İkinci pərdə
Səhifə 6 / 6 · 83%
Dördüncü şəkil
Maralın otağıdır. Maral otağın divarlarına qara çəkir. Otaq təziyə otağına bənzəyir.
Ceyran — Qəlbimə yol tapmaz, nə kədər, nə qəm,
Maralın qəlbini öyrənə bilsəm.
Ölməmiş Fəramərz, o yəqinimdir,
Bilirəm bu işi düzəldən kimdir.
Fəramərz cəbhədən qayıdıb gəlsə,
Maralın sevgisi yalan deyilsə,
Onlar evlənəcək, bu mənə bir dərd,
Düşmənim böyükdür, zəmanə namərd.
Maral — (Qara paltarda gəlir)
Fəramərz ürəkdən məni sevirdi,
Möhtəşəm bir sevgi məzara girdi.
Heç də inanmıram, böyük qəhrəman,
Olsun bir əclafın əlində qurban.
Ceyran — Hadisə doğrudur, ona şübhəm yox,
Qəfildən atılan zəhərli bir ox —
Onu məhv eyləmiş,
Maral — Yalandır bəlkə.
Ceyran — Yalansa nə üçün ağlayır ölkə?!
Tutaq ki, yalandır, nə istəyirsən,
Sən ki, Şəhriyara ərə gedirsən?
Razılıq vermisən, qoyulur nişan,
Deyil belə işlər sənə yaraşan.
Maral — (Məhzun bir vəziyyətlə)
Məni sevməsəydi öldürülməzdi.
(başını əlləri arasına alır)
Aman, bu müsibət ruhumu əzdi!
Marala bəzək verən qadınlar əllərində zinət şeylərilə daxil olurlar, toy libaslarının hər biri bir qızın əlində, qızlar oxuya-oxuya rəqs edirlər.
Qızlar — (Marala)
Çöhrəndən rəng alır çəməndə güllər,
Səsindən dərs alır şeyda bülbüllər.
Məşşatələr vursun çöhrənə bəzək,
Geyindirsin səni tavus quşutək.
Rəqs edirlər.
Maral — (Onları dayandırır)
Bəsdir, çıxıb gedin, sevimli qızlar,
Nəğmə səslərindən ürəyim sızlar.
Ceyran — Qoy vəsmə çəksinlər bu qara qaşa,
Bu saat xeyir işin gələcək başa.
Salonda gözləyir səni kürəkən
Rüsvayçılıq çıxar, nə fikirdəsən?!
Maral — Ceyran, yalvarıram sənə, tələsmə!
Çəkmişdir müsibət qaşıma vəsmə,
Qanlı göz yaşından bəzənmiş çöhrəm,
Etmişdir bu matəm eyşimi bərhəm!
Ceyran — Sən ki, rədd etmişdin onu, sevmirdin,
Hər kəlmə başında təhqir edirdin?!
Maral — Xalqın matəmidir bu günkü matəm,
Necə ağlamayım, ağlayır aləm?
Bu qəfil ölümdən şadlanır düşmən,
Namussuz bir qızam ağlamasam mən.
Ceyran — Ölməmiş olsaydı Fəramərz hərgah,
Onu sevərdinmi?
Maral — Nə deyirsən ah!..
O sarsılmaz ürək yatır qəbirdə,
Ölüm səfərindən qayıtmaz bir də.
Bir daha düşmənlər titrəməz heyhat,
Səfləri dağıtmaz bir də köhlən at.
Düşmən qarşısında o bir qəl’əydi.
Ona atılan ox ölkəyə dəydi.
Ceyran — Demək ki, sevmirdin onu bir ər tək?
Maral — (Acıqlı)
Dedim ki, sevmirəm, yaxamdan əl çək!
Padşah nəslidir, bizim nəslimiz,
Ardır rəiyyətə ərə getsək biz.
Vardır nəslimizin şanı-şöhrəti,
Sevgiyə satmaram bu əzəməti.
Ceyran — (gülür)
İndi ki, sevmirsən nə ağlamaqdır?
Maral — (kənara)
Bu qız ya hiyləgər, ya da axmaqdır.
Niyə anlamırsan məni, ay nadan!
Ölkənin fikridir məni ağladan.
Ceyran — Demək ki, sən ona getmirsən ərə.
Maral — O da evlənməsin, gərək bir kərə.
Qəlbində yaşatsın mənim sevgimi,
Ümidlə yaşayım ölənə kimi.
Ceyran — Bunu sən deyirsən, o nə deyir bəs?
Maral — Bu öz işimizdir, sən səsini kəs!
Sən onu sevmirsən, ürəyimdən çıx,
Boğar bir gün məni bu dar qısqanclıq.
Ceyran — Qısqanma, sevmirəm onu mən hərgiz
Maral — (Gedərkən)
Məni aldadırsan xəyanətkar qız.
(gedir)
Ceyran — (Onun dalınca)
Sevgilə qururun yan-yana durmuş,
Dəli bir ehtiras başını yormuş.
Nə onu sevirsən, nə əl çəkirsən,
Göyə də sıçrasan, yerə də girsən,
Fəramərz mənimdir, səninki deyil,
Əbəs qısqanırsan qarşımdan çəkil
Astiaq — (danışa-danışa gəlir)
Nə qədər ağılsız, nə qədər axmaq,
Vətən xaininə matəm saxlamaq!
Rüsvay olacağam xalq arasında,
Baxın bacım ağlar kimin yasında?!
(Ceyrana)
Bu nə müsibətdir, bu nə qaradır?
Ceyran — (Baş endirir)
Şahım, bu matəmi bacın yaradır.
Astiaq — (Öz-özünə)
Bu gün toy başlanır, gəlinsə yasda,
Nişan qoyulacaq qara libasda.
Maral — (Gəlib bu sözləri eşidir)
Bəlkə də bu xəbər yalan xəbərdir,
Sərtac buraxdığı şayiələrdir?
Astiaq — Biz gərək şad olaq belə xəbərdən,
İstifadə edək şayiələrdən.
Maral — Sən onu cəbhəyə göndərən zaman,
Demişdin qayıt-gəl qoyarıq nişan.
Doğrudur, onu mən sevmirəm əsla,
Borcumu verirəm ona bu yasla.
Olmuşdur o mənim sevgimə qurban,
Gözüm ağlamayır, ağlayır vicdan.
Astiaq — (Ceyrana)
Dayanma get çağır Şahmarı, Ceyran!
Maral — (Məhzun bir surətdə)
Nə qədər mənfurdur həyasız şeytan!
Olduqca iyrənçdir onun sifəti,
Qatil olmasa da, acıdır əti.
Astiaq — Daha fayda yoxdur bu ahü-zardan,
Kim görüb qayıtsın ölü məzardan?
Maral — Aldada bilməzdin onu sən hərgiz,
Onu aldatmışdır inadkar bir qız.
Təhqir olunmasın deyə məhəbbət,
Ölünçə bəslərəm ruhuna hörmət.
Astiaq — Məqsədsiz, arzusuz ağlamaz insan,
Maral — Özüm ağlamıram, ağladır vicdan.
Şahmar Ceyranla bərabər daxil olub padşaha baş endirir.
Astiaq — (Şahmara)
De görüm mənə, ey böyük sərkərdə,
Nə hünər göstərdin bu son səfərdə?
Harda Fəramərzi boyadın qana?
Nə üçün qəsd etdin o pəhləvana?
Şahmar — (Təzim edir)
Daim Fəramərzə bəslərdim hörmət,
İftixar edirdi onunla millət.
Lakin son səfərdə satırdı bizi,
Uduzmaq istərdi qələbəmizi.
Xain səs vermədi xalqın səsinə,
Geri çəkilirdi xaincəsinə.
Yalvardıq, yaxardıq baxmadı sözə,
Axırda atlanıb gəldik üz-üzə.
Ata məhmiz vurub yel kimi əsdim,
Gözündən oxlayıb başını kəsdim.
Astiaq — Afərinlər olsun bu zərbi-şəstə!
Sənin mükafatın gözlərim üstə.
Ceyran — (Onun dalınca kənara)
Bilmirəm hardandır bu cür’ət səndə?
Özündən gedirsən toyuq kəsəndə.
Astiaq — (Marala)
İndi yaxşı düşün kimə ağlarsan,
Vətən xaininə matəm saxlarsan.
Kimlərə bəslərdin bu məhəbbəti?
Düşmənə satırmış böyük dövləti.
Maral — (Şahmara)
Onu öldürsəydi adlı pəhləvan,
Olsaydı ölkəmin yolunda qurban,
Çıxmazdı bu sevda mənim başımdan.
Qəbrini sulardım bu göz yaşımdan.
Astiaq — Belə də lazımdır, mehriban bacım.
Maral — Qanlı cəbhələrdə həlak olsaydı,
Döyüş tarixində bir ad qoysaydı,
Zər-zivər yerinə qara bağlardım.
Ölünçə yas tutub ona ağlardım.
Astiaq — İşi mə’rəkəydi, peşəsi üsyan,
Dikbaşlıq edirdi xalqın adından.
Maral — Artıq o deyilmiş adlı qəhrəman,
Olmuş bir tülkünün əlində qurban.
Şahmar xəcalətli bir surətdə gedir.
Astiaq — Haramdır ağlamaq bu acizlərə;
Maral — Əbəs matəm tutub geymişdim qara.
(Maral bu sözlərdən sonra başından qara şalı çıxarıb atır, otağın qaralarını soyur və gedir. Ceyran tək qalır)
Ceyran — (Maralın dalınca)
Bu gün öz başından qaranı açsan,
Unutma ki, sabah ağlayacaqsan!
Sən layiq deyildin o qəhrəmana,
O məni sevəcək, qal yana-yana.
Dəmir — (Başını qapıdan içəri uzadır)
Yanında kim vardır?
Ceyran — Gəldinmi?
Dəmir — Dinlə!
Danışma, barışır iqbal səninlə.
Ceyran — Cəbhəyə getdinmi?
Dəmir — Getmişdim, dayan!
Ceyran — De görüm sağdırmı o gənc qəhrəman?
Dəmir — Sağdır, doğru deyil eşitdiklərin.
Burda düzəltmişlər ölüm xəbərin.
Mən o qəhrəmanı gördüm cəbhədə,
Sanki səslənirdi bir atəşgədə.
Sağ-sola çapırdı qızmış aslantək,
Döyüş meydanında çaxardı şimşək,
Axdı dərələrdən, təpələrdən qan,
Dumanlar altında qalmışdı meydan.
Ceyran — Yalvarıram, söylə onu gördünmü?
Dəmir — Gözlədim qaranlıq düşənə kimi,
Döyüşlər qurtardı, pozuldu düşmən,
Çadıra girərkən onu gördüm mən.
Tək idi, yanında heç kim yox idi,
Məktubunu verdim, alıb oxudu.
Ceyran — Nə dedi?
Dəmir — Dedi ki, qəlbən razıyam,
Ver mənim dilimdən Ceyrana salam.
Ceyran — Çalış bu xəbəri bilməsin bir kəs,
Dəmir — Kimdən çatacaqdır mükafatım bəs?
Ceyran — Çalış bu xəbəri bilməsin Maral,
Hər nə istəyirsən Fəramərzdən al.
Qızların oxumaq səsləri eşidilir, Dəmir gedir.
Toyu da şöhrətdir, yası da şöhrət,
Sanki əyləncədir ona məhəbbət,
Qızlar oxuya-oxuya daxil olur. Maral məşşatələrin müşayiəti ilə daxil olur. Maral bəzənirkən qızlar oynayıb oxuyurlar.
Qızlar — Maral xanım, məşşatələr vəsmə çəksin qara qaşa,
Tavus kimi geyindirib büründürsün daşa-qaşa,
Qoysun əlvan çiçəklərdən məşşatələr başına tac,
Qızıl gülün ətirində çimdirilsin bu qara saç.
Maral — Toy da əyləncədir, yas da əyləncə,
Bunlar bir zinətdir həyata mənçə.
Rəqs.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-maral-ikinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əmiri-Əfxəmin başına gələn hadisədən iki gün keçirdi. Leyla xanım öz əmisinin evində səhər yeməyi yediyi vaxt, ona bir məktub verdilər. Məktubu yazan doktor Yusifidis idi. Əmiri-Əfxəmin həbsxanasından yazmışdı:«Möhtərəm Leyla xanım!
XLII. QəzvindəBiçeraxov Həmədandan Qəzvin üzərinə hücum etdiyi zaman, Leyla xanım Həmədanda qalmışdı. Çünki Qəzvin şəhərinin alınması ehtimal olunurdu.Kiçikxanın böyük hazırlıq gördüyü, alman miralayı Fon-Pahenin komandası altında böyük ordu yığması və ingilislər gəlmədən Qəzvin şəhərini işğal etmək şayiələri ağızdan-ağıza dolaşırdı. Lakin bu şayiələrin əsası olmadı. Fon-Pahen Kiçikxana təslim olmağa hazırlanmış Qəzvin şəhərini almağa cəsarət etmədi.
XLIII. QısqanclıqDoktorun Leyla ilə əlaqəsində mühüm bir dəyişiklik törəmişdi—onun çöhrəsində, hərəkətində, söhbətində belə bu dəyişikliyi görmək mümkün idi.Bahadır xanla Leyla xanımın sıx-sıx görüşlərindən razı qalmırdı, daima məsələni ifrata vardırmamaq üçün Leylaya tövsiyələr verirdi. Bu gün Leylaya nəsihət edib deyirdi:
XLIV. Bakıya doğruAlman miralayı Fon-Paxenin təlaşına baxmayaraq, çənkəl ordusu vətənlərinə getmək üçün Qafqaza yol açmaq istəyən Ter kazaklarına qarşı dura bilmədi.Kiçikxan ordusu məğlub oldu. Mənçil və Rəşt Biçeraxovun, sonra da ingilislərin əlinə keçdi.
Başqa şairlərin şeirləri
Ustalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
“Molla Nəsrəddin”in qıza cavabıQızım, sən bilmirsən, dünyada nə var,Nəql eyləyim, əgər qulaq asarsan,
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,