Məndə ar olsaydı, ölmək ixtiyar etməzmidim?
Abrunun nolduğun bilsəydim, ar etməzmidim?

Gər şüurum olsa idi, dustü düşmən bilməyə,
Şapşalı, Fəzlüllahı işdən kənar etməzmidim?

Anlasaydım Əsədin fikrin, Sipəhdarın işin,
Onları məqtuli-tiği-canşikar etməzmidim?

Xaki-İranın mənə bir guşəsin versəydilər,
Kəndimi Əbdülhəmidtək bəxtiyar etməzmidim?

Bilsə idim el məni axir belə müflis qovar,
Var-yoxu dərcib edib əvvəl fərar etməzmidim?

Mülki-İranın düşünsəydim əlimdən getməyin,
Var ikən fürsət o mülkü tarümar etməzmidim?

Ah, ol dəm ki Təqizadə mənə əl vermədi,
Mümkün olsaydı, başın təndən kənar etməzmidim?

Qoy desinlər, Mə’dəli düşdü Ades sövdasına,
Məncili versəydilər, orda qərar etməzmidim?..

  • **Mirzə Ələkbər Sabir. Hophopnamə. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2004, 233 səh. **

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira