Səhifə 2 / 4 · 25%

Qızım! Bir də bunu yazıram ki, bir vaqon alt paltarlığı bez vardır. Hansı hökumət qabaqca Bakıya girsə, həmin hədiyyəni mənim tərəfimdən təqdim edərsən. Osmanlılar gəldi—osmanlılara, ingilislər gəldi—ingilislərə... Bunun islam milləti üçün çox faydası olacaq.

Sənə bir açıq məktub da göndərirəm. Hərgah ingilis generalını və cənab şahzadə Bahadır xanı ziyafətə dəvət etmiş olsan, bu məktubu oxuyub onlara tərcümə edərsən.

Hacı Zeynalabdin Tağıyev

Mərdəkan, 4 avqust, 1918-ci il».

Leyla xanım hacının ingilis qonaqlara yazdığı məktubu da oxudu:

«Möhtərəm qonaqlar! Çox təəssüf edirəm ki, bir tərəfdən qoçalıq, o biri tərəfdən də xəsislik möhtərəm qonaqlarla bir sufrədə əyləşməyimə imkan vermədi.

Mən möhtərəm qonaqların zəhmət çəkib evimə təşrif buyurmasını özüm üçün böyük, həm də tarixi bir iftixar sayıram. Mən həyatımda çox xoşbəxtliklər görmüşəm. Mən, Buxara əmiri—həzrətləri ilə bir süfrədə çörək yemişəm. 3-cü Aleksandr həzrətləri böyük kilsənin bünövrə daşını qoymaq üçün Bakıya gəldiyi zaman onunla da bir süfrədə nahar etmək səadətinə nail olmuşam. Daxiliyyə naziri müavini cənab Fon-Val Bakıya təşrif gətirdiyi vaxt onunla da bir süfrə başında əyləşmişik.

6-cı illərdə Qafqaz canişini hörmətli Vorontsov—Daşkov cənabları Bakıya təşrif gətirəndə həmin siz əyləşdiyiniz ziyafət salonunda hüzuruna müşərrəf olmuşam. Bu gün isə ən mədəni və nəcib ingilislərlə tanış olur və əməkdaşlığa başlayırıq ki, bu da yalnız mənim üçün deyil, bütün Zaqafqaziya müsəlmanları üçün bir xoşbəxtlikdir.

İnşallah, sağlıq olursa sabah, ya birisi gün hörmətli və əzəmətli qonaqların ziyarətinə nail olacağam.

Hörmətlə, hacı Zeynalabdin Tağıyev.

Leyla xanım hacının yazdıqlarını telefonla Ağabala Quliyevə xəbər verdi və hər ehtimala qarşı ziyafətə hazırlıq görməsini tapşırdı. Sonra da ingilisləri qarşılamaq üçün geyinməyə və özünə ziynət verməyə başladı.

Mərkəzi Kaspi Diktaturası üzvləri ilə sağ daşnaq rəhbərlərinin birləşmiş müşavirəsi bu gün şəhərə daxil olacaq ingilis ordusunun qəbulu məsələsini müzakirə edir və tədbir tökürdülər. Ordu üçün boşaldılan binaların siyahısı oxunanda Araratyan söz alıb danışdı və Mərkəzi Kaspi Diktaturası üzvlərini tənqid etdi:

– Siz ingilis ordusuna yer verməyi və onlara layiq binalar hazırlamağı bacarmırdınızsa məni Ənzəliyə və həmədana ingilisləri dəvət etməyə göndərməməli idiniz. Yaxud bunu əvvəlcədən xəbər versəydiniz, mən ingilis generalına deyərdim ki, cənab general, Bakı zəngin və qiymətli bir şəhər olsa da orada iki yüz, üç yüz minlik bir ordunu yerləşdirmək olmaz; yaxşı olar ki, Bakıya gətirilən ordu yüz mindən artıq olmasın. İndi görürəm ki, sizin hazır etdiyiniz binalarda ancaq əlli, özünü öldürsə, altmış min nəfərlik bir ordunu yerləşdirmək mümkündür. Hələ bu öz yerində, üç yüz min nəfərlik ordu üçün ərzağınız hanı?

Sadovski buna etiraz etdi:

– Bina və yer məsələsində bir söz deyə bilmərəm, lakin ərzaq məsələsində cənab Araratyana etiraz edəcəyəm. Əcəba, qoşun gətirən onun ərzağını gətirməyəcəkdirmi? Yəni ingilislər elə ehtiyatsız adamlardır ki, Bakıda xalqın çörək tapmadığını, fındıq yediyini bilmirlər?

Ağalar! Cənablar! Mən sizi əmin edirəm, ingilislər üç yüz min nəfərlik ordu gətirərsə, ona münasib ərzaq da gətirəcəklər.

Ayollo danışdı:

– İngilislər iki yüz mindən artıq qoşun gətirməz!

Elçiyan:

– Üç yüz mindən bir nəfər də əskik qoşun gətirməzlər! – deyə cavab verdi.

Sadovski etiraz edərək:

– Onlar başlı adamlardır. Vəziyyəti öyrənmədən üç yüz minlik ordunu gətirib Bakı çöllərinə tökməzlər. Əvvəlcə yüz, yüz əlli min qoşun gətirəcəklər, artıq qoşun lazım olsa Ənzəli ilə Bakının arası o qədər uzun bir yol deyil.

Sağ daşnaq, sağ eser və menşevik nümayəndələri öz fikirlərini söylədilər. İngilisləri qarşılamaq üçün Mərkəzi Kaspi Diktaturası üzvləri arasında vəzifə bölküsü başlandı. Velonts, ordunun hərbi ləvazimatını yerləşdirmək üçün hazırlanmış binalara nəzarət etməyi öz öhdəsinə götürdü. Ayollo baş komandan, ərkani-hərb və zabitlərin mənzil edəcəyi yerləri, xüsusən ingilis siyasi nümayəndəsi—Tiq-Çonsonun xüsusi otağını düzəltmək vəzifəsinə təyin olundu. Məlik-Elçiyan, şəhərin müntəzəm saxlanması, qonaqların təntənə ilə qəbul edilməsi və sair rəsmi qaydalara diqqət vermək vəzifəsini boynuna götürdü. Sadovski «Metropol» otelində çalışacaq idi.

Müşavirədə göstərilən təxmini rəqəmlərə görə, ingilis ordusunda altı-yeddi yüz nəfərə qədər zabit var idi. Sadovski bunlara ziyafət hazırlamalı idi. Sadovski bu mühüm vəzifəni lazımınca ifa etmək üçün vəzifə başına getdi.

Sadovski Bakıda «ziyafət kralı» adlanan İvan İvaniçi və onun əlaltılarını kiçik bir salona toplayıb ingilis mədəniyyəti haqqında onlara qısa mühazirə oxudu və dedi:

– Biz bu gün tarixin mühüm bir səhifəsini yazırıq: Bakı şəhəri bu gün London ilə birləşmiş olur. Bu gecə sizin xidmət edəcəyiniz adamlar Sadovski, Ayollo, Hamazasb, Avetisov, Dukaçiyev, Baqratuni və sair kimi şəxsiyyətlər deyil, buraya gələnlərin çoxu «Bukinham» sarayında, əlahəzrət İngiltərə kralının süfrəsində oturan simalar və intixab edilmiş zatlardır. Süfrədən qabaq tərtəmiz yuyunarsınız, hazırlaşarsınız. İngilis qonaqların yanında boğaz arıtmaq, burun çəkmək və öskürmək olmaz. Onlar bu barədə çox diqqətli, çox da tənqidçidirlər. Sizin bu gecəki hərəkətiniz, bizim mədəni olub-olmamağımızı sübut edəcəkdir. Üst-başınız, əlləriniz, müxtəsər ki, hər bir işiniz təmiz və səliqəli olmalıdır. Bunun üçün də, hökumət xəzinəsindən lazımi qədər pul buraxılmışdır.

İndi bir az da sizə bu gecəki qonaqların mədəniyyəti və tarixi haqqında söyləməliyəm...

Sadovski bunu deyərək, ingilis mədəniyyəti və İngiltərənin coğrafi mövqeyi haqqında «Metropol» meyxanası işçilərinə uzun-uzadı məlumat verdi.

Sonra xidmətçilərin hamısını sıraya düzərək yeriş və baxışlarını nəzərdən keçirtdi. Bu yoxlama nəticəsində Sadovski bir neçə xidmətçini salona girməkdən məhrum etdi. Birisinin yerişi, digərinin baxışı və sair hərəkətləri yaramaz idi.

Xidmətçi qadınlar, otaq təmizləyənlər, yorğan-döşək düzəldənlər içərisində yoxlama oldu. Sadovski otel müdirini kənara çəkərək qulağına pıçıldadı, müdir gülümsünərək:

– Əlahəzrətin buyruğuna əməl ediləcəkdir, – dedi.

Məruzə bitdikdən sonra Sadovski mətbəxə girib qonaqlar üçün hazırlanmış xörəklərin və meyvələrin keyfiyyətini yoxladı. Çəngəl-bıçağı, qaşıqları gözdən keçirtdi. Əl dəsmallarını qoxuladı, salonu, nömrələri, balkonu gəzib təmizliyə baxdı. İvan İvaniçi çağırıb dedi:

– İndi bizim həll etməli mühüm bir məsələmiz qalmışdır. O da xörəklərin növündən ibarətdir. Mən necə cürə və nə şəkildə xörək hazırlanacağını bilmək istərdim.

İvan İvaniç Bakıda ən məşhur mehmanxanaçı olduğundan Sadovskiyə Avropa xörəklərinin adını saydı, lakin Sadovski bunların heç birisi ilə razılaşmadı. İvan İvaniç və mətbəx xidmətçilərinin iştirakilə kiçik bir müşavirə çağırdı. Müşavirə İvan İvaniçin otağında idi. İvan İvaniç bir səslə iclasa sədr seçildi.

İlk dəfə Sadovski söz aldı və dedi:

– Ağalar! Siz elə bilməyin ki, bizim kimi hökumət adamları yalnız siyasi məsələlərlə maraqlanırlar. Bu fikir tamamilə yanlışdır. Hökumət adamları hər şey ilə maraqlanmalı və hər şeydən xəbərdar olmalıdırlar. Siyasətin özü də bir sənətdir. Mənçə, bu sənət çəkməçilikdən, at nallamaqdan, aşpazlıqdan və sairədən daha çətin bir sənətdir.

Ağalar, hər sənət üçün bir təlimat və göstəriş vardır. Hər sənəti müəyyən bir ustadan öyrənmək mümkündür. Lakin siyasəti kimsədən öyrənmək olmaz. Məsələn, mən siyasəti öz-özümə öyrənib bu mərtəbəyə çatmışam. Siyasət gərək kişinin zatında olsun. Mən bu gecə ingilislərin Bakıya gəlməsini düşünürkən, həmin müşavirədə müzakirə edəcəyimiz məsələ yadıma düşdü. Öz-özümə dedim: «İngilis qonaqların nə yemək istədiyini haradan bilməliyik? Tutaq ki, onların nə cür xörək istədiyini bildik, elə xörəkləri necə hazırlayacağıq?» O saatda yerimdən qalxıb bu kitabı götürdüm.—Sadovski qoynundan bir kitab çıxartdı və sözünə davam etdi. — Budur! Bu kitab ingiliscədən ruscaya tərcümə edilmişdir. «Evdar xanımlara yardım» kitabıdır. Burada xörək bişirmək qaydaları yazılmışdır. Dediyim odur ki, diplomatlıq və siyasət aşpazlıqdan daha çətin bir sənətdir. Çünki aşpazın işini yüngülləşdirmək üçün belə kitablar mövcuddur. Lakin siyasət barədə heç bir təlimat yoxdur.

Sadovski aşpazlar və aşpaz şəyirdlərin sürəkli alqışları ilə sözünü bitirdi. Sonra İvan İvaniç müşavirə məclisinə müraciətlə:

– İclası bağlı elan edirəm!—dedi.

Hamı çıxıb getdi. İvan İvaniç ilə Sadovski oturub kitabçanı oxuyur və lazımi xörəklər seçirdilər.

Sadovski aşpazlara və aşpaz şəyirdlərinə məruzə oxuduğu vaxt, Bakı proletariatının həqiqi rəhbərləri də «İvan Kolesnikov» gəmisində toplanıb şəhərin müdafiə tədbirlərini düşünürdülər. Çəbhədən şəhərə yağan top güllələri binaları dağıtdığı, insanları məhv etdiyi və Petrovun cavab atəşi ilə köhnə qəbiristanlıq (türk çəbhəsi) alt-üst edildiyi bir zamanda, Sadovski də aşpazlara və aşpaz şəyirdlərinə məruzə oxuyurdu.

Petrovun ərkani-hərbində bolşeviklər ciddiyyətlə xəritəyə baxdığı və türklərin hücum xətlərini atəşə tutduğu zaman, Sadovski də İvan İvaniçlə «Evdar xanımlara yardım» kitabından ingilislər üçün xörək seçirdilər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Axtarışlar

Alman-osmanlı nüfuzunun nümayəndələri Təbrizi boşaltmazdan əvvəl, inqilab komitəsi bir neçə məsələni də həll etmək istəyirdi.Həmin məsələlərdən birisi də sabiq alman konsulxanası, tərcümanlarından Əbülfət Mirzənin evini axtarmaq və bəzi məsələləri aydın etməkdən ibarət idi. Bizim aldığımız məlumata görə almanlar Əbülfət Mirzənin vasitəsilə Təbrizdə bir çox işlər görür və adamları öz ətrafına yığırdılar.

17 dəq
Sərdar Rəşidin evində axtarış

Alman konsulxanasına məxsus vəsiqələr yoxlandığı zaman bizim üçün gizli və qismən də şübhəli qalan bir çox məsələlər həqiqət şəklinə keçdi. Biz bu vəsiqələrdən sərdar Rəşidin iş mteodunu və kimlərlə əlaqədə olduğunu, hansı hökumətə satıldığını təyin etdik. Sərdar Rəşid almanlara böyük bir para müqabilində böyük vədlər vermişdi. Bir tərəfdən İran valisi olan bu adam, o biri tərəfdən də hələ Helminin dəstəsi Təbrizə girməzdən əvvəl Almaniya dövlətindən yüz min tümən para alıb bunun müqabilində hökumətə təyin olunduğu zaman yerli xalqları rusların əleyhinə qaldırmaq və Təbrizdə toqquşmalar yaratmağı öhdəsinə götürmüşdü.Əbülfət Mirzənin evindən tapılan yazılı vəsiqələr sərdar Rəşidin bu xəyanətini sübut edirdi. Buna görə 4di ki, Helmi ilə birləşərək bizi həbsə almaq və Təbriz xalqını rus təbəələri və Təbriz erməniləri üzərinə qaldırmağa çalışırdı.

10 dəq
Gizlin sirlər

Helmi və İbrahim Fovzi öz dəstələrinin qalib gələ bilməyəcəyini lazımınca təyin eləmişdi, çünki bir alay qüvvətində də olmayan bu dəstə Rusiyanın güclü qoşun hissələri ilə deyil, Araz çayı kənarındakı sərhəd qarovulları ilə də qarşı-qarşıya gələ bilməzdi. Lakin bunlar Türkiyə ərkani-hərbinin qərarını həyata keçirməli idi. Tam bu günlərdə Ənvər paşa Sarıqamış və Kars üzərinə hücuma başlamışdı. Helminin dəstəsi İran və Aleksandropol dəmir yollarını işğal etməklə rusların arxasını təhdid edəcək və Ənvər paşanın Kars tərəflərini əldə etmək hərəkətini asanlaşdıracaqdı. Bu səbəbdəndir ki, Helmi Təbrizdə özünə verilən nəsihətləri və göstərilən həqiqətləri qəbul edə bilmədi, o, min nəfərlik bir dəstəni məhv etsə belə, 30 dərəcə soyuqda Sarıqamışa hücum edən Ehsan paşa qol ordusunun hərəkətinə yardım göstərməli idi. Helminin ərkan-hərbi Sofyanda idi. Onun dəstəsi isə Sofyanın şimalında və şimal-şərqindəki möhkəm mövqelərdə yerləşdirilmişdi.Helminin gecə ikən Təbrizi buraxması və orada heç olmazsa yüz nəfərlik bir qarnizon qoymaması özlərinin gələcəkdə Təbrizə girəcəklərindən ümidlərini kəsdiklərini göstərirdi, onlar pozulub çəkiləcəklərini Təbrizdən hərəkət etməzdən əvvəl bilirdilər.

10 dəq
İntihar ərəfəsində

Birdən-birə yadıma düşdü. Miss Hannanın nə vəziyyətdə olduğundan xəbərim yox idi. Şübhəsizdir ki, o, osmanlılarla bərabər çəkilib gedə bilməyəcəkdi, çünki onlar çəkilərkən Təbrizə girə bilmədilər. Miss Hannanın özü də Helmi ilə bərabər getmək istəmirdi, o, «Təbrizdə məhv olmaqdan qorxmuram, lakin osmanlılara qoşulub getməkdən qorxuram? demişdi.Mən miss Hamnanı, rus qoşununun qabaq dəstələri şəhərə girdiyi zaman xatırladım. Şeşgilandan gəlirdim, yolum onun qapısından düşəcək idi. Onunla görüşməyi və vəziyyətini yoxlamağı düşünürdüm. Mən onun qapısının qabağına gəlirkən xidmətçisi kiçik təbrizli oğlan məni görər-görməz dəhşətli bir surətdə:

9 dəq

Başqa şairlərin şeirləri