar. Nə üçün başladığın işi axıra qədər aparmaq istəmirsən? Sən elə bilirsən ki, bu yaxşılıqlar mənim yadımdan çıxacaqdır?
– Mən istəyirəm ki, bundan sonra mələkə mənimlə bir tanış və bir dost kimi rəftar etsin, o zaman mən də öz köməyimi əsirgəmərəm. Hazırda siz mələkəsiniz, mən sizin cariyənizəm. Buyurun, nə xidmətiniz varsa, yerinə yetirim. Lakin ölüm ayağına öz ayağımla gedə bilmərəm.
– Sən elə bilirsən ki, səni azad etmək istəmədiyim dünya malı üçündür? Sənin üçün verdiyim üç min dirhəmin üstünə üç min dirhəm də qoyub səni azad edərəm. Lakin sənsiz yaşamağım mümkün deyil. Sən məni buraxıb getməməyə söz versən, bu saat səni azad edərəm.
– Sənin başına and içirəm. Öldürsələr də, meyitim möhtərəm mələkədən ayrılmayacaqdır.
Qətibə bu sözdən sonra qələmdanı açıb qələmi çıxardı və tumardan bir parça kağız kəsib:
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-kosk-bagi-muezzem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kiçik Antanta konfransı Rusiya məsələsinə qərar çıxarmaq istəməyərək, böyük Antantanın o barədəki qərarilə hərəkəti qəbul etməyə qət’ etmişdir.*Dil bizim, söhbət böyük antantanındır, vəssəlam,
Balaca felyetonVrankel Parisdə demişdir ki, əski zabitləri toplayıb, Parisə gələcək Şura nümayəndəsinə su’i-qəsd etdirəcəyəm.*Hiyləvü hürmələr, hənkamələr, həp şə’bədələr
QalmadıAğların «Pasledni novosti» qəzətəsi deyir ki: iyunun beşinə qədər Fransa Rusiyanı bilaşərt təsdiq edəcəkdir.*Bu dağılmış məmləkətlərdə həyamız qalmadı
Balaca felyetonSosialistlərin məramnaməsini göndəriblər məşhur müctəhid Mirzə Hüseyn Nainiyə; fitva göndərmişdir ki: bu əqidədə olanların arvadları boş və malları palaldır. («Siyasəti-islami» qəzetindən)*Bir müctəhidəm varmışam hər işdə kamalə