Mahrunun toyu
Səhifə 2 / 2 · 50%
Fayton yola düşdü, Mahru öz sevgilisi və həyat yoldaşı ilə bərabər səadətə və həmişəlik azadlığa doğru getdiyi zaman Zərəfşan durub düşünürdü. O, zənn edirdi ki, Mahru naib Vəli oturan faytona oturdu, onu faytona qaldıran əl dəxi naib Vəlinin əlidir.
Zərəfşan xanıma bir an heç təsəvvürəgəlməz bir şadlıq üz verdi. O, indi həm qardaşının gözəl bir arvad aldığını, həm də sərdar Rəşidin tükənməz sərvətini mənimsədiyini düşünərək, şadlığından qabığına yerləşmirdi.
O, şad bir ürəklə sərdar Rəşidin evinə dönmək istədikdə qapıda duran ikinci faytona baxaraq şübhələndi. «Bəs bu fayton kimdən ötrü durmuşdur? – deyə fikrə getdi. – Olmaya Mahru əldən çıxdı? Hərgah bu fayton naib Vəli gətirən faytondursa nə üçün Mahrunun başqa faytona oturmasına imkan verdi, nə üçün o, səsini çıxarmadı?)
Zərəfşan bu fikirlər içərisində çırpındığı vaxt bir səs eşitdi:
– Zərəfşan xanım, nə üçün yubanırsınız?
Zərəfşan bu səsdən diksindi, onun vücudunu bir istilik bürüdü, çünki bu səs naib Vəlinin səsi idi. O, başına vuraraq:
– İşi uduzduq, Mahru əldən çıxdı! – deyərək naib Vəlini səslədi:
– Naib Vəli, sənsənmi?
– Mənəm, xanım! Nə üçün yubanırsınız?
– Qızı nə üçün buraxdınız?1
– Qızı buraxmadıq, onu bizim faytonumuz götürüb getdi. Yubanmayın, cənab Mötəməd sizi Əminurriyanın qardaşı evində gözləyir.
– Nə üçün?
– Qızı Təbrizdən sizinlə bərabər çıxarmaq istəyir. Oturun, vaxt keçir, – dedikdə Zərəfşan da:
– Allaha şükür, mən qızın əldən çıxdığını zənn edirdim, az qala ürəyim yerindən qopmuşdu, – dedi.
Naib Vəli əlini uzadıb Zərəfşan xanımın əlindən tutaraq faytona qaldırdı. Zərəfşan faytonda naib Vəli ilə sakit oturmuşdu. Yağış onun çarşabını islatdığından onu başından götürüb bir tərəfə qoydu, çünki əyan və aristokratiya ailələrində nökərdən gizlənmək adət deyildi.
Dördatlı fayton üzünü şərqə doğru çevirib sürətlə gedirdi. Faytonda Zərəfşan xanım, naib Vəli və fayton sürəndən başqa heç bir kimsə yox idi.
Yarım saat davam edən sükutdan sonra Zərəfşan özünü şəhərin mərkəzi olan Rasta küçədə yox, Təbrizin şərqində, şəhərdən çox kənarda hiss edərək, naib Vəliyə sual verdi:
– Naib Vəli, bəlkə də, faytonçu yolu azdırmışdır?
– Xeyr, xanım, elə iş ola bilməz! Faytonçu bu tərəfləri çox yaxşı tanıyır, o neçə gündür ki, Təbrizdədirl
Zərəfşan yenə də sakit oldu. Heç bir səs eşidilmirdi. Faytonun içərisini sükut bürümüşdü, bayırda isə şiddətlə yağış yağır, göy guruldayır və ildırım çaxırdı.
Zərəfşanın hövsələsi darıxdı, səbri tükənmiş adamlar kimi sual verdi:
– Bu zəhrimar olmuş yol bitmədimi?
– Tələsməyin, xanım, yolumuz o qədər qalmamışdır.
– Biz hara gedirik?
– Cənab Mötəmədin buyurduğu yerə.
– O, Rasta küçədə deyildirmi?
– Bəli, Rasta küçədədir.
– Bəs nə üçün biz o tərəfə getmirik?
– Çünki düz yol ilə gedə bilmərik, qız qaçırırıq, şəhərin kənarından dolanıb getməliyik. Qız gedən fayton da həmin yol ilə getmişdir.
– O fayton uzaqdadırmı?
– Xeyr, bizim qabağımızca gedir.
– Bir az sürətlə sürün, gedib qızı da bura götürək.
Naib Vəli faytonçuya:
– Atları qamçıla, xanım atların sürətlə sürülməsini əmr edir, – dedi.
Faytonun atları ağzını naqqa balıq kimi açaraq qaçırdı, Zərəfşanın isə qəlbinə heç bir şübhə girmirdi, çünki onun naib Vəlidən şübhə etməyə əsası yox idi. Naib Vəli Mötəmədüləyalənin ən inanılmış adamlarından idi.
Naib Vəli cavahir və ipəklərlə bəzənmiş qıza sanki bəzi sözlər demək istəyirdisə, yenə də cürət etmirdi. Nəhayət, Zərəfşan ona müraciətlə:
– Naib Vəli, nə üçün danışmırsan? Bəs biz nə vaxt Rasta küçəyə girəcəyik?
– Siz mənə bir sözün düzünü deyəndən sonra biz Rasta küçəyə girəcəyik.
– Sən nə soruşdun ki, mən düzünü demədim?
– And için!
– Mötəmədin canı üçün, öz başım üçün doğrusunu deyəcəyəm.
– Ev qulluqçunuz Səltənət sizə mənim məktubumu vermişdimi?
– Sənə kim ixtiyar veribdir ki, mənə bu sualı verirsən?
– Siz indicə düzünü deyəcəyiniz üçün öz başınıza və cənab Mötəmədin canına and içmədinizmi?
– And içdim, lakin sən onu bilməlisən ki, mən o məktubu Mötəmədə göstərsəydim, sənin başın kəsilərdil
– Burası sizin alicənablığınızdan asılıdır ki, məktubu bir kimsəyə göstərməmisiniz.
– İndi ki, sən məni alicənab bir xanım hesab edirsən, o zaman bir nökərin xanıma verə bilmədiyi sualı öz xanımına verməməli idin!
– Zərəfşan xanım, nökərçilik və xanımlığı hesaba almayan və onları tanımayan bir şey varsa, o da sevgidir.
– Mən sənə məni sevmək üçün icazə vermirəm!
– O icazəni mənə verən iki şeydir, birisi mənim qəlbim, ikincisi sizin misilsiz gözəlliyinizdir.
– Sən mənim Salar Nizam cənablarına nişanlı olduğumu bilmirsənmi?
– Bilirəm.
– Sən bilirsən ki, o bir kərə gözünü əysə, yüz sənin kimi naib vəlilər yer üzündən yox olar?
– Mən heç ondan aciz oğlan deyiləm. Məni qardaşın Mötəməd çox yaxşı tanıyır. Onu Mötəməd edən də mənəm. Get bunu özünə də xəbər ver. Mən öz məktubumda ədəbsizlik etməmişdim, sizi sevdiyimi yazmışdım, çünki sizi görüb danışmaq mümkün deyildi, ona görə də sizin gözəlliyinizi o məktubda yazmışdım, eyni zamanda öz sevgimi də xəbər vermişdim. İndi isə məktub yazmağa ehtiyac yoxdur, Zərəfşan xanımın özü zəhmət çəkib naib Vəli ilə bir faytonda oturub gedir.
– Sən dəlisən, nəsən?) Özgənin nişanlısına sevgi elan etmək caizdirmi?
– Sənin qardaşın başqasına nişanlanmış qızı götürüb qaçmaq istəmirdimi?
– Qardaşım həmin qızı başqa səbəblərə görə qaçırmışdır.
– Hərgah o həmin qızı qaçırmağa müvəffəq olmamışsa, mən səni gözəlliyin və dünyada misli görünməyən bir qız olduğun üçün qaçırmışam.
– Mən sənə bu cür sözlər danışmağa icazə vermirəm!
– Siz icazə verməsəniz belə hazırkı vəziyyət buna icazə verir.
Zərəfşan xanım ancaq bu sözdən sonra özünün naib Vəli tərəfindən qaçırıldığını anladı və iki əlləri ilə başına vuraraq:
– Vay, ana! Mən haradayam, - qışqırdı.
Bu sözdə naib Vəli onu qolları arasına alaraq:
– Qorxma! – dedi. – Sən naib Vəlinin, səni sevən bir cavanın qolları arasındasanl – Bu sözlərdən sonra naib Vəli onun dodaqlarından öpərək: – Qorxmaq lazım deyil, özün düşün, Salar Nizamın harası məndən artıqdır? O, rəhmsiz, vicdansız, gündə yüzlərlə kəndlinin qətlinə fitva verən zalımın birisidir. Onun nə kimi sevgisi ola bilər? Mən isə səni öz anamın yanına aparacağam. O səni öz qızı kimi sevəcəkdir. Nökər olduğuma baxma, səni yaşatmağa imkanım vardır. Tayfam da böyük tayfadır. Nə Mötəməd, nə də Salar Nizam bizim tayfaya yaxın gələ bilməz.
Naib Vəli bu sözləri deyəndən sonra yenə də Zərəfşan:
– Mən sənin bu ədəbsizliyini bağışlaram. – dedi, – Nə qardaşıma, nə də Salar Nizama xəbər vermərəm, bütün üstümdə olan qaşdaş da sənin olsun, ancaq məni Təbrizə qaytar.
– Sən mənim anamın yanına getməlisən!
Zərəfşan təəccüblə bir daha sual verdi:
– Doğrudanmı məni ananın yanına aparırsan?
– Bəli! Sən onun gəlini, mənim isə həyat yoldaşımsanl
– Bəs biz, qardaşım bizi gözlədiyi yerə getmirikmi?
– Yox! Sən başqa birisinin səadətini təmin etmək üçün gedirsən.
– Bəs o qız necə olacaqdır?
– O qız da öz sevgisinin, öz səadətinin dalınca getdi.
– Sən məni burax, mən Salar Nizama getdikdən sonra da səninlə yaşamağa söz verirəm.
Naib Vəli bir daha onun dodaqlarından öpərək:
– Yox, xanım! – dedi. – Mən sizin o qədər də alçalmağınıza imkan vermərəm.
– Bəs məni qaçırmaq məni alçatmaq deyildirmi?
– Xeyr! Mən sizin Salar Nizamı sevmədiyinizi və mənə məhəbbət bəslədiyinizi anladığım üçün bu cəsarəti etdim. Doğrusunu söyləyin, siz məni sevirdinizmi?
– Naib Vəlinin bu sözlərindən sonra Zərəfşan başını aşağıya salaraq:
– Sevirdim, hətta ürəkdən sevirdim, – dedi.
Onlar daha danışmırdılar. Fayton yanıq karvansaranın yanından şərqə çevrilib Marağa mahalına tərəf yollandığı və iki havanın birbirinə toxunmasından ildırımlar çaxdığı zaman, iki sevgilinin də nəfəsi bir-birinə toxunurdu.
Nəhayət, Zərəfşan Mahrunu xatırlayaraq dedi:
– O qız nə yaxşı qız idi. Hərgah onun bu hadisəsi aralıqda olmasaydı, bizim bu şad hadisəmiz də baş tuta bilməyəcəkdi!
Naib Vəli onu öpərək:
– Belədir, mənim sevgilim, dünyada hadisələrin xasiyyəti yeni hadisələr doğurmaqdan ibarətdir, – dedi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-mahrunun-toyu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Alman miralayı Fon-Paxenin təlaşına baxmayaraq, çənkəl ordusu vətənlərinə getmək üçün Qafqaza yol açmaq istəyən Ter kazaklarına qarşı dura bilmədi.Kiçikxan ordusu məğlub oldu. Mənçil və Rəşt Biçeraxovun, sonra da ingilislərin əlinə keçdi.
XLVDünyada elə bir insan yoxdur ki, onun həyatında müəyyən bir roman olmasın. Xüsusən davam etdiyi hər gündə minlərcə roman materialları yaradan dünya müharibəsi zamanı, insanları romanda təsvir edilməyəcək dəhşətlər bürümüşdü.Leylanın romanının tiplərindən biri Hindistan şahzadəsi Bahadır xandır.
Böyük quruluşda(Səkkiz pərdəli dram əsəri)*Əsərdə iştirak edənlər
Birinci pərdəSəhnə. Kaspi dənizinin kənarıdır. Ay çıxır, pərdə açılmadan uzaqdan avtomobil motorunun səsi eşidilir. Pərdə qalxarkən bir maşın görünür.*Şofer** — *(Kabinədən düşərək qapını açır)* Möhtərəm vətəndaşlar, təəssüf edirəm ki, sizi burada buraxmalı olacağam. Zəhmət çəkib maşından düşün.
Başqa şairlərin şeirləri
Məni eşq əhlinin divanına divanə yazmışlar,Könül mülkün, əziziın, dərdi-eşqə xanə yazmışlar.
Zülfi-xəmin ki, xəlq deyərlər, kəmənd onaZülfi-xəmin ki, xəlq deyərlər, kəmənd ona,Bir damdır ki, aləm olub payibənd ona.
ƏrərdənEy ağalar, sizə bir ərz eyləyim,Rövzeyi-rizvandan, huri-ğılmandan,
Düşə bir də nəzərim mehri-rüxi-cananəDüşə bir də nəzərim mehri-rüxi-cananə,Kafirəm, meyl eləsəm sərvü gülü reyhanə.