Söz almayaq nə ərəbdən, nə farsdan,Yetər bizə aydan arı dilimiz.Xəzər kimi doğub Kürdən, ArazdanŞirvanımız, Muğanımız, Milimiz!

Qovulmalı yüz obadan, yüz eldən,Uydurmaya ağlabatan deyənlər.Xalqımıza yabançıdır əzəldən,Yurdumuza “Atrapatan” deyənlər.

Midiyanın nə dəxli var bizlərə!Gerçəkçilər aranılsın, bilinsin.O sözlər ki örtü çəkir üzlərəÜrəklərdən, diləklərdən silinsin!

Dədə Qorqud, Dədə Oğuz andımız,Canımızda, qanımızda ürkü yox!Yağılara tük saldırıb adımız,Ruhumuzda bir yabançı türkü yox!

Öz dilini, öz elini duyanlarÖz dilinə, öz elinə uymalı!Ərdəmlilər soyu tutar, soy anlar,Soysuzların dərisini soymalı!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən