Xüsusi iclas
Səhifə 2 / 6 · 17%
– Axı bilmirəm harada olursan.
– İstanbul qapısından girən yerdə, Kəlləpəz Hacı Şükürullanın evində. Bir vaxt Çopur Səlimə də orada olurdu. Tanıdın ki?
– Bəli, tanıdım, axşam saat doqquzda.
– Amna iki nəfərdən artıq olmayasınız hal
– Baş üstə, xatircəm ol!
Tacıqızı yenə də rübəndini üzünə çəkib getdi. Tütünçüoğlu isə düşünürdü. Bu gecə o, Rəşidülmülkün tapşırığına görə onu öldürmək üçün təqib edən Kazım Davatgəroğlu və Sallax Süleyman ilə bir məclisə düşəcəkdi, bu isə ən qorxulu və hazırlıq tələb edən bir məsələ idi. Bu barədə yoldaşlarla danışmaq və tədbirlər görmək lazım idi.
Lök.
Mədəni insanlara yaraşmayan fisq-ficuru pərdələmək üçün qara dumanlar öz maskasını Qaraçı məhləsinin çöhrəsinə taxmaqda idi. Küçələrdə ancaq şəhərin mərkəzinə dilənçilik üçün getmiş qaraçıları görmək mümkün idi. Onlar küçələrdə bir kəsin olmadığına baxmayaraq, yenə də ağızlarında əzbər olan duaları oxuya-oxuya gedirdilər.
Şəhərin mərkəzində yerdə sürünərək dilənçilik edənlər, mərkəzdən qayıtdıqları zaman öz ayaqları ilə gedirdi, çünki qaraçı dilənçilərin bir çoxu özlərini yalandan şikəst göstərir, qollarını, qılçalarını, ağızlarını və gözlərini qeyri-təbii bir vəziyyətə salmağı bacarırdılar.
Təbriz şaxtası da başlayırdı. Çiyinlərinə yırtıq palaz və həsir parçaları çəkib çənəsi titrəyə-titrəyə dua oxuyan dilənçilər bu şaxtaların xəbərini verirdi. Ara-sıra dumanın altından görünən ulduzlar Tacıqızı Züleyxanın füsunkar gözləri kimi parıldayırdı.
Qaraçı qızlarının qaşları kimi nazikləşmiş ay da Ərk qalasının arxasında gizlənməyə və qaranlığın çarşabına bürünməyə başlamışdı. Əyri-üyrü küçələrdə tısbağa belinə bənzəyən aristokrat hərəm qadınları qaraçı qızlarının əda və hərəkətlərini öyrənmək və ərinin nəzərində özünü şirin göstərmək üçün evinə məşhur qaraçı qızlarını dəvət edirdilər.
Qaraçı məhəlləsində gecə nə qədər qorxulu və qaranlıq olsa da, hər bir evdən gələn musiqi və palçıq damların altından eşidilən səslər Şərq musiqisi kimi böyük bir zənginliyin zibillər və natəmizliklər içərisində düşüb qaldığını göstərirdi.
Musiqinin bu cazibədar tərənnümlərini geridə buraxıb getmək mümkün deyildi. Qədəmlər irəli atılmaq istəsə də, ürəklər geriyə dönməyə məcbur idi. Dilənçilik, əxlaqsızlıq, ədəbsizlik qaraçı qadınları və qaraçı qızlarına məxsus olduğu kimi, gözəllik, oxumaq və musiqi sənəti də qaraçı qızlarına məxsusdur. Buna görədir ki, Təbriz kübarları, Təbriz aristokratları öz hərəmlərində onlarca gözəl qadınların çürüdüyünə baxmayaraq, özlərinin kef məclislərində qaraçı qızları saxlamaqdan da vaz keçməzlər.
Hərəm qadınlarından bəziləri öz ərlərini qaraçıların əlindən almaq üçün özlərini qaraçı qızlarının qiyafəsinə salır, üzlərinə, dodaqlarına, yanaqlarına qeyri-təbii xal düzürdülər.
Qaraçı qızlarının oxuduqları:
«Gedərəm Bağdada mən,
Yar əlindən dada mən,
Əvvəli əziz idim,
İndi düşməm yada mənə —
kimi mahnıları özlərini qaraçı qızlarına oxşadan bir çox kübar xanımlarının da ağzından eşitmək mümkün idi. Nəğmə səsləri bütün bu çirkinliyi unutdururdu. İnsan Təbrizin Qaraçı məhləsində yox, əski Bağdadın Abbasə və Cəfər sarayları qarşısında durub Qərənfil və Nayirə xanımların səsini dinlədiyini düşünürdü.
Bu qədər qabalıqlar içərisində həbs edilən Şərq incəsənəti qaraçı evlərindən eşidilən kamança səsi ilə sanki özünün inlədiyini, ağladığını aləmə bildirirdi. İnsan eşidilən nəğmələrdən nə qədər həzz və ləzzət alırsa-alsın, yenə də Şərq incəsənətinin qaraçı evlərində yaşadığını düşünərkən qüssələnir və ruhən ağlayırdı.
Tütünçüoğlu və Quluzadə qabaqda, Həsən ağa, Şəfi və başqaları isə onlardan bir qədər geridə gedirdilər.
Bu gecə Tütünçüoğlu həm siğə yuvalarından birisini məhv edəcək, həm də onu öldürmək üçün təqib edən Kazım Davatgəroğlu və Sallax Süleymanla qarşı-qarşıya gələcək idi. Onlar Tacıqızı Züleyxanın siğəxanasına, daha doğrusu, onun fahişəxanasına gedirdilər. Bir gün əvvəl Tütünçüoğlu onunla Acudan qapısında görüşüb vədələşmişdi. Onlar bu gecə 7-ci illərdən bəri Təbriz əks-inqilabında mühüm rollar oynamış və bu gün çar konsuluna arxalanaraq özlərini qalib hesab edən məhəllə qoçuları ilə üz-üzə gələcəkdilər.
Bu gedənləri bir fəlakət də və bir müvəffəqiyyət də gözləyə bilərdi, çünki Kazım və Sallax Süleyman yalnız bir məhəllə qoçusu olmaqla kifayətlənməyərək, bütün Təbriz xalqı içərisində özlərinin məğlubedilməz adamlar olmaları ilə də tanınmışdılar.
Onlar Təbrizdə istədiyi gözəl və gənc oğlanları zorla aparıb yanında saxlayar, sevdiyi qızları küçədən götürüb aparar, bəyəndiyi qadınları isə ərlərindən boşatdırıb alardılar. Onlar bir çox nüfuzlu məhəllə gənclərinin qulağını kəsər, birçəklərini qırxar və xalq içərisinə çıxa bilməyəcək bir vəziyyətə gətirərdilər.
Onlar gündüz günorta çağı küçə bazarçalarında atışar və istədikləri adamları öldürə də bilərdilər. Dəvəçi məhəlləsinin kiçik bankirləri və mülkədarları öz cqəhrəmanəları ilə fəxr edər və onları daim maddi tərəfdən təmin edərdilər. Bəzən yerli hökumət də məhəlləsinin asayiş işlərini bu lotulara tapşırardı.
Quluzadə ilə Tütünçüoğlu Tacıqızı Züleyxanın qapısını vurdular. Bir azdan sonra Tacıqızı Züleyxa qapının dalından səsləndi:
– Kimdir qapını döyən?
Tütünçüoğlu səs verdi:
– Bizik, Züleyxa bacı!
– Siz kimsiniz?
– Dünən Acudan qapısında görüşdüyünüz oğlan.
– Neçə adamsınız?
– İki nəfərik, dünən sənə dediyim yoldaşımdır. Özü də pis oğlan deyil.
Tacıqızı Züleyxa qapını açdı, Tütünçüoğlu və Quluzadəni gördükdə:
– Yaxşı oldu ki, tez gəldiniz, Kazım ilə Süleyman gələnə qədər kefinizi çəkib gedə bilərsiniz, – dedi.
Tütünçüoğlu:
– Heç eybi yoxdur, biz onlarla birlikdə də kefedə bilərik, – dedi.
– Məgər Kazım və Süleyman dadaş qaraməlikli Hacı xan Sərtibin bacısı oğlu İbrahimi tanımırlar?
Onlar bunu deyib içəri girdilər. Həsənağa, Müseyib, Şəfi isə bayır tərəfdəki qaranlıq dəhlizdə duracaq, Kazım və Sallax Süleyman içəri girdiyi zaman onları tərk-silah etdirəcək və cəzalandıracaq idilər.
Qabaqda Tacıqızı Züleyxa, onun dalınca da Tütünçüoğlu ilə Quluzadə otağa daxil oldular. Bu otaq ancaq siğə etməyə gələnlər üçün hazırlanmışdı, kef çəkmək və siğələrlə vaxt keçirmək üçün də başqa otaq var idi.
Otaqda zinətli çay dəsgahı düzəldilmişdi və ətrafda üzünə çiçəkli məxmərlər çəkilmiş qalın döşəklər salınmışdı. Bu şəri fahişəxananın divarları şəriət sahiblərinin, müqəddəslərin şəkilləri ilə bəzədilmişdi. Məhəmməd peyğəmbərin şəkli aralıqda idi, sağında Həsən, solunda Hüseyn oturmuşdu. Bir tərəfdə Ələkbər meydana gəlir, bir tərəfdə Həzrəti Abbasın qollarını salıblar, bir yanda Ərus ilə Qasim öpüşür, evin yuxarı başında isə Molla Qurban qalın bir döşəyin üstündə oturmuş, əlində yüsri təsbeh, dodaqları bir-birinə dəyirdi. Molla Qurbanın qabağına canamaz açıldığından axşam namazını təzəcə qurtardığı məlum olurdu.
Molla Qurban gözlərinə sürmə çəkmişdi, barmaqlarına fındıqça xına yaxmışdı, nazik saqqalını təzəcə xınalamışdı, bığlarının qabağını dərindən vurdurduğu üçün dodaqlarını uzaqdan görmək mumkün idi. Qulaqlarının dibində nazik xətbaşı da qoymuşdu. Molla Qurban üstünə gül ətri səpdiyindən Tacıqızı Züleyxanın otağında oturmaq mümkün deyildi.
Tacıqızı Züleyxanın özü də təzə ərə getmiş gəlinlər kimi bəzənmişdi. O, qara saçlarını on iki hörüyə bölüb dalısına tökmüşdü, alnından tüklərinin üstündə brilyant, zümrüd və yaqutlar parlayan bir cıqqa vurmaqla özünü İran şahzadə xanımlarına bənzətmişdi. Tacıqızı Züleyxa başqa qaraçı qızları kimi üzünə bəzək vurmamışdı. Onun dediyinə görə bəzək qadınların təbii gözəlliyini itirirmiş... Tacıqızı otuz səkkiz yaşında olduğuna baxmayaraq, öz gəncliyini lazımi qədər mühafizə edə bilmişdi, çünki o başqa qaraçı qızları kimi hər yetən adama satılmazdı. O, tək-tək təsadüflərdə, ya özünün sevdiyinə, yaxud da böyük para müqabilində təslim olardı. O, ancaq başqa qadınları, əksəriyyətlə qaraçı qızlarını istismar etməklə böyük pullar qazanmışdı.
Onun gözlərinin ətrafında başqa qaraçı qızlarında olduğu kimi qara və göy halqalar, daha açığı, yorğunluq və yuxusuzluq, əyyaşlıq əlamətləri görmək olmazdı.
Tacıqızı Züleyxa başqa qaraçı qızları kimi gecə və gündüz vaxtini sərxoşların qucağında keçirməz, tiryəkxanalarda tiryək hoqqalarına od tutmaqla həyatını zəhərləməz və tanımadığı adamların dəvətini qəbul etməzdi. Buna görə də onun incəliyi və gəncliyə məxsus təravəti o qədər də sönməmişdi.
Tacıqızı Züleyxa başqa qaraçı qızları kimi Avropa qadınları qiyafəsinə də girməmişdi. Onun əynində Təbriz qadınlarına məxsus qısa və əlvan ipəkdən tuman, qılçalarında al atlazdan şalvar, topuqlarında mirvaridən düzəlmiş zərif xalxal var idi. Ağ, balaca, eyni zamanda ətli olan ayaq barmaqları xınadan qızarmışdı. Zərif bədəni nazik ipəkdən tikilmiş bir köynəyin altında titrədiyi halda evi dolanıb Tütünçüoğluna və Molla Qurbana xidmət edirdi.
Tacıqızı Züleyxa başqa qaraçı qızları kimi bir qadın olaraq öz gözəlliyi ilə yox, özünün musiqi və nəğmə ustadı olması ilə də şöhrət qazanmışdı. Buna görə də Tacıqızı Züleyxa İran kübarları və İran aristokratiyası məclislərinə oxumaq və çalmaq üçün çağrılardı.
Tacıqızı samovarı gətirib çay dəsgahının üstündə qoydu, qollarını çırmadı, qolundakı brilyant saat və zümrüd qolbaqlarını göstərdi, sonra da iki stəkan çay töküb birini Tütünçüoğlunun, birini də Quluzadənin qabağına qoyduqda Tütünçüoğlu:
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-xususi-iclas
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şərqin qalib və yorulmaz hökmdarı Səlahəddin Əyyubinin ölüm xəbəri Şərqdə böyük dəyişiklik yaratdı. Sərhədlər və xəritələr tez-tez şəklini dəyişdi, xəlifə bayrağı altında hökumət sürən bir çox Atabəy özünü müstəqil elan etdi.Musil Atabəyi Məsud, Səlahəddinin ölümündən istifadə edərək, bir tərəfdən Suriya, o biri tərəfdən də İraq və İran tərəflərinə qoşun göndərməyə və məmləkətini Toğrulun məmləkəti hesabına genişləndirməyə qərar verdi.
HəmdünyanToğrulun Gəncəyə gəlmək xəbəri Gəncə xalqı tərəfindən şadlıqla qarşılanmadı. Çünki onun aranlılara qarşı bəslədiyi mənfi əlaqə Aran xalqının böyüyündən kiçiyinə qədər hamıya aşkar idi.Gürcüstan və Şirvan hökumətləri ilə Aran xalqı arasında dostluq münasibəti möhkəm olduğu bir zamanda Toğrulun böyük bir qoşunla Aran və Şirvan hüdudlarına yaxınlaşması Aran ziyalılarını və Aran siyasət kişilərini rahatsız edirdi.
NaxçıvanToğrul Gəncədən qayıdandan sonra Təbrizdə bir ay dayandı. O bu müddət içərisində Təbriz əyan və ruhanilərinə verdiyi hədiyyələr və mükafatlar nəticəsində təzə bir macəra düzəltməyə başladı.Cənubi Azərbaycanın hər tərəfində, Şimali azərbaycanlıların siyasətini tənqidə başladılar. Atabəy Məhəmmədin kəndli qızından doğulan oğlu Əbubəkrin Eldəniz xanədanı varisliyinə səlahiyyətdar ola bilmədiyi bir tərəfdə qalsın, ümumiyyətlə Eldəniz xanədanının səlahiyyətli bir xanədan olmadığı haqqında təbliğata başlandı.
Toğrulun qətliSəlcuqilərin son hökmdarı olan III Toğrulun səhvləri üzündən, səlcuqilərin və onların atabəyləri olan Eldəniz xanədanının tədbir və qəhrəmanlıqları sayəsində düzəlmiş imperatorluq dağılmağa başladı. Məmləkət parçalara bölündü. Toğrulun azərbaycanlılarla olan son müharibəsi onun hökmranlığına son qoydu.Azərbaycan ayrılıqdan sonra, Rey və İraqda Toğrula qarşı uzun-müddətli müharibələr başlandı. Bir kərə Qəzvin altında əzilərək Xarəzm şahı Sultan Təkişin yanına qaçmış Qütlüğ İnanc orada çox böyük hörmətlə qarşılandı. Qütlüğ az zaman Xarəzmdə qalandan sonra Xarəzm ordusu ilə bərabər İraqa hücuma başladı.