XX. İngilislər gəlir
Səhifə 3 / 4 · 50%
Sadovski «Metropol» otelində işini bitirib daha mühüm bir vəzifə dalınca yüyürdü. O, Leyla xanımı bəzəmək və ingilislərin istiqbalına aparmaq kimi «şərəfli» bir vəzifəni də öhdəsinə almışdı.
Kralın yaveri və Dehli tacı-taxtının möhtəşəm varisi şahzadə Bahadır xanın nişanlısının qoluna girib ingilis ordusunun istiqbalına getmək «şərəfi» ancaq ikinci internasionalın Bakı nümayəndəsi Sadovskiyə qismət olmuşdu.
Leyla xanım ingilis gənclərinə məxsus kərpici, güllü paltarını və qısa dabanlı sarı tüflisini geymişdi. Bu, Sadovskinin sevdiyi libas idi. Çünki birinci kərə Leyla xanım Sadovski ilə bu libasda tanış olmuşdu.
Xanım geyinib qurtardı, salona çıxıb Sadovskinin əlini sıxdı və soruşdu:
– Siz bu paltarı tanıyırmısınız?!
– Bəli, tanıyıram, bu paltar sizin paltarınızın sırasında ən sevimli paltardır.
– Bu paltar nə cəhətdən sevimli paltardır?
– Mənçə, bu ancaq ingilislərə məxsus bir paltar olduğu üçün sevimlidir.
Leyla xanım dodaqlarını büzdü:
– Paltarın yaxşılığı yalnız ingilislərə məxsus olmasında deyildir. Bu paltar, gəncliyə yeniçə qədəm qoymuş qızlara məxsus bir paltardır. Bu keçid dövrünün paltarıdır. Zatən keçid dövründə hər şey şirin və sevimli olur. Tanışlığın sevgiyə keçən dövrü də həddən artıq xoş olur. Hətta mən bu günkü günü də sevirəm, çünki bu gün hökumət də bir partiyadan yeni bir partiyanın əlinə keçir. Mən bu libası mühüm və böyük bir bayram günündə geymişəm. Bu münasibətlə sizi salamlayıram.
Leyla xanım bunu deyərək ağ əlçəkli əlini Sadovskiyə uzatdı, Sadovski də əyilərək xanımın əlindən öpdü. Leyla xanım Sadovskini telefon aparatının yanına göndərdi və dedi:
– İndi əlahəzrətlərə xəbər verin! Onları qəbul edə bilərəm.
Sadovski dəstəyi götürüb hökumət əzasını çağırdı:
– Hər iş öz qaydasındadır. Xanımı qonaqların istiqbalına aparmaq üçün hazırlıq görülmüşdür.
Leyla xanım aşağıdakı telefonoqramı sizə verməyi əmr etdi: «İndi əlahəzrətlərə xəbər verin, mən onları qəbul edə bilərəm!». Vaxta az qalır, biz gərək bir saatdan sonra körpüdə olaq.
Sadovski telefon ilə danışandan bir saat sonra Mərkəzi Kaspi Diktaturası üzvləri hacı Zeynalabdin Tağıyevin evi qarşısında sıra ilə durub Leyla xanım və Sadovskini gözləyirdilər. Erməni milli soveti nümayəndələri hamıdan qabaqda gedirdi. İngilisləri Bakıya gətirmək üçün birinci qədəmi doktor Araratyan atmışdı. Türklərə təslim tərəfdarı olan və bu barədə çıxarılan qərarı iyulun 31-də Komissarlar Sovetinə elan edən Kulxandanyan və miralay Qazarov da, şəhərin işğalı təxirə düşdüyündən, «Yaşasın ingilislər!»—deyə bağırırdılar. Leyla xanım Esterə yaxınlaşaraq qolundan tutmaq istədikdə, Ester uzaqlaşdı və onunla birlikdə getməkdən imtina etdi. Leyla xanım Esterlə bir faytonda oturmağa çalışdısa da, Ester Elçiyan oturduğu faytona oturub yola düşdü.
Esterin bu hərəkəti Leylanın nəşəsini pozdu və Esterdə bir sirr olduğuna şübhə oyatdı.
Körpü ətrafı camaatla dolmuşdu. Şəhərin şiddətlə bombardman edilməsinə baxmayaraq ingilislərin gəlməsilə maraqlananlar tökülüb gəlmişdi.
Tamaşaçılar arasında cürbəcür söhbətlər olurdu. Menşeviklərin küçə təşviqatçıları yenə işə başlamışdı. Arıq simalı qoca menşevik bir həyula kimi küçədə dayanaraq, yanındakılara söhbət açmışdı.
O, uzun bir tarixi olan burunotulu dəsmalını köhnəlmiş və bozarmış vizitqasının arxa cibindən çıxartdı. Bir şüşəsi ağ, bir şüşəsi qara gözlüyünü sildi və gözünə taxdı. Burnundan uzağı görməyən menşevik, bu gün nədənsə çox uzaqlara, Narkin adasından da o tərəfə baxırdı.
Qoca menşevikin yanında bir qadın, bir də işçi durmuşdu. O, qadına necə kərə söz atdısa da, qadın burunotu iyinə davam gətirməyərək burnunu tutdu və üzünü başqa tərəfə çevirdi.
Nəhayət o, yanında duran işçini dümsüklədi. İşçi ona tərəf çevrilib soruşdu:
– Nə demək istəyirsiniz? Dilinizlə deyə bilməzsiniz?
– Bağışla, de görüm, sən o uzaqdakı qara nöqtələri görürsənmi?
– Hansı nöqtələri sən görürsən?
– Nə cəsarətlə məni «sən» çağırırsan?
– Səndən öyrəndim. Sən çağırana «sən» deyə cavab vermək lazımdır.
– Bolşeviklər sizi tərbiyəsiz öyrətdilər. Böyük-kiçik saymırsınız.
– Çox yaxşı, buyurun görək, nə demək istəyirsiniz?
– Mənim dediyim odur ki, siz haman uzaqda, Narkindən o tərəfə solda, şimala mail o qara nöqtələri görürsünüzmü?
İşçi diqqətlə ətrafı gözdən keçirtdi və ən uzaqlara baxdı, lakin heç bir şey görə bilməyərək qoca menşevikin cavabını verdi:
– Xeyr! Mən heç nə görmürəm. Orada heç bir şey yoxdur.
Menşevik dedi:
– Əlbəttə, sən görə bilməzsən. Sənin gözlərin peyserindədir. Üzün cənuba baxsa da, gözlərin şimala, Moskvaya baxır. Lakin daha gecdir. İndi gərək ağıllı adam nəzərini, həm də qəlbini dəyişsin.
Bu sözlərdən sonra, işçi bir daha dənizə baxdı və:
– Orada bir şey görə bilsəydim heç vaxt inkar etməzdim. Təəssüf olsun ki, oradan bir quş da uçmur.
– Mən barmağımı hara tuturamsa, sən ora bax!
İşçi qəti olaraq dedi:
– Mən barmaqla göstərilən yerə baxan işçilərdən deyiləm. Mənim öz şüurum vardır. Sarsaq adamların sözünə də məna vermərəm.
– Sən bir də bax! Narkinin arxasında, sol tərəfdə böyük paroxodlar irəliləməkdədir, o paroxodların hər biri bir dünyadır. Bir saatdan sonra onların içərisindən mübariz, mədəni və nəcib insanlar Bakı küçələrini dolduracaqdır. Sağ tərəfdə böyük bir qara nöqtə görünür. Oradan əjdahaya bənzər toplar, ildırım saçan pulemyotlar, yüzlərcə tanklar, zirehli avtomobillər sahilə çıxacaq və ingilis əzamətinin nümunəsini göstərəcəkdir.
Haman dal tərəfdə görünən xırda nöqtələr get-gedə böyüməkdədir. Onlar paroxoddur, onların içində ikinci internasionalın sadiq oğullarına köməyə gələn on minlərcə nəcib ingilislər vardır.
İşçi, bir daha dənizə nəzər saldı. Heç nə görmədiyi üçün menşevikin üzünə diqqətlə baxdı və menşevikdən soruşdu:
– Siz burunotu çəkirsinizmi?
– Bəli çəkirəm; bunun nə dəxli var?
İşçi heç də vüqarını pozmayaraq dedi:
– Bizim aramızda ixtilafa əsas səbəb sizin gözlüyünüzdür. Çünki siz onun şüşələrini burunotulu dəsmal ilə silmisiniz. Burunotu sizin gözlüyünüzü ləkələmişdir. Nə qədər ki, gözlüyünüz ləkəlidir, siz elə qaraltıları görəcəksiniz. Yalnız siz yox, ümumiyyətlə menşeviklərin gözlükləri ləkəlidir. Onlar dünyanı həqiqi halında görə bilmirlər. Onlar məfkurələrinə bu ləkəli gözlüyü taxmasaydılar bu gün özlərini gülünc vəziyyətə salmazdılar.
Qoca menşevik gözlüyünü ətəyi ilə təmizləyib gözünə taxdı və Xəzər limanının hər tərəfinə diqqətlə tamaşa etdi. Əvvəlki qaraltıları görmədiyi üçün gözlüyü çıxarıb cibinə qoydu və sakit dayandı.
Sadovski də cürbəcür fikirlər içərisində çapalayırdı. Onun xəyalında ingilislərin Bakıya gətirdiyi hərbi qüvvə gah kiçilir, gah da böyüyürdü. Onun fikri bir mərkəzdə dayana bilmirdi. Gah minlərcə ingilis süvarisinin Olkinski küçəsində rəsm-keçidə gəldiyini, gah alayların saatlarca menşevik rəhbərlərini salamladığını, raport verdiyini, əli qılınclı zabitlərin keçərkən Sadovskiyə gözucu baxdığını, tanklar dalınca yüzlərcə topların gurultu ilə süründüyünü görürdü. O, generalın başı üstündə dalğalanan Britaniya bayrağını görürkən şlyapasını çıxarıb təzim etdiyini xəyalına gətirəndə özü də hiss etmədən şlyapasını çıxarıb başını əydi, yanındakıların heyrətini görüb özünə gəldi və şlyapasını başına qoydu.
Menşevik xülyapərvərləri Qafqaz-Merkuri körpüsünün hər tərəfini bürümüşdü. Boş xəyallar və arzular, Bakı proletarının xainlərə qarşı yağdırdığı lənətlər menşevik, eser və daşnaqların başında çəkilməz bir ağırlıq olmuşdu. Körpü üstündə duran rəhbərlərin heç biri o birisini hiss etmirdi. Çünki onların hər birisi ingilislərdən gözlədiyi vəzifəni və rütbəni öz beyninin əyri tərəzisində ölçür, düşünürdü.
Leyla xanım da başqa cür düşünürdü. O, bolşeviklər əleyhinə işlədiyi və ifa etdiyi vəzifələrdən nə qədər sevinirsə, türklərin xatirinə ingilislər əleyhinə işlədiyindən də qorxuya düşmüşdü. Xüsusən o, Tiq-Çonsonun birinci növbədə Rayanı xəbər alacağını düşünür və Raya məsələsindəki müvəffəqiyyətsizliyini xatirinə gətirib titrəyirdi.
O, bir dəqiqə də özünü təhlükəsiz hiss etmirdi. Rayanın onu ifşa etməsi və cəzalandırmasından qorxur və get-gedə həyəcanı artırdı.
Körpüyə yalnız mümtaz ailələrin üzvləri buraxılırdı. Daşnaq, menşevik və eser ailələri və onlarla bərabər gələn kübarlar ingilis qonaqları tam səbirsizliklə gözləyirdilər.
Körpünün üstü qiymətli xalçalarla döşənmiş və hər tərəfə güllər, çiçəklər səpilmişdi. Qadınların əldə tutduğu gül dəstələrinin ağ ipək lentası üzərinə zərlə «İngiltərə imperialistlərinə» yaltaqçasına təriflər yazılmışdı. İngilis imperialistlərinin əlində alət olan və bununla da minlərcə erməni əməkçilərinin məhvinə səbəb olan daşnaqlar burada da öz xain xətti-hərəkətində davam edərək ingilisləri «erməni millətinin hamisi» deyə tərif edirdilər.
Tam bir əsrdən bəri İngiltərənin vədləri ilə erməni xalqını aldadaraq qırdıran daşnaqlar, bu gün erməni xalqını yeni fəlakətlərə sövq edir və İngiltərə siyasətinin quyruğunda gedirdilər.
«Kursk» gəmisi körpüyə yanaşdı. Gəmidən ilk çıxan ingilis miralayı Stokks, ingilis siyasi nümayəndəsi Tiq-Çonson oldu. Hər ikisi hərbi nizam alaraq baş əydi və Leyla xanımın əllərindən öpdü. Miralay Stokks Bahadır xanın Leyla xanıma göndərdiyi məktubu təqdim etdikdə Leyla xanım da Rayanı həbs etdirdiyi zaman ona yazdığı məktubu Tiq-Çonsona verdi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-xx-ingilisler-gelir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Alman-osmanlı nüfuzunun nümayəndələri Təbrizi boşaltmazdan əvvəl, inqilab komitəsi bir neçə məsələni də həll etmək istəyirdi.Həmin məsələlərdən birisi də sabiq alman konsulxanası, tərcümanlarından Əbülfət Mirzənin evini axtarmaq və bəzi məsələləri aydın etməkdən ibarət idi. Bizim aldığımız məlumata görə almanlar Əbülfət Mirzənin vasitəsilə Təbrizdə bir çox işlər görür və adamları öz ətrafına yığırdılar.
Sərdar Rəşidin evində axtarışAlman konsulxanasına məxsus vəsiqələr yoxlandığı zaman bizim üçün gizli və qismən də şübhəli qalan bir çox məsələlər həqiqət şəklinə keçdi. Biz bu vəsiqələrdən sərdar Rəşidin iş mteodunu və kimlərlə əlaqədə olduğunu, hansı hökumətə satıldığını təyin etdik. Sərdar Rəşid almanlara böyük bir para müqabilində böyük vədlər vermişdi. Bir tərəfdən İran valisi olan bu adam, o biri tərəfdən də hələ Helminin dəstəsi Təbrizə girməzdən əvvəl Almaniya dövlətindən yüz min tümən para alıb bunun müqabilində hökumətə təyin olunduğu zaman yerli xalqları rusların əleyhinə qaldırmaq və Təbrizdə toqquşmalar yaratmağı öhdəsinə götürmüşdü.Əbülfət Mirzənin evindən tapılan yazılı vəsiqələr sərdar Rəşidin bu xəyanətini sübut edirdi. Buna görə 4di ki, Helmi ilə birləşərək bizi həbsə almaq və Təbriz xalqını rus təbəələri və Təbriz erməniləri üzərinə qaldırmağa çalışırdı.
Gizlin sirlərHelmi və İbrahim Fovzi öz dəstələrinin qalib gələ bilməyəcəyini lazımınca təyin eləmişdi, çünki bir alay qüvvətində də olmayan bu dəstə Rusiyanın güclü qoşun hissələri ilə deyil, Araz çayı kənarındakı sərhəd qarovulları ilə də qarşı-qarşıya gələ bilməzdi. Lakin bunlar Türkiyə ərkani-hərbinin qərarını həyata keçirməli idi. Tam bu günlərdə Ənvər paşa Sarıqamış və Kars üzərinə hücuma başlamışdı. Helminin dəstəsi İran və Aleksandropol dəmir yollarını işğal etməklə rusların arxasını təhdid edəcək və Ənvər paşanın Kars tərəflərini əldə etmək hərəkətini asanlaşdıracaqdı. Bu səbəbdəndir ki, Helmi Təbrizdə özünə verilən nəsihətləri və göstərilən həqiqətləri qəbul edə bilmədi, o, min nəfərlik bir dəstəni məhv etsə belə, 30 dərəcə soyuqda Sarıqamışa hücum edən Ehsan paşa qol ordusunun hərəkətinə yardım göstərməli idi. Helminin ərkan-hərbi Sofyanda idi. Onun dəstəsi isə Sofyanın şimalında və şimal-şərqindəki möhkəm mövqelərdə yerləşdirilmişdi.Helminin gecə ikən Təbrizi buraxması və orada heç olmazsa yüz nəfərlik bir qarnizon qoymaması özlərinin gələcəkdə Təbrizə girəcəklərindən ümidlərini kəsdiklərini göstərirdi, onlar pozulub çəkiləcəklərini Təbrizdən hərəkət etməzdən əvvəl bilirdilər.
İntihar ərəfəsindəBirdən-birə yadıma düşdü. Miss Hannanın nə vəziyyətdə olduğundan xəbərim yox idi. Şübhəsizdir ki, o, osmanlılarla bərabər çəkilib gedə bilməyəcəkdi, çünki onlar çəkilərkən Təbrizə girə bilmədilər. Miss Hannanın özü də Helmi ilə bərabər getmək istəmirdi, o, «Təbrizdə məhv olmaqdan qorxmuram, lakin osmanlılara qoşulub getməkdən qorxuram? demişdi.Mən miss Hamnanı, rus qoşununun qabaq dəstələri şəhərə girdiyi zaman xatırladım. Şeşgilandan gəlirdim, yolum onun qapısından düşəcək idi. Onunla görüşməyi və vəziyyətini yoxlamağı düşünürdüm. Mən onun qapısının qabağına gəlirkən xidmətçisi kiçik təbrizli oğlan məni görər-görməz dəhşətli bir surətdə: