Dostum Fəraməz Maqsuda

Hər kəs bir gözələ bağlayır könül,Mən Qara dənizə aşiq olmuşam!Onun sularıyla çağlayır könül,Mən Qara dənizə aşiq olmuşam!

O, mənim ürəyim, o, mənim canım,Yanıma gələndə gedər fəğanım,Ondan ayrılanda qaralar qanım,Mən Qara dənizə aşiq olmuşam!

Könlümün onadır umudu, meyli,Məcnunun olmuşam, olurmu Leyli?!Görməsəm gileyli, görsəm gileyli,Mən Qara dənizə aşiq olmuşam!

Dumanım bir dəniz, çənim bir dəniz,Kəsilib ömrümə qənim bir dəniz,Bir dəniz qəmim var mənim, bir dəniz,Mən Qara dənizə aşiq olmuşam!

Dərdimi dənizlər bilərmi ola?Çaylar harayıma gələrmi ola?İnsanlar bu eşqə gülərmi ola?Mən Qara dənizə aşiq olmuşam!

Böylə sitəm olmaz, böylə dağ olmaz,Dumanım dağılsa, dünya dağılmaz!Dənizi götürüb qaçırmaq olmaz,Mən Qara dənizə aşiq olmuşam!

Bir dəniz həsrətə insanmı dözər?Həzər iztirabın üzündən, həzər!Kürü elçi göndər, ay anam Xəzər,Mən Qara dənizə aşiq olmuşam!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq