Üçüncü pərdə
Səhifə 4 / 4 · 75%
Nəsrullah
Atıb eləyən yoxdur, arxayın ol. Üzünü çevir ki, pulumuzun yerini bilmə. Zəmanə pis zəmanədir, adamları tanımaq olmur.
Çinovnik
Mən düzgün adamam, arxayın olun.
Üzünü çevirir. Əhməd çamadanın birini açır, yüzlük çıxardıb, tez, yenə çamadanı bağlayır.
Əhməd (pulu çinovikə uzadır)
Al!
Çinovnik
Üzümü çevirə bilərəm?
Nəsrullah
Çevir, götür yüz manatı.
Çinovnik
Bu saat yasavulu səsləyim, atları gətirsin. (Pullara baxır, birdən təəccüblə səslənir) Pah, evinəcən sənin!
Əhməd
Nə olub?
Çinovnik
Bu yüzlük qəlpdir ki?!
Nəsrullah
Necə yəni, qəlpdir?
Çinovnik
Qəlp puldur, saxta...
Nəsrullah
Haradan bildin?
Çinovnik
Budur bax, bu kağızı... Bu nömrəsi... bu da ki rəngi... Bu yaxınlarda bütün banklara təlimat gəlib, bir dəstə fırıldaqçı çoxlu saxta pul buraxıb... İndi onları bərk axtarırlar... Sizə bu yüzlüyü kim verib?
Əhməd
Yəqin paçkaya qarışdırıb veriblər, xəbərimiz olmayıb...
Nəsrullah
Qaytar onu mənə! (Pulu çinovnikdən alıb diqqətlə baxır) Dünyada nə bacarıqsız adamlar var, əməlli-başlı qəlp pul kəsməyi də bacarmırlar. (Əhmədə) Yaxşı, bu yüzlüyü mən ayrıca qoyaram, sahibinə qaytararıq. Sən ayrı pul ver, kişini ləngitmə.
Əhməd (Çinovnikə)
Üzünü o yana çevir, tərpənmə.
Çinovnik
Sizin pul çıxarmağınız, lap arvadların soyunmağı kimi bir şey olub.
Əhməd (yenə çamadanı açır. İki dənə əllilik çıxardıb verir)
Al, daha bu pullara sözün ola bilməz.
Çinovnik (pulları alıb baxır)
Necə ola bilməz? Qəlpdir. Özünüz baxın, o saat başa düşərsiniz.
Nəsrullah
İşə düşmədik! (Pulları alıb baxır) Padşahın başı bir az əyri düşüb, onu deyirsən?
Çinovnik
Kağızına bax, kağızına! Əsl yüzlüyü, əlliliyi əlinə alanda adamın iştahı açılır, pulu çeynəyib yemək istəyir.
Nəsrullah
O biri çamadanı aç.
Əhməd
Yerini başa salma! (Çinovnikə) Üzünü o yana çevir, tərpənmə.
Çinovnik
Yəqin bu pulları alanda da belə eləmisiniz, ona görə də sizə qəlp pul basıblar.
Üzünü çevirir.
Əhməd (o biri çamadanı açır, baxır)
Deyəsən bunlar da o cürdür.
Nəsrullah (Çinovnikə)
A kişi, gəl bura, özün seç, yüz manat götür.
Əhməd
Neyləyirsən? Pulların yerini özgə adama göstərmək olar?
Nəsrullah
Daha ondan keçib, deyəsən, qazanc qudurub mayanı yeyib. (Çinovnikə) A kişi, gəl də.
Çinovnik
Yoldaşın atmaz ki?
Əhməd
Yox, yox, gəl, icazə verirəm.
Çinovnik onlara yaxınlaşır.
Çinovnik
Bu iki çamadanın ikisi də doludur?
Əhməd
Onun sənə borcu yoxdur.
Nəsrullah
Səbirli ol, ay Allahın bəndəsi. Başımızın üstündə qara buludlar oynayır, xəbərin yoxdur. A kişi, gəl, bu pulların qəlpi ilə əslini ayır bir-birindən.
Çinovnik (çamadanların içindəki pullara diqqətlə baxır)
Burada bir manat da əsl pul yoxdur, hamısı saxtadır.
Nəsrullah
Diqqətlə bax.
Çinovnik
Mən bank işçisiyəm, gözümdən qaçmaz. Ağzımda deyirəm ki, bu pullar hamısı saxtadır. Ələ düşsəniz ikinizi də güllələyərlər.
Əhməd
Elə sənin özünü bu saat güllələrəm.
Çinovnik
Özündən çıxma. Bu pulları alanda diqqətlə baxaydın, gərək. İndi mənim üstümə xoruzlanmaqdan nə çıxar?
Nəsrullah
Deyirsən şəhərə aparsaq əngəli çıxar?
Çinovnik
Dayan... dayan... hələ bəzi paçkalarda üstdən bir-iki qəlp pul qoyub altını tamam ağ kağız eləyiblər. A kişilər, siz pul alanda sayıb eləməmisiniz, məgər?
Əhməd
Saymağa, baxmağa, vaxt oldu ki?
Nəsrullah
Bəs neyləyək?
Çinovnik
Mənim məsləhətim, bax, bunların hamısını tökün bir yerə, yandırın, izi-tozu da qalmasın. Mən əslində gərək sizi tutub aparaydım divanxanaya... amma görürəm bədbəxtsiniz, fırıldaqçı əlinə düşmüsünüz... Sağ olun, icazə versəniz, gedərəm.
Nəsrullah
Sən o səkkiz qızının canı, bu barədə bir adama danışma.
Çinovnik
Qızlarımın canı üçün, arxayın olun.
Gedir. Xeyli sükutdan sonra.
Əhməd
Bəlkə bu adam bizi aldatdı?
Nəsrullah
Yox, bu adam aldatmadı, o adamlar aldatdılar. Sən çamadanı açan kimi mən gördüm ki, bu pullar ölü pullara oxşayır, parıltısı yoxdur.
Əhməd
Demək, Kəblə Muxtar bizə kələk gəldi, hə? Getmişdik saqqal gətirməyə, bığı da qoyduq gəldik.
Nəsrullah
Getmişdik ölü diriltməyə, diriləri öldürüb yola saldılar.
Ayağı ilə çamadanları vurur, pullar səpələnir.
Əhməd
Heyf, qırx səkkiz qızılı havaya sovurduq!
Nəsrullah
Lüt-mədərzad qayıdırıq İrana.
Əhməd
Özümüzlə aparaq, bəlkə orada yeritdik.
Nəsrullah
Yox, onlara yaxın düşmək olmaz.
Əhməd
Onda bu zəhrimarları yandıraq. Kişi birdən şeytanlayar, tutub dədəmizi yandırarlar.
Nəsrullah
Bizim dədəmizi Bakıda yandırıblar. Cibimizdə kibrit almağa pulumuz yoxdur. Qoy bu pullar səpələnsin yollara, gəlib-gedən götürsün, xərcləyəndə tutulsun. Biz yandıq, qoy onlar da yanıb kül olsunlar. Gedək, başlayaq öz köhnə peşəmizə, min bərəkət, yenə əmmaməyə.
Gedirlər. Arxa işıqlar sönür, səhnənin qabaq tərəfi daha da işıqlanır.
Mirzə Cəlil, Hüseyn və Ağa içəri girirlər.
Ağa
Həriflər əliboş getdilər ki!..
Hüseyn
Son sözləri də bu oldu: “Min bərəkət yenə əmmaməyə”... Demək, belələri üçün avamlıq, cahillik, tamahkarlıq, paxıllıq, mövhumat və din pərdəsi ən sınanmış pərdədir.
Mirzə Cəlil
Bu pərdəni yırtıb dağıtmaq üçün, bu ölümə məhkum adamları yolumuzdan kənar eləmək üçün xalq özü vuruşmağa başlamışdır. Biz isə acı gülüşümüzlə bu vuruşa kömək etməliyik. (Üzünü tamaşa salonuna çevirir) İndi mən də sizi deyib gəlmişəm, ey mənim tamaşaçı qardaşlarım! Qoymayın, ölülər diriləri soysunlar.
Kitabxana.az · https://kitabxana.az/works/sabit-rehman-diriler-ucuncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Birinci şəkilBöyük bir istirahət evinin tikintisi, səhnədən dəstə-dəstə işçilər danışa-danışa keçirlər. Səhər tezdəndir. Nəsirov qəti addımlarla səhnəyə çıxır, o yan-bu yanı gəzir. Bərbərzadənin otağına baxır, bir-iki ağız Bərbərzadəni səsləyir, sonra Maralın otağına baxır, yuxarı boylanaraq, “Mirzə Qərənfil” deyə səslənir, heç bir cavab olmur. Səhnədən çıxmaq istədikdə, birinci işçi və ikinci işçi ilə qarşılaşır.*
İkinci pərdəİkinci şəkilYenə həmin yer. Axşamüstüdür. Səhnənin arxasından gülüş və oxumaq səsləri eşidilir. İşçilər mahnı oxuya-oxuya işdən çıxırlar.*
Üçüncü pərdəDördüncü şəkilYeni tikilmiş istirahət evinin böyük həyəti. Otaqlar rəngləndiyindən iş stolları həyətə çıxarılmışdır. Qabaq planda Nəsirovun stolu. Arxa tərəfdə də stollar var. Stolların üstündə telefon aparatları qoyulmuşdur. Mürşüd və Sadıq səhnədə kağızlara, proyektlərə baxırlar.*
Dördüncü pərdəBeşinci şəkilİstirahət evi hazırdır. Hər yan bəzənib, ağaclardan rəngli fənərlər asılıb. Pərdə açıldıqda uzaqdan orkestr səsi gəlir. Cavanlar oynaya-oynaya səhnədən keçirlər. Sadıqla Mürşüd oynayaraq gəlirlər. Musiqi kəsilir.*
Başqa şairlərin şeirləri
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
MüxəmməsZivər nə səzadır sənə ey dilbəri-ziba!Binəqs yaratmış səni ol xalqi-yekta!
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər