Səhifə 3 / 4 · 50%

Ksenya şüur korluğunun kişilərdə qadınlardan daha artıq oldugunu təyin etmiş olsaydı, şübhəsiz ki, ərinin ondan ayrılmasını özünün dəyərsizliyi kimi qiymətləndirməzdi. Buna görə də qız ərindən ayrıldığını mənə anlatdığı zaman ona deyirdim:

– O yenə də sizə qayıdacaqdır, hərgah bu ayrılığa sizin özünüz səbəb olmamışsınızsa, onun şərəfinə toxunacaq bir hərəkət göstərməmişsinizsə, o yenə də sizin yanınıza dönəcəkdir, çünki kişiləri ovlamaq çox asandır. Bəzən ən iradəli, möhkəm və vüqarlı bir kişini ən pozğun bir qadın ovlaya bilir. Burası kişilərin zəif tərəfidir, birbirindən az fərqli olaraq qadın düşkünü olmayan kişi yoxdur. Ancaq kişilərlə qadınlar arasında böyük bir fərq də bundan ibarətdir ki, kişilər yanlış yoldan çox tez qayıda bilərlər. Bunları söyləməkdə məqsədim sizə bir şeyi anlatmaqdır. Özgə cür düşünməyin, hələlik konsulun sizə vədə verdiyi vəzifə üçün də tələsməyin, sevgiliniz sizin yanınıza dönə biləcəyi üçün mövcud olan imkanları müdafiə edin! Əziz dostum, həyatımızı əvvəldən belə qurublar. Kişilər öz üzərlərindəki əxlaq ləkələrini çox çətin görə bilirlər, çünki onlar ancaq qadınlarda ləkə aramaqla məşğuldurlar.

Mən bu sözlərlə qızın qəlbini əvvəlki mərkəzinə qaytarmışdım. O. ərinin özünə gələcəyi və yaşca özündən böyük olan qadından əl çəkəcəyinə inanırdı. Qız başını qaldırıb gözlərimə diqqətlə baxdı və sual verdi:

– Bəs bu hadisələrdən aldığım təhqirlər necə olsun? – dedikdə mən güldüm və:

– Ailə həyatının müsbət tərəflərindən birisi də təhqirləri yumaq və onun zəhərini ürəklərdən təmizləməkdən ibarətdir, – dedim. – Mən zənn edirəm ki, qadınlar çox tez unudar və tez barışar. Bu bir nöqsan hesab edilsə də, mən qadınların bu xasiyyətini sevirəm. Hərgah qadınlarda bu xasiyyət olmasaydı, kişilərin qabalığı qarşısında heç bir ailə həyatı düzələ bilməzdi.

Zəng vuruldu, söhbətimiz burada bitdi, çayların pulunu verib salondan bayıra çıxdıq. On dəqiqəyə qədər dolaşdıqdan sonra qatar Culfa burnundan fitini buraxdı, iki dəqiqə keçdi, parovoz dərindən köksünü ötürüb dayandı. Rus qızının gözləri bir anda vaqonları gəzdi, bir dəqiqədən sonra üçüncü sinifli vaqondan aşağı düşən bir qadın və gənc bir qızla öpüşüb görüşdü. Qadın ətrafa göz gəzdirib Ksenyadan soruşdu:

– Bəs Yefim hanı?

– Yefim yoxdur. Sizi qarşılamaq üçün özüm gəlmişəm. – Qız bunu deyərək məni göstərdi: – Tanış olun! Mənim yol yoldaşımdır. Bizim hamımız buna minrətdarıq.

Əvvəlcə qadın, sonra gənc qız əlimi sıxdı, lakin qadın öz adını və atasının adını demədiyi üçün mən də öz familiyamı demədim. Adam çağırdım, onların şeylərini faytona yığdırdım, özüm də onlarla bərabər «Fransa» otelinə gəldim. Onların hamısı qızın otağında yerləşdilər, mən də öz otağıma girib yuyundum, libasımı dəyişdim, çünki şam yeməyinə getmək lazım gəlirdi.

Lakin Qriqor ağa gəlib restoranda şam yeməyini məsləhət görmədi, çünki bir neçə saat bundan əvvəl gələn soldat eşelonunun zabitləri restoranda içib keflənmişdilər. Mənim otağım böyük idi, orada stol qoymaq mümkün idi. Belə də etdik. Bu barədə qıza da məlumat verdim, hələ şam yeməyi hazır olmadan iki qız, bir də anası qapını vurub içəri girdilər.

Qızların anası hamıdan əvvəl:

– Mən şam yeməyinə gəlməklə bərabər, həm də sizdən üzr istəməyə gəlmişəm, – dedi, – doğrusu, stansiyada üzü qara olmuş kürəkənimizi görmədiyimdən özümü o dərəcədə şaşırdım ki, sizinlə tanış olduğum zaman, məndən heç gözlənmədiyi halda, bir etinasızlıq baş verdi. Buna görə də üzr istəyirəm və sizin dübarə əlinizi sıxıram.

Qadın bunu deyərək əlini uzatdı:

– Yelena Konstantinovna, – dedi. Mən də onun əlini sıxarkən ad və familiyamı dedim. Sonra kiçik qız irəli gəlib:

– Silva Pavlovna, – deyərək əlimi sıxdı.

Şam süfrəyə verilmədiyinə baxmayaraq, stolun ətrafında oturdular, çünki buradan başqa boş yer yox idi. Qadın çox utanırdı, şübhəsiz ki, bu qadın mənimlə stansiyada birinci görüşdə özünü «məndən bir avropalı və məni «yeni azyabə hesab edərək, ad və familiyasını deməyə tənəzzül etməmişdi. O, oturduqdan sonra məni başımdan ayağıma qədər gözdən keçirib dedi:

– Ksenya sizin haqqınızda o qədər müsbət sifətlər saymışdır ki, mən onun son günlər düşdüyü bədbəxtliyi tamamilə unutmuşdum. Siz öz rəftarınızla mədəni bir avropalıdan geri qalmayacağınızı göstərmişsiniz.

Mən qadının avropalı və asiyalı haqqında başladığı mövzuda danışmaq istəmədim. Bu söhbət uzun çəkə bilərdi, Bununla biz siyasi məsələlərə də gedib çıxa bilərdik. Mən bununla maraqlanmayırdım, çünki tanış olduğum bu ailənin siması mənim üçün bəlli deyildi. Bu qadının ərindən ayrılması da insanın qarşısında bəzi suallar qoyurdu. Qadın həm kiçik, həm də böyük qızından bir neçə qat gözəl idi. Öz dediyinə görə qırx iki yaşı olan bu qadın insana gənc bir qız təsiri bagışlayırdı. Mənim zənnimə görə, bir kişi nə qədər qadın düşkünü, əxlaqsız və pozğun olursa-olsun, bu cür gözəl bir qadını əsaslı bir səbə» olmadan buraxmazdı. Onun qızının öz əri tərəfindən başqa bir qadınla əvəz edilməsi də əsaslı bir səbəbə bağlıdır, – deyə düşünürdüm.

Şam yeməyini verdilər, yemək zamanı yenə də mən süfrə başındakılara baxır və təbiətin onlara bağışladığı zahiri gözəlliyə heyran qalırdım, xüsusən, qızların anası fövqəladə bir gözəlliyə malik idi, onun bütün varlığından məsumluq tökülürdü.

«Bu səfərimdə Təbrizin qadın düşkünləri üçün indiyə qədər təsadüf edə bilmədikləri gözəllər aparıram – deyə qəlbimdə özözümə gülürdüm. Lakin bu ailənin tamamilə qadın olduqları, özlərini köməksiz və yardımsız hiss etdikləri mənim onlara bir çar zabiti ailəsi kimi baxmamağıma səbəb olurdu. Mən elə zənn edirdim ki, bunlara kömək vermək nəticəsində nə başqaları, nə də öz vicdanım məni töhmətləndirməyə haqlı deyildi. Onsuz da çar zabitləri bunları atmış və taleyin ixtiyarına buraxmışdı. Bu səbəbdən də mən onların əxlaq pozğunlarının əlinə düşmələrinə imkan verməməyi qərara aldım. Qadın məndən soruşdu:

– Siz nə vaxt Təbrizə qayıtmaq istəyirsiniz?

– Mənim burada işim qurtarmışdır. Sabah gedə bilərəm.

– Nə məsləhət görürsünüz, buradan Rusiyayamı qayıdaq, Təbrizəmi gedək?

– Vəziyyətiniz mənim üçün aydın deyildir. Əlinizdə bu iki səfərin barəsində nə kimi imkanlar olduğunu bilmirəm.

– Səfərlərin hər ikisi barəsində əlimizdə imkan yoxdur. Arxangelskdə evimizi dağıtdıq, satanı satdıq, qalan şeyləri də gətirmişəm. Mənzilimiz əldən çıxmışdır, qabaqdan da qış gəlir. Birtəhər ora gedib çıxa bilsək belə, yaşamağımız mümkün olmayacaqdır. Təbrizdəki vəziyyətimiz isə sizin üçün aydındır. Şəhər Şərq şəhəridir, tanışımız yoxdur, bizim üçün iş də tapılmaz. Bilmirəm konsul Ksenyaya nə kimi vəzifə verə bilər?

– Bu barədə qəti bir söz deyə bilmərəm. İmkan məsələsinə gəldikdə, Təbrizə getmək Arxangelskə dönməkdən məsləhətdir, çünki ora çox yaxındır. Sizin əriniz və qızınızın əri də İrandadır, bəlkə də, onlarla barışar və xoşbəxt yaşaya bilərsiniz.

Qadın başına hərəkət verərək dedi:

– O mümkün deyil. Mənərimlə heç bir vaxt barışa bilmərəm, Onu görəsi gözüm yoxdur, çünki nə görməli üzü, nə də qəbul etməli əqidəsi vardır. Biz bir-birimizi sevə bilmərik, çünki onunla olan ailə əlaqəmiz dəhşətli bir faciə nəticəsində qırılmışdır. Bəlkə də, tanışlığımız davam edərsə, ərimin nə kimi bir şəxsiyyət olduğu haqqında sizə danışaram. Ksenyanın qəlbi sınmasın, mən onun Yefimdən ayrılmasına da sevinirəm, çünki Yefim də mənim ərimin sevdiyi bir adamdır.

Qızların hər ikisi oturub baxırdı, mən kiçik qıza sual verdim:

– Silva xanım bu səfərlərin hansı birisini sevir?

Qız başını qaldırıb utana-utana üzümə baxdı və yavaşdan dedi:

– Ailəmizin yaşayış proqramı pozulmuşdur. Buna görə də səfərlərin hər ikisi eyni şeydir. Biz hara gedərsək, ehtiyac da bizim önümüzcə gedəcəkdir.

Mən onlara təsəlli verərək, dedim:

– Sizi heç bir ehtiyac qorxutmamalıdır. Ehtiyac ağır olsa da, onun meyvəsi olduqca dadlıdır, çünki elm və sənəti insanların ehtiyacı doğurmuşdur. İnsan bir şeyə ehtiyac hiss etmədən onu əldə etmək üçün çalışmaq istəməz. Mən sizin ailənizin hər cəhətcə bilikli və tərbiyəli ailə olduğunu görürəm, buna görə də sizin üçün ehtiyacın kədərli donunu yırtmaq çox da çətin olmaz. Mən sizin rahatlığınızı təmin edərəm, İranda rus dili öyrənmək həvəsində olanlar çoxdur. Sizin mənziliniz olduqda elan verərsiniz, bir çoxları rus dili təhsili üçün yanınıza gələr. Buna mən söz verirəm.

Qadın razı qaldı. Yenə də məndən soruşdu:

– Biz nə vasitə ilə Təbrizə gedə biləcəyik?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XXIII. Yeni hökumətin siması

«Müfəssəl deklarasiya dinləmək üçün vaxt olduqca azdır. Birləşmiş iclas Bakını müdafiə tədbirlərinin müzakirəsinə həsr edilməlidir.Tiq-Çonson

3 dəq
XXIV. Esterin həbs edilməsi

Bolşeviklərin həbsə alınması və onların əmlakının və hərbi ləvazimatın müsadirə edilməsinə dair çıxarılan qərar Esterə olduqca ağır təsir bağışladı. Esterin zənnincə bütün bolşevik işçilər həbsə alınacaq və edam ediləcəkdi. O, bolşeviklərə məhəbbət bəsləyir və onların hökumət başından çəkilməsinə çox kədərlənirdi. Esterin bolşeviklərə bəslədiyi hüsn-rəğbətdə, Vahanla olan səmimi əlaqəsi də mühüm rol oynamaqda idi.O, daima qəlbində «Bolşeviklər yaxşı və xalqın qeydinə qalıcı adamlar olmasaydı, Vahan onlara qoşulmazdı» deyə düşünürdü.

5 dəq
XXV. Bolşeviklər Həştərxana gedir

«Mən ingilis imperializmi ilə birləşib Almaniya imperializminə qarşı müharibə etmərəm. Mən vətənimə hücum edən bütün imperialistlərə qarşı amansız mübarizə aparacağam.Petrov

5 dəq
XXVI. «Üçüncü Bahadır şah»

Şahzadə Bahadır xanın şərəfinə verilən ziyafətdə Bakı ziyalısından başlayaraq, Bakı milyonçusuna qədər hamı iştirak etdi. Türklərin şəhərə yaxınlaşmasını görüb Bakı kəndlərinə, xüsusən Mərdəkana yığılmış «müsavat» partiyası rəhbərləri də bu ziyafətdə iştirak edirdilər.Ziyafətdən üç mühüm məqsəd vardı. Onlardan biri ziyafəti təşkil edən Hacı Zeynalabdin Tağıyevin daşıdığı məqsəd idi.

5 dəq

Başqa şairlərin şeirləri