Məzmun
  1. İkinci şəkil
  2. Üçüncü şəkil
  3. Dördüncü şəkil

Səhifə 2 / 6 · 17%

Astiaq — Bir xəyal da olsa müdhiş bir xəyal!
Daha kim var idi?

Sərtac — (kənara)
Böyük təhlükə!

Şahmar — (Baş endirir)
Ancaq bunlar idi, bir də məlikə.
Ceyran verməlidir zəhəri şaha

Astiaq — (İşarə edib Şahmarı dayandırır)
Danışma, ürəyim partlayır daha.

Sərtac — (Şahmara)
Danışma bir kəsə dediklərini.
Bir kimsə bilməsin bu xəbərini.

Astiaq — (açıqla baxır)
Vuraram Fəramərzə bir sağalmaz yara mən,
Çəkdirərəm bacımı saçlarından dara mən.
Dayanma daha Şahmar çağır gəlsin bacımı,
Görüm kimlərə satır mənim taxtı-tacımı.
Aman bu nə xəyaldır, düşür ruhuma lərzə,
Gedib mənim adımdan xəbər ver Fəramərzə.
Silah götürüb gəlsin, sığınaq burda baxta
Hər kəs qalib gələrsə o da otursun taxta,
Gətirsinlər yanıma Ceyranı döyə-döyə!

Sərtac — İnanmıram həyasız doğrusunu söyləyə.

Astiaq — Qovaram sarayımdan o xain məlikəni
Nə qədər ki, mən sağam, sata bilməz ölkəni,

Sərtac — Tələsməyin, bir qədər səbr eləyin hökmdar,
Üsyanı boğmaq üçün ancaq iki çarə var.
Askitlərin hərbinə Fəramərzi göndərin,
O səfər daha müdhiş, o məzar daha dərin.

Astiaq — Getməz daha Fəramərz o qorxulu səfərə,
Maral sənindir deyə, aldatdım neçə kərə.

Sərtac — Getməzsə kömək istə şahım aysorulardan,
Üsyan dayanmayacaq tökülməsə burda qan.

Astiaq — Qoy öz xalqım başımı kəsib nizəyə taxsın,
Meyidimi qurdlara, köpəklərə buraxsın,
Lakin yabançı ordu at sürməsin Arrana
Yadlara əzdirmərəm xalqımı qana-qana.

Sərtac — Bu qorxulu xəbərlər gərək gizlində qala,
Bu barədə bir kəlmə danışmayın Marala.

Astiaq — Bu tədbirlər yaramaz, çağır Bəhməni, Sərtac!
Tacı saxlamaq üçün o tapar mənə əlac.

Sərtac — (gülür)
Yüz əlli beş yaşı var, Bəhməndə nə qalmışdır?
Şahım, onun fikri də, əqli də qocalmışdır.
İnanma köhnə başda təzə fikir yerləşə,
Bir qoca nə eyləsin bu qanlı keşmə-keşə?

Astiaq — Bəhmən Fərhad dövrünün ən məşhur vəziridir,
Qocalsa da, ölsə də tədbirləri diridir.
Yanılma! O qocada dərin təcrübə vardır,
Siyasətdə uduzmaz ən böyük sənətkardır.

Sərtac — Bu gün-sabah ölkədə böyük tufan qopacaq
Biz bu günün özündə gərək sərhədi açaq.

Astiaq — (açıqlanır)
Danışma, əmr edirəm, gedib Bəhməni çağır!
(Öz-özünə)
Təxtim nə qədər müdhiş, tacım nə qədər ağır.
(gedir, səhnə boş qalır)

Ceyran — (Dəmirlə bərabər gəlir)
Durma, Fəramərzə tez apar xəbər
Saraya gəlməsin öldürəcəklər.
Söylə bir macəra düzəltmiş Sərtac
Nə qədər gec deyil bu ölkədən qaç.
Tez get, bu xəbəri təxirə salma!

Dəmir — (sür’ətlə gedərkən)
Bu saat gedirəm, nigaran qalma!

Ceyran — (tək qalır, başını sarayın divarına söykəyib dayanır)
Xoşbəxt sayılardım onunla bir gün,
Oturub danışmaq olsaydı mümkün.
Açardım qəlbimi o qəhrəmana,
Alardı buradan məni bir yana.
Bu qorxunc saraydan olardım azad,
Onu sevə-sevə ömr edərdim şad.
Mən də xoş gün görüb, mən də gülərdim,
O məni sevsəydi daha nə dərdim.
(gəlib güzgüyə baxır)
Mən ondan gözələm, lakin nə fayda.
Kəniz səsləyirlər məni sarayda.

Şahmar — (iki nəfərlə daxil olur)
Bağlayın bu xain qızın qolunu,
Durmayın aparın zindana bunu!

Ceyran — (qollarını irəli tutur)
Bağlayın, nə etsin köməksiz bir qız
Siz bunun üçün də yaranmışsınız.

Aparırlar.

Sərtac — (Pərdənin dalından çıxır)
Saraylar qan sevir, siyasət qurban,
Saatda bir dona girməsə insan —
Həyat sürə bilməz sarayda rahət.
Fəlakət gətirir bəzən sədaqət.

Astiaqın səsi gəlir, Sərtac keçir pərdənin dalına

Astiaq — (Qadını Behnaza)
Sənin qədəminlə gülmədi bəxtim,
Təhlükə altında qalıbdır təxtim,
Nələr çəkməmişəm sən gələn gündən,
Görmüşəm min kədər kədər üstündən.
Rəftarın, göftarın məni qılmaz şad,
Düzəltdin nəhayət sarayda fəsad.
Nə yamanlıq gördün bu hökmüranda,
İştirak elədin gizli üsyanda?
Sənə evlənmişəm mən sevə-sevə
Sən də məni sevib gəldin bu evə.
İndi danış görüm nədir bu üsyan?
Verdin öz ərinin qətlinə fərman.

Behnaz — (təəccüblə)
Nədir bu macəra, nədir bu fitnə,
Kimin sənətidir bu böhtan yenə?
Sevirəm səni mən ürəkdən, candan,
İnan xəbərim yox, gizli üsyandan.
Şadlığınla şadam, qəminlə qəmgin,
Yoxdur sənə qarşı ürəyimdə kin.
Bir qədər fikirləş, nədir bu təhqir?
Bu açıq macəra, bu qara tədbir—
Böyük fəlakətin zəminəsidir,
Fəlakət səsidir, ölüm səsidir.
Bir qədər zəifdir sənin iradən.

Astiaq — Dostumu çox gözəl tanıyıram mən,
Şad etmədi səni bu var, bu dövlət,
Taparsan özünə cənubda rahət.
Qiymət verməmisən bu daş-bu qaşa
Çıxıb get bir qədər cənubda yaşa.

Behnaz — Daş-qaşa vermirəm o qədər qiymət,
Gətirmiş bu evə məni məhəbbət.
Gedirəm, özünə qalsın daş-qaşın.

(gedir).

Astiaq — (Onun dalınca)
Xain fikirlərlə doludur başın.

Sərtac — (pərdənin dalından çıxır)
Şahlığa məxsusdur belə iradə,
Deyildir iradən, tədbirin sadə.
Əgər istəyirsən böyüsün ölkən,
Aysori şahının qızına evlən.
Təkcə bir qızı var, yoxdur varisi
Ölürsə qalacaq şahıma irsi.
Qızına da söz yox hüsn-camalda,
Kamala çatmışdır bu qız kamalda.

Sərtac Aysori padşahının qızı Bebanın ipək üzərində çəkilmiş şəklini göstərir.

Astiaq — (Şəklə diqqətlə baxır)
Çox gözəl tədbirdir bu təzə tədbir.

Sərtac — (rəsmi lazımınca göstərir)
Bu hüsn-camala yaxşı baxın bir.
Bu qız bir afətdir Babilistanda,
Böylə gül tapılmaz heç gülüstanda.
Dəclənin qoynunda doğulmuş bu qız,
Gözündə parlayır şəfəqli ulduz.
İraq keçəsidir qara saçları,
Dərs almış boyundan sərv ağacları.
Ləbləri çiçəkdir, nəfəsi ətir,
Şahım, bu alması saraya gətir.

Astiaq — (diqqətlə baxır)
Behnazdan gözəldir yaraşığında.

Sərtac — Sanki süd qoyulmuş ay işığında.
Bax nəyi anladır şahənə qaşı,
Bir cüt qılınc vurub günəşə qarşı.
Zərrəcə eybi yox boy-buxununda,
Çox şahlar can qoymuş onun yolunda.
Hüsndə misli yox, camalda təkdir,
Siyasət işində sənə köməkdir.

Astiaq — Sabahdan düzəldin böyük bir hey’ət
Qızın atasına göndərin xəl’ət.
O razılıq versə bu izdivaca,
Olacaqdır bizim başımız uca.

Sərtac — Məlikən nə olsun?!

Astiaq — Orası asan,
Gərək bu gün onu yola salasan.

(gedir)

Sərtac — (Onun dalınca)
Bu gün məlikəni qovub yola sal,
Sabah döyüşəcək cənubla şimal.

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XLI. Tez-tez görüşlər

Əmiri-Əfxəmin başına gələn hadisədən iki gün keçirdi. Leyla xanım öz əmisinin evində səhər yeməyi yediyi vaxt, ona bir məktub verdilər. Məktubu yazan doktor Yusifidis idi. Əmiri-Əfxəmin həbsxanasından yazmışdı:«Möhtərəm Leyla xanım!

5 dəq
XLII. Qəzvində

Biçeraxov Həmədandan Qəzvin üzərinə hücum etdiyi zaman, Leyla xanım Həmədanda qalmışdı. Çünki Qəzvin şəhərinin alınması ehtimal olunurdu.Kiçikxanın böyük hazırlıq gördüyü, alman miralayı Fon-Pahenin komandası altında böyük ordu yığması və ingilislər gəlmədən Qəzvin şəhərini işğal etmək şayiələri ağızdan-ağıza dolaşırdı. Lakin bu şayiələrin əsası olmadı. Fon-Pahen Kiçikxana təslim olmağa hazırlanmış Qəzvin şəhərini almağa cəsarət etmədi.

5 dəq
XLIII. Qısqanclıq

Doktorun Leyla ilə əlaqəsində mühüm bir dəyişiklik törəmişdi—onun çöhrəsində, hərəkətində, söhbətində belə bu dəyişikliyi görmək mümkün idi.Bahadır xanla Leyla xanımın sıx-sıx görüşlərindən razı qalmırdı, daima məsələni ifrata vardırmamaq üçün Leylaya tövsiyələr verirdi. Bu gün Leylaya nəsihət edib deyirdi:

3 dəq
XLIV. Bakıya doğru

Alman miralayı Fon-Paxenin təlaşına baxmayaraq, çənkəl ordusu vətənlərinə getmək üçün Qafqaza yol açmaq istəyən Ter kazaklarına qarşı dura bilmədi.Kiçikxan ordusu məğlub oldu. Mənçil və Rəşt Biçeraxovun, sonra da ingilislərin əlinə keçdi.

2 dəq

Başqa şairlərin şeirləri