Panamalı dilənçi
Günəş üfüqlərdən çəkilir tamam,Quşlar yuvasına dönür hər axşam.Hər kiçik canlının bir məskəni var,Hər kəsin öz yurdu, öz vətəni var.Ayaz göyə çəkir yerdən insanı,Sənin yurdun hanı, məskənin hanı?Ağalar, xanımlar əyləncələrlə,Zəngin saraylarda qəhqəhələrlə,Çalıb çağıracaq, deyib gülәcək...Sən də bu palçıqlı küçələrdə tək,Donunca kədərli gözlərində yaş,Yalvara-yalvara çöldə gəz, dolaş...Batıq gözlərin ac, çılpaq qarnın ac,Səni küçələrə atdı ehtiyac;Oldun gündən qara, ömürdən qara,Yalın ayaqların kömürdən qara...Ciyərin həsrətlə alışdı yandı,Ötüb keçənlərə əlin uzandı.Sən etdikcə fəryad, etdikcə aman,Ağalar vüqarla keçdi yanından.Fəryadın toxundu daşa, divara,Lakin yetişmədi kar qulaqlara.Boğdu fəryad səni, boğdu ah səni,Yaman günə qoydu Rza şah səni...Sönən gözlərində qaraldı cahan,Məhəl qoymadılar axan yaşına,Sən çörək istədin hökümdarından,O, panama qoydu sənin başına...Bu qoca dünyaya köçüb gələrkən,Anadan dilənçi doğulmadın sən.Başında min boran, min tufan oldu,Acı səfaləti yaradan oldu.Sənin yurdun da var, vətənin də var.Dünyada nə desən vətənində var.Burda kef çəkənlər az deyil, yəqin,Öz ana yurdunda sən ki, gülmədin...Bir yamaqlı şalvar, bir cırıq əba,Başında panama, yanında torba,Doğrudan, qəribə bir görkəmin var...Səni bu halətə salan de, kimdir?“Mədəniyyət” deyə, sizə ağalarBir torba bəxş etdi, bir də silindir.Mən sənə tək dedim, söylə təkmisən?Dərdini bir mənə deyəcəkmisən?Yoxsa ki, yeyəcək qəlbini qəmlər,Acılar, ağrılar, dərdlər, ələmlər.Bilirəm nağıllar az deyil səndə,Onu söyləsən də, söyləməsən də...Qoy gəlsin yanıma yurdsuz qalanlar,Onlar sığınmağa sinəmdə yer var...Yetər, sən nə “ərbab”, nə “ağa” söylə,Söyləsən dərdini torpağa söylə!Ayılar bu torpaq, keçdikcə günlər,Yerin qulağı var, o səni dinlər...Təbriz, oktyabr, 1941
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-panamali-dilenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İnsanın əliylə dəyişir iqlim,Doğruldu istəyim, arzum, əməlim.
Sənət sarayıÖzündə qalmayır halı bir yerin,İnsan iqlimini dəyişir yerin.
Mən səni seçdim ki...Mən səni seçdim ki, yoldaş mühəndis,Geceli-gündüzlü çalışıb həmən –
Təqvimin son varağıAğacdan yarpaqlar endikcə bir-bir,İl də arxasından atır yükünü.
Başqa şairlərin şeirləri · Vətən
Bir belə ay gözəlin özünə qurban olasan,Dindirib, danışdırıb, sözünə qurban olasan,
AğdərəDoğrudan nə qədər güclüymüşük biz,Vədlər ümmanında qəşəng üzürük.
BalabançıMən heç öz dərdimi çəkə bilmirəm,Dolanır zamana çaş, balabançı.
Fələstin xalqıBir adam didərgin düşsə vətəndən,Qürbət əzabıyla köksü dağlanar.