Dördüncü pərdə
Səhifə 4 / 4 · 75%
Beşinci şəkil
Yenə həmin yer. Murad içəri girir. Kağızları eşələyəndə Əli kişi gəlir.
Əli kişi
Murad, al, bu da onların yalançı propuskları, götür dəmir sandıqda saxla.
Murad
Əli dayı, sən get qapıdan muğayat ol!
Əli kişi
Qapı möhkəmdir. Qala qapısı kimidir. Gör ha, xalqın qızıl kimi buğdasını necə daşımaq istəyirdilər.
Murad
İstəyəndə gəlib məndən alarlar da.
Əli kişi
Əşi, sənin də qulağına qurban olum, gah yaxşı olur, gah xarab.
Çıxır. Səməndərli içəri girir.
Səməndərli
Həyəcan qurtardı, həyəcan qurtardı. Düşmən təyyarələri idarəyə buraxılmadı.
Murad
Nə var, Səməndərli? Hələ yenə qorxu var? Qurtarmadı?
Səməndərli
Qurtardı, qurtardı.
Murad
Hara düşdü? Buğda anbarına bir zərər dəymədi ki?
Səməndərli
Yox, ötüb keçdi.
Murad
Keçdi? Beş qardaşı vur bura.
Səməndərli
Al, əl çək yaxamdan. (Murad çıxır, Qənbər içəri girir) Qənbər? Həyəcan qurtarmadı?
Qənbər
Haradan qurtardı ki? Həyəcan hələ bundan sonra başlayacaq. Yaman kələyə düşdük.
Səməndərli
Nə olub axı? Ədə, mallar darvazanın o tayındadır.
Qənbər
Qarovulçuları təzələyiblər. Sənin fitin çalınanda heç kəs yerindən tərpənmədi. Tez ol, mənə bir siçan yolu göstər.
Səməndərli
Dayan, görək. Müharibə dövründə özünü itirmək ən böyük məğlubiyyətdir. Qoy bir çarə tapaq.
Hüseyn içəri girir.
Hüseyn
Nə olub? Həyəcan qurtarmayıb?
Səməndərli
Bura gəl, həyəcan hələ indi başlayıb. Tez ol, dayını tapıb taxılı buraxdır.
Hüseyn
Nə bilim, qaçıb harda gizləndi.
Səməndərli
Axtarın, çarə ondadır. Qurbanov tapılmalıdır.
Hərəsi bir tərəfə gedir. Qənbər çıxanda Gülümov ilə rastlaşır.
Qənbər
Yoldaş Gülümov, dadımıza çat, yoxsa məsələnin bir ucu sənə də toxunacaq.
Gülümov
Axmaq-axmaq danışma, kişi. Açıq de görək, nə olub?
Qənbər
Görmürsən bu boyda zurnanı? Tutublar.
Gülümov
Bunları tutublar. Sənin ayaqlarını tutmayıblar ki? Aradan çıx, izi itir.
Qənbər
Yox, arabalarım içəridədir. Buradan çıxartmasam sonra arabaçılar üzümə dura bilərlər.
Gülümov
İş görməyi bacarmırsınız, durun qıraqda, bizim çörəyimizə mane olmayın. Gedək, arabaları mən buraxdırım. Amma bir də daha taxıl idarəsinə ayaq basmayasan.
Qənbər
Uşaqsan? Bu oyundan çıxsam, tarham rayondan çıxaram. (Çıxırlar)
Ağazadə və Əli kişi içəri girirlər.
Əli kişi
Murad indicə buralarda idi ha... Sağ olmuş hara getdi?
Ağazadə
Arabaları buraxmayasan ha, Əli dayı?
Əli kişi
Araba buraxaram?
Murad içəri girir.
Ağazadə
Murad, o propuskları bura ver görüm.
Murad
Hamısı saxtadır. Budur, bura qoymuşam.
Ağazadə
Əli kişi, gedək. Bunları kimdən aldığını mənə göstər.
Əli kişi
Gedək oğul, gedək.
Çıxırlar. Rəhilə içəri girir.
Rəhilə
Murad? Burada nə qurdalanırsan? Dur gedək, davaqiyamət oradadır.
Murad
Rəhilə, məktubunu oxudum, bu gün mənim ən şad günümdür.
Rəhilə
Mən də sənin məktubunu oxumuşam.
Murad
Bəs niyə bir kəlmə dinmirsən?
Rəhilə
Ay Murad, qulağın eşidir ki!
Murad
Hə? Nə dedin, Rəhilə? Qulaq nə qədər kar olsa da bu cür ürəkaçan sözləri eşitməyə bilməz. Ver, əllərini öpüm. O əllər məni xoşbəxt həyata aparır.
Rəhilə
İş yalnız ondadırsa, al bu da mənim əllərim.
Murad Rəhilənin əllərindən hörmətlə öpür. Bu anda Hüseyn içəri girir. Bu vəziyyəti görüb çığırır.
Hüseyn
Səməndərli! Özünü çatdır, kar mənim namusumu oğurladı.
Rəhilə (tez çəkilir)
Nə var? Niyə çığırırsan?
Hüseyn
Necə niyə çığırırsan? Namusumu oğurlayır. Nə ixtiyarla sənin əllərini öpür?
Rəhilə
Necə? Yoxsa mənim əllərimi satın almısan?
Hüseyn
Bəs necə? O əllər mənə altı min manata oturub. Pulu xərcləyib, verəni yaddan çıxardırsan, Rəhilə, adam vicdansızlıq eləməz axı.
Murad
Nə deyirsən, anbar? Vicdansız kimə deyirsən?
Hüseyn
Sənə deyirəm, əl çək ondan. Ətək-ətək pul tökmüşəm. Karın Allahı var, mənimki yoxdur?
Murad
Vicdansız sənsən ki, hökumətin taxılını oğurlayıb satırsan.
Rəhilə
Sən mənə nə üçün pul verməli idin axı?
Hüseyn
Məni sevmək üçün, yoxsa onu sən pul hesab eləmirsən.
Rəhilə
Onları Səməndərli məndən aldı. Dedi ki, bu yalandandır. Mən Hüseynə artistlik öyrədirəm.
Hüseyn
Necə? Artistlik öyrədirəm? Altı min manata artistlik? (Səməndərli içəri girir) Aha, özün öz ayağınla gəlib çıxdın. Çıxart görək pulları.
Səməndərli
Aman Allah, evimiz yıxıldı. Zavallı axırda dəli oldu.
Hüseyn
Xeyr, mən hələ dəli deyiləm. Pulları səndən almasam, onda dəli olacağam. Qaytar pulları.
Səməndərli
Axmaq-axmaq danışma. Mən pul üzü görməmişəm. Pul mənim nəyimə lazımdır? Mən səhnə xadimiyəm. Həyat müvəqqəti, incəsənət daimidir.
Hüseyn
Bu saat mən sənə sübut eləyəcəyəm ki, doğrudan da, sənin həyatın müvəqqətidir.
Səməndərli
Zavallı.
Hüseyn
Zavallı atandır.
Qənbər içəri girir.
Qənbər
Əşi, bu Qurbanov yoldaş nə oldu axı? Yoldaş Qurbanov?.. (Birdən-birə Rəhilə və Muradı görüb dayanır) Bağışlayın, həyəcan qurtarıb?
Murad
Budur özü də gəldi.
Rəhilə
Bura gəl görək, Qənbər, bu taxılları hara aparırdın?
Qənbər
Hansı taxılları? Mənim xəbərim yoxdur.
Rəhilə
Yaxşı, bu kisələr özbaşına bura yığılmadı ki... Bunları sizə kim verib?
Səməndərli
Təbiət. Rəhilə xanım, taxılın əmələ gəlməsi haqqında mən sizə iki saatlıq elmi məruzə eləyə bilərəm.
Rəhilə
Bizim məruzəyə ehtiyacımız yoxdur. Murad, biz gedək bir akt bağlayaq. Lazım olacaq. (Çıxırlar)
Hüseyn
Görüm o altı min manat altı min ilan olub sarılsın sənin boğazına, Səməndərli.
Səməndərli
Sus, ey səfillər kralı! Yaxşısı budur ki, Qurbanovu tapaq. Yoxsa üçümüz də bu gün mənzilimizi dəyişməli olacağıq.
Qənbər
Mən bütün tədbirimi çaşdırmışam. Tez olun mənim yaxamı qurtarın, o boyda ailə qoyub gəlmişəm.
Səməndərli
Ailə insanın namusudur. Namus nədir, başa düşürsünüz? Haradan başa düşəcəksiniz ki? Evinizdə bişməyib, qonşudan gəlməyib.
Qurbanov gizləndiyi yerdən başını çıxarır.
Qurbanov
Həyəcan qurtarıb?
Hüseyn
Dayı... tapıldı.
Qənbər
Yoldaş Qurbanov!
Səməndərli
Qurtardı, yoldaş Qurbanov, idarəyə bir dənə də düşmən buraxılmadı.
Qurbanov
Çox gözəl olub, bu cür idarədə düşmənin nə işi var? Bu kisələr nədir? Yoxsa səngər düzəltmisiniz?
Səməndərli
Bu kisələr səhvdir, yoldaş Qurbanov.
Qurbanov
Necə? Kisəyə də səhv doldurarlar? Bu qədər də səhv olar? Bacıoğlu, bu nə işdir?
Hüseyn
İlişmişik, dayı.
Qənbər
Gözətçilərə ilişmişik, yoldaş Qurbanov. Bizi incidirlər.
Qurbanov
Səməndərli, sən ki, bütün düyünləri açansan, uşaqlara kömək eləsənə ilişikləri açılsın.
Səməndərli
Bu düyün kor düyünüdür, yoldaş Qurbanov. Bunu yalnız sizin barmaqlarınız aça bilər.
Qurbanov
Yox bala, daha mənim barmaqlarım gücdən düşüb. Düyün açmalı halım yoxdur.
Rəhilə Ağazadə içəri girir.
Rəhilə
Budur, sərəncam verən Qurbanovdur. Görək, özü boynuna alacaqmı?
Qurbanov
Bacım, sən necə girdin ortalığa, axı sən nərmənazik bir qızsan. Bizim hücumumuza dözə bilməzsən.
Rəhilə
Sizin işiniz hökumət taxılının dağıdılmasına yol verməkdirsə, biz bir kənara çəkilib dura bilməyəcəyik.
Əli kişi, Gülümov, Qənbər içəri girirlər.
Əli kişi
A yoldaş Ağazadə, bu Gülümovun nə ixtiyarı var, arabaları zor eləyib həyətdən çıxartdırmaq istəyir?
Gülümov
Bəs, sən nə ixtiyarla xalqın arabalarını saxlamısan?
Qənbər
Müdir deyəndən sonra nə karəsən, axı?
Səməndərli
Möhtərəm müdir, bir gücünü bunlara göstər.
Hüseyn
Dayı, bir dil tərpət, görək.
Qurbanov
Yaxşı mən partiyadan çıxmışam, qulluqdan ki, çıxmamışam. Əli kişi, xalqın arabalarını ləngitmə.
Ağazadə
Sən partiyadan da, qulluqdan da çoxdan kənar olunmusan. Məhkəmədə bu adamlar səninlə yaxşıca görüşəcəklər.
Qurbanov
Necə? Qulluqdan da? Düyün açmaqdansa, özüm düyünə düşdüm.
Hüseyn
Dayı, izin verin quluncunuzu sındırım.
Qurbanov
Qumru, müdirin dolaşığa düşdü. Gülümov verən mirvarini, üzüyü çıxart görək. İşsiz adamıq, lazım olar.
Qumru
Siz nə danışırsınız? Mirvari, üzük nədir? Bu da təzə kələkdir?
Qurbanov
Ədə, Gülümov, deməli, onları da sən yedin?
Gülümov
Axmaq-axmaq danışma, kişi. Get işinə.
Qurbanov
Nə ulduzum batdı! Gedim görək, başıma nə çarə qılıram.
Murad içəri girir.
Murad
Yoldaş Qurbanov, beş qardaşı bura vurmamış gedirsiniz?
Qurbanov
Mən beş qardaşı çoxdan yemişəm.
Çıxır.
Rəhilə
Qoy getsin, o bizim cəmiyyətimizdə artıq adamdır.
Gülümov (Hüseynə)
Yıx karın boynuna. Onu danışdırınca, aradan çıxarıq.
Hüseyn
Budur mayeyi-fəsad! Yoldaş Ağazadə, arabalar bu Muradın əmrilə gedirdilər. İnanmırsınız özündən soruşun. Özü də mənim namusumu oğurlayıb.
Murad
Nə deyir o? Fasonu oğurlayıb?
Səməndərli
Ay sağ ol, Mirzə Mülküm xan. Yaxşı yadıma saldın. Bütün kələklərin yuvası bu kardır. Yoldaşlar, mən hərbi adamam. İcazə verin, bunu tutub ədalət məhkəməsinə təslim eləyim.
Murad
Səməndərli, vur bura beş qardaşı görək. Hoqqa çıxartma. Sən mənim qabağıma düş.
Qənbər
Baho, bu eşidir ki?
Səməndərli
Düş qabağıma deyirəm.
Murad
Çığırma, burda kar-zad yoxdur.
Rəhilə
Sağ ol, Murad!
Hüseyn
Dayım necə oldu? Dayı, karın qulağı açıldı...
Səməndərli
Doğrudan da, bunun qulağı açılıb ki, Hüseyn, sənə demirdim ki, həyat, doğrudan da, müvəqqəti imiş.
Gülümov
Karın ki, qulağı açıldı, Gülümovun bəxti bağlandı.
Firuzə içəri girir.
Firuzə
Gəl bura, cehizlərimə kömək elə, Səməndərli.
Səməndərli
Dayan, Firuzə xanım. Burada, deyəsən, mənə təzə mənzil verirlər.
Firuzə
Daha yaxşı, bir yerdə köçərik.
Murad
Düşün qabağıma, qurdlar. Əli dayı, tüfəngi bəri ver, görüm.
Əli kişi
Dayan patron verim, onun içi boşdur.
Ağazadə
Apar bu xalq malını dağıdanları, Murad, idarəmizdə bunlara yer yoxdur.
Murad
Aşına, aşına, çıxdınız ocaq başına. Düşün qabağıma, qurdlar.
Firuzə
Sən hara gedirsən, Səməndərli? Yoxsa yenə qəmədiyə çıxardırsan?
Səməndərli
Yox, Firuzə xanım, artıq komediya qurtardı. İndi bizim faciəmiz başlayacaq.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/sabit-rehman-asnalar-dorduncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Axşam dedikdə adamın gözünün qabağına gəlir: teatrlar, konsertlər, işıqlı bulvarlar, parklar, dost-aşna ilə söhbət, zarafat... Gündüz əgər işdən bir az yorulubsansa, axşam çıx dəniz kənarına, ya da ki, dağüstü parka. Axşam Bakısının böyük ahənglə vuran nəbzini duyduqdan, gənclərin yarpaqların pıçıltısına qarışan gülüşlərini eşitdikdən, Xəzərin sularında çimən gur işıqlarını gördükdən sonra adamda yorğunluq qalar? Bütün bu gözəlliyi yaradan, həyatımızın hər zaman işıqlı olmasını təşkil edən əməkçi insanların əlidir, quran, yaradan əllər...Mən NEP vaxtında Bakıya gəlmişəm. O zaman şəhər belə deyildi. Böyük küçələrdə az-maz işıq görünürdü, kiçiklərdə isə heç yox idi. Xüsusən yuxarı hissədə axşam zil qaranlıq demək idi. Qaranlıq olan kimi o zamankı qarışıq cəmiyyətin bütün xıltı üzə çıxırdı.
Qanlı məktubƏlihüseyn dəm üstündə idi. Günortadan bala-bala vurmağa başlamışdılar. İndi məclisin əsil qaymaq vaxtında durub getməli idi. Çünki bir saatdan sonra tamaşa başlayacaqdı. Əlihüseynin bu günkü rolunun cəmi üç cümləsi vardı: birinci pərdədə deyirdi: “Bəli, cənab”, ikinci pərdədə deyirdi: “Xeyr, cənab”, üçüncü pərdədə deyirdi: “Baş üstə, cənab!” – vəssalam. Əlihüseyn iyirmi ildir teatrda bu cür rollar oynayırdı, yaratdığı obrazların hamısı yumurta kimi bir-birinə oxşayırdı. “Yaratdığı obraz” deyəndə bir az yekə düşür, çünki Əlihüseyn heç nə yaratmırdı. Tamaşadan-tamaşaya yalnız paltarla qrimini dəyişirdi. Bəzən rejissor teatrda olmayanda heç qrim də eləmirdi. Vəziyyətindən son dərəcə razı idi. Əziyyətsiz, zəhmətsiz hər ay maaşını alıb qoyurdu cibinə.İndi, bu saat onun teatra getməyə heç həvəsi yox idi. Müftə bir məclis əlinə düşmüşdü. Bayaqdan üç dəfə Əlihüseynin sağlığına içmişdilər. Yemək də arası kəsilmədən gəlirdi. Səhnədə bir cənaba “bəli, xeyr, baş üstə” demək üçün bu cür məclisi qoyub getmək axmaqlıq olardı. Odur ki, teatrın müdirinə bir məktub yazıb, yağlı cümlələrlə oğlunun güya xəstə olduğunu, ona görə də tamaşaya gələ bilməyəcəyini xəbər verdi.
Darvaza dram cəmiyyətiBizim həvəskarlardan ibarət bir dram cəmiyyətimiz vardı. Mürşüd adında bir oğlan rəhbərimiz idi. Mürşüdün müsbət cəhəti orasında idi ki, yaxşı təşkilatçı idi, həvəskar yığmağı, tamaşaçı toplamağı, paltar tapmağı, dekorasiya qurmağı bacarırdı. Zarafatcıl, üzügülər idi. Xətirli oğlan idi. Heç kəs onun sözündən çıxmırdı. Mənfi cəhəti orasında idi ki, aktyorluğu zəif idi, bir ayağı o birindən qısa idi. Ancaq rəhbər olduğu üçün baş rolları həmişə özü oynayırdı. Böyük bir hazır-cavablıqla da səhnədə öz axsaqlığına məna verməyə çalışırdı. Məsələn, Otellonu oynayanda Yaqoya deyirdi:– Yaqo, Əlcəzair müharibəsində məni qıçımdan yaraladılar, ondan bəridir axsayıram.
İlk tamaşaGülüş qrim eləyirdi. Həyəcandan elə qızarmışdı ki, üzünü pudra ilə ağartmağa çalışırdı. Ona qədər bu rolda çıxış eləyən bütün aktrisalar qrim zamanı çalışırdılar ki, yanaqlarını qızartsınlar, gözlərinin ətrafındakı qırışları ört-basdır eləsinlər, səhnədə rola uyğun olaraq gənc görünsünlər. Amma Gülüş onsuz da gənc idi, çox gənc idi və bu rol onun ilk böyük rolu idi. O çalışırdı ki, qrim vasitəsilə özünü bir az yaşlı eləsin, səhnədə çox uşaq görünməsin.İki ay idi məşq eləyirdilər. Gülüş rola da, partnorlara da adət eləmişdi, baxış tamaşası kimi ən çətin imtahandan çıxmışdı, nazirliyin nümayəndələri, komissiya üzvləri onun oyununu xoşlamışdılar. Hətta onların içərisində xoş söz deməyə xəsislik edən, başı daz bir tənqidçi belə, başqalarının haqqında çox acı sözlər dediyi halda Gülüşü tərifləmişdi. Aktrisalar deyirdilər ki, bu tarixi bir hadisədir, o tənqidçinin ki, səni tərifləməyə dili tərpənib, deməli həqiqətən yaxşı oynayırsan.
Başqa şairlərin şeirləri
Nə qalıbsan qəm əlində,Üstü duman olan könlüm,
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Mərizi-eşqə əlac eyləməz təbib, ölməMərizi-eşqə əlac eyləməz təbib, ölmə!Bu dərdə carə edər visləti-həbib, ölmə!